Rəsul Rza - söz sənətimizə forma və məzmunca yeniliklər gətirən novator şair
09.02.2010 [11:02]
2010-cu ilin may ayında Azərbaycanın Xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 ili tamam olur. Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək, novator şair kimi geniş şöhrət qazanıb. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınıb. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 14-də Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Sərəncam imzalayıb.
Rəsul Rza tanınmış şairlərimizdən biridir. Amma ona tək şair kimi baxdıqda olduğu qədər tanımaq mümkün deyil. O, ilk növbədə, şairlikdən də əvvəl böyük ziyalı, mütəfəkkir, olduqca vətənpərvər, bütün insanlığın, yer üzünün qayğıları ilə yaşayan bir şəxs idi. Keçdiyi həyat yolunu dərindən, diqqətlə öyrəndikcə daxili aləminin nə qədər zəngin olduğunu, hansı arzularla yaşadığını, qarşısına nə kimi məqsədlər qoyduğunu daha aydın hiss etmək olur. Məhz elə buna görədə biz belə insanlarımızın həyat yolunu qayğı ilə, məhəbbətlə, dərindən öyrənməliyik.
Rəsul Rza Azərbaycanın tarixində nadir şəxslərdən biridir. Mənim bu sözüm kimlərinsə ürəyincə ola bilər və təbii ki, kimlərinsə acığına gələ bilər. Amma bu həqiqətdir. Onun yaradıcılığı ilə ilk dəfə 16 yaşım olanda ətraflı, dərindən tanış olmağa başlamışam. Elə o zaman bu şeirlər mənim qəlbimdə tamamilə yeni bir dünya yaratdı. O şeirlər məni pafoslu, hay-küylü, bərbəzəkli, həlləm-qəlləm şeirlərin çəkdiyi qondarma bir aləmin əlindən alıb HƏQİQƏT aləminə səsləməyə başladı. Sadə, aram, mənalı sözlərlə fərqlənən bu şeirlər insanı düşündürməyə köklənib. Bu şeirlər xalqın düşünə bilən, düşünərək hərəkət etməyə tələbatı olan təbəqəsinə ünvanlanıb.
Rəsul Rzanı yaxından tanıdığımdan deyə bilərəm ki, o, ilk növbədə, aydın zəkası ilə fərqlənirdi. Mən onunla yaxından tanış olub, tez-tez görüşməyə başladığım zaman Rəsul Rzanın artıq 67 yaşı vardı. Amma o, olduqca aydın düşüncə tərzi, müxtəlif mövzularda mühakimələri ilə məni heyran edirdi. Həmin dövrdə Moskvada, SSRİ-nin ən ciddi elmi-tədqiqat mərkəzlərindən birinin aspirantı idim və orada dünya şöhrətli alimlər çalışırdı. Heç bir mübaliğəsiz deyə bilərəm ki, nə o alimlər arasında, nə də Azərbaycanda yaxından təmasda olduğum alimlər, şair, yazıçılar arasında mən belə bir düşüncə tərzi müşahidə edə bilmirdim. Ona əhəmiyyətli bir söz dedikdə, dərhal, düşünmədən cavab verməzdi. Sanki dərin dəryaya bir daş atılırdı... gözlərində bütün kainatı, həmin dəryanı gəzib gələn bir doğma işıq adamı sehrə salırdı. Verdiyi cavab şeir kəlmələri qədər mənalı, məzmunlu olurdu. Onun dərin düşüncəsini yönləndirən, nurlandıran gözəl, nəhayətsiz bir qəlbi vardı. Bu qəlb dünyaya, insana, vətənə məhəbbət tələbatı ilə köklənmişdi. Elə onun şeirlərinin sirri də bunda idi. Əksər hallarda ənənəvi şeir qəliblərinə, çərçivələrinə uyğun gəlməyən bu şeirlərdəki hər bir kəlmə, Rəsul Rzanın qəlb aləmindən, iti zəkanın köməyi ilə süzüldüyü üçün xüsusi bir cazibəyə malikdir. Bu kəlmələrin özünün məxsusi bir energetikası var. Bu cazibə, bu energetika milli müstəqillik düşüncəmizin formalaşması üçün olduqca vacibdir. Biz Rəsul Rza kimi insanlarımıza diqqəti artırmaqla milli müstəqilliyimizə diqqəti artırmış oluruq. Məhz buna görə də, hörmətli Prezidentimiz İlham Əliyevin Rəsul Rzanın 100 illiyini təntənə ilə keçirməklə bağlı verdiyi Sərəncam bir daha ölkəmizdə ədəbiyyata, söz sənətinə göstərilən diqqət və qayğının təzahürü kimi qəbul edilir.
İndiki nəslə elə gələ bilər ki, R.Rzanın yaşadığı dövr onun üçün rahat bir dövr olmuş, ona geniş fəaliyyət göstərmək üçün hər cür şərait yaradılmışdı. Rəsul Rza yaradıcılığını izləməyə, keçdiyi həyat yolunu öyrənməyə başladığım ilk vaxtlardan onun bütün ömrü boyu maneələr əhatəsində olduğunu görmüşəm. Qazandığı uğurlara o, əsasən öz iradəsi, əzmkarlığı, imkanlardan səmərəli istifadə etmək bacarığı ilə nail olurdu.
Əvvəlcə, ona maneələr, labirintlər yaradan sovet rejimi, sovet ideologiyası, KQB maşını idi. Doğrudur, o, bir tərəfdən “Lenin” poemasının müəllifi idi. Yəni, rejimin “öz adamı” idi. Amma bu rejim başa düşürdü ki, şair bu poemadan sipər kimi istifadə edərək, milli oyanış hərəkatında olduqca mühüm, mərkəzi bir rol oynayır. İstər yazdığı bir çox şeirlər, məqalələr, etdiyi çıxışlar, ədəbiyyatımız, incəsənətimizlə bağlı göstərdiyi fəaliyyət, tanınmış, intellektli ziyalılarımıza ağsaqqallıq etməsi, yaratdığı Milli Ensklopediya, gənclərlə apardığı iş, istərsə də milli oyanış hərəkatında ortaya qoyduğu mövqe sovet rejimini qəti olaraq qane etmirdi. Bu rejimin xüsusiyyəti belə idi ki, ona xidmət etdikcə o daha çox istəyirdi. Yəni, bütün potensialın, ruhun, qəlbinlə ona xidmət etməli idin. Kiçicik bir sayğısızlıq dərhal cəzalandırılırdı. Həyatda, məişətdə məhdudiyyətlər yaratmaqdan tutmuş, məhv olunmağa qədər.
Nəinki mərkəzdə, hətta öz torpağımızda belə, kommunist partiyasının, komsomolun bir çox qapalı toplantılarında mərkəzdən gələn ideologiya darğaları xalqımızın milli ruhlu yazıçılarına qarşı təbliğat aparır, kommunist və komsomol rəhbərlərini bu insanlara qarşı mübarizəyə çağırırdılar. Bir qayda olaraq milli ruhlu insanların siyahısında ilk yerlərdən birində həmişə Rəsul Rza dayanırdı.
Amma şairi bu təhlükədən qoruyan, xilas edən qüvvələr də var idi. Vətənini sevən partiya və dövlət xadimləri həmin illər böyük şairi aşkar və gizli şəkildə müdafiə edir, onu Moskvanın qəzəbindən qoruyurdular. Misal üçün, Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Cəfər Cəfərov onu açıq şəkildə dəstəkləyir, kömək edirdi. İllər keçəndən sonra məlum oldu ki, Azərbaycanın böyük oğlu ümummilli liderimiz Heydər Əliyev də gizli olaraq onu daima qorumuş, sovet irticasından xilas etmişdir. Şərait yaranan kimi Ulu öndər Heydər Əliyev Rəsul Rzaya əlindən gələn köməkliyi etməyə başlamışdır. ümummilli lider böyük şairimizə Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə belə nail olmuşdur. Ulu öndər Heydər Əliyevin sonralar, müstəqil dövlətimizin başçısı kimi Rəsul Rza haqqında etdiyi çıxışlar, dediyi sözlər Onun hər zaman qəlbən şairə böyük rəğbət bəslədiyini göstərir. Bir sıra başqa rəsmi şəxslər də öz imkanları səviyyəsində belə insanlarımızla mərkəz arasında sipərə çevrilirdilər. Məhz bu qüvvələrin hesabına idi ki, R.Rza sanki ülgücün üzəri ilə yeriyə-yeriyə öz fəaliyyətini davam etdirirdi.
Rəsul Rzanı bu təhlükələrdən qoruyan həm də onun öz zəkası, intellekti, psixoloji durumu idi. O daha çox özünü təbliğə, radikal gedişlərə yox, asta-asta, tədbirlə, amma öz şəxsiyyətini qorumaqla, əqidəsini müdafiə etməklə öz işini görmə taktikasına üstünlük verirdi. Şairi qoruyan həm də xalqın intellektual təbəqəsi idi.
Amma təəssüflə demək lazımdır ki, ona qarşı olanlar da az deyildi. Ona qarşı olanların bir çoxunun ədəbi zövqü bu məsələdə mühüm rol oynayırdı. O zaman ölkənin ədəbi, estetik zövqündə bir cəhalət hökm sürməkdə idi. Klassik ədəbiyyat, Füzuli ruhu bir kənara sıxışdırılmışdı. Aşıq ədəbiyyatı tost ədəbiyyatı səviyyəsinə endirilmişdi, romantiklik-emosionallıqla, pafosla əvəz olunmuşdu. “Şeir elə olmalıdır ki, kolxozçu işdən sonra çay içə-içə onu oxuyub feyziyab olsun” düsturu ədəbi meyar səviyyəsinə qaldırılmışdı. Belə bir dövrdə Rəsul Rza öz ədəbi, estetik, psixoloji müvazinətini saxlayırdı. “Şeir elə olmalıdır ki, insanı bəşəri prinsiplərə uyğun olaraq mənəviyyatca, intellektcə inkişaf etdirsin” formulu onun yaradıcılığına daha çox uyğun idi. Əhalinin daha müasir dünyagörüşlü, intellektli, yüksək ədəbi, estetik zövqlü nümayəndələri onu təqdir edir, dəstəkləyirdilər. Amma sayca daha çox insanlar, onun şeirinə ağız büzür, haqqında ağıllarına gələn xoşagəlməz rəvayətlərin uydurulub yayılmasına çalışırdılar. “Otuz yeddi”dən sağ-salamat çıxdığını, o zaman niyə güllələnmədiyini şairə qəbahət bilənlər vardı. İndi ortaya çıxan sənədlər də onu göstərir ki, həmin illərdə Rəsul Rza heç zaman baiskarlıq, mərdimazarlıq etməyib, yalnız özünü ləyaqətlə qoruyub. R.Rza o zaman təkcə özünü fiziki olaraq qorumayıb. Həm də sinəsində, beynində olan ideyaları qoruyub. Məhz o ideyaları sonradan həyata keçirmək naminə bəzən susub, özünü nahaq gülləyə verməyib. Məhz həmin ideyaların həyata keçməsindən narahat olanlar ona qarşı hər cür hədyanları uydurmaqdan utanmırdılar. Belə insanların əksəriyyəti heç cürə dərk edə bilmirdilər ki, Rəsul Rza şeirlərinin bir çoxu yalnız şeir yazmağa yox, xalqı maarifləndirməyə, milli oyanışa xidmət edir.
Rəsul Rzaya qarşı mübarizə aparılmasının əsas “günahkarlarından” biri də elə şairin özü idi. Onun yalançı, yaltaq, hiyləgər, riyakar, paxıl, ikiüzlü, boşboğaz, qadın və içki düşgünü olanlardan, talantsız olaraq özünü talantlı göstərənlərdən zəhləsi gedirdi. Məhdud dünyagörüşlü, özünə aludə insanlarla söhbəti tutmazdı. Talantlı, fədakar, təvazökar, dürüst insanları sevirdi. Mən hələ R.Rza ilə təmasda olmadığım vaxtlarda belə, şeirlərindən, məqalələrindən də onun bu xarakterini müəyyənləşdirmişdim. Sonralar, söhbətlərimiz zamanı bu fikrimə tamamilə əmin oldum. Müdafiə etdiyi, irəli çəkdiyi gənclərdə də öz xoşladığı cəhətləri axtarırdı. Sadaladığım nöqsanlara malik “problemli” adamların sanballı ədəbi əsər yaradacağına, hər hansı bir işi ləyaqətlə görə biləcəyinə inanmırdı. Belə adamlar da bir qayda olaraq orda-burda onun dalınca danışmaqla, hədyan deməklə məşğul olurdular.
Xalqımızın bir gözəl deyimi var: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”. Rəsul Rzanın respublikada dostluq etdiyi adamlar kimlər idi? Q.Qarayev, T.Quliyev, R.Behbudov, S.Bəhlulzadə, T.Salahov, T.Nərimanbəyov, M.Arif, C.Cəfərov, A.Zamanov.... və başqaları. İllər keçdikcə bu simaların xalqımız üçün nə dərəcədə mühüm insanlar olduğu aydınlaşmaqdadır.
Rəsul Rzanın dövründə türk xalqının Sovet məkanında olduqca böyük şöhrət tapan Nazim Hikmət, çingiz Aytmatov, Oljas Süleymenov kimi övladları vardı. Bu insanların Rəsul Rzaya olan böyük rəğbəti barədə kifayət qədər yazılı mənbə var. Amma eyni zamanda, mənim əlavə olaraq da bildiklərim var. Nazim Hikmətin Rəsul Rzaya göstərdiyi sayğı barədə rəhmətlik professor Əkbər Babayev mənə Moskvada dəfələrlə danışıb. çingiz Aytmatov və Oljas Süleymenovla söhbətdə də dəfələrlə onun barəsində olduqca yüksək fikirlər eşitmişəm. 1988-ci ildə mən Qırğızıstanda ç.Aytmatovun qonağı olmuşdum. Onunla geniş söhbətlərimiz də olmuşdu (o dövr mətbuatda mən bu barədə bir neçə yazı çap etdirmişəm). Bir dəfə ç.Aytmatov mənə Rəsul Rzanın onunla Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evində etdiyi bir söhbət barədə danışdı. Təbii ki, mən bu söhbət barədə o zaman sovet mətbuatında ətraflı yaza bilməzdim. Rəsul Rzaya olan rəğbətimi görərək o, mənə çox qısa da olsa böyük şairimizin ona bir vaxtlar türk gənci olaraq milli məsələlər barədə verdiyi məsləhətlərdən danışdı.
Psixoloji aspektdən baxdıqda... bu insan heç bir çərçivəyə sığmayıb... standart təlimlərə dözməyib... Rəsul Rzanın şeirlərinə, fəaliyyətinə sosioloji aspektdən baxdıqda olduqca maraqlı bir mənzərə yaranır... Bu insan hansı sahədə fəaliyyət göstəribsə orada hökmən yenilik edib və ortaya yüksək səviyyəli bir fəaliyyət, parlaq nəticələr qoyub. Poeziyada olduqca ciddi nailiyyətlər əldə edib. Azərbaycanda dünya poeziyası ilə ayaqlaşan, dünya poeziyasında yeniliklər edən, eyni zamanda, olduqca xəlqi, xalqın maariflənməsində, mənəvi zənginləşməsində əlahiddə rol oynayan yeni bir istiqamət yaradıb. Dünya poeziyasına yeni bir ahəng, yeni bir rəng gətirən bu qol ölkədə milli oyanışı gücləndirməklə yanaşı, Azərbaycan poeziyasını sürətlə inkişaf etdirib, bütün şairlərin yaradıcılığına bu və ya başqa dərəcədə təsir edib.
Azərbaycanda milli təfəkkürün formalaşmasında müstəsna xidmətləri olan B.Vahabzadə, M.Araz, X.Rza kimi şairlərimiz hər zaman R.Rzadan bəhrələndikləri, onu öz arxalarında bir dayaq kimi hiss etdiklərini dəfələrlə qeyd ediblər. Bu şairlərin hər biri şəxsən mənimlə söhbətlərində R.Rza dühasından məhəbbətlə bəhs ediblər. Yadımdadır, 1983-cü ildə mən X.Rzanı İnşaat İnstitutuna, tələbələrin görüşünə dəvət etmişdim. Həmin axşam X.Rza özünü unudub bütün gecəni tələbələrə R.Rzanın dahiliyindən, Azərbaycan xalqı qarşısında əlahiddə xidmətlərindən danışdı, onun kitabından xeyli şeirlər oxudu. Azərbaycan xalqının milli təfəkkürünün inkişafında böyük əməyi olan Ə.Kərim, Anar, F.Qoca, V.Səmədoğlu, İ.İsmayılzadə və onlarca başqa tanınmış şairlərimiz birbaşa onun məktəbinin yetirmələri, onun ideyalarının daşıyıcısıdırlar. Bir məsələyə diqqət yetirin. Rəsul Rzanın bir vaxtlar təqdir, müdafiə etdiyi, üzə çıxardığı şairlərin hər biri sonradan, zamanın da təsiri altında şair kimi zəif və güclü olmalarından asılı olmayaraq, cəmiyyətdə həmişə öz intellektləri, mənəvi məsələlərə münasibətləri, əxlaqları ilə müsbət mənada seçilən insanlar oldular. Onlar arasında məddah, boşboğaz, mərdimazar adam yoxdur.
R.Rzanın bütün fəaliyyətinin arxasında milli oyanışa, milli tərəqqiyə xidmət bir mənəvi tələbat kimi durur. O, bu yolda öz yaradıcılığı ilə yanaşı, gah uşaq ədəbiyyatına diqqəti artıraraq, yeni nəslin daha səviyyəli böyüməsi üçün çalışır, gah tərcümə ədəbiyyatına əl ataraq Azərbaycan oxucusunun zövqünə təsir etmək istəyir, gah da müxtəlif məqalələr yazırdı. Azərbaycan Ensklopediyasını yaratmaq da elə bu mənəvi tələbatın, yanğının bir təzahürü idi. ümumiyyətlə, R.Rza hansı sahədə çalışıbsa, o sahədə əməksevər, qabiliyyətli bir insan kimi tanınıb, ortaya layiqli, səviyyəli işlər qoyub.
R.Rza dissident şair deyildi. Amma xalq üçün, poeziya üçün dissidentlərdən daha çox iş görmüşdü. Onun müdrikliyi imkan verirdi ki, dissidentlik etmədən dissidentlərdən daha cəsarətli yaza bilsin. Qarşısındakı əsas məqsəd vətən üçün daha çox iş görmək idi. Ənənəvi dissidentlik etmək bu imkanı onun əlindən alardı. O zamanlar B.Vahabzadə, İ.Əfəndiyev, M.Araz, X.Rza, Anar kimi yazıçı və şairlərimiz xalq arasında haqlı olaraq daha çox vətənpərvər ziyalılarımız kimi tanınırdılar. Bu insanlarımız əsasən, yalnız şair, yazıçı kimi fəaliyyət göstərirdisə və xalq, kütlə üçün daha aydın dildə, daha emosional mövzularda yazırdılarsa, R.Rza ictimai xadim kimi daha geniş miqyasda, dərin qatlarda daha əhatəli şəkildə işini qurmaqla, əhalinin intellektual, müasir düşüncəli təbəqəsinə təsir etməklə başqa üsullarla fəaliyyət göstərirdi. Amma onun yaradıcılığı ilə o biri vətənpərvər ziyalılarımızın fəaliyyətləri bir-birini tamamlayırdı. R.Rza yaşca da onlardan böyük idi, o vaxtkı Azərbaycan elitası, hökumət işçiləri ilə daha sıx əlaqədə idi. Moskvada, SSRİ-də böyük nüfuzu var idi, dünyada tanınırdı. Bütün bunlar ona daha sakit, çoxgedişli, dərin tədbirlər həyata keçirməsinə imkan yaradırdı.
Şair haqda fikirlərimi aşağıdakı kimi ümumiləşdirmək istəyirəm:
1. R.Rza sistemli bir təhsil görməsə də, intellektcə öz dövründə yaşayan respublikadakı bütün alimlərdən daha qabağa getmişdi, müdriklik səviyyəsinə qalxmışdı; ömrünün sonuna qədər, həmişə, hər məclisdə öz iti zəkası, məntiqli sözü ilə seçilirdi;
2. Rəsul Rza XX əsrin ikinci yarısında Azərbaycanda milli oyanış hərəkatında olduqca mühüm rol oynayan bir şəxsdir.
3. O, XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünya ilə, mütərəqqi aləmlə əlaqələrinin güclənməsində olduqca mühüm rol oynadı.
4. Qəlbində həqiqət işığı, düşüncəsində, beynində həqiqət meyarları vardı. Onun poeziya, həyat barədə o vaxtkı mülahizələri indi - 40-50 il keçəndən sonra da öz aktuallığını, doğruluğunu, yeniliyini saxlamaqdadır.
5. Olduqca güclü fəhmi, öncəgörümlülük xüsusiyyəti vardı. Bu onun 60-cı illərdəki şeirlərində daha aydın hiss olunurdu. Bu şeirlərdə 20, 30, 50, 100 ildən sonra dünyada, ölkəmizdə baş verəcək bir sıra sosial, mənəvi dəyişikliklərin, problemlərin xəbərdarlığını görmək çətin deyil.
6. Onda bütün yer üzünə olan sevgi ilə vətən sevgisi bir-birini harmonik, ahəngdar olaraq tamamlayırdı.
7. Ensiklopedik biliyə malik idi. Bu biliyi o, daima öz üzərində işləməsi, faktları dəqiqləşdirməsi üçün dəfələrlə mənbələrə baxması hesabına əldə etmişdi. Elə bu qabiliyyəti də onda ensiklopediyaya olan marağı daha da artırmışdı. R.Rza ensiklopediyaya xalqın tarixi bir salnaməsi, maarifləndirmə vasitəsi kimi baxdığından ona böyük önəm verirdi. Ona görə də, ömrünün bir neçə ilini ensiklopediyamızın yaranmasına həsr etdi.
8. çoxşaxəli, novator bir fəaliyyəti vardı. Bu isə onu göstərir ki, R.Rza hər hansı bir məsələyə, yalnız o məsələnin miqyasında baxa bilmirdi. İntellekti, fəhmi, bəsirəti onu həmin məsələyə sistemli düşüncə tərzi ilə baxmağa vadar edirdi.
9. Ciddi, ləyaqətli bir şəxsiyyət idi. Yalana, yaltaqlığa, iradəsizliyə, mərdimazarlığa qarşı barışmaz münasibəti vardı. Belə xüsusiyyəti olan adamlara qarşı sərt münasibət göstərirdi.
10. Onda özü gəldiyi qənaətə böyük inam vardı. İnandığı bir həqiqətin yolunda prinsipial olaraq, qorxmadan, bəzən özünü təhlükələrə ataraq, məhrumiyyətlərə dözərək mübarizə aparırdı.
11. Onu bir sıra xüsusiyyətlərinə görə XX əsrdə ölkəmizdə yalnız C.Məmmədquluzadə və ü.Hacıbəyli ilə müqayisə etmək olar. Bu insanlar arasında dünyanın, ölkənin qayğılarına dialektik, sistemli, vətənpərvər, novator, yaradıcı münasibətdə və fəaliyyətdə bir oxşarlıq, ümumilik var. Onların hər üçü dünyada gedən prosesləri aydın təsəvvür etməklə, bu proseslər fonunda ölkəmizin tərəqqisi üçün vacib olanları aydın dərk etmiş, öhdələrinə düşən vəzifələri müəyyənləşdirib yaradıcı şəkildə fəaliyyət göstəriblər.
Əhməd Qəşəmoğlu
Xəbər lenti
Hamısına baxGündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23

