Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında xüsusi yeri və rolu var

YAP-ın Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında xüsusi yeri və rolu var

23.11.2012 [01:01]

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində özünəməxsus rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasından 20 il ötür. Bu, bir həqiqətdir ki, ötən 20 ildə şərəfli bir tarix yazan YAP keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. 
Belə ki, 1991-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı, həmçinin, həmin illərdə Azərbaycanda rəhbərliyə gətirilən səriştəsiz, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Azərbaycanın üzləşdiyi böhran AXC-Müsavat hakimiyyətinin bacarıqsızlığı və naşılığı ucbatından daha da dərinləşmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqın aparıcı qüvvələri, həmçinin, ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. 1992-ci il oktyabrın 16-da 91 ziyalının Ulu öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq, bu inam ifadə edilmişdi ki, mövcud vəziyyətdə belə çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs məhz Ümummilli lider Heydər Əliyevdir.
Beləliklə, Ulu öndər 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu həmin tarixi cavabda böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdi. Müraciətin sonunda Ümummilli lider Heydər Əliyev YAP-ın obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdi.
Məlum olduğu kimi, həmin vaxt yaradılan maneələr ucbatından partiyanın təsis konfransı Bakıda deyil, Naxçıvanda keçirildi. Partiyamızın Sədri, Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev cənablarının YAP-ın yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimindəki nitqində bəyan etdiyi kimi Təsis konfransının Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı: “Bu gün özünü demokrat adlandıran, ancaq 20 il ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, Ulu öndərin müdrikliyi, Onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.
Beləliklə, 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ulu öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Bununla da, ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu.
Prezident İlham Əliyevin yubiley mərasimindəki nitqində bildirdiyi kimi, YAP-ın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyil ki, 1993-cü ilin yayında -Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Qısa zaman ərzində, Azərbaycanda çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Ölkəmiz dünya birliyinə inteqrasiya etməyə başladı. Balanslaşdırılmış xarici siyasətin həyata keçrilməsi nəticəsində Azərbaycan beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrildi.
Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyev YAP-ın ideoloji məramını, siyasi proqramını, strategiyasını müəyyən etməklə, həm də Azərbaycanın müstəqil dövlət kimi inkişaf platformasının istiqamətlərini hazırladı. 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq ilə Prezident seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu.
Bu bir danılmaz həqiqətdir ki, YAP-ın cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, Onun layiqli davamçısı, partiyanın Sədri, Prezident İlham Əliyev amili mühüm rol oynayır. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması YAP-a olan inam və məhəbbəti daha da gücləndirib. Çünki YAP-ın Sədri, Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyasının dayaqları üzərində yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb.
Təsadüfi deyil ki, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra partiyada kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə hakim partiyanın üzvlərinin sayı 600 minə yaxındır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, YAP Naxçıvan şəhərində təsis edildikdən sonra bu partiyanı ilk dəstəkləyənlərin sırasında Quba ziyalıları da olub. Həmin dövrdə Quba ziyalıları təqiblərdən və təzyiqlərdən çəkinməyərək YAP-ın rayon təşkilatının yaradılması üçün fəaliyyətə keçiblər və 1992-ci ilin dekabrında təşəbbüs qrupu yaranıb. 1993-cü ilin yanvar ayının 16-da isə Azərbaycanın rayonları arasında 2-ci olaraq məhz Qubada təsis konfransı keçirilərək, YAP-ın rayon təşkilatı yaradılıb. Bu gün fəxrlə və inamla deyə bilərəm ki, YAP Quba rayon təşkilatı sağlam düşüncəli, möhkəm əqidəli, cənab Prezidentin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 5450 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.
Son olaraq onu qeyd etmək istəyirəm ki, bizlər bu gün ötən 20 il ərzində partiyamızın keçdiyi şərəfli yola nəzər salmaqla yanaşı, gələcəyin çağırışlarına da hazır olmalıyıq. Çünki əldə edilən uğurlarla kifayətlənmək olmaz və dövlət başçısının YAP-ın 20 illik yubileyi ilə bağlı mərasimdə bəyan etdiyi kimi, biz arxayınlaşmamalı, yeni iş metodları haqqında fikirləşməli, daim axtarışda olmalıyıq: “Əlbəttə, həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ancaq bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq və yeni iş metodları haqqında fikirləşməməliyik. Biz daim axtarışda olmalıyıq, daim yenilikləri tətbiq etməliyik. Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün partiyanın hər bir üzvü öz fəal işi ilə töhfəsini verməlidir”.
Ədalət Nəbiyev,
Yeni Azərbaycan Patiyası Quba rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30