Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Seymur Orucov: Xədicə İsmayılova jurnalistdir deyə cinayət əməlinə göz yumulmalıdır?

Seymur Orucov: Xədicə İsmayılova jurnalistdir deyə cinayət əməlinə göz yumulmalıdır?

10.12.2014 [10:08]

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucovun SƏS TV-yə müsahibəsi:
- Seymur müəllim, bu il dekabrın 12-i Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümüdür. Ötən 11 il ərzində ölkəmizdə baş verənlər haqqında nələri söyləmək olar?
- Nə qədər acı olsa da, bu, bir reallıqdır ki, artıq Ümummilli lider Heydər Əliyev cismən bizimlə deyil. Biz artıq 11 illik zamanı geridə qoymuşuq. Ümumiyyətlə, Ulu öndərin Azərbaycanın çiçəklənməsində, azərbaycançılıq məfkurəsinin meydana gəlməsində, bizim bir dövlət, millət kimi formalaşmağımızda böyük xidmətləri olub. Bu, tək bizim müstəqillik dövrümüzə təsadüf etməyib. Biz 1969-1982-ci illərdə Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi tarixi dövrə nəzər salsaq, görərik ki, həqiqətən də, Ulu öndər Heydər Əliyev bu günü - gələcəyi görən lider olub. Həmin dövrlərdə Azərbaycanın iqtisadiyyatı, texnologiyanın tətbiqi çox aşağı səviyyədə idi, sənaye ilə bağlı heç bir iş həyata keçirilmirdi, eləcə də quruculuq işləri çox aşağı templə davam edirdi. Ümumiyyətlə, 1969-cu ilə qədər Azərbaycanın vəziyyəti, hətta SSRİ rəhbərliyini belə qane etmirdi. Bütün bunlarla yanaşı, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində də ciddi problemlər var idi.
Ümummilli liderimiz 1969-1982-ci illər ərzində respublikaya rəhbərlik etdiyi dövrdə ölkənin inkişafına xidmət edən bir çox islahatlar həyata keçirdi. Artıq bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Xaricdə Təhsil üzrə Dövlət Proqramını həyata keçiririk. Təbii ki, bunun əsas təməli 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı olub. Bizim xalq şairlərimizə, o vaxtki incəsənət adamlarına SSRİ-nin ən ali mükafatlarının verilməsinin başlanğıcı 1969-1982-ci illərdə qoyulub. Bununla belə, hərbi sənayemizin yaradılması, milli hərbi kadrlarımızın yetişdirilməsi kimi vacib məsələlər məhz o vaxtlara təsadüf edir.
Eyni zamanda, 1993-2003-cü illərə nəzər salsaq, görərik ki, həqiqətən də, Ümummilli lider müstəqil dövlət quruculuğu istiqamətində, həmçinin, ölkəmizin bütün sahələrdəki tənəzzülündən tərəqqiyə doğru inkişafını təmin etmək yönündə misilsiz işlər görüb.
2003-cü ilə qədər Azərbaycanın hazırki inkişafının möhkəm təməli qoyuldu. Bu gün artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, suverenliyini bəyan edən və heç bir dövlətdən asılı olmayaraq dünya iqtisadiyyatına inteqrasiya edən, xarici, daxili siyasətini uğurla davam etdirən müstəqil ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirməsi Azərbaycana yeni nailiyyətlər bəxş edib.
Bu gün Azərbaycan gəncliyi inkişaf etmiş təbəqəyə çevrilib. Azərbaycan gəncliyi dövləti beynəlxalq arenada uğurla təmsil edir. YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri inkişaf edərək öz coğrafi miqyasını genişləndirib. Biz hər il Ümummilli lider Heydər Əliyevin ideyaları ilə bağlı müxtəlif tədbirlər həyata keçiririk. Bütövlükdə, Azərbaycan gəncliyi Ulu öndərin ideyaları əsasında öz fəaliyyətini davam etdirir, fəaliyyətinin hər məqamında bu ideyaları əsas götürür. Biz gələcək nəsillərə də bunu aşılamalıyıq.
- Avropa Parlamentinin prezidenti Martin Şults noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında Azərbaycana qarşı qərəzli mövqe sərgilədi və Leyla Yunusovaya bəraət qazandırdı. Sizin buna münasibətiniz necədir?
- Avropa Birliyi (AB) bir çox məsələlərlə bağlı bəyanatlar verəndə, guya ki, demokratiyanı, insanların hüquq və azadlıqlarının bərabərliyini əsas götürür. Əslində, bunların hamısı aysberqin görünən tərəfləridir. Avropa Birliyi gerçəklikləri gözardı edərək, sadəcə olaraq mənasız bəyanatlar verməklə məşğuldur. Avropa Parlamentinin prezidenti Martin Şults tərəfindən Leyla Yunusovanın məsələsinin qeyri-obyektiv şəkildə Azərbaycana qarşı istifadə edilməsinin özü belə bu qurumun acizliyindən, qərəzliliyindən xəbər verir. Onların Azərbaycanda verdikləri bəyanatlarla Avropada verdikləri bəyanat arasında çox fərq var. Azərbaycanın AB-yə verdiyi və verəcəyi töhfələri nəinki digər dövlətlər, heç Şərqi Avropa dövlətlərinin bir çoxu verə bilməz.
AB elə dünyada baş verən bütün bəlaların başında dayanır. Məgər, dünyada müstəmləkə siyasətini həyata keçirən avropalılar olmayıb? Bu gün Afrikanın bir çox dövlətlərinin ərazisindəki torpaq sahələri, çay plantasiyaları onların nəzarəti altındadır.
Təbii ki, bunların hamısı Avropanın, AB-nin aparmış olduğu qərəzli siyasətin məntiqi nəticələridir. Demokratiya onlar üçün bir vasitədir. Onlar nəzərə alsınlar ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmiz qanunlarla idarə olunur.
- Sizcə, Xədicə İsmayılovanın bir insanı öldürmə halına çatdırmasına nə ad vermək olar?
- Ümumiyyətlə, Xədicə İsmayılova jurnalist fəaliyyəti göstərməklə yanaşı, həm də Azərbaycan vətəndaşıdır. Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan minlərlə insan var. Xədicə İsmayılova kimdir ki, onun jurnalist fəaliyyəti qanunların tələbinin qarşısında dayansın? Bu şəxs mədəni surətdə istəyir ki, mətbuat sahəsində özünü qanuni oğru elan etsin və bu ad altında da istədiyi hər şeyi həyata keçirə bilsin. Xədicə İsmayılovanın insanları şantaj etməklə onları ölüm dərəcəsinə çatdırması və yaxud kimisə işdən çıxarmaqla təhdid etməsi bu şəxsin həyata keçirdiyi işləri göstərir. İndi belə çıxır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Xədicə İsmayılova jurnalistdir deyə onun cinayət əməlinə göz yummalıdır? Bu məsələnin heç bir siyasi tərkibi yoxdur. Bu, sadəcə olaraq cinayət xarakterli məsələdir. Xədicə İsmayılova etdiyi əməlləri istintaqdan, hüquq-mühafizə orqanlarından da yaxşı bilir.
Azərbaycan dövləti, hüquq-mühafizə orqanları tək Xədicə İsmayılova ilə bağlı şikayətlərə deyil, eləcə də, bir çox məsələlərə yerində və anında cavab verir. Onlar, sadəcə olaraq, bunu Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edirlər. Amma bunun da heç bir əhəmiyyəti olmayacaq. İstintaqın işinə bizim heç bir müdaxiləmiz ola bilməz. Bununla bağlı Avropa Birliyi, bir çox QHT-lər münasibət bildirirlər. Guya ki, onlar haqq-ədalət carçıları olublar.
QHT-lərə belə bir sual ünvanlayardım: axı necə olur ki, Bosniya və Serbiya arasındakı münaqişədə 10 minlərlə insanı qətlə yetirdilər, bununla bağlı NATO dəfələrlə iclas keçirdi, amma bir qərar çıxara bilmədi. Lakin onlar Liviyanı bombalamaq üçün 45 dəqiqə ərzində qərar çıxardılar. Bəs haradadır bunların ədaləti? QHT-lər Suriyadakı, İraqdakı, Afrikadakı insanların kütləvi surətdə pozulan haqlarını müdafiə etsinlər. Bu gün elə ABŞ-ın özündə insanlara qarşı çoxsaylı zorakılıq halları baş verir. Dövlətin ictimai asayişə zidd olan və müxtəlif xarakterli qanun pozuntularına qarşı müvafiq tədbirlər görməsi təbii və qanunauyğundur.
- Roma Papası Fransiskin “Ermənistan-Türkiyə sərhədləri açılmalıdır” istəyinə münasibətiniz necədir? Ümumiyyətlə, onun bu dediklərinin arxasında nələr dayanır?
- Təbii ki, mənim bu fikrə münasibətim olduqca mənfidir. Çünki din insanların mənəviyyatına təsir edən bir vasitə, onların yaşam tərzidir. Bunu siyasətə, dövlətə, radikalizmə və müəyyən maraqlara alət etmək qəbuledilməzdir. Roma Papası dini ayinlərlə məşğul olmalıdır və dinə sitayiş edən insanların mənəvi qidasını təşkil etməlidir. O, sülhdən, ədalətdən danışmalıdır. Təbii ki, onlar göstərişdə bu işləri edirlər. Əgər insanlıqdan, bərabərlikdən danışırıqsa, niyə Xocalı soyqırımı, eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər faciələr barədə heç bir açıqlama və ya bəyanat verilmir? Amma bütün bunlardan yan keçərək “Ermənistan-Türkiyə sərhədləri açılsın” deyilməsi absurddur. Bu, Roma Papasının özünə olan hörməti və münasibətini əks etdirir.
Bu gün Azərbaycanın Vatikanla çox yaxşı münasibətləri var. Həmçinin, Türkiyə - Azərbaycan və Vatikan - Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu məsələyə gəldikdə isə demək istəyirəm ki, Azərbaycan müharibə istəmir, problemin sülh yolu ilə həlli tərəfdarıdır. Biz, sadəcə, Ermənistan tərəfinə deyirik ki, Azərbaycan torpaqlarını qaytarın və beləcə, işğalçı ölkə ilə də sərhədlər açılsın.
- Son olaraq, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin qarşıdakı planları nədən ibarətdir?
- Bu yaxınlarda YAP Gənclər Birliyinin Ofisində bir çox layihələr həyata keçiriləcək. Bu gün bizim üçün ən vacib məsələ dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar gənclərimizin təbliğat-təşviqat işində aktiv iştirakıdır. Bununla belə, biz yeni illə bağlı tədbirlər keçirəcəyik və 2 fevral - Gənclər Günü ilə əlaqədar gələcəkdə illik hesabatlarımızı hazırlayacağıq. Artıq 2015-ci ildə regionlarla əlaqələrin intensivləşdirilməsi istiqamətində çox ciddi layihələr nəzərdə tutmuşuq. Biz çalışırıq ki, maksimum dərəcədə diqqətimizi regionlara yönəldək. Çünki paytaxt Bakıda artıq kifayət qədər aktivlik qurulub və tədbirlər həyata keçirilir. Biz 2015-ci ildə böyük beynəlxalq tədbir keçirməyi planlaşdırırıq. Əməkdaşlıq etdiyimiz Avropa dövlətlərindən, Asiyanın bir çox iqtidar partiyalarından, beynəlxalq gənclər təşkilatlarından nümayəndələri Bakıya dəvət edəcəyik. Beləcə, 2015-ci ilin birinci rübü ərzində Azərbaycanda gənc siyasətçilərlə bağlı böyük tədbirin keçirilməsini nəzərdə tutmuşuq. Eləcə də biz bu ilin sonuna kimi planlaşdırırıq ki, dil kursları ilə bağlı ikinci mərhələyə start verək. Hazırda gənclərin müəyyən dil biliyi səviyyələrinə görə onların qruplaşdırılması prosesi gedir. Bu işi müəllimlər həyata keçirirlər. Təbii ki, rus dili kurslarının da fəaliyyətinə bu ilin sonundan başlayacağıq və 6 ay müddətində davam etdiriləcək.
YAP GB-nin Ofisinə gündəlik olaraq könüllü gənclər gəlirlər. Bəzən elə olur ki, biz onları Ofisimizdə yerləşdirmək problemi ilə qarşılaşırıq. Sevindirici haldır ki, həm paytaxtda, həm də digər rayon təşkilatlarımızda ciddi irəliləyişlər var. Artıq rayon təşkilatları gənclərin evinə çevrilib. Biz hər zaman deyirik ki, partiya rəhbərliyi tərəfindən YAP Gənclər Birliyinin rayon təşkilatlarında formalaşdırılmış şərait bir növ gənclər üçün yaradılıb. Gəınclərimizin Azərbaycan Gənclər Fonduna təqdim etdiyi layihələr müsbət dəyərləndirilir. Artıq 2015-ci ildən layihələrimizə start verəcəyik.

Paylaş:
Baxılıb: 863 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30