Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib
31.07.2013 [09:32]
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən belə bir qərarın verilməsinin əhəmiyyəti nədən ibarətdir?
- Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Qeyd edim ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edildi. 2001-ci ilin iyul ayında Ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Eyni zamanda, o zaman Dil Şurası da yaradıldı. Bunu ardınca isə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü təsis olundu. Ümumiyyətlə, dünyanın böyük liderləri içərisində, o cümlədən, Türk dünyasında Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Bu amilin çox böyük əhəmiyyəti var. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Amma Ulu öndər Heydər Əliyev bunu milli dəyər səviyyəsinə qaldırdı. Mən istəyirəm ki, Heydər Əliyevin hakimiyyətinin birinci dövründə də baş verənləri xatırlayaq.
- Sovetlər hakimiyyəti dövründə ana dilimizin qorunması və inkişafı istiqamətində hansı addımlar atıldı?
- Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə dilimizə qarşı hücumlar başlamışdı. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.
Lakin Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə Sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.
Bunlarla yanaşı, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri həyata keçirib. Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib.
İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib.
Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib.
Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s.
Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.
Tariximizdə Azərbaycan dilinin dövlət dili olması kimi çoxlu cəhdlər olub. 1950-ci illərdə Ali Sovetin sədri olarkən Mirzə İbrahimovun da böyük cəhdi olmuşdu ki, dövlət idarələrində Azərbaycan dili tətbiq olunsun. Amma normal, təmkinli siyasət yürüdülə bilmədiyinə görə, Mirzə İbrahimovun o sərəncamından sonra Azərbaycana elə basqılar oldu ki, hətta Mirzə İbrahimov üzr istəməli oldu. Lakin Heydər Əliyevin siyasətçi kimi uzaqgörənliyi ondan ibarət idi ki, bu məsələləri tədricən çox təmkinlə, ağılla və ustalıqla reallaşdırdı. Demək olar ki, O, heç bir mərhələdə geri çəkilmədi.
- Dilimizin tarixi hüquqlarından biri də latın qrafikalı əlifbaya keçiddir. Bu keçidin üstünlükləri barədə fikirlərinizi bilmək maraqlıdır...
- Əlifbaya keçid həmişə çox mürəkkəb məsələ olub. Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib, amma bu dəyişiklik millətin mədəniyyətinə, dilinə ziyan vuran məsələdir. Amma latın qrafikasına keçidin isə müsbət cəhətləri var. Bu baxımdan, əlifba məsələsi üzərində möhkəm dayanmaq, əlifba stabilliyi və normativliyi çox mühüm məsələdir. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir. Bilirsiniz ki, Azərbaycanda yeni əlifbaya keçid 10 il davam etdi. Bu proses 1990-cı illərin əvvəlindən başladı və 2001-ci ildə yekunlaşdı.
Ümummilli lider Heydər Əliyev siyasi uzaqgörənliyinin nəticəsi idi ki, latın əlifbasına ilk olaraq məktəblər, ikinci dövlət müəssisələri, sonuncu olaraq isə mətbuat keçdi. Mətbuatın sonuncu keçməsinin də ciddi səbəbləri var idi. Çünki cəmiyyətin müəyyən hissələri var idi ki, bu əlifbaya tədricən keçməli idi və belə də oldu. Amma həmin zamanlarda ölkə müxalifəti fərqli fikir söyləyirdi. İlk olaraq iddia edirdilər ki, Heydər Əliyev hansısa qüvvələrin təsiri altında kiril əlifbasını saxlayacaq. 2001-ci idə verilən qərardan sonra isə müxaliflər belə fikir səsləndirirdilər ki, hakimiyyət bununla istəyir ki, cəmiyyət qəzet oxumasın və müxalif siyasi düşüncələr xalqa çatmasın. Yəni belə bir paradoksal fikirlər də oldu. Amma bütün deyilənlərə rəğmən ən düzgün qərarı Ümummilli lider Heydər Əliyev verdi.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
- Nizami müəllim, dil sahəsində qanunvericilik bazası da zaman-zaman təkmilləşdirilir. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək mümkündür?
- Milli Məclis “Dövlət dili haqqında” qanunun təkmilləşdirilmiş variantını yaxın zamanlarda qəbul edib. Bu sənəd mövcud olan müəyyən çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”dır. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir. Ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir. Yəni qaynar xəttin yaradılması nəzərdə tutulub ki, insanlar hardasa dil ilə bağlı problem görürlərsə, müvafiq qurumlara məlumat verə biləcək. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir. Bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir.
Axı onu da nəzərə almaq lazımdır ki, qloballaşma prosesi nəticəsində dilin istifadə edilməsi ilə bağlı bir sıra problemlər yaranır. Bəzi dünya dilləri yox olur, bəziləri isə güclü xarici təsirə məruz qalır. Buna görə də, Azərbaycan dilinin qloballaşma dövründə qorunub saxlanması və inkişaf etdirilməsini vacib hesab edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət Proqramında öz əksini tapan müddəalar da bu tələblərə tamamilə cavab verir.
Belə ki, bu barədə Prezidentin Sərəncamında bir tərəfdən, dilin inkişaf tarixinin təhlili aparılır, digər tərəfdən isə dilin inkişafının perspektivi qeyd olunur.
Ümumilikdə, bu sənəd Azərbaycan dilinin və milli məfkurənin inkişaf etdirilməsində çox böyük xidmətlər göstərəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

