Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə xüsusi diqqət göstərir

Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə xüsusi diqqət göstərir

21.06.2013 [01:27]

Milli Məclisin deputatı İmamverdi İsmayılov www.yap.org.az saytına müsahibə verib:
- İmamverdi müəllim, hər il 20 iyun tarixi Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Sizcə, belə bir günün xüsusi olaraq qeyd edilməsinin əhəmiyyəti nədən ibarətdir?
- Dünya miqyasında bu kateqoriyalı insanların diqqət mərkəzində olması, təqvimdə onlar üçün xüsusi bir günün qeyd edilməsi təqdirəlayiqdir. Ümumiyyətlə, qaçqınlar və məcburi köçkünlər ümumilikdə ən çox qayğıya ehtiyacı olan təbəqələrdən biridir. Azərbaycan da belə bir problemlə üz-üzədir. Ona görə də, bu problem və onun çətinlikləri bizə daha çox tanışdır.
Hesab edirəm ki, belə bir günün xüsusi olaraq qeyd edilməsi dünya ictimaiyyətinin bu problemə diqqətini çəkmək baxımından böyük əhəmiyyət kəsb edir. Təbii ki, daha çox günahsız insanlar bu problemin qurbanına çevrilirlər. Tarixin bütün dövrlərində əsasən münaqişələrdən dinc insanlar əziyyət çəkib və həmin münaqişələr onları öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Elə götürək müasir dövrümüzü. Yaxın Şərqdə və digər bölgələrdə münaqişə ocaqları yüzminlərlə insanı qaçqın və köçkün vəziyyətinə salıb. Bütövlükdə isə qaçqınlıq böyük, ciddi sosial problemdir.
Fikrimcə, hər il 20 iyun tarixinin xüsusi olaraq qaçqın və köçkünlərə həsr edilməsi dünyada sülhsevər insanların bu problemə diqqətinin göstəricisidir. Bununla da, onlar beynəlxalq birliyə belə problemlərin həllinin zəruri olması mesajını verirlər. Bununla bildirilir ki, insanlar sülh və sabitlik istəyir, münaqişələri qətiyyətlə rədd edir. Hamı azad, xoşbəxt və firavan yaşamaq istəyir. Amma təəssüflər olsun ki, indiki dövrdə dünyada baş verən proseslər göstərir ki, bəzi qüvvələr öz maraqları naminə münaqişələrin davamına rəvac verirlər. Bundan isə əziyyət çəkən sadə insanlardır.
- Azərbaycan da qaçqın və məcburi köçkün problemindən əziyyət çəkən bir ölkədir. Siz işğal olunmuş iki rayonun - Qubadlı və Zəngilanın seçicilərini parlamentdə təmsil edirsiniz. Bu mənada dövlətimizin qaçqın və məcburi köçkünlərimizlə bağlı siyasətini, görülən işləri necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, 1988-ci ildə Ermənistan dövlətinin təcavüzkar siyasəti nəticəsində öz tarixi torpaqlarında yaşayan soydaşlarımız bu ölkədən deportasiya olundular. Həmin vaxt təxminən 200 min azərbaycanlı öz yurdlarından deportasiyaya məruz qaldı. Sonra bu problem getdikcə genişləndi, Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdi və bu iddialar müharibə ilə nəticələndi. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb.
Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur. Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev bu problemi beynəlxalq müstəvidə qaldıraraq dünya miqyaslı təşkilatların diqqətini azərbaycanlı qaçqın-köçkünlərin problemlərinə yönəldə bilmişdi. Beynəlxalq humanitar təşkilatlar bir neçə il ərzində bizim qaçqınlara yardımlar göstərirdilər.
İndi isə Azərbaycan dövləti öz gücünə bu problemi həll edir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Yəni, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Ulu öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində görüşlərindən birini Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdi və orada bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi. Bu fikir tezliklə həyatda öz təsdiqini tapdı.
Bu insanların sosial rifahı, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı sistematik, davamlı işlər görülür. Bildiyiniz kimi, bir neçə ildir ki, çadır şəhərcikləri ləğv edilib və orada məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb. Eyni zamanda, möhtərəm Prezidentimizin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar, dövlət proqramları qəbul edilib. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam bu mənada xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, qeyd edim ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən xeyli sayda Fərman və Sərəncam imzalanıb. Bütün bu Fərman və sərəncamlar əməli-praktik işlərin görülməsi üçün əsasdır. Bu sənədlər qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi, o cümlədən məcburi köçkünlərin sosial rifahının yüksəlməsində mühüm rol oynayır. Yəni dövlətimiz hər zaman bu məsələyə xüsusi diqqət yetirir.
- Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə müvafiq dövlət qurumları məşğul olur. Bu insanlar həmin qurumların gördükləri işlərdən razıdırmı?
- Əlbəttə ki, qaçqın və məcburi köçkünlərimiz görülən işləri yüksək dəyərləndirirlər. Yuxarıda qeyd etdiyim kimi bu məsələ hörmətli Prezidentimizin xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı məcburi köçkünlərin qayğıları ilə yaxından məşğul olur və bu məsələ Onun birbaşa nəzarətindədir. Biz hamımız şahidiyik ki, Prezident İlham Əliyev öz ad günlərini də qaçqın və məcburi köçkünlərin arasında keçirir. Təbii ki, bu fakt dövlətimizin başçısının bu insanlara yüksək münasibətinin ifadəsidir.
Eyni zamanda, müvafiq dövlət orqanları da qaçqın və məcburi köçkünlərin probleminin həlli ilə əlaqədar ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını lazımi səviyyədə yerinə yetirirlər. Mən xüsusilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini qeyd etmək istəyirəm. Dövlət Komitəsi və onun sədri, Baş nazirin müavini Əli Həsənov hər bir qaçqın və məcburi köçkünün məsələlərinə həssaslıqla yanaşır. Əli Həsənovun rəhbərliyi ilə bu sahədə işlər çox yüksək səviyyədə həyata keçirilir, qaçqın-köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər görülür. Bu insanlar üçün yaşayış evlərinin, digər infrastrukturların yüksək səviyyədə yaradılması hər bir kəsin gözü qarşısındadır. Təbii ki, qaçqın və məcburi köçkünlər görülən bu işləri yüksək dəyərləndirirlər. Onu da qeyd edim ki, bu yaxınlarda keçirilən Yeni Azərbaycan Partiyasının V Qurultayında Əli Həsənovun partiyanın Sədr müavini vəzifəsinə seçilməsini də qaçqın və məcburi köçkünlər təqdir edirlər. Çünki bu fakt dövlət başçısının, YAP Sədrinin Əli Həsənovun fəaliyyətinə verdiyi qiymətdir.
- İmamverdi müəllim, necə hesab edirsiniz, indiyədək beynəlxalq birliyin işğalçı Ermənistana qarşı sərt addımlar atmamasının əsasında hansı amillər dayanır? Bu yanaşma təcavüzkar dövlətin qeyri-konstruktiv mövqeyini daha da gücləndirmirmi?
- Həqiqətən, dünya dövlətləri, dünyada söz sahibi olan ölkələr Ermənistana qarşı çox yumşaq davranırlar. Bu yanaşma dünyada hələ də ikili standartların mövcudluğunu göstərir. Artıq belə bir mənzərə yaranıb ki, dünyadakı problemlərin həllində beynəlxalq hüquq normaları, qəbul olunmuş sənədlər heç bir rol oynamır. Həmin problemlərə böyük güclər öz maraqları çərçivəsindən yanaşırlar. Əgər mövcud problemlər, o cümlədən münaqişələr həmin güclərə sərf edirsə, məsələnin həllinə maraq göstərmirlər. Yox, bu problemlər onların maraqlarına toxunursa, dərhal fəaliyyətə keçirlər. Bunu sübut edən kifayət qədər faktlar var. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi dörd qətnamə 20 ildir ki, icra olunmur, amma Liviya barədə qəbul olunmuş qətnamənin icrasına həmin sənədin qəbul olunduğu gündən başlanır? Bəs Azərbaycanda öz torpaqlarından didərgin düşmüş, öz yurdlarından zorla çıxarılmış bir milyon insanın hüquqlarını niyə bərpa etmək istəmirlər? Özlərini demokratiyanın, insan hüquqlarının qoruyucuları kimi təqdim edən dövlətlər, beynəlxalq təşkilatlar bizim məcburi köçkünlərin vəziyyətini görmürlər? Bu insanlar nə vaxta qədər dözməlidirlər? Onlar münaqişə ilə bağlı mövqeyi ümumi sözçülükdən o tərəfə getmir. Deyirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır, tərəflər özləri bu problemi həll etməlidir. Belədirsə, bəs beynəlxalq qayda-qanunlar nə üçün lazımdır? Ermənistan öz xoşu ilə işğal etdiyi torpaqları azad edərmi? Əlbəttə ki, burada böyük güclərin marağının olması özünü göstərir.
İşğalçı dövlətin prezidenti Serj Sarkisyan xarici mətbuata verdiyi müsahibələrdə Xocalıda dinc insanları qətlə yetirdiklərini etiraf edib. Bu fikirlərilə dünya ictimaiyyəti qarşısında Ermənistan prezidenti özünün terrorçu, cinayətkar, günahsız insanların ölümünə bais olmasını bir daha boynuna alır. Amma hələ ki, dünya dövlətləri işğalçıya qarşı hər hansı addım atmır. Hətta iş o yerə gəlib çatıb ki, Sarkisyan münaqişənin sülh yolu ilə həll olunmamasında Azərbaycanı ittiham edir. O əgər sülh istəyirsə, Azərbaycan torpaqlarını niyə işğal edib? Niyə bu torpaqları işğal altında saxlayır? Həmin torpaqlarda yaşayan dinc insanlar, uşaq, qoca və qadına fərq qoyulmadan qətlə yetirilib. Ermənistan bir milyona qədər dinc insanları öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edib. Bu insanların evləri, doğmalarının uyuduqları məzarlıqlar dağıdılıb, bir sözlə, həmin torpaqlarda nə varsa hamısı məhv edilib. İndi həmin torpaqlarda erməni hərbi birləşmələri mövcuddur. Azərbaycanın mövqeyi belədir ki, bu torpaqlar işğaldan azad edilməli, dinc insanlar öz torpaqlarına qayıtmalıdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşayışı təmin edilməlidir.
- Bu məsələdə qaçqın və məcburi köçkünlərin mövqeyi nədən ibarətdir?
- Hesab edirəm ki, Ermənistan hakimiyyətinin bu cür qeyri-konstruktiv mövqe tutmasında böyük dövlətlərin, beynəlxalq təşkilatların işğalçılara qarşı tutduğu yumşaq mövqeyin də xüsusi rolu var. Bəzi dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri Dağlıq Qarabağ münaqişənin həllinin çətin və mürəkkəb olduğunu iddia edirlər. Amma əslində, heç də belə deyil. Münaqişənin həllinin çox sadə formulu var: Azərbaycan torpaqları işğaldan azad edilməli, dinc insanlar öz torpaqlarına qayıtmalı və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşayışı təmin olunmalıdır. Əgər böyük dövlətlər, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri torpaqlarımızı işğaldan azad etmək üçün Ermənistana, hətta kiçicik təpki göstərsə, Sarkisyan hakimiyyəti bunu etməyə məcbur olacaq.
Əlbəttə, biz sülh tərəfdarıyıq, münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və bu yöndə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə danışıq aparmırıq, işğal altında olan torpaqlarımızın hər qarışını azad edəcəyik. Və Dağlıq Qarabağ, işğal olunmuş digər rayonların azad edilməsi dövlətimizin əsas vəzifəsidir ki, bu istiqamətdə gedən fəaliyyətdə ölkəmizin apardığı siyasi kursun nəticələri hər kəsə bəllidir. Artıq Azərbaycan bütün dünyaya sübut edib ki, Dağlıq Qarabağ münaqişəsi məhz ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapmır. Bu baxımdan, birmənalı şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlar dövlətimizə inanır, möhtərəm Prezidentimizin siyasətini dəstəkləyirlər.

Paylaş:
Baxılıb: 1170 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30