Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: Qoy, həmsədrlər Azərbaycan xalqına hesabat versinlər

Siyavuş Novruzov: Qoy, həmsədrlər Azərbaycan xalqına hesabat versinlər

06.05.2014 [09:09]

“Ceyms Uorlikin Dağlıq Qarabağ problemini “twitter”də müzakirə etməsi gülünc hərəkətdir”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, “Freedom House”un illik hesabatının Azərbaycanla bağlı hissəsində ölkəmizdə mətbuatın və internetin azad olmaması ilə bağlı fikirləri necə xarakterizə edərdiniz?
- “Freedom House” və bu kimi bəzi təşkilatlar var ki, mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və ədalətsiz şəkildə bəyanatlar verirlər. Bu tip təşkilatlar istər insan hüquqları, istər söz və mətbuat azadlığı, istərsə də digər məsələlərlə bağlı daimi olaraq anti-Azərbaycan mövqe sərgiləyirlər. Biz dəfələrlə şahidi olmuşuq ki, bu təşkilat Ermənistanda keçirilən seçkilərə necə yanaşıb. Yəni, ermənilərin xeyrinə, tərəfli mövqedən yanaşıb və onların fəaliyyətini yüksək qiymətləndirib. Halbuki, Ermənistanda keçirilən son seçkilərdə sui-qəsdlər oldu, ondan öncə keçirilən seçkilərdə isə 8 nəfər öldürüldü, xeyli sayda insan həbs olundu. Eyni zamanda, namizədlər üçün bərabər şərait yaradılmadı və ikili vətəndaşlıqla səsvermə prosesi həyata keçirildi. Lakin “Freedom House” kimi təşkilatların hamısı bir mərkəzdən idarə olunduğuna görə, Ermənistandakı seçkiyə azad, ədalətli və demokratik don geyindirildi.
Eyni zamanda, qeyd edim ki, Azərbaycanda söz və mətbuat azadlığına yaradılan şərait və onun qorunması heç bir ölkədə yoxdur. Azərbaycan yeganə ölkədir ki, dövlət tərəfindən mətbuata qayğı var, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. Hər bir mətbuat orqanı mövqeyindən, yönündən və gördüyü işdən asılı olmayaraq, bərabər şəkildə KİVDF-nin ayırdığı vəsaitdən istifadə edir. Dünyanın heç bir yerində yoxdur ki, dövlət mətbuat nümayəndələri üçün yeni mənzillər tikib onlara təqdim etsin. Bu yeganə olaraq Azərbaycanda mövcuddur. Dəfələrlə Ümummilli lider Heydər Əliyevin və bu siyasi kursun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat nümayəndələrinin rəhbərləri ilə görüşüb onların problemləri ilə maraqlanması, həmçinin, bu problemlərin həllində onlara yardımçı olması “Freedom House” təşkilatı üçün bir nümunə olmalıdır.
Bildiyiniz kimi, bu yaxınlarda Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Həmin ərəfədə məsələ qaldırıldı ki, Türkiyədə internetə müəyyən məhdudiyyətlər qoyulsun. Amma Azərbaycanda 9 oktyabr 2013-cü ildə prezident seçkiləri zamanı mətbuata, internetə və s. heç birinə zərrə qədər də olsun məhdudiyyət qoyulmadı. Bu gün Azərbaycanda heç elə bir qanun da yoxdur. Əslində isə bu dünyada mövcuddur.
Yox, əgər “Freedom House” təşkilatı hansısa jurnalistin həbs olunmasını əsas götürüb bu fikri söyləyirsə, demək istəyirəm ki, bu peşə fəaliyyəti ilə bağlı deyil. Heç kəs öz peşəsi ilə sığortalanmayıb. Azərbaycanda kiminsə söz, fikir, siyasi baxış, siyasi düşüncəyə görə azadlıqdan məhrumetmə halı yoxdur. Bu yalnız törədilən cinayətlərlə əlaqədar ola bilər. Bu mənada hesab edirəm ki, “Freedom House” kimi qərəzli təşkilatlara fikir vermək lazım deyil. Bunlar yalnız qeyri-hökumət təşkilatıdır. Azərbaycanda da 3 mindən artıq qeyri-hökumət təşkilatı var. Əgər “Freedom House” kimi təşkilatlar öz ölkələrində qəbul olunmursa hesab edirəm ki, Azərbaycanda da onlara əhəmiyyət vermək lazım deyil. Hansısa bir erməni lobbisinin ayırdığı maliyyə vəsaiti hesabına hesabat dərc edənlərin sonda özləri də ifşa olunacaq.
- ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik mütəmadi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sosial şəbəkələrdə, xüsusilə özünün “twitter” səhifəsində müzakirəyə çıxarır. Ümumiyyətlə, Dağlıq Qarabağ problemi “twitter”də həll olunmalıdır?
- Təbii ki, bununla bağlı Milli Məclisdə də müzakirələr aparıldı. Bu il ATƏT Parlament Assambleyasının növbəti toplantısı Azərbaycanda keçiriləcək. Hazırda bununla bağlı bəzi məsələlər həll edilir ki, ATƏT-in həmsədrləri 21 illik proses ərzində Milli Məclisə, ümumiyyətlə isə Azərbaycan xalqına, cəmiyyətə hesabat versinlər. Məlum olsun ki, onlar 21 illik fəaliyyətləri dövründə nə iş görüblər. Bunlar yalnız hər 3 ildən bir həmsədr dəyişir. Biri gəlir deyir ki, mən bu prosesi hələ 6 ay öyrənməliyəm, digəri isə başqa bir fikir söyləyir. Bu bir növ turist səfəridir. Həlledici məqam çatan zaman isə onlar deyirlər ki, bizlik bir şey yoxdur, özünüz öz aranızda razılaşın və s. Əgər biz öz aramızda razılaşacayıqsa, bəs siz nəyə lazımsız? Axı bu institut nədən ötrü yaradılıb? İkincisi, bu institutun bu cür fəaliyyəti özü-özünə hörmətsizlik gətirir. Tutaq ki, ATƏT müşahidəçiləri və yaxud nümayəndələri Ukraynaya gedərək oradakı proseslərə öz mövqelərini sərgiləmək istəyirlər. Sual olunur, axı siz Dağlıq Qarabağda bu 21 il ərzində nə iş görmüsünüz ki, indi Ukraynadakı proseslərə təsir etmək istəyirsiniz? Bu, insanların, dövlətlərin və millətlərin taleyidir. Bu məsələ olan halda Ceyms Uorlikin “twitter” səhifəsində Dağlıq Qarabağ problemini müzakirəyə çıxarması gülünc doğurur. Bu münaqişənin əziyyətini milyonlarla insan çəkir. Bu münaqişədə 30 mindən artıq insan dünyasını dəyişib. Nə qədər insan isə əlil olub. Hesab edirəm ki, bu məsələyə ciddi şəkildə baxılmalı və konkret fikir söylənilməlidir.
- Son olaraq Leyla Yunusun hərəkətlərinə və onun Azərbaycan polisinin papağını yerə atmasına nə ad verilə bilər?
- Bütün dünya, cəmiyyət və Azərbaycan xalqı gördü ki, Leyla Yunus nə qədər provakator insandır! Yəni, bu insanın hər bir addımı provakasiyaya hesablanıb. İnsan müəyyən yaşa çatdıqca öz millətinə və xalqına daha yaxın olur. Leyla Yunusun həmin hərəkətləri isə klassik erməni hərəkətləri idi ki, insanlar da bunun şahidi oldu. Heç bir Azərbaycan qadını kimliyindən asılı olmayaraq, (canında, qanında azərbaycanlı, türk qanı olan hər hansı bir qadın) ömür boyu o cür hərəkət etməzdi. Bu insanın erməni xisləti, erməniliyi isə orada bir daha göründü. İkincisi, sən özünə hüquq müdafiəçisi deyirsən, amma özün dövlət nümayəndəsinin hüquqlarını pozaraq onu təhqir edirsən. Hesab edirəm ki, hüquq-mühafizə orqanları və həmin təhqirə məruz qalmış polis işçisi bununla bağlı məhkəməyə müraciət etməlidir. Çünki həmin polis işçisi vəzifə borcunu yerinə yetirdiyi anda Leyla Yunus tərəfindən təhqir olunub. Bu, çox ciddi məsələdir.
Hətta Amerika Birləşmiş Ştatlarının vətəndaşının qolundan tutanda belə həmin insan səni məhkəməyə verə bilər. ABŞ-da polisə əl hərəkəti edilsə, güllələnmək an məsələsidir. Leyla Yunus ciddi-cəhdlə çalışırdı ki, buna qarşı hər hansı bir təxribat olsun. Mən dəfələrlə mitinqləri, nümayişləri izləmişəm. Bu insanlar mitinqlər zamanı qəsdən gəlib hüquq-mühafizə orqanlarının önündə dayanaraq, onları və ailəsini təhqiramiz şəkildə söyürlər. Beləcə, onlar həmin polis işçisini o həddə çatdırırlar ki, o özündən çıxsın və bunlara qarşı təxribat törətsin. Bundan da onlar istifadə etsinlər, şəkillər çəkib bütün dünyaya yaysınlar ki, Azərbaycanda polis vətəndaşa qarşı bu cür hərəkətlərə yol verir. Leyla Yunusun Azərbaycan dili ilə bağlı, eləcə də Azərbaycanın ünvanına dediyi sözlər bütün azərbaycanlılara təhqir idi.

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30