Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Sosial şəbəkənin informasiyası xalq düşüncəsinə daha yaxındır, yaxud informasiyanı başlı-başına buraxmaq olmaz

Sosial şəbəkənin informasiyası xalq düşüncəsinə daha yaxındır, yaxud informasiyanı başlı-başına buraxmaq olmaz

12.07.2012 [23:00]

Aslan Aslanov: Dünya informasiya nəhənglərini, o cümlədən bizi də narahat edən ən aktual mövzu ondan ibarətdir ki, artıq sosial şəbəkələr ənənəvi mediaya çox ciddi təsir göstərir
Rusiyanın İTAR-TASS informasiya agentliyinin himayəsi ilə Moskvada Beynəlxalq Ticarət Mərkəzinin “Konqres” salonunda “Dünya mediası: XXI əsrin çağırışları” devizi altında ümumdünya Media Sammiti keçirilib. Sammitin işində ölkəmizin aparıcı KİV-lərinin nümayəndələri də iştirak ediblər. Nümayəndə heyətinə başçılıq edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanov “Kaspi” qəzetinə müsahibəsində sammitdə müzakirə olunan məsələlərdən, dünya mediasının qarşısında duran problemlərdən və Azərbaycan mediasının bugünkü vəziyyətindən söhbət açır.
ümumi vəziyyətdən çıxış yolları
- Aslan müəllim, ümumdünya Media Sammitinin keçirilməsində məqsəd nə idi?
- Bir sıra beynəlxalq xəbər agentlikləri dünya informasiya siyasətinin əsas istiqamətləri, faktların toplanması, xəbərin hazırlanması, yayılması, innovasiyalı texnologiyanın tətbiqi, əsrin çağırışları ilə əlaqədar qarşıya çıxan problemlər barədə ildə bir neçə dəfə yığışır və geniş müzakirələr aparırlar. Müəyyən təkliflər əsasında rəylər formalaşır və dünyanın ən nüfuzlu agentlikləri öz işlərini məhz bu istiqamətdə qurmağa çalışırlar. Bu alyanslardan biri Avropa Xəbər Agentlikləri Alyansıdır. Avropanın 30 ölkəsi burada birləşibdir. Bu alyansa qəbul olunmaq da çox çətindir. Onun ağır şərtləri var. Əvvəla, hər ölkədən bir agentlik bu şərtləri tam yerinə yetirdikdən və Avropa Xəbər Agentlikləri Alyansının bürosunda səs alandan sonra bu quruma qəbul oluna bilər. Burada Avropanın əsas ölkələri təmsil olunur. O cümlədən, AzərTAc da 2008-ci ildə dünya informasiya siyasətində mühüm rol oynayan bu alyansa qəbul olunub. 29 ölkədən 26-sı bizə səs verib. Onu da qeyd edim ki, keçmiş sovet respublikalarından yalnız Rusiyanın İTAR-TASS agentliyi və Ukraynanın Ukrinform agentliyi bu təşkilata üzvdür. İldə iki dəfə alyansın iclasları keçirilir. Avropa ölkələrinin informasiya agentlikləri burada toplaşaraq dünya informasiya siyasətinin qarşıda duran problemlərini ətraflı müzakirə edir və təcrübə mübadiləsi aparırlar. İkinci təşkilat isə Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri  Alyansıdır. Bu təşkilat, demək olar ki, Yer kürəsinin yarıdan çoxunu əhatə edir və burada dünyanın 33 ölkəsi təmsil olunur. AzərTAc 2004-cü ildə bu alyansa qəbul olunub. Mən iki dəfə dalbadal bu alyansın idarə heyətinə üzv seçilmişəm. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin informasiya agentlikləri alyansı fəaliyyət göstərir və burada 14 ölkə birləşib. İki il bundan əvvəl Bakıda bu təşkilatın iclası keçirildi və hazırda AzərTAc qurumda sədrlik edir. AzərTAc Türkdilli Xəbər Agentlikləri Alyansına da uzun müddətdir ki, rəhbərlik edir. Heç bir agentlik qarşılaşdığı problemləri təkbaşına həll edə bilməz. O, mütləq müəyyən qurumlarda iştirak etməlidir ki, öz işini düzgün qura və dünya informasiya siyasətinə uyğunlaşdıra bilsin.
2009-cu ildə dünyanın ən nəhəng informasiya agentlikləri fikirləşdilər ki, daha yeni bir qurum lazımdır. Məsələn, Dünya İnformasiya Agentlikləri Konqresi fəaliyyətdə idi. Amma bu, özünü doğrultmadı. Onda dünyanın “Sinxua”, “Assoşieyted Press”, “Röyter”, “Kiodo” kimi nəhəng agentlikləri yeni bir qurumun yaranması ilə bağlı təşəbbüs qaldırdılar. Elə bir qurum ki, orada dünya informasiya siyasətinə az-çox töhfə verməyi bacaran, onun işində iştirak edə bilən agentliklər bir yerə toplaşsın və 2-3 ildən bir medianın qarşısında duran qlobal problemlərlə bağlı müzakirələr aparsın, ümumi vəziyyətdən çıxış yollarını araşdırsınlar. 2009-cu ildə məhz çin Xalq Respublikası təşəbbüsü öz üzərinə götürdü. Mən həmin tədbirə dəvət olunsam da, təəssüf ki, müəyyən səbəblərə görə iştirak edə bilmədim.
Bu il isə İTAR-TASS agentliyi təşəbbüs göstərərək dünya sammitinin Moskvada keçirilməsini məsləhət bildi. Həmçinin təmsilçilərin dairəsi bir qədər genişləndirilirdi, beləliklə, medianın bütün sahələri əhatə olundu. Dünyanın 102 ölkəsindən 300-dən çox mətbuat nümayəndəsi Moskvaya dəvət olundu və demək olar ki, dünya sammiti çox böyük uğurla keçdi. Sammitdə mənimlə bərabər “Trend” agentliyinin baş direktoru İlqar Hüseynov və “Azerbaydjanskiye izvestiya” qəzetinin baş redaktoru Gülnarə xanım da iştirak edirdi.
- Rusiyanın dövlət rəsmilərinin forumun işinə reaksiyası necə oldu?
- İTAR-TASS-ın baş direktoru, ümumdünya Media Sammitinin prezidenti Vitali İqnatenko forumu açaraq Rusiya prezidenti Vladimir Putinin zirvə görüşü iştirakçılarına ünvanlanan təbrik məktubunu oxudu. Rusiyanın Baş naziri Dmitri Medvedevin təbrik məktubu da oxundu. BMT-nin baş katibi Pan Gi Mun isə zirvə görüşü iştirakçılarını video-müraciətlə təbrik etdi. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin çıxışında KİV-lərin bu gününü və gələcəyini necə gördüyündən, həmin prosesdə parlamentarizmin əhəmiyyəti rolundan söz açdı və jurnalistlərin suallarını cavablandırdı. çinin “Sinxua” agentliyinin prezidenti Li Suntszyun, “Röyter” agentliyinin mətbuat üzrə prezidenti Syuzan Teylor Martin və başqaları forumda çıxış etdilər. Birinci gün dünya informasiyasını maraqlandıran bir sıra aktual məsələlər müzakirə edildi. İkinci gün isə iclası Mixail Qusman açdı. Yaponiyanın “Kiodo”, çinin “Sinxua” və s. agentliklərin baş direktorları çıxış etdilər. Mən də çıxış etdim və suallara cavab verdim. Hesab edirəm ki, bu sammit bir daha göstərdi ki, regional xəbər alyansları ilə birlikdə Avropa Xəbər Agentlikləri Alyansı nə qədər əhəmiyyətli, nüfuzlu olsalar da, dünya informasiya siyasətinin qarşılaşdığı problemlərin həll olunmasında lazımi effekti tam verə bilmirlər. Dünya mediasının nəhəngləri də belə hesab edirlər ki, dünya sammiti davam etdirilməlidir. Heç olmasa, iki ildən bir dünya mediasının nəhəngləri bir yerə toplaşmalı və qarşıya çıxan problemlər müzakirə olunmalıdır. Problemlər isə hələ çoxdur.
Qlobal problem
- Sammitdə müzakirə olunan əsas problemlər nədən ibarət idi?
- Bütövlükdə XXI əsrdə informasiyanı nə gözləyir? Bu sual hamını düşündürür. Dünya informasiya nəhənglərini, o cümlədən də şəxsən bizi narahat edən ən aktual mövzu ondan ibarətdir ki, artıq sosial şəbəkələr ənənəvi mediaya çox ciddi təsir göstərir. Hətta, nəinki təsir göstərir, onu vurub sıradan çıxarmağa xeyli dərəcədə yaxınlaşır. Səbəb odur ki, insanlar innovasiya texnologiyalarının yeniliklərindən çox ağılla, dərrakə ilə istifadə edərək artıq özləri bir-birilərinə müxtəlif janrlı - həm görüntülü, həm səsli, həm də infoqrafik xəbərlər göndərir, bir-biriləri ilə xəbərləşirlər. Ənənəvi media bu operativlikdən xeyli geri qalır.
Tutaq ki, cənab Prezidentin “Qaradağ sement” zavodunun açılışında iştirak etməsi ilə bağlı xəbər AzərTAc-ın müxbiri və ya istənilən ənənəvi medianın bir nümayəndəsi tərəfindən yazılır. Müxbir xəbəri yazaraq redaktora, o da öz növbəsində buraxılış redaktoruna verməlidir... Bu, xeyli dərəcədə vaxt aparır. Ancaq orada iştirak edən, ancaq heç bir jurnalist təhsili və jurnalistika ilə əlaqəsi olmayan bir adam hadisə baş verən kimi onunla bağlı bir cümləni  Facebook-da yerləşdirəcək. Bu cümlə baş-ayaq olacaq və orada heç bir dil və üslub qaydalarına əməl olunmayacaq. Ancaq buradakı ən vacib olan fakt insanları cəlb edəcək. Bir dəqiqənin içərisində 4-5 min adam bu xəbərə baxacaq. AzərTAc-ın və ya Azərbaycanda olan istənilən informasiya agentliyinin və yaxud elektron mətbuatın nümayəndəsinin buraxdığı xəbər isə gün ərzində özünə 1000-2000 oxucu toplamayacaq. Demək, bu prosesin qarşısını almaq mümkün deyil. Moskva sammiti də göstərdi ki, sadəcə reallıqla razılaşmaqla bərabər, əgər ənənəvi media təcili tədbirlər görməsə, innovasiyalı texnologiyaların imkanlarından yüksək, daha yaradıcı səviyyədə istifadə etməsə, onda bu mübarizədə əsaslı surətdə geri qalacaq və uduzacaq. Ən çox narahatlıq gətirən problem sosial şəbəkələrlə ənənəvi media arasındakı gərginliyi aradan qaldırmaqdır. Moskva sammitinin keçirilməsinin əsas məqsədlərindən biri məhz bu idi. Bu, çox qlobal problemdir.
Operativlik qeyri-adi dərəcədə sürətlənməlidir
- XXI əsrin digər çağırışları hansılardır?
- XXI əsrin başqa çağırışları da var. Elə çağırışlar var ki, onlar mütləq müzakirə olunmalı, fikir mübadiləsi aparılmalıdır. Medianın bazar məsələsi, onun reklam məsələsi də çox böyük problemdir. Bütün bunlar Moskva sammitində ətraflı müzakirə olundu.
- Ənənəvi medianın mövqeyini necə qoruyub saxlamaq olar? Forumda problemin həlli ilə bağlı hansı təkliflər səsləndi?
- Əsas məqsəd ondan ibarətdir ki, operativlik qeyri-adi dərəcədə sürətlənməlidir. Bunun üçün isə innovasiyalı texnologiyadan maksimum istifadə olunmalıdır. Əgər 10 il bundan əvvəl AzərTAc-ın işlərinin xeyli hissəsi teletayp vasitəsilə görülürdüsə, 4-5 il bundan əvvələ qədər əsas məhsulumuzun buraxılmasında faks maşınları və elektron poçtlar rol oynayırdı. İndi daha yeni innovasiyalı texnologiyalardan istifadə olunmalıdır. Mən özüm də, o biri agentliklərin baş direktorları da çıxışlarda bildirdik ki, informasiyanın dəqiqliyi, operativliyi, ahəngdarlığı və dilin zənginliyinin qorunması kimi prinsiplərə əməl olunmasına çalışmalıyıq. Bu, əsas şərtlərdən biridir. Lakin sosial şəbəkələrdə buna nəzarət etmək mümkün deyil. Faktlar cəlbedici olsa da, onların dürüstlüyü tam təminat vermir. Halbuki artıq dünyanın ən nüfuzlu ölkələri - ABŞ da, Avropa ölkələri də bir az əvvəl öz siyasətlərini ənənəvi medianın əldə etdiyi informasiyalar üzərində qururdusa, indi hətta, dövlətlər özləri də sosial şəbəkələrin informasiyasına daha çox meyillidirlər.
- Səbəb nədir?
- Səbəb ondan ibarətdir ki, bu, xalqın içindən gəlir. Sosial şəbəkənin informasiyası xalq düşüncəsinə daha yaxındır. Bütün dərinliklərə vara bilir. Sosial şəbəkədə heç bir qadağa, heç bir redaksiya, kənar müdaxilə yoxdur, tam sərbəstlikdir. Yəni insanın ürəyində nə varsa - gözlə gördüyü, qulağı ilə eşitdiyi nə varsa ondan istifadə edir. Sadəcə, informasiya oradadır. Bəs o informasiyanı necə götürməli? Bu informasiya dəqiq süzgəcdən keçirilməlidir. Ona görə də bir neçə il bundan əvvəl  “Sinxua”, “Assoşieyted Press”, “Röyter, “Kiodo” agentlikləri sosial şəbəkələr şöbələri yaratmağa məcbur oldular. Azərbaycanda da informasiya siyasəti ilə məşğul olan təşkilatlarda mütləq sosial şəbəkələrlə iş şöbələri yaradılmalıdır. Bu, elə bir sahədir ki, diqqətdən kənarda qala bilməz. Düzdür, o, idarəolunmazdır, ancaq oradakı faktlardan istifadə çox vacibdir. Bir halda, dünyanın nəhəng ölkələri öz siyasətlərini sosial şəbəkələr üzərində qurmağa nəinki meyillidirlər, hətta, bunu edirlərsə, onda başqa ölkələrdə də ənənəvi medianın təsir dairəsindən çıxmaq lazım gələcəkdir. Başqa yol yoxdur. Ənənəvi media da çalışır ki, nə varsa, obyektiv çatdıra bilsin. Amma sosial media bunu xeyli dərəcədə üstələyir. Yenə deyirəm, burada çox dəqiq süzgəc lazımdır. Sənə lazım olan informasiyanı seçib götürməli, informasiyanı yenidən yoxlamalısan. Hər halda, rəsmi dövlət siyasəti ilə məşğul olan təşkilatlar ondan olduğu kimi istifadə edə bilməzlər. Lakin o, çox gözəl bir mənbədir, xammaldır. Ona görə də mən bir neçə ştatları ləğv etmişəm və əvəzinə yeni bir şöbə - sosial şəbəkələrlə iş şöbəsi yaratmışam.
Gələcəyin informasiyası
- Siz sammitdəki çıxışınızda internet KİV-lərin və sosial şəbəkələrin inteqrasiyasının daha da genişlənəcəyini və təkmilləşəcəyini qeyd etmisiniz. İnternet nəşrlərini KİV adlandırmaq olarmı?
- Bu barədə diskussiyalar az olmayıb. Lakin mübahisələr öz yerində, internet isə “hücuma keçməkdə” davam edir. Məsələn, Azərbaycanda yalnız internetə əsaslanan özəl informasiya agentlikləri AzərTAc ilə açıq rəqabət aparmağa başlayırlar. Son vaxtlar sosial şəbəkələr, xəbər portalları, axtarış sistemləri xüsusi cazibə qüvvəsi qazanıblar. Qloballaşma tamamilə yeni bir informasiya məkanı - konverqasiyaya məruz qalmış interaktiv sosial medialar yaradıb. Bunlar ənənəvi və internet KİV-lərin, o cümlədən AzərTAc-ın işinə konkret təsir göstərir. Onlar ən iri nəşrlərin buraxdığı informasiyanı tamamlamaq və təhlil etmək imkanına malikdir. Jurnalistlər Birliyi bu məkanı sosial şəbəkələrdə dislokasiya olunmuş böyük bir “ordu” ilə tərəfdaşlıq şəraitində mənimsəməlidir.
- Bəs təsirə tam məruz qalmamaq üçün AzərTAc vəziyyətdən çıxış yolunu necə axtarıb tapır?
- 2010-cu ildə AzərTAc-ın 90 illiyi qeyd ediləndə Prezidentə məruzə etdim ki, dünya informasiya siyasətinin qarşılaşdığı problemlərdə AzərTAc-ın da yaxından iştirak etməsi, beynəlxalq alyanslarda və digər regional qurumlarda qazandığımız yerin əldə saxlanması üçün biz mütləq yeni xidmət sahəsi yaratmalıyıq. Onlarla tarazlaşmaq üçün başqa yol yoxdur. çünki insanlar artıq televiziyanın qarşısında oturub xəbər gözləmirlər. Buna insanın nə vaxtı, nə də həvəsi var. ümumiyyətlə, o, bunu özünə yaxın buraxmaq, vaxtını hədər yerə itirmək istəmir. İnsan istəyir ki, informasiyanı ona lazım olan vaxt - oturub çörək yeyəndə, yolda, maşında, hansısa bir görüşdə olarkən düyməni basmaqla əldə etsin. Ona görə mən bəri başdan deyirəm ki, əgər Azərbaycan televiziyaları yaxın gələcəkdə insanlara informasiya çatdırmaq formalarını dəyişməsələr, o televiziyalara heç kəs baxmayacaq. Onsuz da indi tamaşaçı xeyli azalıb. Əgər orada müxtəlif islahatlar aparılmasa, televiziya insanın öz yaxınına gəlməsə, ona heç kim baxmayacaq. İstənilən ailəyə gedin və görün: ailənin neçə üzvü televiziyanın qarşısında əyləşib. Görəcəksiniz ki, onların böyük əksəriyyəti öz otaqlarında kompyuterin arxasında oturaraq onlara lazım olan informasiyanı internet jurnalistikası vasitəsilə tapmağa çalışırlar. Ona görə də biz ölkə Prezidentinin Sərəncamı ilə Multimedia-videoxəbər xidməti redaksiyası yaratdıq. İndi biz həm xaricdəki alıcılarımız, həm də yerli oxucularımız üçün görüntülü xəbərlər də buraxırıq. Hətta, mən bu redaksiyanı yaradanda bir çox televiziyalar “deyəsən, AzərTAc televiziya yaradır” - deyə təşvişlə fikirləşdilər. Bir halda ki, əgər televiziya sıradan çıxırsa, insanlar bu televiziyanı qəbul etmirlərsə, onda o televiziyanı nə üçün yaratmalıyam? Dağılan bir şeyi təzədən nə üçün qurmalıyam? Mən televiziya yaratmıram, mən insanlara görüntülü xəbər vermək istəyirəm. Bu redaksiyanı da məhz buna görə yaradıram. Bundan sonra bir az sakitlik yarandı. Demirəm ki, indi biz məqsədimizə tam çatmışıq. Amma xeyli bünövrə yarada bilmişik. Kadrlar tapmışıq, studiyalar yaratmışıq, avadanlığımız var. Artıq AzərTAc-ın işçiləri sərbəst olaraq respublika üçün əhəmiyyətli olan beynəlxalq tədbirləri həm də görüntülü xəbər şəklində təqdim edirlər. O cümlədən, səsli xəbərlər də yayırıq. Bu cür xəbərlərin də dinləyiciləri çoxdur. İnsanlar tıxaclarda qalarkən, uzaq səfərlərə gedərkən informasiya eşitmək istəyirlər. Əgər bu informasiyanı axtarıb radiodan tapırlarsa, elə isə niyə AzərTAc-ın səsli xəbərindən eşitməsinlər? Düzdür, biz hələ bu dairəni tam qapaya bilməmişik. Hələ yeni başlamışıq, amma demək olar ki, səsli xəbərlər də artıq özünə xeyli dinləyici toplaya bilib. İndi daha yeni bir janr - infoqrafik janr yaranıb. Amma əslində bu janrın kökü daha qədimdir. İnsanlara daha obyektiv, daha lakonik informasiyalar lazımdır. Bunu infoqrafik yolla da əldə etmək olar. Əgər bir az əvvəl biz gün ərzində 3 infoqrafik xəbər qoyurduqsa, indi 15 belə xəbər qoyuruq. Görürük ki, buna maraq da çoxdur. Elə hesab edirəm ki, gələcəkdə informasiya yükü əsasən multimedia, videoxəbər xidmətinin üzərinə düşəcəkdir.
çap mediası üçün təhlükə
- Siz internet jurnalistikasının, sosial medianın televiziyalar üçün yaratdığı təhlükədən danışdınız. Bəs çap mediası üçün hansı təhlükələr hiss olunur?
- Onda gəlin oradan başlayaq: mən nə üçün jurnalist oldum? Mən Cəbrayıl rayonunda, sıravi bir ailədə doğulmuşam. Orta məktəbdə oxuyanda müşahidə edirdim ki, “Kommunist” qəzetinin müxbiri rayona gələndə bütün rəhbərlər ona necə diqqət göstərirlər. Adamlar da sonra onun nə yazacağını səbirsizliklə gözləyirdilər. Məqalə çıxanda isə qəzet əl-əl gəzirdi. Məni jurnalistikaya da bu maraq gətirdi.
Universitetin jurnalistika fakültəsini bitirdiyim vaxtlar Mərkəzi Komitə hüquq, şərqşünaslıq və jurnalistika fakültələrinin təyinatlarına xüsusi nəzarət edirdi. Məlum oldu ki, Ağcabədi rayonunda bir nəfər də ali təhsilli jurnalist yoxdur və bir neçə nəfər o rayona getməlidir. Siyahıda adı olanlardan biri də mən idim. Mən Ağcabədiyə getdim. 10 gündən sonra bizi pambıq yığımına apardılar. çox əzablı idi, amma mən pambıq yığımında iştirak edirdim. Lakin mən orada respublika mətbuatı ilə müntəzəm əlaqə saxlayır, yazılar yazırdım. Qəlbimdə “Kommunist” qəzetində işləmək arzusu hələ də qalırdı. O zaman bu qəzetə Tofiq Rüstəmov rəhbərlik edirdi. O, universitetdə müəllimim olmuşdu. Mən ərklə onun yanına gəldim və arzumu bildirdim. Bir həftədən sonra Tofiq müəllim əmrimi verdi və işə götürüldüm. Mən bu redaksiyada təxminən bir il işləyəndən sonra müşahidə etdim ki, artıq yazılı mətbuat təxminən öz təsirini itirir. Artıq televiziya yavaş-yavaş yazılı mətbuatı üstələyir və onu meydandan çıxarmağa başlayır. İnsanlar qəzet oxumağa yox, daha çox televiziyaya baxmağa meyil edirlər. Onlar öz informasiyalarını televiziyadan almaq istəyirdilər. Böyük əksəriyyət özünü efirdən görmək istəyirdi. Bir az əvvəl isə hamı arzulayırdı ki, onun haqqında “Kommunist” qəzetində yazsınlar və ya heç olmasa, adı-soyadı qəzetdə getsin. İndi isə artıq insanlar kütlə şəklində televiziyaya meyil edirdilər. Bu, onu göstərirdi ki, televiziya yazılı mətbuatı əməlli-başlı üstələyir. çünki operativlik, informasiyanın insanlara çatması baxımından televiziya daha böyük imkanlara malik idi. ölkənin ən ucqar nöqtəsində insanlar xəbəri eşidə bilirdilər. Ancaq qəzetin oralara gedib çatması üçün ən azı bir gün vaxt lazım idi.
Hazırda isə belə bir vəziyyət yaranıb ki, artıq internet jurnalistikası televiziyanı üstələyir. Televiziya vaxtilə yazılı mətbuata göstərdiyi təsirdən 5 qat artıq zərbə alır. Düzdür, biz o vaxtlar deyirdik ki, qəzetlə televiziyanın mübarizəsində yazılı mətbuat xeyli dərəcədə məğlub oldu, ancaq sıradan çıxmadı. İndi də dünyada bu mübarizəyə nəinki tab gətirən, hətta meydandan heç cür çıxmaq istəməyən nümunələr var. Yenə də onların milyonlarla oxucuları var, insanlar onlara inanır, onları oxumaqdan həzz alırlar. Mən demirəm ki, televiziya da 5-10 ilə tam sıradan çıxacaq. Duruş gətirən, mübarizədə yerini qoruyub saxlaya bilən televiziyalar, sözsüz ki, olacaq. Hər halda, sosial jurnalistikanın ənənəvi mediaya çox ciddi surətdə zərbə vurması və onu sıxışdırıb meydandan çıxarmağa çalışması faktdır. Həyat göstərəcək ki, buna nail olacaq, ya yox. Şəxsən mən hesab edirəm ki, buna hələ uzun müddət vaxt lazımdır.
- Əgər bu gün naşı adamlar da sosial şəbəkələrdə informasiya ilə oynayırlarsa, onda cəmiyyətdə jurnalistin rolu nədən ibarətdir?
- Bu, təkcə sizi yox, bütün dünyanı düşündürür. Hətta, “Sinxua”nın, “Röyter”in direktoru da “nə etmək lazımdır?” deyə düşünür. Bax, bunu tapmaq lazımdır. Biz insanlara informasiyanı elə sürətlə çatdırmalıyıq ki, onlar informasiyanı bizdə - ənənəvi mediada axtarsınlar. Mən bir jurnalist kimi qətiyyən sosial medianın üstündən xətt çəkmək istəmirəm. Belə bir fikrim də yoxdur. Hesab edirəm ki, ona hörmətlə yanaşmaq, onun inkişafına kömək etmək lazımdır. Amma bununla bərabər gərək elə edək ki, ənənəvi medianın da faydalı nəticələri - informasiyanın daha zənginliyi, faktın dəqiqliyi, xəbərin dil, üslub, redaktə baxımından ahəngdarlığına əməl olunsun. Elə şeylər var ki, bunu inkar etmək gələcəkdə pozuqluq yaradar. Hesab etmirəm ki, hər şeyə əl-qolumuzu soyudaq və deyək ki, sosial şəbəkələr var və artıq agentlikləri, televiziyaları bağlayaq. Xeyr, mən qətiyyən bu fikirdə deyiləm. Mən deyirəm ki, insanların dünyagörüşü, milli mənəvi dəyərlərimizi, əxlaqımızı, tərbiyəni qoruyub saxlamaq lazımdır. Biz çalışıb ənənəvi medianın işini elə qurmalıyıq ki, mübarizədə çox məğlub olmasın, tərəzinin aşağı gözündə durmasın. Heç bir ağıllı adam belə düşünməz ki, ənənəvi medianın da axırı gəldi. Heç kəs belə düşünmür. Onda cəmiyyətdə də bir qarmaqarışıqlıq yaranar, idarəolunmaz bir vəziyyətə gəlib çıxar. İnformasiyanı idarə etmək lazımdır, onu başlı-başına buraxmaq olmaz.
- Milli Mətbuat Gününə sayılı günlər qalıb. Azərbaycan mətbuatının bugünkü mövqeyini, yerini, vəziyyətini necə xarakterizə edərdiniz?
- Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra Onu narahat edən ən mühüm məsələ Azərbaycanın dünyada təbliğ olunması, ideoloji işin aparılması ilə bağlı idi. O deyirdi ki, gərək, Azərbaycan mətbuatı dünya arenasına çıxsın, dünya informasiya şəbəkələrində yer tuta bilsin. ümummilli lider Elmlər Akademiyasında keçirdiyi ilk tədbirinə başlayanda “gərək AzərTAc-ın müxbiri burada olsun” demişdi. O bilirdi ki, görülən işlər gərək dünyaya çıxarılsın. Ona görə də Ulu öndər hakimiyyətə gələn kimi mətbuata, ilk növbədə, AzərTAc-a xüsusi diqqət yönəltdi. 3-4 ilin ərzində agentlik haqqında çox ciddi fərman və sərəncamlar çıxdı. İndi AzərTAc Avropa Xəbər Agentlikləri Alyansında digər nüfuzlu agentliklərlə tam bərabər mövqeli və ən fəal üzvlərdən biridir. AzərTAc-ın artıq 18 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Dünyanın 30-dan çox ölkəsi ilə ikitərəfli müqaviləmiz var. Dairə hər il genişlənir. Hazırda AzərTAc altı dildə materiallar buraxır. Əvvəllər biz əsasən Azərbaycan, rus və ingilis dillərində xəbərlər buraxırdıqsa, artıq keçən ildən həm də alman, fransız və ərəb dillərində materiallar yayırıq.
Bu gün AzərTAc-la yanaşı Azərbaycan mətbuatı, televiziyalarımız, o cümlədən internet jurnalistikamız çox inkişaf edir. İstənilən ölkənin mətbuatı ilə Azərbaycan mətbuatını müqayisə etmək olar. Mən həmişə bütün çıxışlarımda da demişəm ki, Azərbaycanda demokratik mətbuatın inkişafı dünyanın heç bir ölkəsindən geri qalmır. Hətta, bir çoxları üçün nümunə ola bilər. Mən şəxsən Azərbaycan mətbuatının vəziyyətindən çox razıyam. Azərbaycan mətbuatı düzgün istiqamətdədir.
Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30