Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Qızımın üzünə utanmadan baxıram

Qızımın üzünə utanmadan baxıram

20.10.2021 [11:16]

İçimdə utanc qalmışdı...

Şeyx Marko “Yeni Azərbaycan”a etiraf edir

II Dünya Müharibəsi Azərbaycana Mixaylo kimi bir qəhrəman bəxş etdi, 44 günlük Vətən Müharibəmiz də Şeyx Markonu. Bu iki qəhrəmanı müqayisə etməyimin səbəbi var, çünki ortaq yönləri çoxdur.

 O, cəbhədə dastanlar yazmış qəhrəmandır. Müsahibim xüsusi təyinatlı komandir, mayor Mahir Rzayevdir. İtaliyada təhsil alarkən tələbə yoldaşları ona zarafatla Şeyx Marko adı veriblər. Dini baxışlarına görə yox, öz dediyi kimi əslində deistdir. Bu addan döyüş günlərində xüsusi parol kimi istifadə olunub, dillərə düşüb. Beləliklə, gəlin Şeyx Markonu, peşəkar döyüşçünü, 5 dil bilən poliqlotu, peşəkar idmançını, yazıçını, həvəskar fotoqrafı, ən əsası da böyük ürək sahibi, qayğıkeş ailə başçısını yaxından tanıyaq. Mayor Mahir Rzayevi...

O, komandanlıq etdiyi taborla Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut uğrundakı ən qızğın döyüşlərdə iştirak edib. İndi isə növbə döyüş xatirələrindən ibarət kitab yazmaqdadır. Mahir Rzayev bundan öncə də xarici auditoriya üçün xarici dillərdə əsərlər yazıb. Özü barədə danışmazdan əvvəl hər zaman döyüşçü kimi yetişməsində mühüm rol oynamış müəllimi, ilk komandiri, Laçın döyüşlərində həlak olmuş Qərib Baxşəliyevi xatırlayır. Deyir ki, mənim mən olmağımda, eləcə də mənim kimi yüzlərlə hərbiçinin yetişməsində Qərib Baxşəliyevin əməyi var, ömrüm bitər, ona olan borcum bitməz…

Döyüş yollarınız barədə danışmazdan öncə, istərdim Şeyx Marko bir qədər özü barədə danışsın.

-1985-ci ildə Gəncədə anadan olmuşam. Bakı şəhərində 3 saylı humanitar gimnaziyada təhsil almışam. Uşaqlığım I Qarabağ müharibəsi illərinə düşdü. Ailəmizdən döyüşlərdə könüllü iştirak edənlər oldu. Elə hərbiyə də məni gətirən səbəb bu idi – müharibənin uşağlığımı oğurlaması. 2000-ci ildə hərbi liseyə qəbul oldum. Orda ilk komandirim, Qərib Baxşəliyevlə yollarımız kəsişdi. Bizi Vətən “xəstəliyinə” o saldı. Bir sözünü heç unutmaram. Hey deyərdi ki, şəhid olun, əsir olmayın. Qismət elə gəldi ki, düşmən onu mühasirəyə alanda əsir düşməmək üçün özü – özünü vurdu. Liseydən sonra 2003-cü ildə Ali Hərbi Məktəbə daxil oldum və məni başqa bir kursantla İtaliyaya göndərdilər. Məni quru qoşunlarının xüsusi təyinatlılar dəstəsinə verdilər. 2004-2006-cı illərdə İtaliyada Modena ali hərbi məktəbində təhsil aldım. Sonra təhsilimi Turində ixtisasartırma kurslarında davam etdirdim. Pakistanın Milli Müdafiə Universitetində müharibə elmləri üzrə təhsil aldım. Cüdo, alpinizm, Yunan – Roma güləşi, Taekvando, qarışıq döyüş növləri üzrə dərəcələrim var. Cüdo və Yunan- Roma güləşi üzarə İtaliya çempionuyam, beynəlxalq yarışlarda iştirak etdim. 2020-ci ildə Pakistanın Kvetta şəhərində Komanda Qərargah Kollecini bitirdim və tabor komandirinin müavini kimi orduda işə başladım”.

- Bildiyimə görə, qardaşınız Tahir də xüsusi təyinatlı zabitdir

- Bəli. Tahir məndən 5 yaş kiçikdir. Məndən sonra o da xüsusi təyinatlı olmağa həvəslənmişdi. Mən düzünü desəm, qıymırdım ki, ona çətin olar. Peşəkar idmanla məşğul idi. Dilə tutdu məni, “hə” desəm də, ürəklə razılıq verməmişdim. Təlimatçılara demişdim ki, onu bərk sıxsınlar, qayıtsın geri. Amma iradəsi möhkəm oldu. Dostlar mənə dedilər ki, Mahir bu oğlan bu iş üçün yaranıb, dözür və qayıtmaq niyyəti yoxdur. Aprel döyüşlərində iştirak etdi və Qarabağ savaşında qazi oldu. Döyüşə girəndə zəng etdi, ordan burdan danışdı. Amma bilirdim ki, əslində vidalaşmaq üçün zəng edib. Qardaşının səninlə qonşu cəbhədə döyüşdüyünü bilmək asan deyil, fikrim onda qalırdı, döyüşdən sağ qayıtdığını eşidəndə rahatlayırdım. Eyni hissləri də o mənim üçün keçirirdi. Hadrut döyüşlərində başından və əlindən ağır yara aldıqdan sonra döyüşləri tərk etdi.

- Ananız üçün iki oğulu döyüşə göndərmək asan olmayıb.

-  Yəqin ki. Amma o aslan ürəkli qadındır. Mən onunla fəxr edirəm. Həm onun oğulları qayıtdılar, övladı geri qayıtmayan analar da var və onların hamısı mənim anamdır.

-Vaxtilə sizin komandiriniz “ əsir düşməyin” əmri vermişdi. Bəs siz səgərlərinizə nəyi xüsusi olaraq tapşırmışdınız?

Biz ac, susuz qala bilərdik, amma silahsız və gülləsiz qala bilmərik. Əsgərlərimə əsas sözüm bu idi.Heç bir şəkildə silah yerə atılmamalıydı. Əslində, mənim hər əsgərim bir canavar idi, onlardan silah almaq olardı? İlk günlər bizim tabor gözləmə mövqeyindəydi. Döyüşə buraxılmırdıq. Az qala üsyan edirdilər. Onlarda elə bir döyüş ruhu var idi, üzlərinə baxmağa, gözləyin deməyə utanırdım. Hər məni görəndə ”Komandir, nə oldu e bu? Hamı döyüşür, biz durub baxırıq, bu gün- sabah Şuşaya çatacaqlar, biz haranı alacağıq bəs” deyirdilər. Füzulinin Horadiz kəndində döyüşlərə başladıq.

Bir döyüşçü və yazıçının dilindən döyüş xatirəsi eşitmək istəyərdim.

-Horadiz kəndini müdafiə edirik. Düşmən bir neçə dəfə həmlə etsə də, itki verib geri çəkildi. 24 saat çox da dərin olmayan qurumuş arx boyu uzanmışdıq. Gecə həddən artıq soyuq olurdu. Hətta birinci gecə dişlərim bir-birinə necə dəyirdisə, yanımda uzanmış bir zabit buşlatını mənim üstümə örtməyə çalışdı. Lakin, onsuz da öz buşlatımı əsgərə vermişdim, həmin zabit təkid edərək növbəli şəkildə buşlatı geyinmək üçün məni razı saldı. Gündüz vaxtı səngərin içində maksimum dizi üstə iməkləyərək hərəkət etmək olardı. Başımızı qaldıran kimi görürdülər. Gecələr isə rahat gəzirdik. Ya gecəgörmə cihazlari yox idi, ya da atəş açıb yerlərini bildirmək istəmirdilər. Əsas olan o idi ki, gecə atəş açmırdılar. Ayaqyoluna getmək üçün səngərdən çıxan kimi dərhal yolun kənarına düşürdük, ora dərə kimi olduğundan, düşmən üçün kor ərazi idi. Səngərdə hər kəs hücum üçün növbəti komandanı gözləyirdi. Belə uzanıqlı vəziyyətdən bezmişdik. Vaxt keçirmək üçün hər kəs müxtəlif mövzularda söhbətlər edirdi. Məndən bir az aşağıda mövqelənmiş bir gizir (digər hərbi hissədən bizə yeni gəldiyi üçün tam olaraq tanımırdım) məni çağırdı. Aramızda belə bir dialoq keçdi:

-Komandir, qadan alım, düz demirəmmi, biz gədəbəyilər heç birinci Qarabağ müharibəsində də düşmənə torpaq vermədik, əksinə torpaq aldıq? Deyirəm, bunlar deyir yox…

-Gədəbəylisən?

-Bəli, komandir.

- Adın nədir?

-Gizir Nağıyev Elfaq, komandir.

-A kişi, Ayrım zonasında qardaş qardaşa torpaq vermir, erməniyə torpaq verərlər onlar?

-Komandir, deyin də bunu.

Bu zarafata hər kəs güldü. Bundan sonra hamı gizir Nağıyev Elfaqı "Ayrım" çağırmağa başladı. Belə şən zarafatlar olmadan, əsgərin ruhunu yüksək tutmadan girmirdik döyüşlərə.

- Ən ağır döyüşləriniz harda oldu?

- Horadizdə. 2 günlük ağır döyüşlərdən sonra, Horadiz kəndinə daxil olduq. Kəndin müdafiəsini müxtəlif etaplara bölməklə təbii və süni əngəllərdən yaxşı istifadə etmişdilər... Hər halda buna kifayət qədər zamanları olmusdu. Kəndin girəcəyində minadan təmizlənmiş yalnız bir yol var idi ki, yolun sağ tərəfində təpədə post qurmuşdular. Hətta bizi aldatmaq üçün postun üstündə Azərbaycan bayrağı dalğalanırdı. Düzünü desəm, bir çox yerlərdə irəli-geri yerdəyişmə olduğu üçün bir balaca çaşqınlıq yaşadıq. Həmin istiqamətdə döyüşə nəzarət edən general ilə bir başa əlaqələndirdikdən sonra mövqenin bizə aid olmadığı bilindi. Bir günümüz həmin təpənin azad olunmasına getdi. Gecəni Bayraq postu və meşə arasında olan torpaq yolda keçirdik. Bizim gözləməyimiz öz aləmində bizi mühasirəyə salmağı planlaşdıran erməni bölmələrinin səbir kasasını daşdırdı. Saat 4-5 radələrində meşəlik ərazidə pusquda dayanmış erməni bölmələri özlərini aşkara çıxardılar. Atəşlə onları olduqları mövqedən qaçmağa məcbur etdik. Günün sonuna bütün snayper qrupları məhv edildi, Horadiz kəndi tamamən nəzarətimiz altına keçdi. Taborum 2 kapitan, 2 gizir, 2 əsgər şəhid verdi. Hər şəhidim ürəyimə dəyən gülləydi. Hər şəhidim üçün gizlində ağlayıb, əsgərlərimin yanında şax dayanırdım. Belə lazımıydı çünki. Müharibədən sonra medallarımızı alarkən qəribə duyğular yaşadım. Bunun medalla heç bir əlaqəsi yoxdur. Təqdimat üçün siyahı ilə bir çox adlar çəkildi, eləcə də mənim, medal təqdim olundu və protokola əsasən "Azərbaycan Respublikasına xidmət edirəm" deyib sırada öz yerimə qayıtdım. Əvvala, bu ifadəni deyərkən, ürəyimin fərqli döyüntüsünü hiss etdim və dərhal ürəyimdə özüm-özümə "Mən sənə medalsız da xidmət edirəm, Azərbaycan, nə qədər ki, nəfəsim gedir-gəlir, nə qədər ki, ürəyim döyünür, son anıma qədər sənə xidmət edəcəm" dedim. Bu sözləri taborumun qarşısında da dedim, burda da deyirəm. Bu medal mənim deyil, mənim əsgərlərimin əziyyəti, onların sücaətidir, taborumun ən kasıb əsgərindən ən oliqarx təbəqəsinə qədər, heç biri döyüşdən geri çəkilmədi. Ön xəttə düşmənlə qarşı-qarşıya döyüşən, düşmən mövqelərinə basqı edən bölmələrimdən başlamış, taborun və nəinki taborun, az qala briqadanın yemək təminatını öz üzərinə götürən, bölmələri atəş altında belə ərzaqla təmin edən təminat tağımıma, müharibə müddətində bir dəqiqə belə durmadan, güllə-boranın altında şəhidlərimizi, yaralılarımızı təxliyyə edən tibb tağımıma, bütün briqadanı atəş dəstəyi ilə təmin edən minaatan batareyalarıma qədər hər bir şəxsi heyətimə borcluyam bütün medallarımı. Şəhidlərimi hüzn, qürur və hörmətlə anır, qazilərimə Allahdan şəfa, sağ-salamat qayıdan əsgərlərimə can sağlığı arzulayıram. Onların qarşısında baş əyib “Vətən sizə minnətdardır” deyirəm.

- Bir qızınız var. Müharibə günlərində onun siz olmadan böyüyəcəyini düşündünüzmü heç?

- Şəhidlik ölümlərin ən şərəflisidir.Bunu hər birimiz gözə almışdıq. Ən maraqlısı bu idi ki, mənim 10 yaşlı qız balam o günlərdə müdrikləşmişdi. Hətta mən, yaralanıb hospitala yatırılanda yanıma gəldi, üzümə baxıb “çox yaxşısan, bilirəm ki tezliklə sağalacaqsan” demişdi. Bir əsgərin balasında qız, oğlan fərq etməz döyüşçü ruhu olur. Yadıma gəlir, 7 yaşı olanda mənə sual vermişdi.”Sən necə döyüşçüsən ki, torpaqlarımızı geri almırsan? Niyə döyüşmürsən?” demişdi. Cavab verə bilməmişdim, içimdə utanc qalmışdı. Nə yaxşı ki, bu xəcalətdən çıxa bildim. İndi qızımın üzünə utanmadan baxa bilirəm. Onun mənsiz böyüyəcəyini yox, mənsiz mənimlə qürur duya biləcəyini düşünmüşdüm. Bir atanın övladına qoya biləcəyi ən yaxşı irs şərəfli ad deyilmi?

 

İlhamə

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31