Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Müxalifət partiyalarının maliyyə mənbələri şübhəlidir

Müxalifət partiyalarının maliyyə mənbələri şübhəlidir

19.12.2012 [02:13]

Mübariz Qurbanlı: Ümumiyyətlə, biz bu istiqamətdə şəffaflığın tərəfdarıyıq
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının “SƏS TV”-yə müsahibəsi:
- Mübariz müəllim, ümumiyyətlə, “Siyasi partiyalar haqqında” Qanuna görə, hər bir təşkilat öz fəaliyyəti haqqında hesabat verməlidir. Amma bəzi siyasi partiyalar hələ də bununla bağlı heç bir hesabat dərc etməyiblər. Bununla bağlı fikirlərinizi bilmək istərdik?
- Yeni Azərbaycan Partiyası (YAP) hər il öz fəaliyyət haqqında geniş hesabat hazırlayır və həm ictimaiyyət, həm də partiya üzvləri fəaliyyətimiz barədə, bütövlükdə siyasi təşkilatımızın il ərzində gördüyü işlər barəsində ətraflı məlumat əldə etmək imkanına malik olurlar. Bu hesabat bir neçə istiqamətdə (partiya üzvlərinin qəbulu, partiyanın il ərzində gördüyü işlər və s.) hazırlanır. Xüsusilə biz burada əsas maliyyə hesabatına diqqət yetiririk. Yəni YAP-a daxil olan vəsait və həmin vəsaitin xərclənməsi əsas götürülür. Bununla bağlı məlumat mətbuat vasitəsilə dərc edilir və YAP İdarə Heyətində müzakirə edilərək qəbul olunur. Lakin neçə illərdir, aparılan müşahidələr, araşdırmalar onu deməyə əsas verir ki, faktiki olaraq partiyaların böyük əksəriyyəti bu barədə məlumatlar vermirlər. Xüsusilə, radikalyönümlü müxalifətin mənsub olduğu qruplar, təşkilatlar faktiki olaraq indiyədək bir dəfə də olsun maliyyə hesabatlarını açıqlamayıblar. Bəzən bu mövzu ətrafında fikir mübadiləsi apararkən onlar heç bir yerdən vəsait almadıqlarını dilə gətirirlər. Məhz buna görə də, hesabat verməyə borclu olmadıqlarını bildirirlər. Ancaq siyasi təşkilat, partiya hansısa bir vəsait hesabına fəaliyyət göstərir. Belə olan təqdirdə sual ortaya çıxır ki, bəs radikalyönümlü siyasi partiyaların rəhbərlərinin fəaliyyəti və maliyyə təminatı haradandır? Bu partiyaların da özlərinin ofisləri, işçiləri, nəqliyyat vasitələri var. Əgər bu vəsait partiya üzvlərindən toplanan üzvlük haqqı, ianələr hesabına formalaşmırsa bu zaman vəsaitin mənbəyi bəlli olmalıdır. Dəfələrlə bu məsələnin qaldırılmasına baxmayaraq bu istiqamətdə müxalifət partiyalarından hansısa bir dəqiq, tutarlı cavab ala bilmirik. Bu onu göstərir ki, həmin partiyaların maliyyə mənbələri şübhəlidir. Məlumdur ki, 2013-cü ildən siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcək. Bununla əlaqədar 2013-cü il dövlət büdcəsindən 2.5 milyon manat vəsait ayrılıb. İndi bu vəsaitin ayrılmasından sonra xüsusi bir qərar da (maliyyə hesabatı ilə bağlı) qəbul olunub. Hesab edirəm ki, bu vəsaiti alan partiyalar gələn ilin axırlarında bununla bağlı özlərinin hesabatlarını hazırlayacaqlar. Ümumiyyətlə, biz bu istiqamətdə şəffaflığın tərəfdarıyıq.
- 2013-cu il prezident seçkiləri öncəsi radikal müxalifət vahid namizəd məsələsinin gündəmdə saxlamaqla nəyə nail olmaq istəyir?
- Müxalifət partiyalarının seçkilərdə hansı formada iştirak edəcəyi bizi o qədər də maraqlandırmır. 2013-cü il prezident seçkilərində YAP-ın namizədi cənab Prezident, partiyamızın Sədri İlham Əliyev olacaq. Bu, partiyanın keçiriləcək qurultayında rəsmi şəkildə qətiləşəcək. Həmin seçkilərdə kim bizim namizədlə siyasi müstəvidə rəqabət aparacaqsa biz də həmin namizədlə rəqabət aparacağıq. Müxalifətin radikal qanadı bu gün vahid namizəd adı altında diskussiya aparır və s. Biz rəqiblərimizə qarşı hüquqi, qanunun verdiyi çərçivədə yarışımızı davam etdirəcəyik. Bu bir siyasi yarış, seçicilərin səsini qazanmaq uğrunda əsl mübarizədir. O şəxs, siyasi təşkilat qalib gəlir ki, o seçicilər tərəfindən tam müdafiə olunur. Biz əminik ki, seçicilərin əksəriyyəti Prezident İlham Əliyevi müdafiə edəcək. YAP-da seçki kampansiyasına hazır partiyadır.
- “Freedom House” beynəlxalq təşkilatının Azərbaycanla bağlı hazırladığı qərəzli hesabat barəsində nələri demək olar?
- “Freedom House” beynəlxalq təşkilatı hər il hazırladığı hesabatlarda Azərbaycanı azad olmayan ölkə kimi göstərməyə çalışır. Həmin təşkilat bu hesabatı hazırlayarkən məlumatları haradan alıb? Eləcə də, bu təşkilatın ölkəmizdə xüsusi nümayəndəsi və yaxud qrupu hansısa araşdırmalar aparıbmı? Məlum olub ki, burada heç bir araşdırmadan söhbət belə gedə bilməz. Həmin məlumatlar radikal müxalifətin nəzarətində olan mətbuatdan götürülür. Bu yazıların da böyük əksəriyyəti yalanlar üzərində qurulub. Bu yalana da həmin təşkilatlar istinad edərək Azərbaycan haqqında rəy bildirirlər. Onların ölkəmizlə bağlı yaydığı qərəzli məlumatlar heç də təsadüfi deyil. Burada tək Azərbaycan deyil bütövlükdə müsəlman ölkələri ilə bağlı çox mənfi rəylər verilir. Bu cür mənfi rəylərin verilməsinin başlıca səbəblərinə gəldikdə isə Prezident İlham Əliyev həm bu, həm də ölkəmizə qarşı digər təzyiqlərlə bağlı fikirlərini açıqlayarkən Azərbaycana düşmən olan üç qüvvəni, dairəni göstərib: Erməni lobbisi, islamafobiya və Azərbaycanın inkişafından təşviş keçirən dairələrdir. Artıq erməni lobbisi bütün beynəlxalq qurumlarda, xaricdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlarda öz adamları vasitəsilə Azərbaycanın əleyhinə hansısa bir materialların yayılmasına cəhd göstərir. Xüsusilə, xarici mətbuatda ölkəmiz əleyhinə yazıların yazılmasında erməni lobbisinin özünəməxsus mənfi mənada rolu vardır. Beləcə, erməni lobbisinin “Freedom House” təşkilatı ilə də bağlı olduğu heç kəsə gizli deyil. Bu kimi təşkilatlar müəyyən sponsorlar hesabına fəaliyyət göstərirlər. İkincisi, Azərbaycanın bölgədə sürətli inkişafı, güclənməsi, qüdrətlənməsi və bunun fonunda buna qısqanclıqla yanaşan dairələri qeyd etmək olar. Qərb dünyasında İslam dünyasına qarşı təzyiq var. Burda da iki istiqamətdə fəaliyyət göstəilir ki, onlardan birincisi İslam, müsəlman ölkələrində qarşıdurma yaratmaq və onları bir-birinin üzərinə qaldırmaqdır. Yəni parçala hökm sür siyasətini həyata keçirməkdir. İkincisi isə onlara qarşı insan haqları adı altında basqı göstərməkdir. “Freedom House” kimi beynəlxalq təşkilatın yaydığı materiallar yalnız qara-piar rolunu oynayır. Çox gülməli məqamdır ki, adıçəkilən bu təşkilat Ermənistanı Azərbaycandan üstün səviyyədə göstərmək istəyir.
- Mübariz müəllim, artıq region dövlətləri içərisində Rusiya güc mərkəzi kimi yenidən öz sözünü deməyə başlayıb. GUAM-ın fəaliyyətində isə qismən zəifləmələr müşahidə olunur. Bu haqda nə deyə bilərsiniz?
- GUAM 1997-ci ildə təsis olunarkən onun qarşısında əsas məqsəd regional layihələrdə birgə fəaliyyət göstərmək, iqtisadi əməkdaşlığı genişləndirmək idi. Bilirsiniz ki, MDB-də inteqrasiya prosesinə Rusiya təkan vermək istəyir. Rusiyanın buna təkan verməsi həmin dövlətin hegomonluğu adı altında həyata keçirilməyə yönəlib. Dünyada inteqrasiya prosesi qaçılmazdır. Ancaq bu inteqrasiyada biz həmişə konsensus bərabərlik görürük. Avropa İttifaqında ölkələrin böyük və kiçik olmasından asılı olmayaraq burada bərabərlik hökm sürür və heç kim hegomonluq edə bilməz. Amma MDB-də siyasi və inteqrasiya prosesində Rusiya rəhbərliyi hər zaman öz əlində saxlamaq istəyir. Hesab edirəm ki, bu Rusiya siyasətinin səhvidir. Rusiya siyasəti cəzbedici deyil, itələyicidir. Ona görə də, onun cəlbedici olmaması bu bölgədə olan ölkələri başqa yollar axtarmağa vadar edir. Hazırda, Rusiya prezidenti Vladimir Putin Avrasiya, Gömrük İttifaqı kimi bir məsələni ortaya qoyub və əsaslandırmağa çalışır ki, əgər Avropa ölkələri inteqrasiya edibsə, biz nəyə görə, etməməliyik? Baxın, Avropa İttifaqına daxil olmaq üçün ölkələr böyük səylə çalışırlar. Məsələn, Türkiyənin özünü buna misal göstərə bilərik. GUAM yalnız kağız üzərində deyil, Azərbaycan da həmin qurumun daha fəal olması üçün əlindən gələni əsirgəmir. Ölkə Prezidentinin xarici siyasətində ayrı-ayrı ölkələrlə münasibətlər, o cümlədən, GUAM içərisində əlaqələr çox əhəmiyyətli yer tutur.

Paylaş:
Baxılıb: 1125 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30