/ / Partiyamız seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə gedir və biz bundan sonra da hədəflərimizə nail olacağıq
Partiyamız seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə gedir və biz bundan sonra da hədəflərimizə nail olacağıq
19.10.2015 [10:18]
Milli Məclisin deputatlığına namizəd, parlamentin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:
- Eldar müəllim, ölkəmizdə seçki marafonu davam edir. Parlament seçkilərində Yeni Azərbaycan Partiyası ilə yanaşı digər partiyaların nümayəndələri də siyasi mübarizə aparırlar. Bu baxımdan, qüvvələr balansını necə qiymətləndirirsiniz?
- İlk növbədə, mən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə bu seçkilərdə mənə etimad göstərib namizədliyimi irəli sürdüyü üçün dərin təşəkkürümü bildirirəm və bundan qürur duyuram. Əgər yenidən Milli Məclisin deputatı seçilərəmsə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacam.
Sualınıza gəlincə, təbii ki, parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır. YAP-ın yaradılması prosesində iştirak edən şəxs kimi deyə bilərəm ki, partiyamız ötən dövrdə zəngin inkişaf yolu keçərək indiki yüksək səviyyəyə gəlib çatıb. Bu gün partiyamız nəinki ölkəmizdə, həm də dünyada nüfuzlu siyasi təşkilat kimi qəbul olunur. Çünki YAP Avropanın və Asiyanın bir çox partiyaları ilə fəal əməkdaşlıq edir. Öz gücünü Ulu öndər Heydər Əliyevin ideyalarından alan partiyamız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara, qələbələrə imza atır. Mən əminəm ki, noyabrın 1-də keçiriləcək seçkilərdə partiyamız inamlı qələbə qazanacaq və xalqımız bir daha partiyamıza böyük etimad göstərəcək. Partiyamız seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə gedir və biz bundan sonra da hədəflərimizə nail olacağıq.
Seçkilərdə iştirak edən digər partiyaların nümayəndələrinin şanslarına gəlincə, demokratik dövlətdə yaşayırıq və hər kəs qanun çərçivəsində seçkilərdə iştirak edərək siyasi mübarizəyə qoşula bilər. Ölkəmizdə seçkilərdə iştirak edən bütün tərəflərə bərabər imkanlar yaradılıb. Qeyd etdiyiniz kimi bir sıra partiyaların nümayəndələri də seçkilərə qoşulub. Amma buna baxmayaraq, hesab edirəm ki, ölkəmizdə YAP-la rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Digər partiyalar YAP-la müqayisədə çox zəifdirlər və onların seçkilərdə elə də yüksək şansları yoxdur. Bu sözlərimə görə rəqiblərimiz məndən inciməsinlər, çünki reallığı deyirəm.
- Siz Milli Məclisdə Naxçıvan şəhərini təmsil edirsiniz. Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Bu, həm də sizin həmin insanlar qarşısında hesabatınız da sayıla bilər. Seçicilərin parlament təmsilçisi olaraq Sizə münasibəti necədir?
- Oktyabrın 9-dan parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi başlayıb və mən də deputatlığa namizəd olaraq 4 saylı Naxçıvan Seçki Dairəsi üzrə seçicilərimlə görüşlər keçirirəm. Bu görüşlərdə Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar, Naxçıvan Muxtar Respublikasının inkişafı haqqında fikirlərimi bildirirəm, eləcə də YAP-ın uğurları haqda fikirlərimi çatdırıram. Bunları ona görə edirəm ki, insanlar Azərbaycanda həyata keçirilən siyasətlə tanış olsunlar. Onlar bütün bu məlumatları əldə etdikcə, bir daha əmin olurlar ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Eyni zamanda, bu insanları Milli Məclisdə təmsil etmiş deputat olaraq parlamentdə, ATƏT və digər beynəlxalq qurumlarda gördüyüm işlər haqqında hesabat verirəm.
Ümumiyyətlə, millət vəkili olaraq həmişə çalışmışam ki, seçicilərimin etimadını doğruldum. Təbii ki, ötən beş il ərzində seçicilərimlə dəfələrlə görüşmüşəm, Milli Məclisdə onları qəbul etmişəm və müraciətlər almışam. Çalışmışam ki, bu müraciətlərin heç biri cavabsız qalmasın və onların müsbət həllinə köməyim dəysin. Doğrudur, bu gün Naxçıvanda elə də problem yoxdur və muxtar respublikanın rəhbərliyi tərəfindən bütün məsələlər həll olunur. Buna baxmayaraq, mənə edilən müraciətləri həll etməyə çalışmışam.
Bilirsiniz ki, mən köklü olaraq naxçıvanlıyam və uzun müddət orada yüksək vəzifələrdə çalışmışam. Ona görə də insanlar məni yaxşı tanıyırlar. Üçüncü dəfədir ki, bu dairədən parlament seçkilərinə qoşuluram. Görüşlərim zamanı təbii ki, insanlar da müxtəlif məsələlər haqqında öz fikirlərini bildirirlər və mənim borcumdur ki, seçicilərimin qarşımda qaldırdığı məsələləri həll etməyə çalışım.
- Eldar müəllim, bu gün ölkəmiz hərtərəfli inkişaf edir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Naxçıvan MR blokada şəraitində yaşayır. Biz yalnız hava nəqliyyatı ilə əlaqələr qura bilirik. Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika ilə birbaşa əlaqə yoxdur. Amma buna baxmayaraq bu gün Naxçıvan sürətlə inkişaf edir. Səmimi demək istəyirəm ki, Naxçıvan heç vaxt bugünkü qədər gözəl olmayıb. Bu uğurun əldə edilməsi şübhəsiz ki, ilk növbədə hörmətli Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir. Eyni zamanda, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun apardığı ardıcıl və məqsədyönlü işlərin sayəsində bu gün Naxçıvanda böyük əmin-amanlıq, sabitlik və iqtisadi inkişaf var.
Mən bütün bunları naxçıvanlı olduğum üçün demirəm. Bu bölgəyə gedib gələn insanlar da Naxçıvandakı əzəmətli inkişafın şahididirlər. Həqiqətən, Naxçıvanda abadlıq, quruculuq işləri və dinamik sosial-iqtisadi inkişaf böyük vüsət alıb. Həm kənd təsərrüfatı inkişaf edir, eləcə də yeni sənaye müəssisələri açılır və s. Bir sözlə, Naxçıvan gündən-günə inkişaf edir. Bu inkişaf əhalinin rifahında da özünü göstərir. Naxçıvan Azərbaycanın qədim diyarıdır. Bu gün blokada şəraitində olan Naxçıvana hamı diqqət göstərməlidir və onun inkişafına öz töhfəsini verməlidir. Bu inkişaf prosesində millət vəkili olaraq mən də məsuliyyət daşıyıram. Hər il Milli Məclisdə dövlət büdcəsi müzakirə olunarkən Naxçıvan MR-in xüsusi diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edirəm. Çünki, blokada şəraitində olan bu bölgəyə lazımi diqqət və qayğı göstərilməsə, biz böyük problemlərlə üzləşə bilərik.
- Siz Milli Məclisin Aqrar siyasət komitəsinin sədrisiniz. Komitə ötən beş il ərzində qarşısında dayanan vəzifələri hansı səviyyədə yerinə yetirib?
- Milli Məclisin Aqrar siyasət komitəsinin deputatları qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək ötən beş il ərzində kənd təsərrüfatının inkişafına xidmət edən bir neçə qanun layihəsi hazırlayıb müzakirəyə təqdim etmişlər. Bunların sırasına “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Yaşıllıqlar haqqında”, habelə “Balıqçılıq haqqında” Qanuna əsaslı dəyişiklikləri təsbit edən qanun layihələrini göstərmək olar. Bundan əlavə, parlamentdə aqrar sahəyə aid bir çox qanunlara əlavə və dəyişikliklər edilib. Bunlardan kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin 2018-ci ilin sonuna kimi uzadılması haqqında Vergi Məcəlləsinə, kənd təsərrüfatı təyinatlı torpaqların özbaşına zəbt olunması hallarının qarşısını almaq üçün İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən önəmli dəyişiklikləri göstərmək olar. Eyni zamanda, Torpaq Məcəlləsi, Su Məcəlləsi, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Yeyinti məhsulları haqqında” və digər aqrar sahə qanunlarına əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir. Eləcə də komitəmizdə və parlamentdə bu sahəyə aid bir sıra beynəlxalq sazişlər də müzakirə olunaraq qəbul edilib.
Komitəmizin üzvləri hər il dövlət büdcəsinə aid qanun layihəsinin müzakirəsində fəal iştirak edir və kənd təsərrüfatına büdcədən daha çox vəsait ayrılması barədə təkliflər verir və hökumətin aqrar bölməyə diqqət və qayğısını dəstəkləyirlər.
Onu da qeyd etmək lazımdır ki, dünyanın ən qlobal problemlərindən olan ərzaq təhlükəsizliyinin təmin olunması və bu problemin həllində kənd təsərrüfatının mühüm rolu hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Bu sahəni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqaməti adlandıran möhtərəm Prezidentimiz 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etmiş, aqrar sahənin inkişafına yönəlmiş çoxsaylı Fərman və Sərəncamlar imzalamışdır. Bütün bunlar ölkəmizdə aqrar sahənin və kənd təsərrüfatında çalışan insanların, habelə kənd ərazilərinin dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu sübut edir. Komitəmizin üzvləri də bu münasibəti yüksək qiymətləndirərək öz işlərini daha yaxşı qurmağa çalışırlar. Hesab edirəm ki, ötən beş il ərzində komitəmiz üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə bilib.
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Güclü iqtisadiyyatımız var. Qeyri-neft sektorunun büdcədə çəkisi artır, bütün sosial layihələr həyata keçirilir. 2016-cı ilin büdcəsində də qeyri-neft sektorunun payı yüksəkdir. Dövlət büdcəsində aqrar sahəyə də böyük diqqət göstərilir. Bu sahənin inkişafı ilə bağlı ürəkaçan faktlar var. Belə ki, hər hektardan 30,5 sentner taxıl istehsal olunub. Biz ilk dəfədir ki, belə göstərici əldə edirik. Hazırda bir sıra böyük təsərrüfatlar yaranıb ki, həmin təsərrüfatlarda Azərbaycan tarixində görünməyən nəticələr, yəni hər hektardan 55-60 sentner taxıl, hər inəkdən 6000-7000 litr süd əldə olunur. Bu da Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticələridir. Bütün bunlar inkişafımızın gündən-günə artmasının göstəricisidir.
- Eldar müəllim, Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əlaqələrlə bağlıdır. Bu baxımdan, ötən beş il ərzində gördüyünüz işlər haqqında məlumat verməyinizi xahiş edirik...
- Təbii ki, millət vəkili olaraq parlament çərçivəsində müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirik. Mən Milli Məclisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvüyəm. Deyə bilərəm ki, bəlkə də nümayəndə heyətləri arasında ən fəal qrup Azərbaycan nümayəndə heyətidir. Çünki bizim torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Biz nümayəndə heyəti olaraq qurumun sessiyasının həm plenar iclaslarında, həm də komitələrində öz mövqeyimizi ortaya qoyuruq. Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat və İnsan hüquqları komitələrində millət vəkillərimiz təmsil olunur və komitələrin iclaslarında da hər zaman Ermənistanın işğalçılıq siyasətini gündəmə gətiririk.
Amma çox zaman bizə deyirlər ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma bu qurumun işi hamının gözü qarşısındadır. Mən Minsk qrupunu həmişə tənqid etmişəm. Bu təşkilat 1992-ci ildən yaranıb, amma 23 ildə heç bir irəliləyiş olmayıb, yerlərində sayırlar. Həmsədrlər həmişə deyirlər ki, Azərbaycan və Ermənistan tərəfi razılaşsınlar, biz onları dəstəkləyirik. Sual olunur, əgər tərəflərin özləri razılığa gələcəklərsə, onda siz nəyə lazımsınız? Əslində, həmsədr dövlətlər istəsəydilər bu münaqişəni çoxdan həll edə bilərdilər. Çünki həmsədrlər dünyanın üç böyük dövlətləridir - ABŞ, Fransa və Rusiya dünya siyasətinə təsir gücünə malikdir. Konkret deməlidirlər ki, bu münaqişədə işğalçı və işğala məruz qalan kimdir? Kimin mövqeyi ədalətlidir?
Bir sözlə, Minsk qrupunun fəaliyyəti çox zəifdir. Onlar ancaq görüşlər təşkil etməyə çalışırlar və turist kimi bölgəyə gəlib-gedirlər. Bilirsiniz, bəzən ədalətsiz dünyada ədalət axtarırıq. Bu gün ədalət gücdədir və gücümüzü toplayıb torpaqlarımızı işğaldan azad etməliyik. Buna doğru da gedirik. Azərbaycanın çox güclü ordusu var və torpaqlarımızı işğaldan azad etməyə qadirik. Buna baxmayaraq biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Lakin nə vaxt ki danışıqlar prosesində sülhə ümidlər yaranır, o zaman Ermənistan tərəfi təxribatlar törədir. Amma gec-tez bütün bunların axırı olacaq. Çünki Azərbaycanın da səbrinin həddi var. Ermənilər bunu nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar.
Milli Məclis çərçivəsində beynəlxalq fəaliyyətin bir istiqaməti parlamentlərarası dostluq qruplarıdır. Mən təxminən 10 il Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun rəhbəri olmuşam. Və qrup çərçivəsində hər iki ölkənin parlamentləri arasında əlaqələrin gücləndirilməsi üçün xeyli işlər görülüb. Hər iki tərəfdən qarşılıqlı səfərlər olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kəşmirdə tikilən qızlar məktəbinin açılışında iştirak etmişəm. Bilirsiniz ki, Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən biridir və işğalçı Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bu gün bu dövlətlə münasibətlərimiz yüksək səviyyədədir.
Hazırda isə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Ümumiyyətlə, Milli Məclisin sədri cənab Oqtay Əsədov dostluq qruplarının fəaliyyətinə böyük diqqət yetirir. Çünki dövlətlərlə ikitərəfli münasibətlərin inkişafında dostluq qruplarının özünəməxsus rolu var. Və qrupların bu yöndəki fəaliyyəti çox təqdirəlayiqdir.
Parlamentimiz beynəlxalq təşkilatlarla da sıx əlaqə yaradır. Deputatlarımız Avropa Şurası, ATƏT, NATO və digər parlament assambleyalarında fəal iştirak edir və Azərbaycanın haqq səsini çatdırır, ölkəmizin mənafeyini müdafiə edirlər.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

