Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Novruz Məmmədov: Dağıdıcı müxalifətə Qərbdəki dairələrin inamı tamam itib

Novruz Məmmədov: Dağıdıcı müxalifətə Qərbdəki dairələrin inamı tamam itib

09.07.2012 [23:23]

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SİA-ya müsahibəsi:
- Son günlər bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycana səfər ediblər. Bu cür səfərləri necə qiymətləndirirsiniz?
- Son illər Azərbaycanın beynəlxalq aləmdə rolu, nüfuzu, fəaliyyəti getdikcə güclənir. Bu proses özünü ötən ildən daha güclü biruzə verməyə başlayıb. Bildiyiniz kimi, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bu il may ayının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin quruma sədrliyi dövrünün açılışını etdi. Eyni zamanda, ötən il “Eurovision-2011” musiqi yarışmasında Avropa səviyyəsində qələbə qazanmağımız Azərbaycanın beynəlxalq fəaliyyətinə yeni bir nəfəs verdi. Bu gün isə dövlətlərarası münasibətlərlə əlaqədar Azərbaycana davamlı olaraq çoxlu səfərlər həyata keçirilir. Bu isə ölkəmizin əlaqələrinin gücləndiyini göstərir. Eyni zamanda, böyük beynəlxalq və regional təşkilatların rəhbərlərinin Azərbaycana səfəri və müəyyən forumların keçirilməsi bir daha ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu ilə bağlıdır.
Bu gün dünyada gedən proseslər çox mürəkkəb və intensivdir. Bu proseslər dünyanın aparıcı aktorlarını maraqlandırır. Bu nöqteyi-nəzərdən Azərbaycana, sizin dediyiniz müstəvidə, edilən səfərlərdə onların xarakteri, mahiyyəti aydın olur. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan regionda böyük layihələrə imza atan dövlətdir və eyni zamanda ölkəmizin təkcə regionda yox, Avropa ilə Asiya arasında, şimal ilə cənub arasında, ümumiyyətlə, dünyanın qaynar nöqtələrində gedən proseslərlə bağlı çox mühüm rolu, çox mühüm körpü kimi fəaliyyəti var. Eyni zamanda, bu səfərlər Azərbaycanın gələcəkdə oynayacağı rola bir diqqətdir. Yəni, beynəlxalq təşkilatların və dövlətlərin rəhbərləri Azərbaycanın getdikcə artan rolunun iki-üç ildən sonra daha hansı səviyyədə olacağını bildikləri üçün indidən bu əlaqələri daha da genişləndirirlər. Bu nöqteyi-nəzərdən ən mühüm səfərlərdən biri də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana etdiyi səfərdir. Bu yeganə səfər deyil. Əslində, Avropa İttifaqından bura yüksək səviyyəli nümayəndələrin səfərləri həmişə olub. Elə ötən ilin əvvəlində Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun (Barroso) Bakıya səfəri olub.
- Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə hansı köməklik göstərə bilər?
- Avropa İttifaqının əsas şüarlarından biri dünyada sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımların daha da intensivləşməsidir. Bu baxımdan, Avrasiya məkanında Cənubi Qafqaz çox həssas regiondur. Cənubi Qafqazda bu gün sülh və təhlükəsizlik təhlükə altındadır. Azərbaycan torpaqlarının 20 faizi iyirmi ildən artıqdır ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş rayonlarda şəhər, kənd və qəsəbələr tamamilə dağıdılıb. Təəssüflər olsun ki, bu münaqişənin həlli ilə bağlı iyirmi ilə yaxın gedən danışıqlarda irəliyə bir addım da atılmayıb. Bu nə deməkdir? Məsələ burasındadır ki, nə qədər ki, bu münaqişə ədalətli, beynəlxalq hüquq çərçivəsində öz həllini tapmayıb, deməli təhlükə var. Belə geosiyasi həssas məkanda olan münaqişələr təkcə region üçün yox, düşünürəm ki, ümumiyyətlə, dünya üçün də təhlükədir. Dünyanın aparıcı ölkələri ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. Eyni zamanda müxtəlif vaxtlarda Avropa İttifaqının rəhbərləri də bu münaqişənin nizamlanması ilə bağlı müəyyən səylər göstəriblər. İndi isə, sizin qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş fikir mübadiləsi aparılır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi əsaslandırılmış, konseptual formada cənab Rompuya münaqişənin həlli ilə bağlı gedən danışıqlar prosesinin xarakteri, müəyyən mərhələləri, orada qarşıya çıxan məsələlər və gələcək perspektivlər, münaqişənin həlli ilə bağlı atılmalı addımlar barədə məlumat verdi. Bu da, hesab edirəm ki, düzgün yönəlmiş mesaj idi. çünki, Avropa İttifaqının rəhbəri həm Avropa dövlətlərinin rəhbərləri ilə, həm də beynəlxalq təşkilatlar çərçivəsində belə məsələlərlə bağlı mövqe bildirməlidir. Bu məsələdə bizim əsas istəyimiz, birinci mesajımız budur: Artıq beynəlxalq aləm də bilir ki, Ermənistan tərəfi hər dəfə müəyyən bəhanə və hiyləgər addım və metodlarla, manevrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gedən danışıqlar prosesini uzatmaq istəyir. Beləliklə, beynəlxalq ictimaiyyəti dezinformasiya ilə aldatmaq istəyir. Bu çox təhlükəli bir məqamdır. Bildirmək istəyirəm ki, onlar çox hiyləgər addımlar atırlar. Məsələn, həmsədr ölkələrin dövlət rəhbərlərinin bu yaxınlarda bəyanatından yarım saat sonra Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan bəyanat verdi ki, “biz sizin verdiyiniz bəyanatla razıyıq, amma Azərbaycanın müharibə ritorikası münaqişənin həllinə mane olur”. Guya ki, iyirmi il ərzində əraziləri işğal altında saxlamaq normal bir şeydir. Amma Azərbaycanın öz ərazilərini azad etmək hüququ haqqında danışanda, bu, onları böyük bir təlaşa salır. Ona görə də bütün dünyada təbliğat apararaq özlərinə arxa tapmaq istəyirlər. Bu, çox təhlükəli bir prosesdir. Belə davam etməz.
Bununla bağlı məsələnin ikinci tərəfini qeyd etmək istərdim: əsas mesajımız budur ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həll olunsun. Bu, gec partlayan bombaya bənzəyir. Ermənistanın separatçı rəhbərləri, erməni xalqı, məsələ ilə bağlı maraqlanan beynəlxalq dövlətlər də bilməlidirlər ki, gec-tez münaqişə ədalətli həll olunmalıdır. Belə olmazsa, bu münaqişə Ermənistan üçün böyük təhlükə olaraq qalacaq. Eyni zamanda, region və beynəlxalq aləm üçün də təhlükədir. Əsas məsələ bundan ibarətdir və bu baxımdan da Azərbaycan Prezidentinin əsaslandırılmış, konseptual mövqeyi cənab Rompuy üçün çox maraqlı oldu. O, bunu diqqətlə dinləyərək, müxtəlif suallarla geniş fikir mübadiləsi apardı.
- Artıq ATƏT-in baş katibi Lamberto Zannierin ölkəmizə səfəri başlayıb. Daha sonra Minsk qrupunun həmsədrləri Azərbaycana gələcəklər. Bu səfərlərin münaqişənin həllinə təsiri ola bilərmi?
- Şübhəsiz biz düşünürük ki, ATƏT-in baş katibi Lamberto Zannierin səfərində əsas məqsəd münaqişənin həlli ilə bağlı gedən danışıqlar prosesi ətrafında geniş fikir mübadiləsi apararaq indiki vəziyyətdən çıxış yolunu axtarmaqdır. Artıq beynəlxalq aləm də bilir ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq istəyirlər. çünki, bugünkü Ermənistan rəhbərləri, əslində, bu separatçı prosesin yetirmələridir. Ona görə də, onlar öz həyatlarını həm hakimiyyətdə, həm də, ümumiyyətlə, fiziki həyatlarını bu münaqişənin mövcudluğu ilə bağlayırlar. Divin canı şüşədə olan kimi bunların canı da separatizmdədir, Dağlıq Qarabağ kartındadır. Ona görə də ermənilər Dağlıq Qarabağ münaqişəsini uzatmaq istəyirlər və bunun üçün müəyyən addımlar atırlar. Bu nöqteyi-nəzərdən mən düşünürəm ki, ATƏT-in baş katibi Lamberto Zannier, həmsədrlər, eləcə də, bundan öncə Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy - bunların hər biri fəaliyyətlərində bu məsələni nəzərə alaraq, ümumi bir mövqe formalaşdırıb münaqişənin həlli üçün səylərini ortaya qoymalıdırlar.
Bu istiqamətdə ATƏT-in baş katibinin Azərbaycana səfəri isə xüsusi əhəmiyyət daşıyır. çünki, bu gün bu münaqişənin həlli ilə bağlı əsas qurum kimi ATƏT çıxış edir. Minsk qrupunun həmsədrləri isə ATƏT çərçivəsində fəaliyyət göstərirlər. Ona görə də, düşünürəm ki, bu səfər zamanı çox ciddi danışıqlar, müzakirələr, fikir mübadiləsi aparılacaq. Bu da öz təsirini, təbii olaraq, Minsk qrupu həmsədrlərinin bura gəlişində, onların mövqeyində göstərməlidir.
- Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana səfəri zamanı müxalifətlə görüşməməsi birmənalı qarşılanmadı. Radikal müxalifət deyir ki, guya hakimiyyət qıcıqlanmasın deyə Rompuy onlarla görüşmədi. Siz bununla bağlı nə deyə bilərsiniz?
- Bilirsiniz, burada mən qəribə bir məntiq görürəm. Sadəcə olaraq, mən, müxalifətin məhz dağıdıcı qanadının artıq bununla bağlı qıcıqlandığını görürəm. Xarici ölkələrin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfəri zamanı, xüsusilə də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun səfərini nəzərdə tuturuqsa, onların öz səfər proqramları olur. Düzdür, o proqram bizə bildirilir, amma özü nəzərdə tutmaq istəsə ki, hansısa görüş keçirəcək, bu halda ona heç bir maneçilik törədilmir və törədilə bilməz. Bu bir diplomatik qaydadır. O, təxminən bir saatdan artıq Azərbaycan Xarici Dillər Universitetində məruzə ilə çıxış etdi. Buna kim nə deyə bilərdi?
Bilirsiniz, burada başqa məsələ var. Mən bununla bağlı təxminən bir ay əvvəl bir müsahibəmdə qeyd etdim. Bu həmin o müxalifət dairələrini, onlara yaxın olan bəzi adamları çox qıcıqlandırdı. Başladılar bir sıra boş-boş şeylər danışmağa. Danışıb-danışıb susdular.
Məsələ buradadır ki, son bir neçə ildə Azərbaycanın əldə etdiyi nailiyyətləri adi hesab etmək olmaz. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. özü də o qədər böyük proses və mübarizədən sonra. ötən il “Eurovision-2011” musiqi yarışmasında Avropa səviyyəsində qələbə çaldıq, bu da bir təsadüfi qələbə deyil. Beş dəfə biz bu müsabiqədə iştirak etmişik və müxtəlif yerləri tutmuşuq. Yəni, bunların hamısının çox böyük əhəmiyyəti var. Eyni zamanda, bir neçə gün bundan öncə Türkiyə ilə Azərbaycan arasında Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi ilə bağlı sənəd imzalandı. Bilirsiniz bununla bağlı çox geniş danışmaq olar. “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” kimi layihələr həm region, həm də Avrasiya üçün çox böyük strateji əhəmiyyəti olan layihələrdir. Bunların hamısını görüb, müşahidə edirlər. “Bakı-Tbilisi-Ceyhan” layihəsinin həyata keçməsi üçün dünya birliyi fəaliyyət göstərdi, Qərbin böyük dəstəyi oldu. Amma TANAP ilə bağlı bunu demək olmaz. Yükün ən böyük hissəsini, təxminən 80 faizə qədərini bütün müstəvilərdə üzərinə götürən Azərbaycan oldu. Bu, eyni zamanda, siyasi, iqtisadi bir göstəricidir. Artıq iki qardaş və tərəfdaş dövlət belə bir addım atıb, onu həyata keçirmək üçün qərar qəbul edib sənəd imzalayıblar. Bu dünyada artıq güclü nüfuz deməkdir. Beynəlxalq ictimaiyyət bunları görür.
Bununla bərabər, Azərbaycanda gedən bu möhtəşəm inkişafın şahidi olurlar. Bunu danmaq mümkün deyil. Hazırda, təkcə Bakıda deyil, Azərbaycanın bütün regionlarında inkişaf var. Bunların hamısının çox böyük əhəmiyyəti var. Eyni zamanda iqtisadi, siyasi, mədəni, qanunvericilik və digər sahələrdə həyata keçirilən islahatların və inkişafın şahidi olandan sonra Qərbdəki aparıcı dairələr görürlər ki, bu ölkənin inkişafında iqtidarın tutduğu yol düzdür. Sivil və demokratik cəmiyyət qurmaq üçün aparılan yol düzdür.
Müəyyən nöqsanlar hansı ölkədə yoxdur ki? Bu gün Qərb böhran içərisindədir. Orada ən fundamental hüquqlar belə pozulur. Amma Azərbaycanda bütün bu prosesləri görərkən fikirləşirlər ki, elə bugünkü inkişafa yardımçı olan qüvvələrlə əlaqə saxlamaq daha yaxşı olar. Və yaxud bu prosesə zərər verən, ona heç bir xeyr gətirə bilməyən, buna heç bir vaxt yardımçı ola bilməyən qüvvələrlə görüşməyin heç bir mənası yoxdur. Mənim fikrimcə, Qərb dairələri bu mənada indiki dağıdıcı müxalifətə olan inamlarını tamam itiriblər. Bu da təbiidir və düzgündür. çünki, onlar uzun illər ərzində müşahidə aparıb gördülər ki, ümumiyyətlə, heç bir vaxt dağıdıcı müxalifət Azərbaycana müsbət, pozitiv prosesləri təmin etmək üçün yarıya bilməz. Buna görə də, sərbəst qərarlar çıxarırlar. Bu, təkcə Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun səfəri zamanı olmayıb. Bundan öncəki səfərlərdə də dağıdıcı müxalifət nümayəndələrinin bəziləri böyük səs-küy qaldırdılar.
Onlar vətəndaş cəmiyyəti tərəfdarı olanlarla görüşürlər. Bəlkə onların bu prosesə hər hansı bir yardımları ola bilər. Vətəndaş cəmiyyəti isə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və dəstəyi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Paylaş:
Baxılıb: 924 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30