“Ölkənin birinci şəxsi məlumat əldə etmək imkanlarında da birincidir”
15.02.2013 [02:45]
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı AzNews.az-ın suallarını cavablandırıb:
- Prezident İlham Əliyev sonuncu müşavirədə konkret adlar açıqlamasa da, məmurlara kifayət qədər sərt xəbərdarlıq etdi. Məmurların vəziyyəti bu həddə çatdırmasının səbəbləri nədir?
- Dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirələrdə ölkənin sosial-iqtisadi inkişafı, qarşıda duran vəzifələri müəyyən edir. Regionların sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsi məsələsi hər il müzakirə olunur. Birinci dəfə deyil ki, Prezident dövlətin idarə olunmasında bu və ya digər sahələrdə baş verən nöqsanlarla bağlı məmurlara irad tutur. Əvvəllər də bu cür iradlar olub və işində nöqsanlara yol verən şəxslər vəzifəsindən azad olunub. Biz vaxtaşırı icra başçısının, nazirin və yaxud da hansısa dövlət vəzifəsi tutan şəxslərin vəzifədən azad olunması barədə Prezidentin Fərman və sərəncamlarını görürük. Əlbəttə, hər verilən Fərman və Sərəncama, xüsusi izahat verilmir, belə də olmalıdır. Amma sonra məlum olur ki, həmin şəxslər dövlət idarəçiliyində hansısa nöqsana yol verib, dövlət başçısı da onları işdən azad edib. Prezident də aşkar olunmuş nöqsanlara istinadən haqlı iradlarını bildirdi. Ölkənin birinci şəxsi məlumat əldə etmək imkanlarında da birincidir və Onun əldə etdiyi məlumatlar da belə kəskin çıxış etməsinə səbəb olub.
- Sizcə, fəaliyyətində ciddi nöqsanlar olan belə məmurlar çoxdurmu?
- Mən deməzdim ki, Azərbaycanda dövlət idarəçiliyində, yerli və mərkəzi icra orqanlarında olan şəxslər nöqsanlara yol verir. Onların içərisində xalqın hörmətini qazanan, öz işinin öhdəsindən yüksək səviyyədə gələn nazirlər, icra başçıları var. Amma təəssüf ki, idarəçilikdə Prezidentin də qeyd etdiyi kimi, öz işinin öhdəsindən gəlməyən, təvazökarlıqdan uzaq olan, qeyri-səmimiliyə yol verən və yaxud da bəzən harınlıq edən məmurlar da olur. Prezident də onlara xəbərdarlıq etdi, bir növ onlara mesaj verdi ki, bu cür hərəkətlər olmamalıdır. O ki, qaldı məmurların niyə bu həddə gəlib çatmasına, dünyanın hər yerində məmur məmurdur. Əgər hansısa bir vəziyyətdə nəzarəti balaca yumşaltsan, məmur mütləq öz cızığından çıxa bilər. Ona görə də, mütləq nəzarət güclü olmalıdır və bunun üçün də vaxtaşırı belə toplantılarda nöqsanlar onlara deyilməlidir.
- Müşavirənin gedişindən elə bir təəssürat yaranırdı ki, Prezident konkret adlar çəkəcək, yerindəcə cəza tədbirlərinin görülməsi barədə göstəriş verəcək və kimlərisə vəzifəsindən azad edəcək. Amma bu baş vermədi...
- Prezident İlham Əliyevin özünəməxsus iş üslubu var və onun iş üslubunu bilənlər Prezidentin nə üçün adlar açıqlamadığını da bilirlər. Dövlət başçısı həddən artıq ziyalı insandır, insanlarla münasibətdə müəyyən məsafəni saxlamaq, etiketi qorumaq prinsipləri var. Hesab edirəm ki, Prezident narazı olduğu şəxsləri işdən azad etməyi lazım biləndə heç tərəddüd etmədən qəti qərar qəbul edir. Onun da səbrinin bir hüdudu var və səbrlə insana özü-özünü islah etməsi üçün zaman, şans verir. Bu çox gözəl keyfiyyətdir. Fikir verirsinizsə, Prezident İlham Əliyev siyasətçi kimi populist siyasətçi deyil, populizmlə də məşğul olmur. O, həddindən artıq praktik, praqmatik siyasətçidir. Bütövlükdə Azərbaycan üçün və beynəlxalq aləmdə gördüyü işlər var ki, onları heç vaxt dilə gətirmir.
Onun keçirdiyi toplantılar da olduqca yığcam olur, konkret tapşırıqlar verir. Əlbəttə ki, yerindəcə kimisə nümayişkaranə şəkildə işdən azad etmək metodu da var. Hətta iclasda tənqid edib, işdən azad etdiyi şəxslər də olub. Cənab İlham Əliyev 10 ilə yaxındır ölkənin Prezidentidir və təbii ki, O, ictimai əhval-ruhiyyəni çox yaxşı, hamıdan gözəl bilir, ona uyğun da fikirlərini deyir. Görünür, bu dəfə münasib forma kimi şahidi olduğunuz metodu seçdi. Biz onu da bilirik ki, bu cür xəbərdarlıqlardan sonra hansısa növbəti addımlar olur və o şəxslər ki, etimadı doğrultmayıb onlara edilən xəbərdarlıq da hesab edirəm nəticəsiz qalmayacaq. Beləliklə də, Prezident Onun etimadını doğrultmayan, tapşırıqlarına əməl etməyənləri öz komandasından uzaqlaşdırır.
- Prezidentin məlum çıxışı korrupsiyaya qarşı mübarizə tədbirlərinin növbəti dalğasının anonsu sayıla bilərmi?
- Korrupsiya dünyanın bəlasıdır və beynəlxalq miqyasda bununla mübarizə gedir. Hətta BMT-də belə korrupsiyaya qarşı xüsusi komissiya var. Azərbaycan gənc ölkədir və burada rüşvət, korrupsiya kimi mənfi halların aradan qaldırılması vacib, mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki rüşvət, korrupsiya ölkənin inkişafını ləngidən haldır, ona qarşı mübarizə mütləqdir. Ona görə də, cənab Prezident bununla əlaqədar proqram xarakterli çıxış edib, Milli Məclis də qanun qəbul edib. Korrupsiyaya qarşı mübarizənin inzibati, iqtisadi metodları ilə yanaşı, həm də tərbiyəvi, təşviqati metodları var. Bizim apardığımız mübarizə yollarından biri iqtisadi metoddur. Dövlət qurumlarında vahid pəncərə sisteminin tətbiqi, sənədləşmənin elektron varianta keçilməsi, ASAN xidmət və bir sıra digər məqamlar var ki, hamısı korrupsiyanın qarşısını almağa yönəlib. Bunun üçün islahatlar dərinləşməlidir ki, bu proses də gedir. İqtisadi islahatlar dərinləşdikcə korrupsiya və onu yaradan səbəblər aradan qalxır. Şübhəsiz, inzibati yol da öz yerində qalmalıdır, amma təcrübə göstərir ki, tək bununla korrupsiyanı aradan qaldırmaq mümkün olmayacaq. Hətta Stalinin repressiv metodları belə inzibati üsulla rüşvəti aradan qaldıra bilməmişdi.
- Axı ortada qonşu Gürcüstanın uğurlu təcrübəsi var...
- Gürcüstanda əhalinin birbaşa təmasda olduğu nöqtələrdə - aşağı səviyyədə olan rüşvətin kökü kəsildi. Amma bütövlükdə bu ölkədəki korrupsiyanın kökünün tam kəsildiyini düşünənlər yanılır. Dünyada korrupsiyanın kökünün tam kəsildiyi ölkə yoxdur və hər yerdə də buna qarşı mübarizə gedir, bu, daimi bir prosesdir. Skandinaviyadan başlamış Yeni Zelandiyaya qədər bütün ölkələrdə korrupsiya halları mövcuddur və buna qarşı mübarizə hələ də davam edir. Biz də bu yolu seçmişik. Ən ideal yol isə iqtisadi islahatlar vasitəsilə mülkiyyət münasibətlərini, iqtisadi münasibətləri elə bir səviyyəyə gətirməkdir ki, burada hansısa formada məmurun müdaxiləsinə şərait olmasın. Prezident də çıxışında sahibkar-məmur münasibətlərinə toxundu və sahibkarlara hansısa formada təzyiqi məmurlara qadağan etdi. Əslində, Prezident müşavirədə çox ciddi bir məsələni həm cəmiyyətə, həm də idarəçilikdə olanlara çatdırdı ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır, vətəndaşa da xidmət göstərilməlidir.
- Quba, İsmayıllı və digər rayonlarda baş verən narazılıqlar məmur-vətəndaş münasibətlərinin hansı həddə olduğunu göstərmirmi?
- Dünyanın heç bir ölkəsində insanların hamısını tam razı qaldığı hakimiyyət yoxdur. Həmçinin, dünyanın elə bir ölkəsi də yoxdur ki, orada bu və ya buna bənzər hadisələr olmasın. Bu mənada Azərbaycan da istisna deyil. Biz desək ki, bütün əhali bizim siyasətdən razıdır, onda yanlışlığa yol verərik. Biz deyirik ki, əhalinin böyük əksəriyyəti hazırki siyasəti müdafiə edir və Prezidentin siyasətinin davam etdirilməsinə tərəfdardır. Ona görə də, Quba, İsmayıllı və digər rayonların timsalında hadisələri ümumiləşdirərək bütün Azərbaycanın bu cür düşündüyünü söyləmək yanlış olardı. Adi bir futbol matçında elə hadisə baş verir ki, polis onun qarşısını ala bilmir. İsmayıllıda bir yol qəzasında iki şəxs arasında olan hadisə və ondan törənən münaqişə nəticə etibarilə bütün Azərbaycana şamil edilə bilməz. Amma bu cür hadisələrin yaranma səbəbləri var. O səbəblər bəzən cəmiyyətdə mənfi enerjinin toplanmasına gətirib çıxara bilir ki, buna istənilən cəmiyyətdə rast gəlmək olar.
- Mənfi enerjinin yığılmasına əsas yaradan nədir?
- Səbəblər müxtəlif ola bilər. Sosial, iqtisadi, ailədaxili münaqişələr, təbiətdə baş verən hansısa hadisələr və ya hansısa digər faktorları misal gətirmək mümkündür. Həmin mənfi enerjinin yığılması nəticəsində də adi hadisədən xeyli böyük münaqişə əmələ gələ bilər. Bunu yalnız hakimiyyətin siyasətinə bağlamaq da düzgün deyil. Regionlarda iş yerlərinin açılması, maaşların, təqaüdlərin artırılması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması proqramını hökumət həyata keçirir. Amma bütün bunlardan sonra hamının razı qalacağını düşünsək, o da doğru olmaz, narazılar həmişə tapılacaqdır. Narazılar ola bilər ki, yerlərdə hakimiyyətdən narazıdır, amma Prezidentdən narazı deyil. Ola bilsin, narazı iş yerindəki rəhbərlikdən narazıdır, amma bütövlükdə başqalarından narazı deyil. Narazılığı yaradan səbəblər var və bu narazılıq elementi mənfi enerji yarada bilər, bəzən də bundan sui-istifadə edənlər ola bilər.
- Sui-istifadə edənlər deyəndə xarici dövlətləri, yoxsa daxili qüvvələri nəzərdə tutursunuz?
- Mən Azərbaycanda baş verən hadisələrin arxasında hansısa dövlətin izini axtarmaq niyyətində deyiləm. Azərbaycan indi o səviyyədə deyil ki, kimlərsə bunu edə bilsin. Şübhəsiz, Azərbaycanı istəməyən dövlətlər də, anti-azərbaycançı qruplar da ola bilər. Dövlət səviyyəsində bizim yalnız Ermənistanla problemimiz var və erməni lobbisi bizimlə daim düşmənçilik edir. Ermənistan istisna olmaqla bizim heç bir qonşu ölkəylə həll olunmaz problemimiz də yoxdur, amma ortaq məxrəcə gələ bilmədiyimiz mövzuların olması mümkündür.
- Bəs, Moskvada yaranan “Milyarderlər İttifaqı”nı bu dərəcədə kəskin qarşılamağın səbəbini nə ilə izah etmək olar? Rusiyanın məqsədli planımı görünür, yoxsa hansısa digər məqamlar var?
- Son zamanlar mətbuatda Rusiya mövzusunu çox şişirdirlər və hətta müxalifət mətbuatında “XII ordu”nun Azərbaycana gələcəyi haqda proqnoz belə verənlər var. Eynilə də Rusiya mətbuatında müxtəlif yazarlar, müxtəlif politoloqlar var və onların yazdıqları, verdikləri proqnozlar heç də Rusiya dövlətinin siyasəti demək deyil. Ona görə də, Rusiyanın özündə baş verən hadisələrin süni surətdə Azərbaycana transfer edilməsinin tərəfdarı deyiləm, bunu da heç vaxt proqnozlaşdırmıram. Rusiyada yaşayan azərbaycanlılar özləri üçün müxtəlif qurumlar yarada bilərlər, yaradırlar da. O şəxslər ki, bir araya gəliblər onlar hansısa formada həm siyasi, həm iqtisadi baxımdan Azərbaycana təsir etmək imkanına malik deyillər. Onların yaratdığı ittifaq Rusiyadakı azərbaycanlılarla bağlı nəsə edə bilər. Güman edirəm ki, onların yaratdığı ittifaq yalnız kağız üzərindədir və heç oradakı insanların maraqları ilə də üst-üstə düşmür. Kimlərsə SSRİ-nin bərpasından, hansısa planların cızılmasından danışır, bunlar hamısı qeyri-ciddi sözlərdir. Rusiyanın iqtisadi-siyasi vəziyyəti öz sərhədləri çərçivəsində ölkəni qorumaq üçün yetərli deyil və bu ölkənin rəhbərləri, Medvedev, Putin dəfələrlə bildiriblər ki, SSRİ-nin bərpası ideyasının tərəfdarları deyillər. Avrasiya İttifaqından danışılır ki, onun da MDB-dən heç bir fərqi yoxdur və MDB mövcud olandan qəbul olunan sənədlər çap olunsa bir neçə cildlik kitab alınar. Həmin sənədlərin nə faydası olub? İttifaqlar süni surətdə yaradıla bilməz, ittifaqlarda qarşılıqlı maraqlar olmalıdır. İttifaqlar var ki, cəlbedici, ittifaqlar da var ki, dağıdıcıdır. Əgər MDB cəlbedici olsaydı Baltik ölkələri ona daxil olardılar, gedib NATO, yaxud da Avropa İttifaqına meyil etməzdilər. Avropa İttifaqına girmək üçün dövlətlər növbədə durur, amma MDB-yə girməyə heç kim təşəbbüs etmir.
- Yeri gəlmişkən, Azərbaycanın üzü haradır?
- Azərbaycanın üzü elə Azərbaycanadır. Prezident dəfələrlə deyib ki, biz müstəqil siyasət yeridirik. Bu isə o deməkdir ki, burada yalnız Azərbaycanın maraqlarını qoruyacaqsınız. Bütövlükdə isə biz Avropa dəyərlərinə söykənən və Avropa strukturları ilə əməkdaşlıq edən bir dövlətik. Azərbaycan hansısa hərbi-siyasi ittifaqa üzv olmağa can atmır, biz hansısa bir qurum üçün nə qədər lazımıqsa, o qurum da bizim üçün o qədər lazımdır. Biz artıq dünyada dövlətçiliyi qəbul edilmiş və özünün sosial-iqtisadi sistemini yaratmış ölkəyik. Ona görə də, biz güclü, müstəqil, qüdrətli Azərbaycan yaratmaq istəyirik. Sabah həmin Azərbaycan Avroatlantik məkanla da, İƏT-lə də əməkdaşlıq edə, MDB-də də qala bilər. Ümummilli lider Heydər Əliyevin bir ifadəsi var: “Dövlətüstü olan qurumlar olan yerdə biz yoxuq”. Bu gün Brüsseldə Avropa İttifaqına üzv olan ölkələrin bu və ya digər məsələləri həll olunur. Artıq bu dövlətüstü qurumdur. Mən bu ittifaqı pisləmək istəmirəm, yəni, siz suverenliyinizin müəyyən hissəsindən imtina edib hansısa bir cənnət kluba girə bilərsiniz. Azərbaycanın isə maliyyə baxımından indi kiməsə ehtiyacı yoxdur. Dünyanın maliyyə mərkəzləri-Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı var. Bu üç mərkəzdən ayrı-ayrı ölkələr öz problemlərini həll etmək üçün maliyyə alır. Biz isə heç bir maliyyə qurumunun qapısında növbə gözləmirik, heç kimdən borc istəmirik.
- “Milyarderlər ittifaqı”nı 2013-cü il prezident seçkilərində Rusiyanın ortaya çıxardığı plan hesab edənlər var...
- Mən belə düşünmürəm, ona görə ki, o insanların heç biri Azərbaycanda prezident seçkisinə qoşulmaq iddiasını ortaya qoymayıblar. İkincisi, o iddianı ortaya qoysalar belə onların Azərbaycanda sosial dayaqları yoxdur. Üçüncüsü, o ittifaqda olanların mütləq əksəriyyəti Prezident İlham Əliyevi müdafiə etdiklərini bəyan ediblər. Digər bir tərəfdən də, onların bəziləri faktiki olaraq Azərbaycan vətəndaşı deyil. Belə olan halda qaranlıq otaqda qara pişik axtarmaq kimə lazımdır?
- “Ziyalılar forumu”nun üzvləri ölkədəki gərginlikdən çıxış yolunu birgə müzakirədə gördüklərini, bununla bağlı təkliflərini verdiklərini bəyan edirlər...
- “Ziyalılar forumu”nda birləşənlər nə istəyirlər, siyasətləmi məşğul olmaq istəyirlər? Əgər siyasətlə məşğul olmaq istəyirlərsə, onda bir partiya yaratsınlar. Seçkilərə qoşulsunlar sözlərini desinlər, yoxsa sağ əllə sol qulağı tutmaq nəyə lazımdır? Bu adamlar niyə Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı öz mövqelərini ortaya qoymadılar. Ümumiyyətlə, onların ölkədəki proseslərlə bağlı haqsız açıqlamalarına təbii ki, adekvat cavab veriləcək. Eyni zamanda, istər “İctimai Palata”, istərsə də “Ziyalılar forumu” olsun, onların toplaşması hansısa yeni bir qüvvəni ortaya çıxara bilməz. Düzdür, cəmiyyətdə bəzi radikal çağırışçılar var və onlar hətta sosial şəbəkələrdə məni təhqir edir, ölümlə hədələyirlər. Lakin eyni zamanda, konstruktiv tənqidçilər də var və onlar nöqsanları deyir, təkamül yolu ilə hər şeyin müsbətə doğru dəyişməsi təkliflərini verir. Hakimiyyət də öz nöqsanlarını görür, onu aradan qaldırmaq üçün islahatlar aparır. Heç bir hakimiyyət oturduğu budağı kəsmir, biz qüsurları görürüksə, onu aradan qaldırmaq da istəyirik.
- Seçki ilində demokratik seçki mühitinin, demokratik mübarizə şəraitinin yaradılması məsələsində hansısa yeniliklər varmı?
- Hər bir ölkədə seçkinin demokratikliyini müəyyən edən seçki qanunudur. Bizim hazırkı Seçki Məcəlləsi Azərbaycanda demokratik seçki keçirmək üçün kifayət qədər mükəmməl bir sənəddir və bu sənəd Avropa Şurasında, ATƏT-də müsbət rəylər almış sənəddir. Ona uyğun olaraq hər bir Azərbaycan vətəndaşı prezidentliyə namizədliyini irəli sürə bilər və bizdə heç bir yaş senzi də yoxdur, bütün qüvvələrin marağı da öz əksini tapıb. Yalnız 35 yaşdan aşağı və 10 ildən artıq ölkədə yaşamayanlara iştiraka qadağa var. Bundan öncə keçirilən seçkilər zamanı olduğu kimi, bu dəfə də seçki mühiti kifayət qədər əlverişli və şəffaf olacaq, bununla bağlı işlər də gedir. Diskussiya imkanları üçün də şərait var və yaradılacaq. Buna həm qanun imkan verir, həm də biz bunu istəyirik. Bizim partiyamız isə bütövlükdə seçkiyə hazırdır. Biz artıq namizədimizi elan etmişik, onun rəsmiləşdirilməsi isə qurultayda olacaq.
- Seçki ilində siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi də hamını eyni şəkildə razı salmadı...
-Bununla bağlı qanunda düzəlişlər edilərkən ekspertlər bəzi ölkələrdə partiyaların maliyyələşməsi prosesini öyrənib və ona istinadən də bu formanı qəbul etmişik. Dünyanın heç bir yerində parlamentdə təmsil olunmayan partiya maliyyə ala bilməz. Qanunda bundan sonra hansısa düzəlişlər də nəzərdə tutulmur. Azərbaycanda partiyalar konsolidasiyaya getməlidir, təmərküzləşməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

