Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Macarıstanın səsvermə hüququ ləğv edilərsə...

Macarıstanın səsvermə hüququ ləğv edilərsə...

05.06.2024 [10:46]

Aİ-nin təməl prinsipi pozulacaq

Yeganə Hacıyeva: Bu, baş verəcəyi halda çox ciddi nəticələrə yol açacaq

Avropa İttifaqı Macarıstana yönəlik “sanksiya hədəsi”ni yenidən aktuallaşdırır. Məlumdur ki, Aİ Ukrayna ilə üzvlüklə bağlı danışıqları iyulun 1-dək sürətləndirmək istəyir. Bunun əsas səbəbi isə Ukraynanın Aİ üzvlüyünə məhz rəsmi Budapeşt tərəfindən veto qoyulmasıdır. Eyni zamanda, iyulun 1-dən etibarən Aİ-yə sədrlik Macarıstana keçəcək. Avropa rəsmiləri genişlənməyə cavabdehlik daşıyan macarıstanlı komissar Varhelyinin mövqeyindən narahatdırlar. Macar komissar Ukraynanın Aİ üzvü olmasının mümkünsüzlüyün dönə çəkir - o təkid edir ki, rəsmi Kiyev hələ də etnik azlıqların, o cümlədən Transkarpat macarlarının hüquqlarının müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyib. Brüssel isə bu iddianı qəbul etmir. Nəticə etibarı ilə, Macarıstanın vetosu Ukraynanın üzünə Aİ qapılarını bağlayır.

Bu mənada quruma daxil olan bəzi ölkələr artıq bir neçə dəfə gündəmə gəlmiş “məhrumetmə” cəzasının reallaşdırılmasını istəyir. Başqa sözlə, Macarıstanın Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməsini irəli sürürlər. Bu addımın xüsusilə ölkənin ittifaqa sədrliyinin yaxın olduğu zamanda effektivliyinə “inanırlar. Bunu “Politico” qəzetinə müsahibəsində Belçikanın xarici işlər naziri Aja Labib deyib. “Bizim irəli getmək üçün mübarizə aparan Avropamız var və təəssüf ki, bəzi dövlətlər (xüsusən də bir dövlət) getdikcə daha çox tranzaksiya, bloklama və veto mövqeyindən çıxış edirlər”, - diplomat bildirib.

Labib əlavə edib ki, bu addım Aİ-nin taleyini müəyyənləşdirəcək, çünki bu, daxili çağırışlar qarşısında öz effektivliyini göstərəcək. Onun sözlərinə görə, Macarıstan səsvermə və veto hüququndan məhrum edilməsə, Brüsselin siyasəti ilə razılaşmayan ölkələrə qarşı sanksiyalar mexanizmində islahatlar aparılmalı olacaq.

Təbii ki, Macarıstanın bu və ya digər səbəblə səsvermə hüququndan məhrum edilməsi məsələsi Avropa qitəsi üçün bir sıra məsələlərdə xüsusi anlam daşıyır - o mənada ki, Macarıstanın Ukraynanın əleyhinə, Rusiyanın isə lehinə yeritdiyi xətt Avropa İttifaqının üzvü olan digər ölkələri qane etmir və hətta narahatlıq və narazılıq doğurur. Amma Budapeştin qurumdakı səsvermə hüququnun məhdudlaşdırılması və ya ləğvi mexanizmi mövcuddurmu? Aİ bu addımı atmaq üçün hansı prosedurları həyata keçirməlidir?

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, üzvlərin Aİ qarşısında öhdəliyi, məsuliyyəti olduğu kimi, Aİ-nin də üzvlər qarşısında öhdəliyi və məsuliyyəti var. “Ümumilikdə Aİ adından verilən qərarlarda qurumun bütün üzvlərinin razılığı əldə olunmalıdır. Macarıstanın Ukrayna ilə bağlı veto hüququndan istifadə etməsinin isə bir neçə əsas səbəbi var. Düzdür, Aİ belə bir mənzərə yaratmağa çalışır ki, guya Macarıstan Ukraynanı sevmədiyi üçün veto qoyur. Amma bu, belə deyil. Məsələ ondadır ki, Aİ-nin Ukraynanın öz üzvlüyünə daxil etməklə bağlı prosesi səmimi xarakter daşımır”

Y.Hacıyeva bildirib ki, Aİ-nin veto qoyan və ya sanksiyalara qoşulmayan üzv ölkəsinə qarşı bu cür məhdudlaşdırma mexanizmi mövcud deyil. Onun sözlərinə görə, bu səbəb ilə bağlı hər hansı cəzalandırma belə nəzərdə tutula bilməz: “Bu, Avropa İttifaqının daxili nizamnaməsində öz əksini tapmayıb. Aİ konfederativ fəlsəfəyə malik olan birlikdir. Bu mənada, Macarıstanın mövqeyinə qarşı bu kimi təzyiq etmək doğru hal deyil. Macarıstan Aİ üzvü kimi daxili qanunvericilikdə nəzərdə tutulan gözləmə hüququndan istifadə edir. Ona qarşı hər hansı bir sanksiya və ya məhdudiyyət tətbiqi etmək isə doğru və qanuni deyil,” - bildirən politoloq vurğulyıb ki, Macarıstana qarşı bu təzyiqin əsl səbəbi isə Türkiyə və Rusiya ilə yaxınlığıdır. Bu iki dövləti sevməyənlər daim bu arqumentə söykənərək Macarıstanı təzyiq altında saxlamağa çalışırlar. Rusiya böyük iqtisadi imkanlara və resurslara malik bir ölkədir və Budapeştlə Moskva arasında genişmiqyaslı ikitərəfli əlaqələr mövcuddur. Bu, geostrateji və coğrafi mövqe baxımından, o cümlədən milli maraqlar çərçivəsindən Macarıstan üçün sərfəlidir. Eyni zamanda Budapeşt müstəqil və balanslı xarici siyasət yürüdür. Bu ikitərəfli münasibət Macarıstanın daxili sosial vəziyyətinin sabitliyinə də təsir göstərir: “Macarıstana qarşı səsvermənin məhdudlaşdırılmasını tətbiq etmək istəyən Avropa Komissiyası bəzi ölkələrə Rusiyadan enerji daşıyıcıları almaq üçün rus rublu ilə mübadiləyə icazə verib. Bunu isə mümkün sosial partlayış versiyaları ilə əlaqələndirirlər. Belə ölkələrdən biri Almaniyadır. Aİ Almaniya və digər böyük ölkələr üçün verdiyi icazəni Macarıstana tanımır. Düzdür, qurum rəsmiləri bu eksklüziv icazəni rəsmi Berlinin Aİ üçün vacibliyi ilə əlaqələndirirdlər. Yəni, Almaniyanın Aİ-dən çıxması qurumun dağılmasına yol aça bilər. Amma Macarıstan kimi ölkələrin Aİ-dən çıxması böyük fəsadlara yol açmaz. Hətta bəzi məqamlarda Macarıstanı İttifaqdan çıxmağa təhrik belə etmək istəyirlər. Məsələn, Macarıstanın Ukraynanın üzvlüyü məsələsində nümayiş etdirdiyi hazırki etirazı Aİ rəsmiləri üçün göydəndüşmə fürsətə çevrilə bilər”.

Y.Hacıyeva Macarıstana qarşı olan münasibətin əsas motivinin Rusiya ilə yanaşı, Türkiyədən qaynaqlandığını önə çəkib. Onun fikrincə, Macarıstanın Ankara ilə yaxınlığı, isti münasibətləri tarixən türk dünyasına qarşı mənfi münasibət bəsləyən Avropa kontingentinin bəzi dövlətləri tərəfindən yaxşı qarşılanmır: “Yekun olaraq qeyd edim ki, Macarıstanın səsvermə hüququndan imtina edilməsi Aİ-nin özünün təməl prinsipinin pozulmasıdır. Bu da ilk dəfə deyil. Bundan öncə də bu təməl prinsiplər pozulub - düzdür, bu, hər hansı bir dövlətə qarşı onun səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı olmasa da, belə hal yaşanıb. İndiki halda isə təxminən 10 milyonluq bir xalqa malik Macarıstan kimi bir dövlətin, Aİ üzvünün səsvermə hüququnun alınması birmənalı olaraq təşkilatdakı bərabər iştirakçılıq hüququnun pozulmasıdır. İnanmıram ki, bu baş verə bilsin, hətta baş verəcəyi halda çox ciddi nəticələrə yol açacaq”. 

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31