Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Tbilisi hadisələrindən niyə narahatdır?

ABŞ Tbilisi hadisələrindən niyə narahatdır?

20.04.2024 [11:00]

Gürcüstan parlamenti ciddi müzakirələrə və etirazlara baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Parlamentin 83 deputatı qanun layihəsinin lehinə səs verib. 

Müxalifət səsvermədə iştirak etməyib. Gürcüstan parlamentindəki müxalifət deputatları səsvermədən əvvəl zalda ayrıca iclas keçirməyə cəhd göstəriblər. Buna görə parlamentin sədri Şalva Papuaşvili iclasda fasilə elan edib. Daha sonra müxalif partiyalarının bir neçə üzvü zaldan çıxarılıb. 

Parlamentin daxilində olduğu kimi, çölündə də gərginlik yaşanır. Belə ki, qanun layihəsinə etiraz olaraq başlayan aksiyalar davam edir. Saxlanılanlar və yaralananlar var.

Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. Layihə üçüncü oxunuşda qəbul edildikdən sonra təsdiqlənmək üçün Gürcüstan prezidentinə göndəriləcək.

Qanun layihəsinin gerçək mahiyyəti

Ötən il kəskin etirazlar səbəbindən müzakirələri dayandırılan və gündəlikdən çıxarılan qanun layihəsi parlamentə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası tərəfindən təqdim olunub. Bəs ötən il olduğu kimi, yenidən Tbilisini çalxalayan qanun layihəsinin gerçək mahiyyəti nədən ibarətdir? “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı  “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməli olacaqlar. Qanun layihəsinə verilən izahata görə, xarici dövlətlərin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır. Həmçinin qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.  

Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.

Parlament çoxluğunun lideri Mamuka Mdinaradze parlamentdə bildirib ki, qanun layihəsində yalnız bir məqsəd var - qeyri-hökumət təşkilatlarının çoxmilyonlu xarici qrantı hara xərclədiyini aydınlaşdırmaq. Ancaq yeni qanun dövlət qurumlarına şamil edilməyəcək. KİV və qeyri-hökumət təşkilatlarından fərqli olaraq, hökumət özünün başqa ölkənin agenti olduğunu “tanımayacaq”. Son 10 ildə Gürcüstanda dövlət/büdcə təşkilatları 2,8 milyard lariyə yaxın xarici qrant alıblar. Gürcüstanın 2023-cü il üçün dövlət büdcəsinə əsasən, müxtəlif tədbirlər 279 milyon 550 min lari  məbləğində xarici qrant hesabına maliyyələşdirilib. Bundan 168 milyon 650 min lari beynəlxalq təşkilatlardan, 7 milyon 600 min lari isə xarici dövlətlərin hökumətlərindən alınan qrantlardır (1 Gürcüstan larisi 0,38 ABŞ dollarına bərabərdir). 

Siyasi hakimiyyətdə parçalanma

 “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi yalnız cəmiyyətdə deyil, siyasi hakimiyyətdə də parçalanmaya yol açıb. Hökumət və parlament çoxluğu qanunun qəbul olunmasında israrlı mövqe sərgiləyir.  “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə gedən müzakirəsi zamanı bir daha aydın oldu ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur. Bu qanun Avropa qanunudur və şəffaflıq heç kimə qarşı yönələ bilməz”. Bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Amerika və Avropadan olan bəzi siyasətçilərin bəyanatlarında heç bir arqument görünmədi. Arqumentsiz bəyanatlar isə hakim partiyanın qərarına yenidən baxılması üçün əsas ola bilməz. 

Baş nazir deyib: “Parlament ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır. Çünki bu qanun əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin Avropa qanunu olmaqla yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir”.

İ.Kobaxidze deyib ki, Qərbin tənqidlərinə baxmayaraq, qanunun qəbulundan imtina edilməyəcək. QHT-lər kilsəyə hücum edir və onun nüfuzuna xələl gətirməyə çalışır, kobud şəkildə LGBT təbliğatı ilə məşğul olurlar. Fikirlərinə davam edən baş nazir vurğulayıb: “Qərəzli bəyanatlar bizim qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Ona görə də mən bir daha təklif edirəm ki, qanun layihəsinin hər kəsə açıq müzakirəsi aparılsın. Gürcüstan cəmiyyətinin qanun layihəsi haqqında dolğun məlumat alması vacibdir. Görürsünüz ki, gürcü siyasətçiləri Gürcüstan parlamentində müzakirədən necə yayındılar, deməyə söz tapmadılar”. 

Hökumətin israrlı ya?aşmasına rəğmən, prezident Salome Zurabişvili əks mövqedən çıxış edir. O,  birmənalı şəkildə etirazçıları dəstəkləyir. Prezident ikinci və üçüncü oxunuşdan keçəcəyi təqdirdə qanuna veto qoyacağını vəd edib. “Mən Avropa İttifaqının strategiyasına və tövsiyələrinə zidd olan digər qanunlarda olduğu kimi bu qanuna da veto qoyacağam”,- deyə prezident KİV-ə müsahibəsində vurğulayıb.  S.Zurabişvili fikirlərini belə tamamlayıb: “Narahatlıq doğuran hal odur ki, bu, 2012-ci ildə qəbul edilmiş və tədricən böyüyən və inkişaf edən Putin qanununun tam surətidir. Bu, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə, KİV-in fəaliyyətinə qarşı qanundur və bu qanun 30 ildən çoxdur ki, Gürcüstanın müstəqilliyini, dövlət müəssisələri quruculuğunu və iqtisadiyyatımızın inkişafını dəstəkləyən tərəfdaş ölkələrin, Avropa İttifaqı ölkələrinin, Böyük Britaniya və ABŞ-ın bütün beynəlxalq təşkilatlarına qarşıdır”.

Rəsmi Tbilisi üçün qanunun qəbulu niyə şərtdir?

Bəs böyük etirazlar doğuran qanunun qəbulunda israrlı yanaşma sərgiləməyə rəsmi Tbilisini nə vadar edir? Hakim dairələr öz mövqelərini Gürcüstanın milli maraqlarının qorunmasının zəruriliyi ilə əlaqələndirirlər. Kiçik, beş milyonluq Gürcüstanda Qərb qrantları alan qeyri-hökumət təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artaraq 10 mini ötüb. “Gürcüstan online” nəşrinin məlumatına əsasən, ABŞ və Avropadan gələn pullarla QHT-lər çoxsaylı sosial və siyasi problemləri həll edirlər. QHT-lər əsas maliyyə dəstəyini bir çox beynəlxalq təşkilatdan alırlar. Ən böyük donorlara aşağıdakılar daxildir: Corc Sorosun “Açıq Cəmiyyət”  Fondu, “Demokratiyanı Dəstəkləyən Avropa Fondu”, Amerikanın “Milli Demokratiya İnstitutu” və “Demokratiyanı Dəstəkləyən Milli Fond” (USAID və NED), Almaniya təsisatları - “Konrad Adenauer Fondu”, “Fridrix Ebert Fondu”, “Henri Bell Fondu”, “AyREKs” beynəlxalq qeyri-kommersiya təşkilatı,  “Emnesti Interneşnl”. Sorosun “Açıq Cəmiyyət” Fondu Gürcüstanda 1994-cü ildən fəaliyyət göstərir və o vaxtdan ölkəyə 100 milyon dollardan çox vəsait yönəldib. 2023-cü ildə “Avropa naminə Vahid Gürcüstan” layihəsi başlayıb. Məqsəd Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını təşviq etməkdir.  Layihənin təşəbbüskarları Konrad Adenauer Fondu (KAS),  “Gürcüstan açıq Cəmiyyəti” Fondu (OSGF), İqtisadi Siyasət Araşdırmaları Mərkəzi (EPRC) və Azad Jurnalistlər Evidir (IJH). Layihənin maliyyələşdirilməsi üçün 33 ay ərzində 3 milyon avroya yaxın vəsait ayrılıb.

Təbii ki, musiqi onu sifariş verənin istəyinə uyğun çalınır. Qərbdən maliyyələşən subyektlər fəaliyyətlərini bəlli mərkəzlərdən aldıqları  tezislərə uyğun qurmaq məcburiyyətindədirlər. Əks təqdirdə maliyyə qaynağından məhrum qala bilərlər. Qərbdən gələn tezislər isə bir qayda olaraq ölkə hakimiyyətinin strateji kursunu iqnor edir, cəmiyyətdə parçalanmaya yol açır. Milli maraqlara təhdidlər yaranmasının fərqində olan hakimiyyət də məsuliyyətini başa düşərək Gürcüstan cəmiyyətinə kənar təsirləri minimallaşdırmağa çalışır.

ABŞ başda olmaqla kollektiv Qərb öz modelinə qarşı?

Bu günlərdə Qərbdən Gürcüstana ardıcıl şəkildə təzyiqlər gəlməkdədir. Bu ölkəyə qanunun qəbul ediləcəyi təqdirdə Avropa İttifaqına gedən yolunu çətinləşdirəcəyi ilə bağlı xəbərdarlıqlar edilir. Məsələn, BMT-nin İnsan Haqları ofisi Gürcüstan hökumətini “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməməyə çağırıb. Təşkilatın “X” platformasındakı paylaşımında bu qanun layihəsini geri çəkməyə çağırış əks olunub. “Bu, söz və birləşmək azadlığına ciddi təhdid törədir”, -  deyə paylaşımda bildirilib.

Tbilisidə baş verənlərə daha çox “narahatlığı” isə Qərb koalisiyasının başında dayanan ABŞ sərgiləyir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qanun layihəsinin Gürcüstanı Avropa yolundan uzaqlaşdıracağından və vətəndaşların həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən çox narahat olduqlarını bildirib: “Biz Gürcüstan hökumətini Avropa İttifaqının istəklərinə əməl etməyə çağırırıq”, - deyə ABŞ rəsmisi bildirib.

Hətta NATO-nun Baş katibi Yens Stoltenberq də narazılığını ifadə edib. O, sənəd layihəsinin yenidən qanunverici orqana təqdim edilməsinə qarşı çıxdığını, bunun Gürcüstanda demokratik təsisatların güclənməsinə qarşı bir addım olduğunu dilə gətirib. Baş katib deyib ki, Gürcüstan NATO və Avropa İttifaqına yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir. 

ABŞ-ın Tbilisi hadisələrinə belə “narahatlıq” ifadə etməsinin məntiqi başa düşülmür. Qeyd edək ki, oxşar qanun Gürcüstandan əvvəl digər ölkələrdə, o cümlədən də ABŞ-da qüvvəyə minib.  Xarici Agentlərin Qeydiyyatı Aktı (Foreign Agents Registration Act, FARA) okeanın o tayında 1938-ci ildə qəbul olunub və sonrakı illərdə düzəlişlərlə qadağa dairəsi əhəmiyyətli dərəcədə azaldılıb.  ABŞ-da xarici agentlərin reyestrinə ilk növbədə başqa dövlətin maraqları üçün lobbiçilik edən təşkilatlar və şəxslər daxil edilir. 

Eyni zamanda, verilən açıqlamalarda bildirilir ki, Gürcüstan sözügedən qanun layihəsini hazırlayarkən Qərb modelini əsas götürüb. Hakim “Gürcü Arzusu” partiyasının rəsmiləri  qanun layihəsinin ABŞ-ın “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) modeli əsasında hazırlandığını bildiriblər. Bəs ABŞ-ın etirazları nə ilə bağlıdır? Nə üçün bu ölkə rəsmi Tbilisinin ünvanına xəbərdarlıq göndərir? Belə çıxır ki, ABŞ başda olmaqla kollektiv Qərb “Avropa qanunu”na qarşı çıxır. Niyə Qərbə olar, Gürcüstana yox? O qənaət hasil olur ki, Qərb Gürcüstanda demokratiyanın çiçəklənməsi sarıdan deyil, sadəcə bu ölkə üzərində təsir dairəsinin məhdudlaşmasından narahatdır...

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31