Azərbaycan Qafqaz bölgəsinin parlayan bir ulduzudur
29.10.2013 [09:34]
İsmayıl Alper Coşkun: Azərbaycanın inkişafı, güclənməsi, eləcə də, Azərbaycan xalqının rifahı və xoşbəxtliyi bizim üçün hər zaman böyük bir sevinc və qürur mənbəyidir
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:
- Cənab səfir, öncə icazə verin 29 oktyabr - Cümhuriyyət bayramı münasibətilə sizi oxucular adından təbrik edək. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə, məhz qardaş Türkiyə olmuşdur. Ötən müddət ərzində ölkələrimiz arasındakı siyasi, iqtisadi və digər sahələrdəki mövcud əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Öncə, təbriklər üçün mən də sizin qəzetin kollektivinə, eləcə də, oxucularınıza öz minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaq, Türkiyə üçün hər zaman daşıyacağı bir qürur hissidir. Bundan əlavə, xalqlarımız arasında qərinələri adlayıb gələn dostluq, qardaşlıq əlaqələri mövcuddur, eyni soy-kökə, ortaq mədəniyyətə, tarixə, adət-ənənəyə malik xalqlarıq. Bu isə xalqlarımız arasındakı ayrılmaz qardaşlıq tellərinin təbii nəticəsi olmaqla bərabər, bu əlaqələrə daim güc verir, onu daha da möhkəmləndirir. Bu, eyni zamanda, xalqlarımız arasında müştərək tarixə söykənən bənzərsiz qardaşlığımızın da təbii nəticəsidir. Qeyd edim ki, təkrar müstəqilliyə qovuşduqdan sonra, Azərbaycan inanılmaz dərəcədə sürətli inkişaf yoluna qədəm qoymuşdur və bu gün qardaş ölkə Qafqaz bölgəsinin parlayan bir ulduzuna çevrilmişdir. Və bu inkişaf müvəffəqiyyətlə bu gün də davam etməkdədir. Bizlər, türkiyəli qardaşlarınız olaraq, bu inkişafdan böyük qürur duymaqla bərabər, müstəqil, güclü və müntəzəm şəkildə inkişaf edən Azərbaycandan güc alırıq. Qeyd etmək yerinə düşər ki, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrimiz hər sahədə çox yüksək səviyyədə olub və daim yüksələn xətt üzrə inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni, hərbi və sosial sahələr başda olmaqla, bütün digər sahələrdə də əməkdaşlığımız ilbəil sürətlə inkişaf etməkdə, əlaqələrimiz dərinləşməkdədir. Bu gün Azərbaycan Türkiyənin ən öncül ticarət ortaqlarından, tərəfdaşlarından biridir. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu getdikcə daha da artmaqdadır. Hər iki ölkədə fəaliyyət göstərən iş adamlarımızın sayında da müntəzəm olaraq artım müşahidə edilir. Qısası, xalqlarımız arasındakı qardaşlıq məhəbbətinə, eləcə də, hər iki ölkədəki siyasi iradəyə uyğun olaraq, ölkələrimizin ortaq mənfəətləri nəzərə alınmaqla bütün sahələrdə fəaliyyətlər uğurla həyata keçirilir.
- Bu il avqustun 16-da Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirildi. Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri İlham Əliyev, Abdullah Gül, Nursultan Nazarbayev və Almazbek Atambayev iştirak etdilər. Sizcə, Şuranın indiyədək keçirilmiş iclaslarında qəbul edilən qərarların həyata keçirilməsi istiqamətində nə kimi işlər görülməkdədir?
- Xatırlatmaq istərdim ki, 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanan anlaşma memorandumu ilə qurulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk dünyasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi, eləcə də, bölgədə və dünyada sülh və təhlükəsizliyə öz töhfələrini vermək məqsədilə yaradılıb. Bu anlaşma nəticəsində türkdilli dövlətlər arasındakı əməkdaşlıq yeni bir mərhələyə qədəm qoymuşdur. Həmin andan etibarən, birliyə üzv olan ölkələr arasında nəqliyyat, gömrük, iqtisadi, elm və təhsil sahəsində əməkdaşlığa dair bir sıra uğurlu layihələrin icrasına başlanılmışdır. Bu ilin avqustunda Azərbaycanın ev sahibliyi etdiyi Qəbələ Zirvə görüşündə isə həm yuxarıda sadaladığım layihələrin icra vəziyyəti dəyərləndirilmiş, həm də Birliyin gələcək hədəflərinə dair məsələlər müzakirə olunmuşdur. Qeyd etmək yerinə düşər ki, dünyanın ağırlıq mərkəzinin Şərqə doğru yönəlməkdə olduğu və Avropa ölkələri başda olmaqla, dünya ölkələrini bürüyən qlobal iqtisadi böhranın yaşandığı bir dönəmdə, türkdilli dövlətlər arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi son dərəcə böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, bu məqsədlə dövlət başçıları tərəfindən qəbul edilən qərarlar, atılan addımlar türkdilli dövlətlərin özləri üçün olduğu qədər, onların yerləşdiyi bölgə, eləcə də, ətraf dövlətlər üçün də çox faydalı nəticələrə gətirib çıxaracaqdır. Bir misal çəkim. Birliyə daxil olan ölkələr arasında nəqliyyat və gömrük sahəsində yaranacaq sıx əməkdaşlıq Çindən İngiltərəyədək, hətta daha uzaq ölkələrədək olan iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradacaqdır. Türkdilli dövlətlər, eləcə də, onların yerləşdiyi bölgə ölkələri bu əməkdaşlığı həyata keçirmək iqtidarındadırlar. Ancaq təəssüflər olsun ki, hazırda bu ölkələrin potensialından maksimum istifadə olunmur. Amma buna baxmayaraq, Türkiyə olaraq biz bu Birliyin gələcəyinə çox nikbin baxırıq və Azərbaycan başda olmaqla, müvafiq ölkələrlə qurduğumuz əməkdaşlıq əlaqələrimizdən çox böyük nəticələr gözləyirik.
- Bu gün Avropanı, eləcə də, dünyanı narahat edən əsas məsələlərdən biri enerji təhlükəsizliyi məsələsidir. Sizcə, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə bu işdə nə kimi töhfələr verirlər? TANAP, eləcə də, TAP layihələrinin perspektivləri barədə nələri qeyd etmək istərdiniz?
- Türkiyə və Azərbaycan, istər “Əsrin müqaviləsi”nin reallaşması nəticəsində inşa edilən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri, istərsə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri layihələri ilə üçüncü ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verməkdədirlər. Bundan əlavə, bu ölkələr digər mühüm bir nəqliyyat layihəsi-Avropa və Asiyanın ən ucqar regionlarını bir-birinə bağlayacaq Bakı-Tbilisi-Qars dəmiryolu xəttini yaxın zamanlarda istifadəyə verməklə nəqliyyat sahəsində əməkdaşlıqda yeni bir səhifə açmış olacaqlar. Bu layihənin mühüm hissəsini təşkil edən, Mərmərə layihəsi olaraq adlandırılan və İstanbul boğazının altından keçən dəmiryolu tuneli artıq istismara tam hazırdır və oktyabırn 29-da onun təntənəli açılışı olacaqdır. Gürcüstanın da dəstək verdiyi belə mühüm irimiqyaslı layihələrə rəhbərlik edən Türkiyə və Azərbaycan arasındakı bu qarşılıqlı əlaqə, sadəcə onların özləri üçün deyil, eyni zamanda, üçüncü ölkələr üçün də əlverişli nəticələr hasil edəcəkdir. Beləliklə də, Asiya və Avropanın ən uzaq nöqtələri bu “dəmir əllərlə” bir-birinə daha möhkəm birləşəcək, bir vəhdət təşkil edəcəkdir. Bu vəhdət, sadəcə iki qardaş ölkə üçün deyil, eyni zamanda, həm bölgədə, həm də bölgədən kənarda çox faydalı nəticələrə gətirib çıxaracaqdır. Yeri gəlmişkən qeyd edim ki, Türkiyə və Azərbaycan yerləşdiyi coğrafi məkandakı məsuliyyətini dərk edərək, hər zaman bölgə ölkələri üçün fayda verməyə çalışır və biz bu missiyamızı davam etdirməkdə qərarlıyıq. Transanadolu təbii qaz xətti (TANAP) layihəsi bu yöndəki iradəmizin ən bariz nümunəsidir. Bu günədək Avropanın xam neftə olan tələbatının ödənilməsinə BTC neft boru kəməri vasitəsi ilə öz faydasını verən Azərbaycan TANAP və daha sonra isə Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşması ilə Avropanın “mavi yanacaq”a olan tələbatının da ödənilməsinə böyük töhfə verəcəkdir. Başqa sözlə, qardaş ölkə Avropanın enerji təhlükəsizliyinin qlobal şəkildə təmin olunmasına mühüm töhfə vermiş olacaqdır. Odur ki, Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdən Türkiyə böyük qürur hissi keçirir.
- Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tərkib hissəsi olan Qars-Naxçıvan dəmiryolu, eləcə də, ayrıca Ərzurum-Qars-İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihələrinin reallaşdırılması hansı mərhələdədir?
- Az öncə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin əhəmiyyətindən bəhs etdim. Xatırladım ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi Tarixi İpək Yolunun modern bir anlayışla və yaşadığımız dövrün tələblərinə və ehtiyaclarına uyğun şəkildə yenidən bərpa olunması məqsədini daşıyır. Bu layihə hazırda beynəlxalq miqyasda üzərində çalışılan, uzunmüddətli ticari və bəşəri əhəmiyyət daşıyan ən qabaqcıl və önəmli layihələrdən biridir. Onun potensial imkanları barədə hələ tam təsəvvürlərimin olmamasına baxmayaraq, BTQ-ni strateji cəhətdən son dərəcə mühüm olan bir layihə hesab edirəm. Şərq-Qərb nəqliyyat dəhlizi boyunca loqistik mərkəzlərlə dəstəklənəcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşmasının, dünya iqtisadiyyatına da mühüm töhfələri verə biləcəyinə inanıram. Enerji layihələrində olduğu kimi, Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin də həm beynini, həm də onurğa sütununu təşkil edir. Dəmiryolu xəttinin inşası başa çatdıqdan sonra, layihənin davamı olaraq, Qarsdan Naxçıvana əlavə bir dəmiryolu xətti də çəkiləcəkdir. Hazırda bu layihə, eləcə də, Ərzurum-Qars-İğdır-Naxçıvan təbii qaz xətti layihəsi üzərində işlər sürətlə davam etdirilir və hesab edirəm ki, qarşıdakı yaxın illərdə bu layihələr də tam reallaşmış olacaqdır.
- Sizcə, ölkələrimiz arasındakı ticarət əlaqələrinin daha da gücləndirilməsi üçün ilk növbədə, hansı zəruri tədbirlərin görülməsi lazımdır?
- Fərəh hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi ilbəil artır. Türkiyə, ticarət sahəsində Azərbaycanın ən mühüm tərəfdaşıdır. Hazırda ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 4 milyard dolların üzərindədir və bu, heç də kiçik bir göstərici deyildir. Amma iki qardaş ölkə arasında münasibətlərdə dövlət başçılarımızın nümayiş etdirdiyi siyasi iradə, eləcə də ölkələrimizin mövcud potensial imkanları bizi daha böyük hədəflərə doğru irəliləməyə sövq edir. Düşünürəm ki, bu, həqiqi və əldə oluna bilən bir hədəfdir. Belə ki, qarşıdakı 5 il ərzində ikitərəfli ticarət dövriyyəsinin həcminin 10 milyard dollara çatdırılmasını planlaşdırırıq. Hesab edirəm ki, hər iki tərəfdən bu hədəfə çatmaq üçün səylərimizi daha da artırmalıyıq. Qeyd edim ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olmaqla bərabər, eyni zamanda, kənd təsərrüfatı, İKT, turizm və inşaat sektorunda ciddi potensiala malikdir. Qardaş ölkə inkişaf yolunda təşəbbüslərinin müntəzəm xarakter alması üçün iqtisadiyyatını şaxələndirməyə üstünlük verir. Türkiyə isə, hazırda bütün növ mal və xidmətlərin ən keyfiyyətlisini, rəqabətədavamlı qiymətlərlə təqdim edə bilən, insan resursları və elmi potensiala malik böyük dövlətlər sırasında yer alır. Hər iki ölkənin malik olduğu bu potensialın həm investisiyalarımızın, həm də ölkələrimiz arasındakı ticarət dövriyyəsi həcminin artırılması, eyni zamanda, üçüncü ölkələr istiqamətində müştərək iqtisadi və ticari təşəbbüslərin irəli sürülməsi məqsədilə hərəkətə keçirilməsi böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, dövlət səviyyəsindəki təşəbbüslərimiz bu inkişafın yolunu açacaqdır. Eyni zamanda, qarşılıqlı ticarətimizi daha da asanlaşdıracaq tədbirləri icra etməyə başlamamız müştərək mənafelərimizə xidmət edəcək.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun nümayiş etdirdiyi passiv mövqeni necə qiymətləndirirsiz? Sizcə ötən 21 il ərzində münaqişənin həllində belə passiv mövqe tutan bir quruma nə dərəcədə ehtiyac var?
- Tarixi və hüquqi olaraq Azərbaycanın ayrılmaz bir parçası olan Dağlıq Qarabağ , eləcə də, onun ətrafındakı 7 rayon daxil olmaqla ölkə ərazisinin 20 faizi 20 ildən çoxdur ki, işğal altındadır. Münaqişə nəticəsində minlərlə azərbaycanlı şəhid olmuş, bir milyona yaxın Azərbaycan türkü öz ata yurdundan didərgin düşmüş, qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ATƏT-in Minsk qrupunun səylərinə rəğmən, beynəlxalq ictimaiyyət bu insanlıq dramının sona çatmasına nail ola bilməmişdir. Bu durum birgə yaşadığımız bölgənin sabitliyi, təhlükəsizliyi və inkişafını təhdid edən ən böyük faktordur. Türkiyə bu məsələdə ilk gündən etibarən, Azərbaycanın yanında olmuş, onun haqq səsini müdafiə etmiş, Dağlıq Qarabağ problemini öz məsələsi kimi görmüş, Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra Ermənistanla olan quru sərhədlərini qapatmışdır. Çox təəssüf edirəm ki, münaqişənin həllinə dair yaradılan ATƏT-in Minsk qrupu ötən 20 il ərzində hər hansı bir irəliləyişə nail ola bilməmişdir. Münaqişənin həllində Minsk qrupunun önəminə şübhə yoxdur. Amma digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində hər hansı irəliləmə, yaxud konkret bir nəticə ortada yoxdur. ATƏT-in Minsk qrupunun üzvü, eləcə də, bölgənin ən aktiv ölkəsi olan Türkiyə yaranmış bu durumdan böyük rahatsızlıq keçirməkdədir. Münaqişənin həll edilməsində Minsk qrupu, xüsusilə də, həmsədr ölkələrin üzərinə çox böyük məsuliyyət düşür. Ümid edirik ki, münaqişə silahlı müdaxilələr olmadan sülh yolu ilə, tezliklə dondurulmuş vəziyyətdən çıxarılmalı, işğala son qoyulmalı, özü də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolu ilə həll olunmalıdır. Türkiyə münaqişənin həllinə belə yanaşır və ATƏT-in Minsk qurupunu da bu istiqamətdə davranmağa təşviq edir.
- Ötən il, belə demək mümkünsə, dünya bir ay müddətinə Azərbaycana əmanət edildi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Eləcə də, bu ay, bu proses yenidən təkrarlandı. Sizcə, Azərbaycan ona tapşırılan bu şərəfli missiyanın öhdəsindən gələ bilirmi?
- Qeyd edim ki, Azərbaycan təkrar dövlət müstəqilliyinə qovuşduqdan ötən müddət ərzində böyk inkişafa nail olmuş, həm bölgənin çox mühüm bir aktoruna çevrilmiş, eyni zamanda, beynəlxalq ictimaiyyət arasında hörmət olunan, onunla hesablaşılan bir üzv ölkə halına yüksəlmişdir. Qardaş ölkə beynəlxalq platformalarda da artan bir şəkildə səsini duyurmağa başlamışdır. Azərbaycanın böyük bir dəstəklə, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ona dünya çapında göstərilən etibarın ən bariz nümunəsi olmuşdur. Azərbaycan bu mühüm məsuliyyətinin tələblərini diqqətlə və ciddiyyətlə yerinə yetirmiş, olduqca müvəffəqiyyətli işlər həyata keçirmişdir.
- Cənab səfir, mübaliğəsiz demək olar ki, bu gün dünyanın diqqəti Azərbaycana yönəlib. Dünyanın aparıcı telekanalları, informasiya agentliklikləri, mətbu orqanları ölkəmiz, onun iqtisadi inkişafı, mədəniyyəti, turizm potensialı haqda silsilə reportajlar hazırlayırlar. Bakı hazırda nəinki Şərqin ən inkişaf etmiş bir paytaxt şəhəridir, eyni zamanda, dünya meqopolisləri ilə rəqabət aparmaq qabiliyyətindədir. 2012-ci ildə paytaxtımız “Eurovision”a ev sahibliyi etdi, həmçinin, bir sıra beynəlxalq forum və konfranslar, nufuzlu Davos Forumunun iclası Bakıda keçirildi. Bundan əlavə, paytaxtımız 2015-ci ildə Avropada ilk dəfə keçiriləcək Olimpiya Oyunlarını, 2017-ci ildə isə Asiya Olimpiya oyunlarını qəbul etməyə hazırlaşır. Bir diplomat, eləcə də, xarici ölkə vətəndaşı kimi ölkəmizdəki bu inkişafı necə dəyərləndirirsiniz?
- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan son illər çox mötəbər və mühüm beynəlxalq tədbirlərə evsahibliyi etmişdir. Bakı şəhəri başda olmaqla, Qəbələ, Quba, Şəki şəhərləri kimi bir çox gözəl şəhərlərinizdə müxtəlif önəmli beynəlxalq tədbirlər keçirilməkdədir. Bundan əlavə, Qubadakı Alma bayramı, Göyçayda nar festivalı, Qəbələdəki mürəbbə festivalı kimi köklü bir ənənələrə malik olan bu torpağın zənginliyini tanıtmaq məqsədi daşıyan çox müxtəlif proqramlar həyata keçirilməkdədir. Bütün bu fəaliyyətlər Azərbaycanın beynəlxalq ictimaiyyətə layiq olduğu şəkildə tanıdılmasına yardımçı olur.
Yeri gəlmişkən qeyd edim ki, 1920-ci ildə, Mustafa Kamal Atatürk, Azərbaycanın Ankaraya təyin etdiyi səfir İbrahim Əbilovdan hökumətin etimadnaməsini qəbul edərək, etdiyi çıxışında demişdir: “Azərbaycan türklərinin kədərləri bizim dərdlərimiz, sevincləri isə bizim sevincimiz olduğu üçün, onların öz arzularına çatmaları, azad və firavan yaşamaları bizi həddən artıq sevindirir”. Bu ifadələr Türkiyədəki qardaşlarınızın Azərbaycan xalqı üçün ən səmimi düyğularının bariz nümunəsidir. Odur ki, Azərbaycanın inkişafı, güclənməsi, eləcə də, Azərbaycan xalqının rifahı və xoşbəxt yaşaması bizim üçün hər zaman böyük bir sevinc və qürur mənbəyidir.
- Cənab səfir, oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycan xalqı - seçicilərin böyük əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki bu inkişafın davam etməsinə səs verdilər və cənab İlham Əliyev növbəti dəfə Azərbaycan Prezidenti seçildi. Yəqin ki, bu seçkiləri yaxından izləyə bildiniz. Bir diplomat olaraq, seçkilərlə bağlı fikirlərinizi bilmək oxucularımız üçün də maraqlı olardı.
- Azərbaycanda keçirilən prezident seçkilərinin sülh və sabitlik şəraitində keçməsindən böyük məmnunluq duyuruq. Bu baxımdan, azərbaycanlı qardaşları təbrik edir, seçkilərin nəticələrinin ölkəniz üçün xeyirli olmasını arzu edirəm. Xatırladım ki, seçkilərin ilkin nəticələri elan olunduqdan sonra, Prezident Abdullah Gül və Baş nazirimiz Rəcəb Tayyib Ərdoğan telefon edərək, cənab İlham Əliyevi təbrik etmiş, Ona gələcək işlərində uğurlar diləmişlər. Əminəm və inanıram ki, möhtərəm Prezident İlham Əliyev qarşıdakı illərdə də Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı, eləcə də, Türkiyə-Azərbaycan ikitərfli münasibətlərinin daha da dərinləşməsində Ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi “Bir millət-iki dövlət” prinsipinə sadiq qalaraq, ölkələrarası münasibətlərə öz töhfəsini verməkdə davam edəcəkdir.
Düşünürəm ki, həm qərinələri adlayıb bu günümüzə gəib çatmış qardaşlıq, dil, din, ortaq mədəniyyət və tarixi bağlarımız, həm də Atatürk və Ümummilli lider Heydər Əliyev kimi tarixi öndərlərimizin təyin etdikləri, bizim üçün müəyyən etdikləri yola uyğun olaraq, Azərbaycan xalqına olan təmənnasız bağlılıq və dəstəyimiz hər zaman davam edəcəkdir. Mən əminəm ki, gələcək nəsillər bu anlayışla daha gözəl sabahlarda, hər cür çətinliyə qarşı bir-birlərinin yanında olacaqlar. Azərbaycandan olan qardaşlarımız da bizə qarşı eyni daxili hissləri keçirməkdədirlər. İnanırıq ki, gələcək nəsillər də bu isti münasibətləri davam etdirəcək, 2 qardaş dövlət arasında mövcud olan əlaqələri daha da irəliyə apara biləcəklər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

