Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ötən 10 il Azərbaycanın hərtərəfli inkişafı baxımından uğurlu olub

Ötən 10 il Azərbaycanın hərtərəfli inkişafı baxımından uğurlu olub

19.02.2014 [09:07]

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sədaqət xanım, bəlli olduğu kimi, fevralın 5-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi. Sizcə, 10 il müddəti əhatə edən bu proqramlar Azərbaycana nə verdi və hansı nailiyyətlər əldə olundu?
- Öncə qeyd edim ki, Azərbaycanın əldə etdiyi bütün sosial-iqtisadi və siyasi nailiyyətlərinin kökündə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası durur. Əlbəttə ki, 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyev inkişaf strategiyasını şaxələndirməklə müasir dövrün çağırışlarına cavab verən addımlar atdı. Elə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları da bu addımlardan biri oldu.
Belə ki, 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın kompleks şəkildə inkişafını təmin etmək üçün regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm proqram imzaladı. Məhz, həmin proqram əsasında ölkəmizin bölgələrində canlanma başladı.
Regionların inkişafı ilə bağlı reallaşdırılmış proqramlar Azərbaycanın modern dövlət kimi inkişafını şərtləndirdi. Artıq bu gün Azərbaycan Respublikası hərtərəfli inkişafı ilə nəinki regionun ən güclü dövlətidir, hətta, Avropanın və ümumilikdə, dünyanın bir çox ölkələrinə nümunədir. Hazırda Azərbaycan bütün bölgələrində dinamik tərəqqi və sosial-iqtisadi inkişaf yaşanan müasir dövlətə çevrilib.
Daha da konkretləşdirsək, bildirmək olar ki, ötən 10 il Azərbaycan dövləti üçün sosial-iqtisadi və siyasi inkişaf baxımından əhəmiyyətli olub. 2003-2013-cü illər ərzində ölkənin bütün istiqamətlər üzrə tərəqqisi müşahidə olunub. Ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, insanların gəlirləri 10 dəfələrlə yüksəlib, valyuta ehtiyatları 50 milyard dollardan artıq olub və nəticə etbarilə Azərbaycan ÜDM-in həcminə, maliyyə kütləsinə və əhali potensialına görə, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ötən müddət ərzində Azərbaycan imkanlarını artırmaqla regiondakı bütün transmilli sosial-iqtisadi layihələrin əsas icraçısına və söz sahibinə çevrilib.
Siyasi sahədə də Azərbaycan əhəmiyyətli irəliləyişlərə nail olub. Yəni, siyasi sistemin, siyasi institutların, vətəndaş cəmiyyətinin, vətəndaş-dövlət münasibətlərinin inkişafı prizmasından böyük uğurlar əldə olunub. Demokratikləşmə yolunda ciddi addımlar atılıb, ölkəmizin şəffaf seçki keçirmə təcrübəsi, azad, müstəqil mətbuatı formalaşıb, insanların azad söz, fikir, toplaşma azadlıqları kimi hüquq və azadlıqları yüksək səviyyədə təmin edilib və bu proses bu gün də davam edir.
Daha çox diqqət cəlb edən məqam eyni zamanda, Azərbaycanın son 10 ildə sosio-mədəni sahədə böyük inkişaf yolu keçməsidir. Bu, o deməkdir ki, cəmiyyətimiz təhsil, elm, səhiyyə, mədəniyyət sferalarında böyük inkişaf yolu keçib və bütün bunların fonunda sosiumun siyasi şüuru, siyasi mədəniyyəti, siyasi davranışı, milli maraqlar haqqında düşüncəsi də dəyişib, müstəqil Azərbaycanın mənafeyinin qorunmasına istiqamətlənən faktora çevrilib.
Göründüyü kimi, son 10 il ərzində Azərbaycan dövləti və xalqı ciddi inkişaf dövrü yaşayıb. Dünyada hansı ölkəni göstərmək olar ki, orada cəmi 10 il ərzində ümumdünya maliyyə və iqtisadi sarsıntıların təsirinin olmasına baxmayaraq, regionların inkişafına 51 milyard manat vəsait ayrılsın, 500-dən artıq sənaye və emal müəssisəsi açılsın, 1.2 milyondan artıq yeni iş yeri yaradılsın, 56 minə yaxın müxtəlif istiqamətli müəssisə fəaliyyətə başlasın, 2708 məktəb, 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektləri tikilsin və ya əsaslı təmir olunsun.
- Bəllidir ki, bu gün Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır. Elə atılan addımlar və son ilin nəticələri də sübut edir ki, Azərbaycanda sosial rifah dövləti qurulur. Bu mənada, Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri necə qiymətləndirirsiniz?
- Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Son müddət ərzində cənab Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin, eyni zamanda, əlillərin reabilitasiyası üçün mərkəzlərin və digər sosial əhəmiyyətli obyektlərin sayı bir daha Azərbaycanın sosial dövlət kimi mahiyyətini ortaya qoyur. Ümumiyyətlə, sosial siyasət əhalinin və onun müxtəlif qruplarının sosial vəziyyətinin saxlanılması və dəyişdirilməsi istiqamətində aparılan siyasətdir. Sosial siyasətin əsas məqsədi sosial vəziyyətə təsir göstərilməsindən ibarətdir. Burada isə əsas məqsəd insan kapitalını formalaşdırmaq və inkişaf etdirməkdir. Çünki, insan kapitalı səviyyəsi yüksək olan ölkələrdə sosial-iqtisadi islahatlar daha uğurla həyata keçirilir, siyasi şüur, siyasi mədəniyyət yüksəlir, vətəndaş cəmiyyəti formalaşır və sosium dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi işində yaxından iştirak edir. Ona görə də, insan kapitalının formalaşdırılması üçün insanın sağlamlığı ilkin faktor kimi önə çıxır.
Qeyd edim ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində sosial-iqtisadi böhran baş verir və xüsusilə də, sosial ayırmalar azaldılır. Amma Azərbaycanda sosial sahəyə diqqət hər gün artır və maliyyələşmə yüksək səviyyədə təmin edilir, eyni zamanda, sosial obyektlərin inşası sürətlə aparılır, insan amili prioritet olaraq gündəmdə qalır. Bununla yanaşı, Milli Məclisdə sosial sahə ilə bağlı vacib qanunlar qəbul edilir, müasir dövrün çağırışlarına müvafiq olaraq, qanunlara əlavə və dəyişikliklər edilir.
Bu mənada, görülən işlər nəticəsində Azərbaycanda 10 il ərzində yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb. Azərbaycan hökuməti 2015-ci ilə ölkədə yoxsulluq problemini tamamilə həll etməyi planlaşdırır. Bunun üçün ölkədə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” uğurla icra edilir.
Həmçinin, Vətəndaşların məşğulluqla təmin edilməsi üzrə iş yoxsulluğun səviyyəsinin azaldılmasına böyük töhfə verib. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır.
Bir sözlə, bütün atılan addımların təhlili onu göstərir ki, 2014-cü ildə, həmçinin, gələcək illərdə də sosial sahə - insanların sağlamlığı, təhsili, yaşayış səviyyəsi və s. dövlət siyasətinin prioriteti olaraq qalacaq.
- Fevralın 26-da ermənilər tərəfindən Xocalı soqırımının törədilməsindən 22 il ötəcək. Amma çox təəssüflər olsun ki, hələ də Xocalı soyqırımına ümumdünya miqyasında hüquqi-siyasi qiymət verilməyib, BMT TŞ-nin 4 qətnaməsi yerinə yetirilməyib. Lakin bununla belə Xocalı soyqırımının tanıdılması istiqamətində sistemli iş aparılır. Bu sahədə görülən işlər haqqında nə deyə bilərsiniz?
- Öncə qeyd etmək lazımdır ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır. Xatın, Liditsa, Oradur, Ruanda soyqırımıları kimi Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir.
Təbii ki, bu gün həmin hadisələri bir daha təhlil etdikdə görürük ki, ermənilər o zaman Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirdi. Dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün bütün resursları və vasitələri işə saldı. Hətta, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul etdi, Prezident İlham Əliyev isə “Xocalı soyqırımının 20-ci ildönümü haqqında” 2012-ci il yanvarın 17-də Sərəncam verdi. Məhz, birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşü də keçirildi.
Eyni zamanda, bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir.
Bununla yanaşı, Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və 50-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasıdır. Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkənin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb. Həmçinin, Meksika, Pakistan və digər ölkələrin parlamentləri də Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər.
Göründüyü kimi, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur. Elə Prezident İlham Əliyevin beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncam böyük əhəmiyyətə malikdir.

Paylaş:
Baxılıb: 1003 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30