Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qoca kinorejissorun siyasi çırpınışları və ziddiyyətli məntiqi

Qoca kinorejissorun siyasi çırpınışları və ziddiyyətli məntiqi

16.11.2012 [00:14]

“Biz bir-birimizi qıracağıq” arzusu ziyalı mövqeyidirmi...?
Öz anti-Azərbaycan mövqeyi və dağıdıcı fikirləri ilə bir müddətdir ki, gündəmdə olan Rüstəm İbrahimbəyov bir neçə gündür mətbuat orqanlarına verdiyi serial müsahibəsində bir-birinə zidd fikirlər səsləndirir, Azərbaycan cəmiyyətindən, ictimai-siyasi proseslərdən və münasibətlərdən bixəbər olduğunu təsdiqləyir. Sözügedən şəxs öz primitiv və bir o qədər də ziddiyyətli fikirləri ilə gah xalqımızı inqilaba səsləməklə ölkəni dağıdıcı proseslərlə hədələyir, gah da ki, hakimiyyətin dəyişməsinin ölkəyə bəlalar gətirəcəyini qeyd edir.
Belə ki, siyasətlə məşğul olmadığını iddia edən İbrahimbəyov Azərbaycanda mövcud siyasi kursun dəyişməyəcəyi təqdirdə ölkəni “dəhşətli inqilab”la hədələməklə, “Suriya, Misir bizim yanımızda toya getməli olacaq” deməklə, əslində, bəzi xarici anti-azərbaycançı dairələrin iddia və arzu etdikləri tezisi təkrarlayır. Sirr deyil ki, ölkəmizin müstəqil daxili və xarici siyasətindən narahatlıq keçirən, inkişafımızı qısqanclıqla qarşılayan, ölkəmizə yönəlik qeyri-real, avantürist geosiyasi layihələri gerçəkləşdirmək istəyən anti-azərbaycançı dairələr bu və ya digər səviyyədə müxtəlif qərəzli fikirlər səsləndirməklə inqilab əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Amma cəmiyyətimizin sağlam düşüncəli fərdləri bu fikir və tezislərin arxasında duran məkrli niyyətlərin mahiyyətini anlayır və həmin qüvvələrin qərəzli mövqeyi ictimaiyyətimizdə haqlı narazılıq yaradır. Belə olan təqdirdə, İbrahimbəyov həmin qərəzli dairələrin fikir və tezislərini səsləndirməklə anti-Azərbaycan mövqeyində durur, Azərbaycan xalqının fəlakətlərlə qarşı-qarşıya qalmasını arzu etmiş olur. Beləliklə də, İbrahimbəyov anlamalıdır ki, o, öz neqativ düşüncəsi və qərəzli əməlləri ilə cəmiyyətimizdə yalnız qınaq və nifrət obyektinə çevrilir. R.İbrahimbəyov qeyri-ixtiyari olaraq xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə alternativ görmədiyini təsdiqləyir və etiraf edir ki, hakimiyyətin dəyişməsi Azərbaycana bəlalar gətirə bilər.
Digər tərəfdən, R.İbrahimbəyovun “biz bir-birimizi qıracağıq” fikrinin arxasında onun Azərbaycan xalqına əsl münasibəti durur. 1990-cı illərdə çox sevdiyi ermənilərin Bakını tərk etməsindən və onların yerinə qaçqın və məcburi köçkünlərin Bakıya gəlməsindən kədərlənən və buna görə də, “Pravda” qəzetində göz yaşları axıdan İbrahimbəyov azərbaycanlıları vəhşi, vandal, qaniçən kimi qələmə verməklə nə demək istəyir? Bu, həmin şəxsin xalqımıza, dövlətimizə olan münasibətini ifadə etmirmi? Bu cür fikirlərlə xalqımızı və cəmiyyətimizin hər bir nümayəndəsini təhqir edən İbrahimbəyov hansı haqla Azərbaycandan və azərbaycanlılardan danışır?
Müstəqil siyasət kimlərisə deyil, xalqı razı salmaqdır
Bunlarla yanaşı, İbrahimbəyov məntiqsiz və ziddiyyətli müsahibəsində bir daha öz korporativ mənafeyini əsas tutduğunu nümayiş etdirir. Belə ki, o, “mənə hörmətsizlik etdilər, mən də məcbur oldum, özümü daha fəal müdafiə edim” deməklə, yəqin ki, Şəhidlər Xiyabanı yaxınlığında əyləncə mərkəzi tikdirməsinə icazə verilməməsini nəzərdə tutur. Bu fikir bir daha təsdiq edir ki, onun xalqımızın ali mənafeyini əsas götürən, milli maraqlarımızın ifadəçisi olan hakimiyyətə qarşı indiki aqressiv münasibətinin əsasında Azərbaycanın və azərbaycanlıların maraqları deyil, şəxsi motivlər və ambisiyalar durur.
Həmçinin, Azərbaycanın xarici siyasətini də tənqid edən, “əgər bacarıqlı siyasətçi olsa, Amerikanı da, Rusiyanı da razı sala bilər” deyən İbrahimbəyov ümumiyyətlə siyasətdən anlamadığını nümayiş etdirir. Məgər müstəqil siyasət yürütmək kimlərisə razı salmaq deməkdir? Faktdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Belə olan halda, İbrahimbəyov hansı əsaslarla Azərbaycanın müstəqil xarici siyasətini tənqid edir? Digər tərəfdən, Azərbaycanın müstəqil siyasət yürütməsini istəyən İbrahimbəyovdan soruşula bilər ki, əgər Azərbaycan Rusiyanın təsir dairəsinə girmək istəmirsə, Gömrük İttifaqına qoşulmursa, Moskvanın hərbi bazalarla bağlı maraqlarını təmin etmək istəmirsə, bu müstəqil siyasət deyil, bəs nədir?
“Julik” ifadəsi elə juliklərə məxsusdur
Bundan başqa, mətbuat səhifələrində ayrı-ayrı şəxslərin üzərinə hücum edən və “məmurlar mənim üçün heç nədir” deyən bu şəxsin özü kimdir? Öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, milli maraqları ayaqlar altına atmış, öz mövqeyi ilə anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən bu adam, doğrudanmı, ictimaiyyət tərəfindən qəbul olunduğunu düşünür? Əlbəttə ki, daşnak Roman Balayanın yaxın dostunun nəinki Azərbaycan məmurlarına, eyni zamanda, bütün Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər. Həmçinin, özünü “ziyalı” adlandıran R.İbrahimbəyov “bu hakimiyyət 5 dənə julikdir” deməklə, əslində, küçə mədəniyyəti və əxlaqına sahib olduğunu nümayiş etdirir. Belə ki, “julik” sözünü işlətməyi elə “juliklər” xoşlayırlar.
Eyni zamanda, R.İbrahimbəyov düşünmədən sağa-sola hücum edərək bu və ya digər şəxslərin ünvanına da təhqiramiz ifadələr səsləndirir. Rusiyada yaşayan zəngin azərbaycanlıları, özünün də təmsil olunduğu və yaradılması Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılanan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nın qurucularını qeyrətsizlikdə ittiham edir. Onun fikrincə, həmin şəxslərin arasından İvanişvilinin çıxmaması onların qeyrətli olmaması ilə əlaqədardır. Görəsən, dostlarının bu məsələyə münasibəti necə olacaq? Üstəlik, R.İbrahimbəyov iddia edir ki, bu şəxslər yalnız öz biznesləri barədə düşünürlər və Azərbaycan məfhumu onlar üçün yaddır. R.İbrahimbəyovun məntiqi ilə düşünsək, görəsən, bu insanları Azərbaycanla nə bağlayır? Həmçinin, “Gürcüstanda İvanaşvili tapıldı... Mən istəyərəm onlardan (azərbaycanlı iş adamları nəzərdə tutulur-red) biri qeyrətli çıxsın və siyasətlə məşğul olsun” deyən İbrahimbəyova müraciət edərək bildiririk ki, Azərbaycanın ivanlarla 175 illik işi bitmişdir və xalqımız öz müstəqillik yolunu müəyyənləşdirmişdir. Digər tərəfdən, sözügedən şəxsə sual olunur ki, məgər siyasətlə məşğul olmayan bütün iş adamları qeyrətsizdir?
Öz gözündə tiri görməyən...
Yeri gəlmişkən, dolayı yolla ölkəmizdə korrupsiyanın hökm sürdüyünü və antikorrupsiya tədbirlərinin görülmədiyini iddia edən bu şəxsin, yəqin ki, başı şəxsi biznes maraqlarına və korrupsiyaya qarışdığından ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirlərindən bixəbərdir. Və ya qərəzli mövqeyi onu bu cür fikir səsləndirməyə vadar edir. Eyni zamanda, Elşad Abdullayevlə bağlı ortaya çıxan videomaterialla əlaqədar suala cavab verən R.İbrahimbəyov parlamentin legitim olmadığını iddia edir. Sual olunur ki, əyri yollarla parlamentdə təmsil olunmaq hüququ qazanmaq istəyən bir şəxsin qeyri-qanuni əməlinə mane olunması məgər parlamentin legitimliyini şübhə altına alır? Həmçinin, o deyir ki, Azərbaycan ziyalılarının yalnız 1 faizi ölkəni düşünür və onların qalanını vicdansızlıqla ittiham edir. Demək, onun məntiqinə görə, ölkə ziyalılarının 99 faizi vicdansızdır və ölkəni zərrə qədər düşünmür?
Beləliklə, bütün bunlar nəinki Rüstəm İbrahimbəyova qarşı cəmiyyətimizdə haqlı narazılıq yaradır, eyni zamanda, bu şəxsin yaxın ətrafı da ona mənfi münasibət və ikrah hissi ilə yanaşır. Məmurları və ayrı-ayrı şəxsləri “tənqid” obyektinə çevirən, özünü “dünya şöhrətli kinossenarist” kimi qələmə verən və bəzilərini Oskar mükafatı aldığına inandıran R.İbrahimbəyov, yaxşı olar ki, yaxın ətrafının, kino sahəsinin peşəkarlarının onun yaradıcılığına əsl münasibəti ilə maraqlansın..
Nəticə etibarilə, sadalanan faktlar R.İbrahimbəyovun kimliyini və hansı fəaliyyətə malik olduğunu aşkar surətdə əks etdirir.
Siyasət şöbəsi
P.S. Qəzet çapa hazırlanarkən, ARDNŞ-in R.İbrahimbəyovun qeyri-qanuni əməllərilə bağlı yaydığı məlumat bir daha söylənilən fikirlərin həqiqiliyini isbatladı.

Paylaş:
Baxılıb: 1498 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30