Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub

03.09.2013 [09:22]

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, bu gün müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda perspektivə doğru irəliləyir. Məhz əldə edilən bu inkişafın əsaslarını müəyyənləşdirmək üçün ötən 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun nəticələrinə nəzər yetirmənizi istərdik...
- Azərbaycan qarşıdan gələn prezident seçkilərinə hazırlaşır və bütün ölkələrdə olduğu kimi Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu inkişafın formalaşdırdığı ab-hava müəyyənləşdirir. Hesab edirəm ki, Azərbaycanın hazırki ab-havasını formalaşdıran prosesləri təhlil edərkən hər şeydən öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticələrinə toxunmaq lazımdır. 10 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib. İlk növbədə, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib. Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-nin 3 dəfə artımında ifadə olunub. Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfə artırmağa nail olmuş ölkə tapmaq olduqca çətin olar. İqtisadiyyatın 3 dəfə artmasının fonunda digər sfera və sahələrdə də çox əhəmiyyətli və möhtəşəm dəyişikliklər baş verib. Təbii ki, iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın yaxşılaşmasında ifadə olunur. Bu illər ərzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində də çox ciddi irəliləyişlər baş verib. Əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, gəlirlərin artımı müşahidə olunub və insanların həyat səviyyəsində müsbət göstəricilər qeydə alınıb.
Bundan əlavə, yoxsulluq səviyyəsi ciddi şəkildə aşağı salınıb, kifayət qədər yeni iş yerləri açılıb və əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilib. 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Həmçinin, yoxsulluğun aradan qaldırılması siyasətinin nəticəsi kimi ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 6 faizə endirilib. Azərbaycana gələn mötəbər beynəlxalq təşkilatların, o cümlədən dünya dövlətlərinin, xüsusilə də Asiya ölkələrinin nümayəndələri bu inkişafın nə qədər böyük rezonansa səbəb olduğunu birmənalı şəkildə etiraf edirlər. Bütövlükdə, bütün bunların fonunda insanların həyat səviyyəsinin yaxşılaşdırılması imkanları artırılıb.
Əgər biz Azərbaycan dövlətinin büdcəsinin artım tempinə də nəzər salsaq, burada da möhtəşəm bir tərəqqinin əldə olunmasını görə bilərik. Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb. Bir daha dünya dövlətlərinin bu sahədəki təcrübəsinə nəzər salsaq, qısa müddətdə öz büdcəsini 10 dəfə artıra bilən bir ölkəyə rast gəlmək çox çətin olar. Ümumiyyətlə, bu gün Azərbaycanın iqtisadi potensialı Cənubi Qafqazın toplam iqtisadi potensialının 80 faizi civarındadır.
Azərbaycanın iqtisadi imkanlarının artırılması ölkəmizin simasının dəyişdirilməsi siyasətinin həyata keçirilməsi üçün ciddi əsaslar yaradıb. 10 il ərzində ölkəmizdə müşahidə etdiyimiz əzəmətli dəyişikliklərdən biri Azərbaycanın simasının yeniləşməsi və müasirləşməsi olub. İnsanların rahat və keyfiyyətli həyat tərzi üçün əlverişli şərait və imkanlar yaradılıb.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb. Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasını göstərən ən bariz nümunə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Eyni zamanda, ölkəmiz digər beynəlxalq qurumlarda da özünün milli maraqlarına müvafiq olaraq çox uğurla iştirak edir.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycanın iqtisadi gücü ölkənin hərbi qüdrətinə çevrilməkdədir. Bunu Azərbaycan ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasında, ordunun maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasında görmək olur. Bu gün Azərbaycan regionun ən güclü, qüdrətli ordusuna sahib olan ölkədir. Ölkəmizin ordu quruculuğuna kifayət qədər böyük vəsait sərf etməsi, ilk növbədə, Azərbaycanın işğal altında olan torpaqlarının qısa müddətdə azad edilməsi məqsədi ilə bağlıdır. Vaxtilə Prezident İlham Əliyev “Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən çox olacaq” - deyə bəyanat vermişdi və hazırda bu hədəf reallığa çevrilib.
Əlbəttə, bütün bunların hamısı son 10 il ərzində əldə edilən nailiyyətlərin qısa xülasəsidir. Beləliklə, Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Bütün bunların məntiqi nəticəsi kimi əldə edilən uğurlar milli qürur hissini daha da artırıb. Azərbaycanda yeni bir cəmiyyət formalaşmaqdadır. Bu cəmiyyət müasirliyi, daxili birliyi, sabitliyi və gələcəyə inamlı baxışları ilə fərqlənir.
YAP-ın sıralarında 600 mindən çox insanın birləşməsi vətəndaşların Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır
- Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası ötən müddət ərzində mühüm inkişaf yolu keçmişdir. Bu gün YAP-ın Azərbaycanın inkişafına verdiyi strateji töhfələri necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi və əhəmiyyətli rolu olub. Bu, öz növbəsində, Yeni Azərbaycan Partiyasının mövqeyinin möhkəmlənməsinə, ictimai rolu və əhəmiyyətinin artmasına səbəb olub. Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 600 min Azərbaycan vətəndaşı birləşib. Qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi tarixində heç bir siyasi təşkilat öz sıralarında bu qədər insanı birləşdirməyib. Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən çox insanın birləşməsi hər şeydən öncə Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir. Bunu Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan üzvlərin sayının artım dinamikası da aşkar surətdə göstərir. Əgər 10 il əvvəl partiya üzvlərinin sayı 300 min idisə, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən çox vətəndaş birləşir. Yeni Azərbaycan Partiyasının bir özəlliyi də odur ki, partiya öz sıralarında Azərbaycan cəmiyyətinin ən fəal üzvlərini, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək istəyən və edən gəncləri, qadınları, həmçinin, ziyalı və intellektual şəxsləri birləşdirir. Beləliklə, partiyanın sıralarında cəmiyyətin bütün zümrələrinin nümayəndələri birləşiblər.
Yeni Azərbaycan Partiyası, həm də, beynəlxalq aləmdə geniş əlaqələr qura və özünü güclü bir partiya kimi tanıda bilmiş avanqard təşkilatdır. Partiyamızın həm Avropa, həm də Asiyada fəaliyyət göstərən nüfuzlu siyasi təşkilatlarla geniş və səmərəli əlaqələri mövcuddur. Yeni Azərbaycan Partiyası həm ayrı-ayrı ölkələrdə keçirilən konfranslarda və forumlarda uğurla təmsil olunur, həm də Azərbaycanda çox mötəbər konfransların keçirilməsi təşəbbüsü ilə çıxış edir. Dəfələrlə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib.
Böyük insani və təşkilati potensial imkan verir ki, YAP seçki kampaniyasına nəinki yaxşı hazırlaşsın, həm də kampaniyanın yüksək səviyyədə həyata keçirilməsini təmin etsin
- YAP qarşıdakı prezident seçkilərinə necə hazırlaşır?
- Partiyanın seçki taktikasında istifadə etdiyi bir çox önəmli yanaşmalardan biri prezident, parlament və ya bələdiyyə seçkiləri olmasından asılı olmayaraq ciddi yanaşma ortaya qoymasıdır. 2013-cü ilin prezident seçkiləri də bu baxımdan istisna deyil və YAP budəfəki seçkilərlə bağlı kampaniyaya da çox məsuliyyətlə yanaşır. Bunun ən bariz göstəricilərindən biri kampaniyanın təxminən avqust ayının əvvəllərindən başlamasına baxmayaraq, YAP-ın xeyli müddət, aylarla öncədən seçkilərə hazırlaşmasıdır. Seçki kampaniyası elan olunduqdan sonra üzərimizə düşən vəzifəni çox qısa zamanda və yüksək keyfiyyətlə yerinə yetirməyimizin vacib səbəblərindən biri də budur. Artıq bildiyimiz kimi, partiyamızın namizədi qeydiyyatdan keçib, seçki gündəliyinə uyğun olaraq təbliğat kampaniyasının keçirilməsinə hazırlaşmaqdayıq. Müəyyən edilmiş qrafikə görə Azərbaycanda təbliğat kampaniyası sentyabr ayının 16-dan başlayacaq və partiyamız uğurlu kampaniya aparmaq üçün bütün hazırlıqları görüb.
YAP-ın böyük insan potensialı var. Partiyamızın bir çox üzvləri Prezident İlham Əliyevin təbliğat kampaniyasında yaxından iştirak etmək istədiklərini bəyan edirlər. YAP seçki hərəkətlərində onların potensialından geniş şəkildə faydalanmaq niyyətindədir. Partiyanın təşkilati imkanları da genişdir, Azərbaycanın hər bir inzibati ərazi bölgəsində yerli təşkilatlarımız var, onlar öz fəaliyyətlərini aktiv şəkildə təşkil edirlər və kampaniyanın bölgələrdə uğurla həyata keçirilməsində yaxından iştirak edəcəklər.
YAP sıralarında çoxlu sayda gənclər var ki, onlar da Prezidentimizin seçki kampaniyasının həyata keçirilməsində yaxından iştirak etmək niyyətlərini ortaya qoyublar. Beləliklə, böyük insani və təşkilati potensial imkan verir ki, YAP seçki kampaniyasına nəinki yaxşı hazırlaşsın, həm də kampaniyanın yüksək səviyyədə həyata keçirilməsini təmin etsin.
Qəti şəkildə əminik ki, seçkilərin uğurlu nəticələrinin təmin edilməsində bir çox fundamental səbəblər və amillərlə yanaşı, seçkilərə partiyanın kifayət qədər ciddi hazırlaşması da mühüm rol oynayır. Əlbəttə, birmənalı şəkildə vurğulayırıq ki, 2013-cü il seçki kampaniyasının uğurları Prezident İlham Əliyevin 10 ildə həyata keçirdiyi siyasətin əzəmətli nəticələrindən bilavasitə asılıdır. Vətəndaşlar Prezidentimizi dəstəklədiklərinə, Onun siyasətini birmənalı olaraq müdafiə etdiklərinə görə ölkəmizin gələcək taleyini də İlham Əliyevə bağlamaq istəyirlər və bu istək və ictimai dəstək YAP-ın seçki kampaniyasının başlıca resursudur. Eyni zamanda, YAP seçki kampaniyasının uğurlu nəticəsinə nail olmaq qüdrətinə sahibdir.
Bu günədək seçki qrafikinə uyğun olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Hesab edirəm ki, bundan sonra da qarşımızda dayanan məqsədləri uğurla həyata keçirəcəyik. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını, eyni zamanda, dövlət başçımızın rəhbərliyi altında növbəti beş ildə ölkəni gözləyən uğurlar barədə proqnozlarımızı və qəti inamlarımızı Azərbaycan seçicisinin diqqətinə bir daha çatdıracağıq. İstəyirik ki, Prezident İlham Əliyevi dəstəkləyən hər bir seçici seçki kampaniyasında yaxından iştirak etsin və səsvermə günü səsvermə məntəqələrinə gələrək öz səslərini versinlər. Əmin edirik ki, Azərbaycan cəmiyyətinin heç bir zümrəsi, təbəqəsi, qrupu Yeni Azərbaycan Partiyasının aparacağı seçki kampaniyasının diqqətindən kənarda qalmayacaq. Biz istəyirik ki, müəyyənləşdirdiyimiz hədəflərlə və mesajlarla hər bir qrupa, vətəndaşa Prezident İlham Əliyevin rəhbərliyi altında gələcək beş ildəki həyatının inkişafını və bu inkişaf nəticəsində formalaşacaq mənzərəni çatdıra bilək. Güman edirəm ki, bizim hazırlıq işlərimiz və bu işlərdə iştirak edən insanların fədakarlığı, ötən illər ərzində topladığımız təcrübə bütün bu istəklərimizin həyata keçirilməsinə imkan verəcək.
Azərbaycan prezident seçkilərinə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir
- Şübhəsiz, hər bir seçki kampaniyası ərəfəsində seçkiöncəsi mühit amili xüsusi əhəmiyyət kəsb edir. Yerli və xarici ekspertlərin yekun qənaəti budur ki, Azərbaycan möhkəm ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın fonunda növbəti seçkilərə gedir. Bu məsələyə münasibətiniz necədir?
- Bu gün Azərbaycanın başlıca gerçəkliklərini dəyərləndirməli olsaq, bir neçə fundamental cəhətlərlə yanaşı, ölkəmizdə hökm sürən davamlı və dayanıqlı ictimai-siyasi sabitliyə də xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, davamlı və dayanıqlı sabitlik inkişafın əsasını təşkil edən amillərdən biridir. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin səbəbləri sırasında ictimai-siyasi sabitlik xüsusi yer tutur. Eyni zamanda, ictimai-siyasi sabitlik ölkənin gələcək inkişafının təməllərindən birini təşkil edir.
Əminliklə söyləmək olar ki, Azərbaycan bu gün dünyanın ən sabit ölkələrindən biridir. Hesab edirəm ki, Azərbaycan vətəndaşları son 10 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Məhz bu gün də Azərbaycan prezident seçkilərinə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir.
Ümumiyyətlə, adətən, seçkilər hər bir ölkənin həyatında bir qabarma effekti yaradır. Azərbaycanda da seçkilər dönəmində bu və ya digər şəkildə qabarmaların müşahidə edilməsi mümkündür. Lakin ölkəmizdəki dayanıqlı və davamlı sabitlik, dincliyin və əmin-amanlığın çox etibarlı dayaqlar üzərində bərqərar olunması seçkilər dövründəki qabarmaların müəyyən çərçivələrdən kənara çıxmamasını şərtləndirir. Seçkiöncəsi dönəmdə ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanmaqdadır. Ola bilsin ki, kimlərsə ictimai-siyasi sabitliyin pozulmasına çalışır amma qəti qənaət budur ki, Azərbaycan vətəndaşlarının ictimai-siyasi sabitliyə böyük önəm vermələri, həmçinin, dövlətin dinclik və əmin-amanlığı qorumaq iqtidarında olması bu cür qərəzli niyyətlərin reallaşmasına izin verməyəcək.
Azərbaycanda bütün siyasi hüquq və azadlıqlar yüksək səviyyədə təmin edilib
- Əli müəllim, seçkiöncəsi dönəmdə ictimai və siyasi subyektlərin fəaliyyətinə yaradılan şəraiti, o cümlədən, mövcud demokratik mühiti necə dəyərləndirirsiniz?
- Əlbəttə, Azərbaycan demokratik dəyərlərin və ənənələrin bərqərar olunduğu, həmçinin, demokratik institutların formalaşdığı və sərbəst fəaliyyət göstərdiyi müasir dövlətdir. Elə cari ilin seçki kampaniyası və seçkiöncəsi mühit də bu fikirləri təsdiq edən bariz nümunə kimi çıxış edir. Belə ki, hər bir subyektə qanun çərçivəsində bu prosesdə sərbəst iştirak etmək imkanı yaradılıb. Artıq 20-ə yaxın şəxs prezident seçkilərində iştirak etmək niyyətini ortaya qoyaraq öz namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyası tərəfindən namizəd qismində təsdiq olunublar. Şübhəsiz, bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda bütün siyasi hüquq və azadlıqlar yüksək səviyyədə təmin edilib. Bu gün ölkəmizdə kifayət qədər çox sayda siyasi partiya və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir, söz və mətbuat azadlığı təmin edilib.
Beləliklə, gənc və müasir Azərbaycan dövlətinin müsbət imicini formalaşdıran amillərdən biri də ölkəmizin demokratikliyidir. İnsan və vətəndaş hüquq və azadlıqlarının mütəmadi olaraq təmin və müdafiə olunması, demokratiyanın inkişafı istiqamətində davamlı olaraq mühüm addımların atılması Azərbaycanın seçdiyi inkişaf yolunun aydın təzahürləridir. Demokratik inkişaf həm də Azərbaycanın gənc və müasir dövlət kimi dünya birliyinə sürətli inteqrasiyasını təmin edən ən mühüm vasitələrdəndir. Azərbaycan dünya birliyinə və Avroatlantik məkana inteqrasiya kursunu seçib. Ona görə də, demokratiya Azərbaycan üçün fəaliyyət prinsipidir. Ölkə məhz bu fundamental dəyərlər üzərində fəaliyyət göstərir və həmin dəyərlərin daha da möhkəmlənməsinə, inkişafına xüsusi diqqət yetirir. Bütün bunların məntiqi nəticəsi kimi, müasir dünya Azərbaycanın demokratik inkişafını olduqca yüksək qiymətləndirir.
Seçkiyə təsadüfi insanları namizəd elan etməklə qatılmaq uğur gətirə bilməz
- Müxalifət cəbhəsində baş verən xaotik, qeyri-müəyyən proseslərin fonunda “Milli şura” adlanan qondarma qurumda ziddiyyətlər müşahidə olunur. Dublyor xarakterli yeni namizədin irəli sürülməsi fonunda qarşıdurmaların daha da artdığı radikal müxalifət cəbhəsinin seçkiöncəsi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qeyd etdiyimiz kimi, seçkidə uğur qazanmağın formulu içərisində seçki kampaniyasına ciddi hazırlaşmaq əhəmiyyətli rol oynayır. Bu, təkcə Azərbaycana aid deyil, dünyanın hər bir yerində istənilən özünə hörmətlə yanaşan siyasi təşkilat seçkidə uğur qazanmaq niyyətindədirsə, kampaniyaya məsuliyyətlə hazırlaşır. Yeni Azərbaycan Partiyası da bunu edir. Bizim Azərbaycan reallıqları içərisində qarşılaşdığımız çox vacib məqamlardan biri ondan ibarətdir ki, rəqiblərimiz şəklində özlərini vətəndaşlara təqdim etmək istəyən və müxalifət adlanan qüvvələr seçki kampaniyasına çox primitiv, həvəssiz və qeyri-ciddi şəkildə yanaşırlar. Bəlkə də bu o qədər də dəqiq müqayisə deyil, amma demək istərdim ki, ciddi tələbələr imtahanlara il boyu hazırlaşırlar, tənbəllər isə imtahan günü imtahana hazırlaşmağı yadlarına salırlar və təbiidir ki, il boyu dərslərinə hazırlaşan tələblərin əldə etdiyi nəticələrlə imtaha hazırlaşmağı imtahan günündə yadına salan tələbərin nəticələri bir-birindən tamamilə fərqli olur. Eləcə də, güman edirəm ki, seçkilərə yanaşma tərzləri bir-birindən fərqli olan siyasi təşkilatların seçki kampaniyalarının nəticələri də fərqli olacaqdır.
Seçkinin uğurunu təmin edən vacib məqamlardan biri olan namizədin müəyyənləşdirilməsi məsələsi də bütövlükdə seçki kampaniyasına hazırlığın tərkibinə daxildir. Seçkiyə seçkidə iştirak edəcək əsas fiquru müəyyənləşdirmədən abstrakt şəkildə hazırlaşmaq mümkün deyil. Seçkiyə hazırlaşmaq, hər şeydən əvvəl, seçkidə iştirak edəcək həlledici fiqurun müəyyənləşdirilməsi və onun strategiyasının müəyyən edilməsi zəminində mümkün olur. Dünyanın hər yerində uğurlu partiyalar, o cümlədən, YAP bu cür edir. Biz namizədimizi müəyyənləşdirmək problemi və ya sualı ilə qarşılaşmamışıq. Çünki, bu, bizim seçki ilə əlaqədar həyata keçirdiyimiz bütün hərəkətlərin baş sualı olub və bu sual bizim üçün həmişə aydın cavabı ilə yadda qalıb.
Müxalifət düşərgəsində isə hər kəsin müşahidə etdiyi kimi, namizəd axtarışı, müəyyənləşdirilməsi, elan edilməsi seçkilərin vaxtı elan edildikən xeyli sonra da müzakirə predmeti olaraq qalmaqda idi. Çox böyük axtarışlardan sonra onlar seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar. Əlbəttə, bu, gülməli səslənir. Seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar. Seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil. Seçkidə iştirak etmək istəyən partiya üçün seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi müəyyən olunur. Hər bir seçkidə o insanlar namizəd kimi iştirak edirlər ki, həmin şəxslər onu namizəd kimi irəli sürən qrup üçün lider olsun. Partiya özünün lideri qəbul etdiyi şəxslə seçkiyə qatılır. Seçkiyə təsadüfi insanları namizəd elan etməklə qatılmaq uğur gətirə bilməz. Nəticədən asılı olmayaraq, hər bir siyasi partiya öz liderini seçki kampaniyasının həlledici fiquru olaraq qəbul edir.
Vurğulamaq istərdim ki, Azərbaycan xalqı özünün, öz ailəsinin və dövlətinin taleyinə o qədər biganə deyil ki, seçkilərdə istənilən adamın lehinə səs versin. Növbəti 5 ildə Azərbaycanın və ölkə vətəndaşlarının taleyi seçkidə veriləcək səslərdən asıldır. Buna görə də, Azərbaycan xalqının təsadüfi insanlara səs verəcəyini düşünmək belə mümkün deyil. Müxalifət daxilindəki proseslərə gəldikdə isə, burada mənzərə daxili ziddiyyətlərlə səciyyələnir və çaşqınlıq hökm sürür. Çaşqınlıq, əvvəla, ondan ibarətdir ki, uzun axtarışlardan sonra seçkidə iştirak etmək üçün tapdıqları namizədin seçki kampaniyasına qoşulmaq istəmədiyi, seçkiyə qatılsa belə uğur qazanacağına inam olmadığı üzə çıxdı. Tapdıqları yeni namizədin müxalifətə hər hansı bir uğur gətirəcəyinə özləri də inanmırlar. Bunun adını istər “vahid namizəd”, istərsə də “dublyor namizəd” qoysunlar, bu, Azərbaycan cəmiyyəti üçün elə bir əhəmiyyət kəsb etmir. Bu günlərdə müşahidə etdiyimiz gerçəklik ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm müxalifətə, həm də onun namizədinə biganəlik mövcuddur. Bu ondan irəli gəlir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində səs vermək istədiyi namizədi yaxşı tanıyır, öz mövqeyini və iradəsini də dəfələrlə açıq şəkildə ifadə edib. Belə olan halda digər namizədlərin uğur qazanmasına ümid yeri qalmır.
Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir
- Seçkilərin yaxınlaşdığı bir dövrdə bəzi xarici dairələrin ölkəmizə qarşı qərəzli çıxışlarının, bəyanatlarının artmasını nə ilə əlaqələndirirsiniz?
- Bu, seçkilər dövründə müşahidə olunan ənənəvi haldır və ayrı-ayrı xarici dairələrin Azərbaycanın daxili işlərinə bu və ya digər formada müdaxilə etmək, təsir göstərmək, Cənubi Qafqaz bölgəsində və Azərbaycanın yerləşdiyi ərazidə maraqlarını təmin etmək niyyətindən irəli gəlir. Seçki kampaniyaları belə təsirlərin daha da intensivləşdirilməsinə əlverişli imkan yaradır. Güman edirəm ki, haqqında danışdığımız ictimai-siyasi sabitlik və bu sabitliyin söykəndiyi reallıqlar imkan verməyəcək ki, seçkilər dövründə ənənə halını almış təzyiqlər taktikası nəyəsə gətirib çıxarsın.
Təəssüflə qeyd edirəm ki, haqqında danışdığımız təzyiqlər taktikasında bəzən ölkənin daxilindəki qruplardan da istifadə olunur. Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Bunun qabarıq ifadələrindən biri odur ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyil göstərirlər. Bir neçə gün bundan əvvəl müxalifətin “dublyor” namizədinin hansısa xarici ölkəyə dəvət edilməsi xəbəri yayılıb. Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır? Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər? Yaxud müxalifətin namizədi “bəyənilmək” üçün xaricə getməlidir? Niyə onu Azərbaycandan kənarda “bəyənməlidirlər”? İrəli sürülən namizədlərə münasibətini ifadə edəcək bir subyekt varsa, o da Azərbaycan xalqıdır. Azərbaycanın prezidenti olmaq niyyətinə düşmüş bir insanın həmin niyyətinin həyata keçməsi üçün istinad edəcəyi yeganə bir qüvvə varsa o da Azərbaycan xalqıdır, vətəndaşıdır, seçicisidir. Prezident seçkilərinə qatılan namizədin xarici səfərlər etməsi, özünü xaricilərə tanıtmaq istəməsi, onların xoşuna gəlməyə çalışması və dəstək umması birmənalı şəkildə pislənməlidir. Xarici dövlətlərin Azərbaycanda prezident seçkilərində iştirak etmək istəyən namizədə maraq göstərməsinin özü ölkənin daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Bu gün özünün Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb bəyənilmək üçün xarici ölkəyə səfər edən insanlar Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələrin istəklərinə rəvac verirlər. Bu cür çağırışlara həvəslə gedən insanlar müstəqil ola bilməzlər və onların fəaliyyətləri Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, həmin xarici dairələrin mənafelərinə uyğundur.
Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin marağı böyükdür
- Bildiyimiz kimi, “BizNewsAsia” jurnalı bu günlərdə Prezident İlham Əliyevi “İlin adamı” elan edib və növbəti sayını Azərbaycanda son 10 ilin iqtisadi, sosial uğurlarına həsr edib. Bu hadisəni və ümumiyyətlə, Azərbaycanın inkişafına və ölkədəki seçkilərə beynəlxalq aləmdə olan marağı necə dəyərləndirərdiniz?
- Bütövlükdə, Azərbaycanın sürətli inkişafı, ölkəmizin qarşısında açılan geniş perspektivlər bir çox dövlətləri, beynəlxalq qurumları ciddi şəkildə maraqlandırır. Azərbaycana bütün dünyada böyük diqqət və maraq var. Ölkəmizin sürətli inkişafının əsasında duran model öyrənilməkdədir. Ona görə də, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ayrı-ayrı aspektləri diqqətlə araşdırılır. Təsadüfi deyil ki, bunun nəticəsi olaraq, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu jurnallar Azərbaycanda son ildə həyata keçirilən siyasətin və onun möhtəşəm uğurlarının əsas təşəbbüskarı və rəhbəri olan Prezident İlham Əliyevi “İlin adamı” nominasiyasına layiq görüblər. Bu yaxınlarda Filippində dərc olunan və Asiya qitəsində böyük nüfuzu olan “BizNewsAsia” jurnalı Prezident İlham Əliyevi “İlin adamı” elan edib. Belə bir qərarı qəbul etməsinin səbəbi jurnalda çap olunan məqalələrdə açıq şəkildə göstərilir. Azərbaycanın iqtisadi, sosial və digər sahələrin inkişafı dövlət başçımızı “İlin adamı” elan etməsi üçün həmin jurnala əsas verib.
Beləliklə, Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişafı ilə özünü dünyaya tanıda bilib. Belə olan halda, təbii ki, ölkədə keçiriləcək prezident seçkiləri də beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Həmişə olduğu kimi, bu il də Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin marağı böyükdür. Artıq seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirən beynəlxalq təşkilatlar mövcuddur. Eyni zamanda, dünyanın ən müxtəlif yerlərindən istər Asiya qitəsinə aid olan ölkələrdən, istər Latın Amerikası ölkələrindən də ölkəmizdə keçiriləçək prezident seçkilərinə marağın olduğunu görürük. Güman edirik ki, həmin ölkələri, eləcə də, bu regionlardakı müxtəlif təşkilatları təmsil edən insanlar Azərbaycandakı prezident seçkilərini izləyəcəklər. Bu imkan verir ki, ölkəmizdə keçiriləcək ədalətli, demokratik seçkilərlə Azərbaycan bir daha özünü dünyaya təqdim edə bilsin. Azərbaycana gələn müşahidəçilər seçki prosesini ölkənin bütün guşələrində izləyəcəklər və ölkəmizdəki iqtisadi inkişafın göstəricilərini bilavasitə müşahidə etmək imkanına malik olacaqlar. Bu, həm də, Azərbaycanı təbliğ etməyin yollarından biridir. Beləliklə, Azərbaycanın sürətli inkişaf gerçəklikləri bir daha bütün dünyaya yayılmaq imkanı qazanacaqdır.

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30