Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafı prosesində fəal rol oynayır

Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafı prosesində fəal rol oynayır

19.11.2013 [14:22]

Müsahibimiz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadədir 
- Arif müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 ili tamam olur. 21 il öncə bu partiyanın yaradılmasını hansı amillər zəruri edirdi? 
- YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 600 min nəfərdən çox üzvü olan partiyamız ötən 21 ildə çətin və şərəfli yol keçib. Mən deyərdim ki, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Çünki ölkədə hərc-mərclik baş alıb gedirdi, dövlət strukturları iflic vəziyyətə gətirilmişdi. İnsanlar adi tələbatlarını ödəyə bilmirdilər, cəmiyyət çaşqınlıq içərisində idi. Klassiklərin bir sözü var: inqilab o zaman baş verir ki, aşağıdakılar köhnə qaydalarla yaşamaq istəmir, yuxarıdakılar da idarə edə bilmirlər. Bu baxımdan, 1992-1993-cü illərdə hakimiyyət vəziyyətdən neçə çıxmağın yolarını bilmirdi. Xalq isə çıxış yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə gəlməsində görürdü. Həm parlamentdə bəzi deputatlar, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevin hakimiyətə gətirilməsi məsələsini qaldırırdılar. Bu səbəbdən Naxçıvana müraciətlər olunur, minlərlə insan böyük şəxsiyyəti ziyarət etməyə gedirdilər. Xahiş edirdilər ki, O, hakimiyyətə qayıtsın. İnsanlar Azərbaycanın ağır vəziyyətdən çıxış yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsindən asılı olduğunu başa düşürdülər. Elə vaxt gəlib çatdı ki, bu reallığı o zamankı hakimiyyət də anladı. Elə bir şəraitdə, 1992-ci ilin payızında Ulu öndər Heydər Əliyevlə mənim də görüşüm olub və Ulu öndər partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ancaq Azərbaycan ağır vəziyyəti Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. Çünki xalq Onu istəyirdi. Nəhayət, «91-lər»in müraciətindən sonra Ulu öndər Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Təsadüfi deyil ki, YAP yaranandan bir neçə ay sonra Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Təbii ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi xalqın təkidli tələbi ilə baş verdi. 
YAP-ın təsis konfransı keçirildikdən sonra ölkədə partiya quruculuğu sürətlə getdi. Əslində, bütün respublikada insanlar buna hazır idi. Sadəcə, bu işləri həyata keçirmək üçün təşkilatçılıq lazım idi. 
Partiya işinin gücləndirilməsində növbəti mərhələ isə 1-ci qurultayda İcra Katibliyinin yaradılması oldu. O zamandan indiyə qədər İcra Katibliyi çox səmərəli fəaliyyət göstərməkdədir. Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bu günkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 21 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. 
- Hər hansı siyasi partiyanın yarandığı vaxtdan qısa müddət ərzində hakimiyyətə gəlməsinə tarixdə çox nadir hallarda rast gəlinir. YAP da yarandıqdan cəmi altı ay sonra hakimiyyətə gəldi. Bu faktı hansı amillələrlə izah edərdiniz? 
- Adətən, partiya yaradılanda əhalini narahat edən problemlərin ətrafında insanları birləşdirir. Azərbaycanda 1992-ci ildə elə vəziyyət yaranmışdı ki, problemlər həddindən artıq çox idi. Və partiya yaratmaq, Azərbaycanı həmin ağır vəziyyətdən çıxarmaq istəyən insanların sayı da çox idi. Lakin xalqımız başa düşürdü ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Partiyanın ilk mərhələlərdən yüksək sürətlə təşkilatlanması, bütün Azərbaycanı əhatə etməsi ilk növbədə, Heydər Əliyev faktoru ilə bağlı idi. Çünki xalqımız Onu sevir, Ona inanırdı. Heydər Əliyev fenomeni əlbəttə ki, partiyanın yaradılmasında, inkişafında və qısa müddətdə hakimiyyətə gəlməsində həlledici faktor idi. Əgər bu partiyanın rəhbəri Heydər Əliyev olmasaydı, partiyamıza bu qədər insan axını olmazdı. Amma Heydər Əliyevin adı partiyanın fəaliyyətinə və perspektivinə bir qarant idi. Məhz Ulu öndər Heydər Əliyevə olan böyük xalq sevgisi Onun ikinci dəfə hakimiyyətə gəlməsində müstəsna rol oynadı. Partiyamız da məhz o böyük şəxsiyyətin rəhbərliyi ilə hakimiyyətə gəldi. 
- YAP yarandığı vaxtdan etibarən iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanır. 9 oktyabr prezident seçkilərində də parlaq qələbə bunu bir daha təsdiqləyir... 
- Hər bir partiya siyasi mübarizə aparır və bu mübarizəni seçki yolu ilə həyata keçirir. Amma seçki kampaniyası qısa müddəti əhatə edir. Fikrimcə, əsas şərt partiyanın xalq arasında nüfuzunun olmasıdır. Əgər bu olmasa seçki kampaniyası dövründə kim olur olsun, güclü seçki texnoloqlarından istifadə edilsə də, heç nə edə bilməyəcəklər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzu çox yüksəkdir. Partiyamızın məqsədləri insanlara aydındır. YAP bu gün mütəşəkkil siyasi qüvvədir və ölkəmizdə bütün ictimai-siyasi proseslərdə fəal iştirak edir, müasir çağırışlara cavab verir. 
Siyasi mübarizə, seçkilərdə iştirak hər bir siyasi partiyanın başlıca fəaliyyət istiqamətidir. YAP-ın yarandığı vaxtdan Azərbaycanda keçirilən seçkilərdə qələbə qazanması hər kəsə bəllidir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, hər seçkidən seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 1993-cü, 1998-ci, 2003-cü, 2008-ci və 2013-cü il prezident seçkiləri buna sübutdur. 
Ötən 21 il ərzində partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin (referendumun) keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdiykdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul olundu. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi. 
YAP bu uğurları və qələbələri 2004-cü və 2009-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə seçkilərdə 64 deputat mandatı qazanmaqla partiyamız öz rəqiblərini xeyli geridə qoydu. 2010-cu il noyabrın 7-də Azərbaycanda 4-cü çağırış Milli Məclisə seçkilər keçirildi. Bu seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP yenə də əhəmiyyətli qələbə qazanaraq 70-dən çox deputat mandatı əldə edib. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir. 
YAP üzvlərinin sayı 600 min nəfərdən çoxdur. Amma mən hesab edirəm ki, YAP-ın tərəfdarları onun üzvlərindən dəfələrlə çoxdur. Çünki YAP-ın siyasəti Prezidentimizin siyasətidir. 9 oktyabrda keçirilən prezident seçkiləri də xalqımızın Prezident İlham Əliyevə güclü inamını bir daha təsdiqlədi. 
- Bildiyimiz kimi partiyamıza gənclərin böyük axını var. Veteran YAP-çı olaraq necə düşünürsüz, bu fakt partiyamızın perspektivləri üçün nələr vəd edir? 
- Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir. Bilirsiniz ki, hazırda YAP sıralarında gənclərin təmsilçiyi 40 faizə qədərdir. Gənclərin partiyamıza axını da böyükdür. Əlbəttə ki, bizim gələcəyimiz də bu yeni nəsil ilə əlaqədardır. Biz nə qədər veteran olsaq da, yaşlı nəsillə gənc nəsil arasında rabitə olmasa, partiyanın gələcəyi müəmmalı olardı. Amma partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. Bu baxımdan, partiyamızın fəaliyyəti çox təqdirəlayiqdir. YAP gəncliyin inkişafına xüsüsi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın intellektual gəncliyi öz siyasi taleyinin partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar. 
Ümumiyyətlə, YAP-ın 21 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. 
Bütövlükdə, Azərbaycanda insan kapitalının inkişafına böyük diqqət yetirilir. İnsan kapitalı ilk növbədə, insanların səhhəti, bilik səviyyəsi və yaşayış tərzidir. Bunların üçü də ölkəmizdə normal səviyyədədir. Azərbaycanda səhiyyə və təhsil sahələri dinamik inkişaf edir. Bu gün ölkə Prezidenti İlham Əliyev insan kapitalı məsələsini diqqət mərkəzində saxlayır. İnsan kapitalının inkişafı Azərbaycanın bu günü və sabahı üçün çox önəmlidir. 
- Arif müəllim, YAP İdarə Heyətinin qərarı ilə partiyanın müvafiq komissiyaları yaradılıb. Siz də Regional inkişaf üzrə komissiyanın sədrisiniz. Ümumiyyətlə, ölkəmizin bölgələrinin sosial-iqtisadi inkişafı haqqında fikirlərinizi bilmək istərdik. Eyni zamanda, komisiya olaraq bu yöndə hansı işləri nəzərdə tutursunuz? 
- Bəli, partiyanın İdarə Heyətinin son iclasında müxtəlif sahələrlə əlaqədar komissiyalar yaradılmması haqqında qərar qəbul olundu. Bu komissiyaların yaradılması insanları maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli bir addımdır. Komissiyaların yaradılması ciddi bir yenilikdi və biz bu yenilikdən səmərəli istifadə edəcəyik. Bünün üçün partiyamızın böyük potensialı var. 
Regionların inkişafına gəlincə, bilirsiniz ki, Azərbaycanda iqtisadiyyatın inkişafı proqramlar əsasında həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı da başa çatmaq üzrədir. Proqram çərçivəsində çox böyük işlər görülüb. Rayonlarımız abadlıq və quruculuq işləri baxımından paytaxtdan heç də geri qalmır. Onları hətta Avropa ölkələri ilə müqayisə etmək olar. Bununla belə, əsas vəzifələrimizdən biri də kənd yerlərində iş yerlərinin yaradılması prosesini davam etdirmək olmalıdır. Bu, kənd təsərrüfatı ilə müəyyən qədər bağlıdır. Biz torpaq islahatı zamanı torpağı kəndlilərə verdik. İnsanlar gərək böyük təsərrüfatlar yaratsınlar. Bu baxımdan, kooperasiyalar yaratmaq əhəmiyyətlidir ki, amma insanlar bəzən buna getmək istəmirlər. Hesab edirəm ki, biz partiya olaraq bu məsələni də əhali arasında təbliğ etməliyik və edəcəyik. Düşünürəm ki, komissiyaların yaradılması insanlarla sıx ünsiyyət qurmaq baxımından daha da faydalı olacaq.

Paylaş:
Baxılıb: 1796 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30