Novruz Məmmədov: Qərbdə, Avropada ilk olaraq ədalət prinsipini bərpa etmək lazımdır
16.04.2013 [14:06]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Səs Tv”-yə müsahibəsi:
- Novruz müəllim, ilk olaraq Azərbaycanda keçirilən Davos Forumu ilə bağlı fikrinizi öyrənmək istərdik. Bu qədər əhəmiyyətli beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin gələcək uğurlarına hansı zəmin yaratdı?
- Azərbaycanda hər il 10-dan çox beynəlxalq tədbirlər, zirvə görüşləri keçirilir. Mən son zamanlar Azərbaycanın xarici siyasətində əldə etdiyi uğurlar barədə danışanda da qeyd edirəm ki, həqiqətən də, hər il ölkəmizdə keçirilən bu cür tədbirlər bizim inkişafımızın ilkin xəbərçisidir. Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycan hər il müxtəlif xarakterli tədbirlərə də ev sahibliyi edir. Bunların arasında siyasi, iqtisadi, mədəni, enerji xarakterli, idman və bir sıra digər tədbirlər yer alır. Bütün bunlar sadə bir anlayışa xidmət etmir. Bu, Azərbaycanın dünyada baş verən hadisələrin, beynəlxalq proseslərin koordinasiya mərkəzinə çevrildiyinin göstəricisidir. Dünyadakı bütün dövlətlər bu qədər əhəmiyyətli məna kəsb etmir. Yəni, Azərbaycan kiçik dövlət olsa da, böyük güclərin marağına müdaxilə edib öz payını götürə bilir. Mən bununla bağlı dəfələrlə öz fikrimi əsaslandırmışam. Məsələn, “Eurovision” mahnı müsabiqəsi 50 ildən çoxdur Avropa ölkələrinin mədəniyyətini təbliğ etmək üçün yaradılmışdı. Lakin Azərbaycan öz mədəniyyətinin Avropadan heç də geri qalmadığını, hətta musiqimizin bəlkə Avropadan daha zəngin, cəlbedici olduğunu göstərdi. 3-cü yer, 5-ci yer, nəhayət 1-ci yeri qazanmağımızla biz dünyaya bir çox faktı sübut etmiş olduq. Bu uğuru təyin edənlər də rəsmi tərəflər deyil, məhz Avropa vətəndaşları, dünya xalqları idi. Digər tərəfdən, biz Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsi məsələsinə də toxunmalıyıq. Çox uzun müddət davam edən mübarizədən sonra 155 dövlətin mövqeyi ilə Azərbaycan Təhlükəsizlik Şurasına üzv seçildi. Bütün dünyaya bəllidir ki, BMT-nin Təhlükəsizlik Şurası bu gün dünyanın ən mötəbər qurumudur, ən mühüm məsələlər məhz orada müzakirə olunur və qətnamələr, qərarlar da orada qəbul olunur. Bildiyiniz kimi, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının keçirilməsinə ev sahibliyi edilməsi Azərbaycana həvalə edilib. Bu, ölkəmizin əldə etdiyi əvəzsiz uğurlar silsiləsindəndir. Çünki dünya tarixində ilk dəfə Avropa Olimpiya oyunlarının təşkil edilməsinə müsəlman dövləti ev sahibliyi edəcək. Bu da Azərbaycanın böyük güclərə müdaxilə edərək öz payını götürməsidir. Bunu hər dövlət bacarmır. Davos Forumunun Azərbaycanda keçirilməsi də ölkəmizə olan böyük etimadın nümunəsi oldu. Azərbaycanın regionun lider ölkəsi kimi tanınması və qəbul edilməsi məhz bu Foruma ev sahibliyi etməyimizlə öz əksini tapdı. Yəni, artıq Avrasiyada baş verən hadisələrdə Azərbaycanın da mühüm rolu olacaq. Davos Forumu uzun illər İsveçrədə keçirilib. Lakin bu dəfə Forumun bundan sonra Azərbaycanda keçirilməsi təklif olundu. Bu təklif öz təsdiqini tapsa, əlbəttə, bunun Azərbaycan üçün iqtisadi, siyasi, təhlükəsizlik, humanitar və bir sıra digər sahələrdə çox böyük əhəmiyyəti olacaq. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun, xristianlıqla müsəlmanlığın kəsişdiyi nöqtədə yerləşdiyi üçün ölkəmizin mədəniyyətlərarası dialoqlarda, beynəlxalq proseslərdə çox böyük rolu olacaq. Düşünürəm ki, Qərbdə bunu etiraf etməsələr də, dəqiq bilirlər.
- Azərbaycanın qazandığı uğurlara beynəlxalq aləmdə xüsusi bir qısqanclıqla yanaşıldığı məlumdur. Ölkəmiz nə qədər uğurlar qazansa, nə qədər beynəlxalq əhəmiyyətli nailiyyətlərə imza atsa belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Bununla bağlı beynəlxalq təşkilatların, xüsusilə, bu məsələdə məsuliyyətli olan ATƏT-in Minsk qrupunun soyuq və laqeyd münasibəti, cəbhə xəttinə turistik səfərləri nə qədər davam edəcək? Bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
- Təbii ki, bu cür münasibət heç birimizi qane etmir və ümumiyyətlə, qeyd edim ki, hazırda davam etdirilən vəziyyət nə beynəlxalq aləm, nə dövlətlərarası münasibət, nə də planet üçün yaxşı heç nə vəd etmir. Dövlətlərarası münasibətlər maraqlar uğrunda gərgin mübarizə və rəqabət prosesidir. Lakin təəssüf ki, bütün ölkələr arasında gedən mübarizələrin xarakteri bizə aid deyil. Əgər bir sıra dövlətlərdə olduğu kimi, bizə də eyni ədalət prinsipi ilə yanaşılsaydı, biz belə mövqe bildirməzdik. Lakin bir daha təəssüflə qeyd edirəm ki, Azərbaycana qarşı münasibət tamamilə fərqlidir. Biz mübarizənin və münasibətlərin hansı həddə olduğunu da, ədalətin əslində harada olduğunu da, beynəlxalq təşkilatların mövqeyinin və münasibətinin necə olduğunu da yaxşı bilirik. 20 ildir ki, danışıqlar prosesi gedir. BMT bu məsələ ilə bağlı funksiyanı ATƏT-ə təhvil verib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə 20 ildir bu məsələ ətrafında danışıqlar aparır. Artıq sizin də qeyd etdiyiniz kimi, bu səfərlər turist səfərləri kimi yadda qalır. Əvvəla, vasitəçilər bu gün beynəlxalq hüquq normalarına əsaslanaraq münaqişə ilə bağlı mövqe bildirməlidir. Bunun əvəzinə onlar özünüz razılığa gəlin, biz dəstəkliyək kimi mənasız bir fikir irəli sürürlər. Məntiqi cəhətdən başa düşməlidirlər ki, bu fikir mənasızdır. Çünki, əgər biz özümüz razılığa gələ bilsəydik, onda nə Minsk qrupuna, nə də həmsədrlərə ehtiyac qalmazdı. Bu açıq ortadadır ki, münaqişənin həlli son zamanlar daha çox uzadılır. Bu isə belə bir fikrə əsas verir ki, Minsk qrupunun həmsədrləri məsələ ilə bağlı danışan zaman beynəlxaq hüquq və onun normaları haqda düşünmürlər. Bu vəziyyət artıq bizi ciddi düşündürür. Məsələn, mən Avropa nümayəndələri ilə görüşdüyüm zaman onların bəziləri konfidensial formada bu münaqişə ilə bağlı məsələyə qarışmadıqlarını ifadə edirlər. Səbəb soruşduqda isə onlar bu məsələ ilə bilavasitə Minsk qrupunun məşğul olduğunu bildirirlər. Bu, doğru deyil, sanki bir növ insanlarda da məsələnin yalnız Minsk qrupunun monopoliyasında olması ilə bağlı fikir formalaşıb. Minsk qrupu isə bunu sadəcə bir məşğuliyyətə çevirib. Sanki onlar düşünürlər ki, bu münaqişənin həllini 10 il, 20 il də uzatmaq mümkün olacaq. Əgər belə düşünürlərsə, mən xüsusilə qeyd etmək istəyirəm ki, onlar yanılırlar. Çünki vəziyyətin illərlə uzadılması artıq mümkün deyil. Bu, nə ədalət prinsipinə uyğun deyil, nə də cəmiyyətdə belə səbr qalmayıb. Ümumiyyətlə, beynəlxalq aləmdə göstərilən münasibət, Minsk qrupunun məsuliyyətsizliyi dünyada onlara olan inamın sarsılmasına gətirib çıxarır. Çünki bu, ədalət prinsiplərinə ziddir. Mən hər zaman qeyd etmişəm ki, universal dəyərlər arasında ən əsası ədalətdir. Qərbdə, Avropada ilk olaraq ədalət prinsipini bərpa etmək lazımdır. Adi bir küçədə baş verən hadisə ilə bağlı Avropada bəzən aylarla müzakirələr gedir, hətta kitablar yazılır, qəzetlər çap olunur. Lakin Azərbaycanda baş verən bu proseslər sanki laqeyd formada diqqətdən kənarlaşdırılıb. Düşünürəm ki, belə bir monopoliyanın olması qətiyyən düzgün deyil və bu məsələ mütləq konkret həllini tapmalıdır.
- Novruz müəllim, “Atəşkəs” müqaviləsi 1994-2014-cü illəri əhatə edir. Sizcə, bu müqavilənin vaxtı bitdikdən sonra Azərbaycan hansı addımı atmalıdır?
- Beynəlxalq birlik, münaqişənin həlli ilə məşğul olan Minsk qrupu 20 il ərzində beynəlxalq hüquq normalarına əsaslanan hansısa fikir bildirə bilmirlər və ya bunu istəmirlər. Lakin onlar yorulmadan münaqişənin sülh yolu ilə həllinin zəruri olduğunu, müharibənin qəbuledilməz olduğunu bəyan edirlər. Əslində, Azərbaycanın da mövqeyi belədir. Biz münaqişənin yalnız danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Ölkə rəhbərliyi bunu əsas prinsip olaraq qəbul edib və bu istiqamətdə bütün səylərini ortaya qoyub. Lakin danışıqlar yolu ilə prosesdə heç bir irəliləyişə nail olunmadığı göz qabağındadır. Bunun da əsas səbəbi Ermənistana beynəlxalq aləmdə heç bir təzyiq göstərilməməsidir. Ermənistan 20 ildir təkcə Dağlıq Qarabağı deyil, ərazi etibarilə buradan daha böyük olan 7 rayonu işğal altında saxlayır. Həmin bölgələrdə məktəblər, evlər, hətta qəbiristanlıqlar belə darmadağın edilib. Lakin bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq aləmdə layiq olduğu cavabı almır. “Atəşkəs” müqaviləsinin vaxtının bitməsinə gəldikdə isə, təbii ki, bununla bağlı danışıqlar olacaq. Biz istəmirik ki, bu məsələ müharibə yolu ilə həll olunsun. Bütün dünyaya məlumdur ki, BMT-nin qətnamələrinə əsasən bizim öz torpaqlarımızı istənilən formada geri almaq hüququmuz var. Lakin biz bu hüququmuzdan istifadə edərək dünyanı, planeti belə bir təhlükə ilə üz-üzə qoymaq istəmirik. Müharibə varianti bütün dünya üçün faciə adlandırıla biləcək qədər ağırdır. Çünki Cənubi Qafqaz heç də sıradan region deyil.
- Novruz müəllim, son olaraq, beynəlxalq aləmdə Azərbaycana qarşı mövud olan qərəzli mövqe ilə bağlı fikrinizi öyrənmək istərdim. Bildiyimiz kimi, Çexiyanın xarici işlər naziri Azərbaycanla bağlı növbəti bəyanatla çıxış edib. Bəyanatda “Xocalı soyqırımı” ilə qondarma “erməni soyqırımı”nın müqayisəsinin yanlış olduğu bildirilib. Sizcə, bu bəyanat nəyə əsaslanır?
- Biz gənc dövlətik, bəlkə beynəlxalq aləmdə təcrübəmiz o qədər də zəngin deyil. Lakin bu 21 il bizə bir çox şey öyrədib və biz dünyada gedən proseslərə yanaşma tərzini görə bilirik. Yəni dünyada Azərbaycana qarşı baş verən hadisələrə yanaşma tərzi ilə digər dövlətlərə yanaşma tərzi eyni deyil. Bizə qarşı mövqe daha çox qərəzli, siyasi cəhətdən əsaslandırılmamış və etik normalardan kənardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər şey göz qabağındadır və torpaqlarımızın işğal altında olduğu bir faktdır. Amma bununla belə, məsələnin danışıqlar yolu ilə həll olunmasının lazım olduğunu deyirlər. Bu da artıq, təbii ki, mümkünsüzləşir. Biz beynəlxalq təşkilatlar, beynəlxalq nümayəndələr, bir sıra dövlət rəsmilərindən dəfələrlə bu cür haqsız və əsassız bəyanatlar eşitmişik. Bir müddət əvvəl də Çexiyanın xarici işlər naziri Karel Şvarsenberqin Azərbaycanın dəvəquşu kimi başını torpağın altına saldığı və heç nədən xəbəri olmadığı ilə bağlı etik normalardan kənar bəyanat səsləndirmişdi. Bu, tamamilə səviyyəsi olmayan, savadsız yanaşmadır. Xarici işlər nazirinin belə bir bəyanatla çıxış etməsi qəbuledilməzdir. Həmin nazir dünən də bir bəyanatla çıxış edib. Bu dəfə də “Xocalı soyqırımı” ilə 1915-ci ildə baş verən özlərinin soyqırımı adlandırdıqları qondarma “erməni qətliamı”nı müqayisə etməyin yanlış olduğunu deyib. Bəyanatda bildirilir ki, Xocalı soyqırımı müharibə dövründə baş verib və ona görə də, bunu ayırmaq lazımdır. Bu, çox ziddiyyətli, bəsit, siyasi cəhətdən əsaslandırılmamış, savadsız, etik cəhətdən qeyri-normal, intellektual cəhətdən isə çox səviyyəsiz bəyanatdır. Bu xarici işlər naziri bilmir ki, 1915-ci ildə də dünya müharibəsi gedirdi. Yəni qondarma “erməni soyqırımı” da elə məhz müharibə dövründə baş verib. Digər tərəfdən yəhudilərlə bağlı baş verən Holokost qətliamı da müharibə dövrünə təsadüf edirdi. Belə çıxır ki, dünyada baş verən bütün soyqırımlarını bir kənara qoymaq lazımdır. Bu, birmənalı olaraq siyasi cəhətdən savadsız çıxışdır. İstər müharibə zamanı, istər müharibədən kənar dünyanın bir çox dövlətlərində soyqırımları baş verib. Soyqırımının müharibəyə və ya sülh şəraitinə heç bir aidiyyəti yoxdur. İnsanların soyqırımı hansı şəraitdə olursa olsun, elə soyqırımıdır! Xarici işlər nazirinin fikirləri həddindən artıq qərəzli və siyasi cəhətdən savadsız bəyanatdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39

