Siyavuş Novruzov: Cəmil Həsənlinin böhtanlarına cavab hüquqi müstəvidə veriləcək
03.10.2013 [10:34]
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərinə hazırlıq işləri hansı mərhələyə qədəm qoyub və təbliğat-təşviqat kampaniyası necə gedir?
- Yeni Azərbaycan Partiyası bütün dövrlərdə seçki prosesində təkmilləşdirmə işləri aparıb. Beynəlxalq təcrübəni nəzərə alaraq hər seçkidə yeni texnologiyaların tətbiq olunması ilə məşğul olub. Bu sahədə Yeni Azərbaycan Partiyasının çox böyük praktikası var və bundan daim istifadə edir. Bundan başqa, Yeni Azərbaycan Partiyasının nümayəndələri istər Qərb, istər postsovet, istərsə də Şərqi Avropa ölkələrinin bir çoxunda seçki texnologiyalarının öyrənilməsi və tətbiqi ilə bağlı xüsusi kurslar keçiblər. O cümlədən gənclərimiz tanınmış Beynəlxalq Respublikaçılar, Milli Demokratiya İnstitutu ilə birlikdə təşkil olunan kurslarda seçkilərin öyrənilməsi, həyata keçirilməsi, seçkilərdə iştirak və digər məsələlərlə bağlı böyük təcrübə qazanıblar.
Biz seçkilərə bir il bundan öncə hazırlaşmağa başlamışıq. Ümumiyyətlə, seçki prosesini 3 mərhələyə bölmüşük. Birinci mərhələ, yəni, seçkilər elan olunana qədər olan dövrdür ki, hansı işlərin görülməsi ilə bağlı məsələləri qarşıya qoymuşduq. Bu mərhələyə aid olan işlərin hər biri layiqincə yerinə yetirilib. Bu dövrdə Yeni Azərbaycan Partiyasının konfransları yüksək səviyyədə keçirildi, partiyamızın V Qurultayında iştirak edəcək nümayəndələr seçildi. Eyni zamanda, bu mərhələdə Yeni Azərbaycan Partiyasının prezident seçkilərində iştirak edəcək namizədini - İlham Əliyevi seçdik. Həmçinin, təbliğat-təşviqat prosesində kimlərin iştirak edəcəyi ilə bağlı qərarlar qəbul olundu. Həmin şəxslər üçün seçki prosesi ilə bağlı treninqlər təşkil olundu. Həmçinin, bu mərhələdə imzatoplama kampaniyasında iştirak edəcək şəxslər də müəyyən edildi. Bu mərhələdə biz 45 min imza toplayaraq Mərkəzi Seçki Komitəsinə təqdim etdik. İmzatoplama prosesinə partiyanın 900-ə yaxın fəalı cəlb olundu. İkinci dövr isə Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin elan olunmasından sonra başlandı. Birinci mərhələni uğurla başa vurmamız ikinci mərhələdə də uğurlu olmağımıza zəmin yaratdı. Mərkəzi Seçki Komissiyası tərəfindən namizədimiz təsdiqləndikdən sonra biz təbliğat-təşviqat kampaniyasına hazırlaşdıq. Nəzərinizə çatdırım ki, təbliğat-təşviqat kampaniyasının özünü də 3 mərhələyə bölmüşük. I mərhələyə biz ayın 16-dan 23-nə qədər olan dövrü nəzərdə tutmuşduq. İkinci mərhələ isə ayın 24-dən oktyabrın 1-nə qədər olan dövrü əhatə edirdi. Son mərhələ olan III mərhələ isə ayın 2-dən 7-nə qədər olan dövr hesab olunur. Bunlarla paralel şəkildə sentyabr ayının 20-dən başlayaraq rayon mərkəzlərində zirvə toplantıları keçirilir. Artıq respublikanın müxtəlif regionlarında seçicilərlə 1800-ə yaxın görüş keçirilib ki, bu görüşlərdə 1 milyon 500 min seçici iştirak edib. Bakı şəhərində isə açıq məkanda görüş keçirməmişik. Qapalı yerlərdə 150-dən artıq görüş keçirilib. Bu görüşlərdə 40 mindən çox sakin iştirak edib. Yeni Azərbaycan Partiyasının indiyədək 39 zirvə görüşü keçirilib ki, burada da 200 mindən çox insan iştirak edib. Yeni Azərbaycan Partiyasının zirvə görüşləri oktyabr ayının 7-nədək davam edəcək. Ümumən təbliğat-təşviqat kampaniyasına 300-dən çox insan cəlb olunub. Onlar Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar, YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, o cümlədən ziyalılar, yardıcı insanlardır.
- Seçkiləri nə qədər yerli və beynəlxalq müşahidəçi izləyəcək?
- Hazırda 700-dən artıq beynəlxalq, 30 minə yaxın yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasında seçkiləri müşahidə etmək üçün qeydiyyatdan keçib. Hesab edirəm ki, yerli müşahidəçilərin sayı bir qədər də artacaq. Biz Mərkəzi Seçki Komissiyasına və hər bir seçki məntəqəsinə bir nəfər müşahidəçimizi təyin etmişik. O cümlədən, ölkə ərazisində müşahidə aparmaq üçün 400-dən çox nümayəndə cəlb olunub.
- Ölkəmizdə mövcud olan seçki ab-havasını necə qiymətləndirirsiniz?
- Bütün dünyada seçkiöncəsi durum hər zaman müəyyən gərginliklə müşahidə olunur. Çünki emosiyalar artır, namizədlər öz platformalarını seçicilərə çatdırmaq üçün müxtəlif üsul və vasitələrindən istifadə edirlər. Bir çox hallarda isə müxalifət tərəfindən seçki qanunvericiliyinin tələbləri pozulur. Onlar öz platformalarını təqdim etmək əvəzinə yalana, təhqirə əl ataraq böhtan xarakterli çıxışlar edirlər. Məsələn, “Milli şura”nın prezidentliyə namizədi istər ödənişsiz efir vaxtında, istərsə də təşkil etdiyi aksiyalarda ancaq yalan danışmaqla, böhtan atmaqla, müxtəlif ermənipərəst xarici mənbələrin məlumatları ilə seçki kampaniyasının üzərinə kölgə salmaq istəyir. Çünki onların bu mənbələrlə əlaqələri çox genişdir. Bununla da, hər hansı bir təxribat yaratmağa çalışırlar. Lakin insanlar da bunu başa düşürlər və heç bir təxribata getmirlər. Çünki onlar bilirlər ki, “Milli şura”çılar seçicilərdən çox az miqdarda səs alacaqlar. Hətta onlar bir faiz səs belə ala bilməyəcəklər. Çünki aparılan sosioloji sorğular və seçicilərlə görüşlər bunu deməyə əsas verir.
Bakı şəhərində, seçki kampaniyası dövründə “Milli şura” və ona daxil olan bütün partiyalar, dərnəklər, qurumlar birlikdə, ikisi uğursuz mitinq formasında, biri isə “Bakı” kinoteatrında olmaqla cəmi üç görüş keçiriblər. Hamısı birlikdə respublika ərazisində 10 görüş keçirməyiblər. Çünki seçicilər onları qəbul etmir və görüşə gəlmirlər. Mingəçevirdəki görüşlərinə də heç kəs gəlmədi və biabırçı şəkildə geri döndülər. Bu da seçicilərin onları qəbul etməməsinin, onları dəstəkləməməsinin təzahürüdür. Seçici onların potensialının heçə bərabər olduğu barədə yetərincə məlumata sahibdir. Çünki onlar yalnız dedi-qodu ilə məşğuldurlar. Xalqın gözü isə tərəzidir. Xalq Azərbaycanda gedən inkişafı görür və bu səbəbdən də onların yalan vədlərinə, cəfəng fikirlərinə uymur. Bu yaxınlara qədər Taxta Körpü su anbarının açılışı xalq üçün yuxu ola bilərdi. Ancaq bu artıq reallığa çevrilib. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik əhalinin dinc yaşamasını təmin edir. Əlbəttə ki, xalqımız ölkəmizdə gedən bu təqdirəlayiq proseslərin Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin məhsulu olduğunu bilir. Bu səbəbdən də Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini dəstəkləyərək Ona səs verəcəklər. Əminliklə deyə bilərəm ki, prezident seçkilərindən sonra dağıdıcı müxalifət tarixin arxivinə gömüləcək. Onlar indiyə qədər xalq arasında heç bir nüfuza malik olmayıblar. Bundan sonra isə tamamilə məhv olacaqlar.
- Debatlarda və keçirilən mitinqlərdə “Milli şura”çılar iddia edirlər ki, Prezident İlham Əliyev üçüncü dəfə ölkə başçısı seçilə bilməz. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Onlar üç ay “Milli şura”nın yaranması haqqında fikir mübadiləsi, iki aya isə “vahid namizəd” müəyyənləşdirmək uğrunda mübarizə apardılar. Beş ay ərzində də Rüstəm İbrahimbəyovu, xarici vətəndaşlığı olan şəxsi prezidentliyə namizəd kimi təqdim etdilər. Əgər savadlı hüquqşünasları olsaydı, fikirləşərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində prezidentliyə kimin seçilmək hüququ var. Bu maddədə açıq şəkildə göstərilib ki, Azərbaycan Prezidenti kimlər ola bilər. Bunların dediyi məsələ isə böhtandır. Konstitusiyamızda qeyd olunub ki, seçmək və seçilmək hüququnu heç kəs məhdudlaşdıra bilməz. Bu, Azərbaycan vətəndaşına verilən konstitusion hüquqdur. Bu baxımdan da, Konstitusiyaya edilən dəyişikliklər təqdirəlayiqdir. Dünyanın bir çox ölkələrində də ölkə başçısının iki dəfədən artıq seçilməsinə məhdudiyyətlər qoyulmur. Ölkəyə rəhbərlik edən şəxs seçilir, yəni, təyinatla deyil. Xalq ölkə başçısını neçə dəfə istərsə seçə bilər. Bunun qanunla tənzimlənməsi mümkün deyil. Radikal müxalifətin səsləndirdiyi bu fikirlər artıq dəfələrlə çeynənilib. Buna əhəmiyyət vermək lazım deyil. Bu qüvvələr seçkidə uduzacaqlarını bilirlər. Ona görə də, başqa-başqa yollar axtarırlar ki, uduzduqlarını əsaslandırsınlar.
- İctimai Televiziyada təşkil olunan debatlardan da görünür ki, Cəmil Həsənli Azərbaycanda yaşayan azlıqlara, etnik qruplara müxtəlif çağırışlar edir, onların himayədarı kimi görünməyə çalışır. Bu, onun etnik zəmində qarşıdurma, qarışıqlıq yaratmaq niyyətlərindən xəbər vermirmi?
- Cəmil Həsənli bu formada çıxış edərək Azərbaycanda yaşayan azlıqlara yarınır ki, onlardan səs alsın. Ölkəmizdə yaşayanların ümumi adı var - azərbaycanlı. Ölkə vətəndaşlarını bir-birindən ayırmaq separatçılığın əlamətləridir. Bütün dövrlərdə də onlar bu işlərlə məşğul olublar.
- Cəmil Həsənli debatlarda ya Azərbaycanda olan korrupsiyadan, ya da bank faizlərinin yüksək olmasından danışır. Ancaq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda antikorrupsiya tədbirlərini yüksək qiymətləndirən hesabat qəbul edir. Buna baxmayraq, Cəmil Həsənlinin Azərbaycanı korrupsiyaya qarşı mübarizə aparmamaqda suçlamasının səbəbləri nədir?
- Cəmil Həsənli bütün məsələlərlə bağlı ümumi fikir deyir. Amma bunun mahiyyətinə varmır. Korrupsiya iqtisadi bir bəladır. Dünyanın heç bir dövlət başçısı deyə bilməz ki, ölkəsində korrupsiya yoxdur. Bu, elə bir iqtisadi bəladır ki, onun yalnız müxtəlif yollarla faizini aşağı salmaq mümkündür. Bu iqtisadi bəlanı ləğv etmək qeyri-mümkündür. Bu bəlaya qarşı Azərbaycan çox əsaslı şəkildə mübarizə aparır. Birincisi, bu sahədə Azərbaycanın qanunvericilik bazası çox güclüdür. İkincisi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya fəaliyyət göstərir. Bu komissiyaya cəmiyyətin bütün təbəqələrindən insanlar daxil olub. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak etdi və müvafiq tapşırıqlarını verdi. Bundan başqa, Azərbaycan Prezidenti həmin idarəyə əməliyyat-axtarış tədbirləri keçirmək hüququ və səlahiyyəti verib. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə gedir və beynəlxalq təşkilatlar da bunu yüksək qiymətləndirir.
Bank faizləri məsələsinə gəlincə isə, müxalifətin içərisində savadlı iqtisadçılar yoxdur ki, bu məsələlərdən baş çıxarsın. Azərbaycanda müxtəlif məqsədlər üçün aşağı faizli kreditlər verilir. Azərbaycanın xarici dövlətlərə güzəştli kreditlər ayırması isə həmin dövlətlərə yardım etmək məqsədi daşıyır. Bütün bunları ümumi bir yalan formasında vətəndaşlara demək böhtandan başqa heç nə deyil.
- “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənli debatlarda iddia etməyə çalışır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmır. Məsələ burasındadır ki, Azərbaycan xalqına Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində “Milli şura” üzvlərinin vurduğu ziyanı heç ermənilərin özləri belə vurmayıblar. Əvvəlcə Əkrəm Naibov bədnam “Daş yuxular” romanını yazdı, ardınca Rüstəm İbrahimbəyov erməniləri qane edən açıqlamalar verdi. Sizcə, bu qurumun Azərbaycan dövlətini Dağlıq Qarabağ münaqişəsini həll etməməkdə ittiham etməsinə nə qədər mənəvi haqları çatır?
- “Milli şura”nın hazırki sədri hələlik Rüstəm İbrahimbəyovdur. Baxmayaraq ki, ortada yoxdur. Ona Dağlıq Qarabağla bağlı sual verəndə o dedi ki, mən bu məsələni sülh yolu ilə həll edəcəm. Rüstəm İbrahimbəyova “Dağlıq Qarabağ kimin ərazisidir” sualı verildikdə isə o konkret olaraq cavab vermədi. Bundan əlavə, Rüstəm İbrahimbəyov iddia etdi ki, ermənilər çox yaxşı xalqdır, sadəcə, onların rəhbərləri pisdir. Sanki Azərbaycanı ermənilər deyil, təkcə rəhbərləri işğal edib. Daha sonra o qeyd etdi ki, ermənilər Azərbaycandan çıxandan sonra Bakının elita səviyyəsi aşağı düşüb. Bununla o, Azərbaycan xalqına yuxarıdan aşağı baxdığını bildirdi. Bütün bu məqamlar, o cümlədən Əkrəm Naibovun “Daş yuxular” əsəri onların xislətini ortaya qoydu. Bu da onların Dağlıq Qarabağ münaqişəsini necə həll edəcəklərini üzə çıxardı. Burdan belə məlum olur ki, onların məqsədi Dağlıq Qarabağı ermənilərə bağışlamaqdır. Cəmil Həsənli də guya “Milli şura”da yaradılan Dağlıq Qarabağ Komissiyasının sədridir. Hansı ki, bu günə qədər onun çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir kəlməyə rast gəlmək mümkün deyil. Amma Azərbaycan hökuməti bununla bağlı həm beynəlxalq, həm də hüquqi müstəvidə işini aparır. Beynəlxalq təşkilatların hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı ölkə olduğunu qeyd edir. Azərbaycan hərb yolu ilə bu məsələni həll etmək üçün öz silahlı qüvvələrinin gücünü getdikcə artırır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Ordumuz həm təchizat, həm silahlanma baxımından, həm də elmi-texniki baxımından digər ordulardan qat-qat üstündür və öndədir. Tək onu deyə bilərəm ki, Azərbaycan Ordusunun maddi təminatı, büdcəsi dünya ordu sisteminin birinci 20-liyinə daxildir. Ermənistanda orduya ayrılan vəsait Azərbaycandakından 9 dəfə aşağıdır. Sovet ölkələrindən təkcə Rusiya bizdən öndə gedir, digər ölkələr bizdən geridə qalır. Bu da onu göstərir ki, ölkədə orduya xüsusi diqqət var, zabitlərimiz ayrı-ayrı ölkələrdə kurslar keçir, hərbi məktəblərimiz yüksək səviyyədə kadr hazırlayırlar. Görülən işlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün atılan addımlardır.
- Cəmil Həsənli debatlardakı çıxışları ilə seçicilərdən səs qazana bilərmi?
- İnsanlar onlara nifrət edir. Debatları seyr edən hər bir insan düşünür ki, debatlarda çıxış edən namizəd öz platforması haqqında danışacaq. Bütün dünyada müxalifət iqtidar debatları platforma əsasında həyata keçirilir. Məsələn, müxalifət deyir ki, hazırda iqtisadiyyatda vəziyyət belədir, mən belə etmək istəyirəm və yaxud siz vergilərə bu faizi qoymusunuz, mən onu azaldacam və s. Orada təkcə fikirlə deyil, həm də görəcəkləri işlərin necə aparılacağı barədə məlumat verir, onun yollarını göstərirlər. Bir sözlə desək, debatlarda ortaya alternativ, elmi, iqtisadi, hüquqi cəhətdən əsaslandırılmış fikirlər qoyulmalıdır. Lakin bu günə qədər bunların heç biri Azərbaycan ictimaiyyətinə təqdim edilməyib. Elə tutublar ki, müəllimlərin, həkimlərin maaşları artırılsın. Amma demirlər ki, bunu hansı yolla həyata keçirəcəklər. Ümumi şüardır, forma yoxdur. Debatlarda səslənən fikirlər, şüarlar insanları çaşdırmaq xarakteri daşıyır.
- Cəmil Həsənli debatlarda səsləndirdiyi şərə, böhtana görə məsuliyyətə cəlb oluna bilərmi?
- Cəmil Həsənlinin debatlarda səsləndirdiyi fikirlər onun əxlaq və tərbiyəsindən irəli gələn məsələdir. Adını alim qoyan insanın bu cür yalan danışması, böhtan atması onun həddindən artıq aşağı düşüncə tərzinə malik olmasını göstərir. Prezidentin şərəf və ləyaqəti qanunla qorunur. Bu gün Prezident İlham Əliyev namizəd olmaqla yanaşı, həm də dövlət başçısıdır. Əgər, ölkənin Prezidentinə qarşı böhtan atılırsa, ona cavab hüquqi müstəvidə verilməlidir. Onlar da elə bunu istəyirlər ki, məsələ hüquqi müstəvidə həll olunsun və gələcəkdə ATƏT-in və digər beynəlxalq təşkilatların hesabatlarında, məruzələrində guya onlara təzyiq olunması məsələsi öz əksini tapsın. Lakin bütün hallarda seçki bitdikdən və nəticədən asılı olmayaraq məsələlər hüquqi müstəvidə öz həllini tapacaq.
- Artıq Azərbaycan xalqının prezident seçkilərində kimə səs verəcəyi bəllidir. Bu şəxs, hazırki Prezident İlham Əliyevdir. Bu, Yeni Azərbaycan Partiyasında hər hansı bir arxayınçılıq yaratmır ki?
- Əvvəlcə qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası üçün seçkinin 3-cü mərhələsi olmasına baxmayaraq, bu gün istər regionlarda, istərsə də Bakı şəhərində tədbirlər keçirilir. O cümlədən 20 qrupdan ibarət gənclərimiz şəhərin gur yerlərində bukletlər paylayırlar. Bundan sonra da bu tədbirlər davam edəcək. Biz bu görüşlərlə bir daha sübut edirik ki, hər zaman xalqla bir yerdəyik. Azərbaycan xalqı, seçicisi Prezident İlham Əliyevi dəstəkləyir. Ayın 9-da da hamı birmənalı şəkildə seçki məntəqəsinə gələrək İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

