Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevin ideyaları həmişəyaşardır

Ulu öndər Heydər Əliyevin ideyaları həmişəyaşardır

11.12.2012 [00:47]

Fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edən, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirən Ümummilli liderimiz Heydər Əliyev bəşər tarixində hər hansı bir dövlət başçısının öz ölkəsi üçün edə bilmədiklərini Azəbaycan üçün reallığa çevirdi. Tarix geri dönmür, ancaq təkrar olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şərait bir qədər başqa məzmunda, lakin daha əlverişli formada əsrin sonuncu on illiyində yenidən təkrarlandı. SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı Azərbaycan da öz müstəqilliyini elan etdi: 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa etdi. Bu aktla, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da və ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması məhz dahi rəhbərimiz Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı. Çünki, 1991-1992-ci illərdə, o cümlədən, 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən həmin dövrdə Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, həmçinin, özbaşınalığa rəvac verən AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, məhz Ümummilli liderin 1969-1982-ci illərdə ölkə rəhbəri olduğu dövrdə yaradılan iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, milli sərvətlərimiz talan edildi. AXC-Müsavat rəhbərliyi ölkə hakimiyyətini əldə saxlamaq üçün qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verdi. Bu, sonradan Azərbaycanda separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaratdı. 
Məhz belə bir ağır zamanda xalqımız öz xilaskarı - Ulu öndər Heydər Əliyevə müraciət etdi. Hər zaman millətinin, dövlətinin inkişafı üçün çalışmış Ulu öndər Heydər Əliyev bu ağır məsuliyyəti öz üzərinə götürdü. Daxili və xarici düşmənlərin ölkəni parçalamaq planları artıq yavaş-yavaş öz işini görməkdə idi. Bir tərəfdən Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı elan olunmamış müharibəsi, digər tərəfdən hakimiyyətdə olan qüvvələrin təhriki ilə separatizmə rəvac verilməsi ölkədə vətəndaş qarşıdurması yaratmışdı.
Xalqımız üçün ən qiymətli nemət olan dövlət müstəqilliyinin qorunması, o cümlədən, xalqın mənafeyini qorumaq üçün həvalə olunan hakimiyyətə yalnız mənfəət prizmasından yanaşan AXC-Müsavat cütlüyü ölkəni iqtisadi tənəzzülə uğratmaqla yanaşı, siyasi cəhətdən də gərgin bir vəziyyət yaratmışdı. Ölkədə kriminogen durum günü-gündən pisləşir, cinayətkarlıq baş alıb gedirdi, qanunun tələbləri, səlahiyyətli, vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmurdu. Sadəcə, hər kəs öz silahlı dəstəsinə arxayın olaraq hakimiyyət savaşı aparırdı. Ölkədə istehsal dayanmışdı, iqtisadi böhran həyatın bütün sahələrini iflic etmişdi. Digər tərəfdən, siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi.
Məhz belə bir ağır zamanda xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Ulu öndərin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı.
Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hüquqi dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcıdır
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğuna başlandığı bəyan olunsa da, bu vəzifənin həyata keçirilməsi müstəqil Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı. Konstitusiyada yer alan müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi müddəalar dövlətin xarici-daxili siyasətinin prioritetini təşkil etdi.
Ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının genişləndirilməsi, demokratik dövlət quruculuğunun inkişafı istiqamətində qanun bazasını yaratmaqla dövlətin hüquqi əsasını qoydu. Bu gün Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları, dövlət hakimiyyətinin qolları, yerli özünüidarəetmə orqanları, hüquq və qanun ilə əlaqədar olan ictimai münasibətlərin nizamlanması da əhatəli şəkildə təsbit edilmişdir ki, bu da ölkəmizin Əsas Qanununun demokratik prinsiplərin daşıyıcısı olan beynəlxalq aktlar sırasına daxil olmasına imkan verir.
Azərbaycanda demokratik inkişaf dönməzdir, əbədidir...
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də ölkəmizin Avropa məkanına inteqrasiyasının gücləndirilməsinə yönəltmişdi. Məhz ölkəmizin Avropa Şurasına qəbul olunması bu istiqamətdə atılan böyük addımlardan biri idi. Görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında “xüsusi qonaq” statusu verildi. “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli Sərəncamı, “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” 1998-ci il 16 aprel tarixli Sərəncamı, “İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı Azərbaycanın bu yolla inamlı irəliləyişi idi. Sonrakı dövrlərdə Azərbaycan beynəxalq təşkilatlar ilə yaxından əməkdaşlıq proqramları həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində nail olduğumuz bu nəticələr Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter verdi, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratdı və 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul olunmasını şərtləndirdi.
Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Artıq Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulub. Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi olacağına dəlalət edir. Bu, Azərbaycan xalqının ən müqəddəs arzusudur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf yolu uğurla davam və inkişaf etdirilir
Beləliklə, Azərbaycan tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan, Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər Ümummilli liderimiz Heydər Əliyev olub.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı inkişaf strategiyasının ən böyük uğurlarından biri də başlanan işlərin uğurla davam etdirilməsidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri şübhəsiz ki, Prezident İlham Əliyev kimi siyasi varisin hazırlanması oldu. Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi-siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirir. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırılıb, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olunub.
Dekabr ayının 12-i hər zaman xalqımız üçün üzüntü və kədərli bir tarix olacaq. Çünki bu tarixdə Ulu öndərimiz Heydər Əliyev fiziki olaraq aramızdan ayrılıb. Bununla belə, Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasi məktəbi və inkişaf yolu bu gün də Azərbaycan xalqının inkişafının təməl prinsipi sayılır. Bu baxımdan, Azərbaycan xalqı hər zaman öz Ümummilli liderini xoş xatirələrlə xatırlayacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30