Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Qloballaşan dünyada türk dövlətlərinin birliyinin daha da gücləndirilməsi vacibdir

Qloballaşan dünyada türk dövlətlərinin birliyinin daha da gücləndirilməsi vacibdir

29.07.2010 [03:27]

Gövhər Baxşəliyeva: Azərbaycan çağdaş nailiyyətləri mənimsəmək baxımından həmişə Şərqdə birinci olub
Qloballaşan dünyada türk dövlətlərinin birliyinin daha da gücləndirilməsi vacibdir. Bu fikirləri jurnalistlərlə söhbətində AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva deyib. G.Baxşəliyeva hesab edir ki, qloballaşan dünyamızda inteqrasiya prosesləri getdikcə böyük vüsət alır:
- Xalqlar və ölkələr sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxır. Planetimiz getdikcə sərhədsizləşir. Təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil. Bu, türkdilli ölkələrə də aiddir. öz müstəqilliyinin 19-cu ilini yaşayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və özbəkistanın bütün sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşmə, insan haqlarının təmin olunması, bazar iqtisadiyyatı infrastrukturunun yaradılması proseslərində böyük tərəqqiyə nail olduqlarını və bunun onların dünya birliyinə inteqrasiyasına kömək etdiyini xüsusi vurğulamaq lazımdır. Beynəlxalq iqtisadi əməkdaşlığın nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, TRASEKA, böyük “İpək yolu”nun bərpası layihələri türkdilli xalqların bir-birinə və bütövlükdə dünyaya inteqrasiyasına bariz nümunədir...
- Sizcə, bütün bunlar türk dünyasının birliyi üçün kifayətdirmi? Yoxsa bu istiqamətdə daha geniş addımlar atılmalıdır?
- Qədim və zəngin mədəniyyətə malik olan, bəşəriyyətə görkəmli şəxsiyyətlər bəxş edən türk dünyası xalqlarının bu sahədə əməkdaşlığının daha da genişləndirilməsi vacibdir. Tarixən yaranmış bənzərsiz mədəni irsimizi indiki nəsillərə qaytarmaqla yanaşı, onu dünyaya daha da yaxından tanıtmaq baxımından son dərəcə önəmlidir. Bu sahədə TüRKSOY təşkilatının gördüyü işlər və ümumən onun fəaliyyəti qeyd edilməlidir. Uğurlardan biri də odur ki, ölkələrimiz türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxarıldı. Türk dünyasına məxsus olan, indi müstəqil dövlətlərə çevrilən sabiq sovet respublikaları digər türk ölkələri ilə qonşuluq, dostluq və qardaşlıq münasibətlərini bərpa etdilər. Azərbaycan indiyə qədər türk dövlətləri başçılarının bütün sammitlərində iştirak edib, bu ittifaqı möhkəmləndirmək üçün əlindən gələni əsirgəməyib. 2000-ci ildə Azərbaycanda keçirilən növbəti sammit bütün türk dünyası üçün çox mühüm olan və gələcək əməkdaşlıq üçün proqram xarakteri daşıyan məşhur “Bakı bəyannaməsi”nin elan edilməsi ilə başa çatıb...
- O da faktdır ki, sovet rejiminin dağılmasından sonra ilk illər türkdilli ölkələrin tarixində ağır böhranlı dövr oldu. Bu böhrandan çıxmaq mərhələsini necə xarakterizə edərdiniz?
- Doğrudur, bu ölkələrin siyasi və sosial-iqtisadi müstəqilliyi ilə yanaşı, mədəni-mənəvi müstəqilliyi də birdən-birə başlandığından əhalinin yeni proseslərə uyğunlaşması ağrılı getdi. çünki ölkələr müvafiq hazırlıq işi aparmadan xarici aləmə açılmışdı. Sovet hakimiyyətinin yürütdüyü siyasət nəticəsində mədəniyyətlərarası əlaqələr qırılmışdı, totalitar sovet rejimi dini əqidəni məhv etmək istiqamətində uzun illər ardıcıl iş aparmışdı. Təbii ki, bütün bunlardan sonra milli mədəniyyətlərin və mənəvi dəyərlərin bərpası asanlıqla başa gələ bilməzdi. Digər tərəfdən, bu işə tələsik və qarmaqarışıq şəkildə başlanmışdı. Ona görə bu sahədə problemlər qalmaqdadır. Bundan əlavə, xalqlarımızın Avropa mədəniyyətinə və tərəqqiyə qovuşmaq arzusunun da tam reallaşması asan iş deyil. Bu gün demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı, insan haqları, aşkarlıq və sair ilə bağlı dəyərlər getdikcə cəmiyyətimiz üçün daha çox yaşam normasına çevrilir. Amma bu meyarların ümummilli dəyərlər sırasında öz yerini tam tutması üçün müəyyən zaman kəsiyi lazımdır. Azərbaycan cəmiyyəti müstəqillik qazanandan sonra özündən asılı olmayaraq, fərqli mədəniyyətlərin arasına düşüb və onların hər birinin qarşılıqlı təsirini üzərində hiss edir. Əlbəttə, bu halda ziddiyyətlərin olması da təbiidir. Sadəcə, cəmiyyətimizdən və onun hər bir üzvündən sayıqlıq, düzgün seçim etmək bacarığı tələb olunur. İnteqrasiya prosesi o zaman uğurlu olar ki, cəmiyyət öz “mən”ini itirməsin. Bu mənada türkdilli ölkələr bu gün hansısa ənənəvi, yaxud modern dəyərlər sistemindən imtina yolu ilə deyil, onların ən müsbət cəhətlərini özündə birləşdirmək yolu ilə getməlidir. Demokratik dəyərlər mətbuat və təhsil sistemi vasitəsi ilə ictimai şüura yeridilməlidir. İnkişafa mane olan əxlaq stereotipləri sıxışdırılıb şüurlardan çıxarılmalıdır. Dövlət, cəmiyyət və şəxsiyyət arasındakı qarşılıqlı münasibətlər yeni səviyyəyə qaldırılmalıdır. İctimai təşkilatların dövlət idarəçiliyinə cəlb edilməsi genişlənməlidir.
- Azərbaycanda bu yöndə nə kimi addımlar atılır? ölkəmizin türk dünyasının birliyi üçün göstərdiyi səyləri necə qiymətləndirmək mümkündür?
- Əlbəttə, Azərbaycanda artıq bu istiqamətdə xeyli ciddi addımlar atılıb. ümumiyyətlə, Azərbaycan çağdaş nailiyyətləri mənimsəmək baxımından həmişə Şərqdə birinci olub. Xalqımız daim dinc, yanaşı yaşamaq ənənəsinə sadiq qalıb. Müasir mədəni nailiyyətlər Azərbaycanda başqa müsəlman cəmiyyətlərinə nisbətən daha çox yayılıb. Məhz bu təcrübə və amil inteqrasiya proseslərinin sürətləndirilməsi üçün Azərbaycanda əlverişli şərait yaradır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın sivil dünyaya inteqrasiyasının reallaşmasında böyük demokratik ənənəyə və regionda xüsusi çəkiyə malik olan qardaş Türkiyənin roluna daim ciddi önəm verir, ölkələrimizin uğurlarının məhz sıx qarşılıqlı əməkdaşlıqdan keçdiyini bildirirdi. Həqiqətən bu da faktdır ki, qloballaşma ideyasının gerçəkləşməsi və sivilizasiyaların qovuşması üçün vacib olan Şərq-Qərb münasibətlərinin tənzimlənməsində Türkiyə əhəmiyyətli rola malikdir və region üçün nümunə ola biləcək dövlətdir. Bəlkə də qardaş ölkənin elə bu sürətli inkişafı, modern dünyanın bir parçası olması onun ayrı-ayrı “siyasi” və terrorist qrupların hədəfinə çevrilməsinə səbəb olub. ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” haqqında məlum qərar layihəsinin təsdiq edilməsi son ayların aktual mövzusu idi. Fikrimizcə, bu gün söhbət Azərbaycan-Türkiyə münasibətlərindən deyil, daha geniş miqyasda - ümumtürk dünyası həmrəyliyindən getməlidir. Bu gün Türkiyənin qarşılaşdığı problemlə bağlı dəstək təkcə Azərbaycandan deyil, digər türk respublikalarından da gəlməlidir ümumiyyətlə, yuxarıdakı fikirlərimin üzərinə qayıdaraq bildirirəm ki, qloballaşma və inteqrasiya proseslərinə biz, ilk növbədə, özümüzdən başlamalıyıq. Əgər Şərqlə Qərb, fərqli sivilizasiyalar vahid məcraya gəlirsə, eyni kökə, eyni milli-mənəvi dəyərlərə malik xalqlar niyə bir-birinə qovuşmamalıdır? Vaxtilə sovet rejimi bu xalqları bir-birindən ayırmaq üçün onlara müxtəlif adlar qoysa da, köklərini ayrı-ayrı millətlərin tarixlərində axtarmağa məcbur etsə də, mənəvi, ruhi bağlılığı qıra bilmədi. Bu gün əsas məsələ həmin əlaqələri genişləndirmək, həmin bağları möhkəmləndirməkdir...
- Qeyd etdiyiniz əlaqələri genişləndirmək, bu prosesi reallaşdırmaq üçün daha hansı vasitələrdən istifadə etmək lazımdır?
- Bu məqsədlə türk respublikalarının müxtəlif forma və məzmunlu birlikləri yarana və yaxud elmi, ədəbi, mədəni sahələrdə nailiyyətlərə görə ümumtürk respublikalarının vahid mükafatları, fəxri adları təsis edilə bilər. Ya da götürək terror problemini. Türk respublikalarının terrorizmə qarşı vahid mübarizə təşkilatını yaratmaq mümkün deyilmi? Əlbəttə, mümkündür və onu qeyd edim ki, dövlətlərimiz ayrı-ayrı olsa da, çox vaxt eyni mənşəli, eyni xətli problemlərlə üz-üzə qalır. Türkdilli ölkələr arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək məqsədi ilə ikitərəfli və çoxtərəfli layihələrin, xüsusən sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm sahəsində layihələrin hazırlanmasının və həyata keçirilməsinin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Parlamentlər, hakimiyyət strukturları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilməli, türkdilli dövlətlərin dünya iqtisadiyyatına inteqrasiya prosesi durmadan davam etdirilməlidir. Türkdilli dövlətlərin geosiyasi vəziyyətini nəzərə alaraq, hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün onların beynəlxalq maliyyə institutları ilə, iqtisadi təşkilatlarla, regional birliklərlə əməkdaşlığı genişləndirilməli, bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətləndirilməlidir. Milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasında türkdilli dövlətlər ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmalıdırlar. Azərbaycan artıq Avropa İttifaqı ilə tərəfdaşlığa və əməkdaşlığa dair saziş imzalayıb, Avropa qonşuluq siyasətinə daxil edilib. Bu istiqamətdə digər türkdilli dövlətlərin səyləri gücləndirilməli, bütün sahələrdə Avropa standartlarının tətbiq edilməsi üzrə məqsədyönlü tədbirlər görülməlidir. Türkdilli ölkələrin malik olduqları zəngin təbii sərvətlər, onların mövcud iqtisadi, elmi-texniki potensialı bu sahədə daha səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradır. Bütün bunlar, habelə ölkələrimizin mühüm coğrafi mövqeyi regionun iqtisadi tərəqqi zonasına çevrilməsi, dünya iqtisadi sistemində layiqli yer tutması üçün yaxşı zəmindir. Bu, həm də türkdilli ölkələrə siyasi üstünlük verir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30