Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Riçard Morninqstarın səsləndirdiyi fikirlər Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir

Riçard Morninqstarın səsləndirdiyi fikirlər Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir

20.05.2014 [09:06]

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun yerli KİV-ə müsahibəsi
- Novruz müəllim, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan reallığını əks etdirməyən, ölkələr arasındakı tərəfdaşlıq münasibətlərinin mahiyyətinə uyğun olmayan qərəzli fikirlər səsləndirib. Bu barədə düşüncələrinizi bilmək istərdik.
- Təəssüflə qeyd etmək istəyirəm ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir. Əslində bu, hamı üçün aydındır. ABŞ və ya digər bir dövlətin səfirinin başqa bir ölkənin daxili işlərinə qarışmaq hüququ yoxdur. Belə bir mövqe Azərbaycan üçün qəbuledilməzdir. Eyni zamanda, ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil. Səfirin bu addımı Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələrinin kobud şəkildə pozulması deməkdir.
Səfir öz fikrini deyə bilər, amma bizə dərs keçə bilməz. Səfir bizim üçün mentorluq edə bilməz. O, gəlib Azərbaycandakı prosesləri təhlil edib, “bu işi belə görün” deyə bilməz. Bu mənada, ABŞ səfirinin bu cür tonunu biz qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə, o cümlədən ABŞ-la da bərabərhüquqlu, qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətləri qəbul edir.
- Riçard Morninqstar Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ehtimalı ilə bağlı müəyyən fikirlər söyləyib...
- Hamı çox yaxşı bilir ki, Ukrayna hadisələrini yaradan məhz ABŞ-dır. Dünya mətbuatında bu məsələ barədə bir çox yazılar dərc edildi. Sadəcə olaraq qeyd etmək istəyirəm ki, 2013-cü ildə Azərbaycanda da bəzi müxalifətçi gənclərin istifadə etmək istədikləri “Molotov kokteyli”ləri ABŞ-ın dəstəyi ilə hazırlanıb. Bununla bağlı kifayət qədər faktlar mövcudur. Azərbaycanda “Maydan hərəkatı”nın reallaşması üçün dəfələrlə bir sıra cəhdlərin edilməsinə baxmayaraq, onların hamısı uğursuzluqla nəticələnib. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur və uğurlu daxili, xarici siyasət həyata keçirilir.
- Səfir müsahibəsində, həmçinin, Azərbaycanın Rusiya və İranla münasibətləri barədə bəzi fikirlər səsləndirib. Bu barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, ABŞ səfirinin bu müsahibədə söylədiyi fikirlərdə Azərbaycanın qonşu ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərinə kölgə salmaq niyyəti müşahidə olunur. Təbii ki, bu, qəbuledilməzdir. Əslində, ABŞ tərəfindən belə cəhdlər dəfələrlə olub. Ümumiyyətlə, Qərbdə bu cür hallar çox tez-tez müşahidə olunur. Biz bu halları qəbul edə bilmərik. Bizim qonşu ölkələrlə münasibətlərimiz, sözün həqiqi mənasında, yüksək səviyyədədir. Qonşu ölkələr Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirirlər.
- Ümumiyyətlə, R.Morninqstarın Azərbaycana qarşı bu cür qərəzli və manipulyasiya xarakterli fikirlər səsləndirməsinin əsasında hansı faktorlar durur?
- Azərbaycan müstəqil xarici siyasət kursu həyata keçirir. Dövlətimiz müstəqillik dövründə - 20 ildən artıq bir müddətdə bütün imkanlarını öz xalqının, ölkəsinin inkişafına yönəldib. Bu nöqteyi-nəzərdən, bu gün Azərbaycan səmərəli daxili və xarici siyasət sayəsində güclü bir dövlətə çevrilib və regionun lideridir. Bu gün bu regionda və bölgədən daha geniş hüdudlarda cərəyan edən proseslər hamısı ölkəmizin çox fəal iştirakı ilə baş tutur. Görünən odur ki, Azərbaycanın üstün nüfuza, güclü mövqeyə malik olması və müstəqil xarici siyasət kursu həyata keçirməsi bəzi dairələri narahat edir. Bu yanaşma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də özünü göstərir. Buna baxmayaraq, əminliklə söyləyə bilərik ki, bu münaqişənin həlli prosesində Ermənistan Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək.
Qeyd etmək istəyirəm ki, bu gün dünyanın 10-dan çox ölkəsində güclü qarşıdurmalar, münaqişə və müharibələr gedir. Hələ indiyədək bu ölkələrin heç birində normal nəticələr əldə edilməyib. Bəs bu, nə deməkdir? Bu, onun göstəricisidir ki, Asiyada, Afrikada və digər bölgələrdə bir çox hallarda isə böyük dövlətlər istədiklərini edirlər. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gələndə onlar deyirlər ki, öz probleminizi özünüz həll edin və biz sizinlə razılaşacağıq. Bu, ikili standart nümunəsidir. Təbii ki, bu, bizim tərəfimizdən heç cür qəbul edilə bilməz.
- Morninqstarın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səsləndirdiyi fikirlər haqqında da düşüncələrinizi bilmək istərdik...
- ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq 20 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik edir. Görəsən, bu günə kimi ABŞ münaqişənin həlli ilə bağlı hansı uğurlu addım atıb? Şübhəsiz, indiyədək heç bir addım atılmayıb. Nə ABŞ səfiri, nə də amerikalı həmsədr bir dəfə də olsun bu münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalətli həll olunması fikrini deməyib. Amma ABŞ prezidenti Barak Obama bu ilin mart ayında başqa bir məsələ ilə əlaqədar çıxışlarının birində dəfələrlə “beynəlxalq hüququ pozmaq olmaz və beynəlxalq hüquqa riayət etmək lazımdır” kimi fikirlər ifadə etdi. Baxın, bu, bizim üçün anlaşılmazdır.
Digər tərəfdən, Ermənistan işğalçı bir dövlətdir, amma hazırda Ermənistanı dəstəkləyən dövlətlərdən biri də məhz ABŞ-dır. Hər il ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”na yardım edir. Məlumata görə, bu illər ərzində separatçı quruma yardım 2 milyard dollardan çox olub. 2009-cu ildə ABŞ-ın təşəbbüsü ilə İsveçrə Ermənistanla Türkiyə arasında gizli danışıqlar apardı. İlk dəfə onlar 6 dövlətin xarici işlər nazirini münaqişənin həlli ilə bağlı bir yerə topladılar. Bəs bu addım nə idi? Birincisi bu, Ermənistana yardım göstərməyə və guya ki, işğalçı ölkəni Rusiyanın təsiri altından çıxararaq Qərbin təsirinə salmağa hesablanmışdı. Bu, digər tərəfdən, Azərbaycanla Türkiyə arasında ziddiyyət yaratmaq cəhdi idi. Ötən il isə yenidən gizli danışıqların aparılması üçün belə bir cəhd irəli sürüldü. Onlar o qədər qərəzli mövqe ortaya qoyurlar ki, təbii ki, bunların heç biri həyata keçə bilməz.
Onu da deyim ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fikirləri ilə Riçard Morninqstarın fikirləri üst-üstə düşür. Təbii ki, bu məsələlər heç də onların fikirləşdiyi kimi deyil. Bu gün birmənalı olaraq işğalçı Ermənistana təzyiq göstərilməlidir.
- Səfir Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının vəziyyətini qənaətbəxş hesab etməyib...
- Demokratiya və insan hüquqları Azərbaycan üçün çox yüksək dəyərdir. Bu gün ABŞ-ın özü işğalçı dövləti dəstəkləyir və separatçı quruma yardım edir. Azərbaycanın bu işğal nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünü var. Bu gün onlar bütün hüquqlarından məhrum olublar. Bununla bağlı ABŞ heç bir bəyanat verməyib. Amma məişət səviyyəsində kiçik bir hüquq pozuntusunu şişirdərək demokratiya və insan hüquqları məsələsi ilə əlaqələndirirlər. Biz bunu qəbul etmirik.
- Bəs Morninqstarın korrupsiya məsələsi ilə bağlı fikirləri barədə nə demək olar?
- Ümumiyyətlə, bu gün dünyada korrupsiya ilə bağlı olan vəziyyət hamıya məlumdur. ABŞ başda olmaqla heç bir ölkə ideal deyil. Korrupsiya halları dünyanın hər yerində var, o cümlədən ABŞ-da. Azərbaycanda korrupsiyanın bünövrəsini eks-spiker Rəsul Quliyev qoyub. Həmin R.Quliyev 20 ildən artıqdır ki, ABŞ-da yaşayır və həmin ölkə tərəfindən himayə olunur. Eyni zamanda, ABŞ-ın özündə ayda bir dəfə bu və ya digər senator, konqresmen, məmur korrupsiya əməllərində ittiham olunur. Niyə səfir öz müsahibəsində bunlardan danışmır, ona öz münasibətini bildirmir? Niyə beynəlxalq QHT-lər, xüsusilə də Azərbaycanı hər addımbaşı tənqid edən, ona böhtanlar yağdıran xarici təşkilatlar bu barədə öz rəylərini bildirmirlər?
Nəticə etibarilə, Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin təmin olunduğu ölkələrdəndir. Görünür, bu, bəzi dairələri ciddi narahat edir, ona görə də bu cür əsassız fikirlər səsləndirilir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 945 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30