Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb

Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb

12.12.2012 [01:34]

Milli Məclisin iclasında bir sıra qanunlara əlavə və dəyişikliklər edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Deputatlar ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı ölkəmizin uğuru kimi qiymətləndiriblər. Spiker Oqtay Əsədov da bu hadisəni Azərbaycanın nailiyyəti kimi dəyərləndirib: “Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə ev sahibliyi etməsi üçün namizədliyini irəli sürəndə bəzi dairələr iddia etmişdilər ki, Azərbaycanın olimpiya keçirmək təcrübəsi yoxdur. Amma ölkəmizin səyləri öz nəticəsini verməkdədir”.
O.Əsədov bildirib ki, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar Azərbaycan xalqının qələbəsidir. “Bu hadisə, ilk növbədə Prezident İlham Əliyev siyasətinin qələbəsidir. Bu münasibətlə Prezidentimizi və xalqımızı təbrik edirik”- deyə, spiker vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi tarixi qərardır. Onun fikrincə, bu hadisə Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərin, qazandığı nüfuzun Avropa müstəvisində qəbul edilməsidir. “Ölkəmizdə aparılan siyasət uğurlu, müsbət nəticəsini verir. Bu idman yarışının keçirilməsinə xeyli müddət var. Ona görə də, bu tədbirə ciddi hazırlaşmalıyıq. 2015-ci ildə Azərbaycanda keçiriləcək bu mötəbər tədbirlə ölkəmiz olimpiya tarixində şərəfli səhifə yazacaq” - deyə millət vəkili vurğulayıb.
İclasda bəzi millət vəkilləri Gürcüstan vətəndaşı olan azərbaycanlıların ölkəmizə gediş-gəlişlərinin sadələşdirilməsini təklif ediblər. Qeyd olunub ki, bunun üçün miqrasiya qanunvericiliyinə dəyişikliklər edilməlidir.
Amma məsələyə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, azərbaycanlılar yaşadıqları ölkədəki ictimai-siyasi proseslərdə fəal olmalıdırlar. Lakin hazırda bu məsələ yaxşı səviyyədə deyil. Oqtay Əsədov xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin dövlət orqanlarında təmsilçiliyinə xüsusi diqqət yetirilməsinə çağırıb: “28 erməni Rumıniya parlamentinə üzv seçilib. Sankt-Peterburqda 350 min azərbaycanlı yaşayır, Ukraynada 500 min. Amma həmin ölkələrdə bir deputatımız yoxdur. Biz bu məsələrə diqqət yetirməliyik”.
Spiker Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə bağlı bəzi KİV-lərdə gedən materiallara da münasibət bildirib: “Bəzi mətbuat orqanlarında bu məsələ başqa cür işıqlandırılır. Məsələ problemli deyil. Qəbələ RLS-lə bağlı iki dövlət tərəfindən komissiya yaradılmışdı, həmin komissiya müzakirələr aparıb və belə razılığa gəlindi ki, obyektin fəaliyyəti dayandırılsın. İndi bu o demək deyil ki, Azərbaycanla Rusiyanın əlaqələri kəsiləcək. Bu məsələni şişirtmək lazım deyil”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Gürcüstan azərbaycanlılarının məsələsinə münasibət bildirib: “Biz gücümüzü ona yönəltməliyik ki, azərbaycanlılar yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə fəal olsunlar, dövlət strukturlarında irəli çəkilsinlər, palamentlərdə təmsil olunsunlar. Gürcüstanda 500 min nəfər azərbaycanlı yaşayır, amma cəmi iki deputat parlamentdə təmsil olunur. Biz Gürcüstanda söhbətlər aparmışıq, azərbaycanlıların dövlət işlərinə cəlb olunmasını təklif etmişik. Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsi, ali təhsil alması vacibdir. Amma bu yöndə problemlər var. Çünki orada yaşayan azərbaycanlılar gürcü dilini bilmir, ali təhsilini gəlib Elşad Abdullayevin Beynəlxalq Universtitetində alıb. Onları necə dövlət strukturlarında işə götürsünlər? Azərbaycanlılar gürcü cəmiyyətinə inteqrasiya etməlidirlər”.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub və millət vəkilləri bir neçə dövlətlərarası sazişləri təsdiq edib. Daha sonra Azərbaycan ilə İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkənin vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumun ləğv olunması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun ləğv edilməsi məsələsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi. Sənədə əsasən sərhədyanı rayonlarda daimi yaşayan Azərbaycan vətəndaşları sadələşdirilmiş qaydada İrana səfər etmək üçün xüsusi qeydlər səhifəsində sərhədyanı rayonlarda daimi yaşamaları barədə Azərbaycan və ingilis dillərində “qeyd” aparılan ümumvətəndaş pasportları əsasında sərhədi keçə bilərdilər, sərhədyanı rayonlarda daimi yaşayan İran vətəndaşları isə sadələşdirilmiş qaydada Azərbaycana səfər etmək üçün qəbul olunmuş formada fars və rus dillərində tərtib olunan “sərhəd keçidlərinə dair sertifikat” əsasında sərhədi keçmək hüququna malikdirlər.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, həmçinin, bəzi iddialara da cavab verib. Onun sözlərinə görə, dünyada sivil normalar var və bunlardan biri də viza sistemidir: “İran tərəfi viza sistemini ləğv edib və Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedib gəlirlər. Biz öz dövlətimizin təhlükəsizliyini təmin etmək üçün bu addımları atırıq. Təbii ki, gələcəkdə viza sisteminin sadələşdirilməsi yönündə addımlar atılacaq. O cümlədən, Türkiyə, Avropa Birliyi ilə viza sisteminin sadələşdirilməsi istiqamətində işlər görüləcək. Amma hazırda belə bir qərarın qəbul olunması vacibdir. Hansı ölkələr olur olsun, biz öz sərhədimizi möhkəmləndirməliyik. Regionda baş verən hadisələr bunu zəruri edir”.
Məsələyə aydınlıq gətirən birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, sözügedən memorandumun vaxtı bitib. Ona görə də, bu sənəd ləğv olunmalıdır, ya da müddəti uzadılmalıdır. “Güman edirəm ki, gələcəkdə danışıqlar aparılacaq və yeni sənəd imzalanacaq. Amma sərhədlərin bağlanmasından söhbət getmir. Həmin insanlar yenə də gəlib gedəcəklər. Amma yeni saziş hazırlanıb qəbul olunana qədər viza sistemi tətbiq olunacaq. Burada qeyri-adi məsələ yoxdur”- deyə, Z.Əsgərov vurğulayıb.
Milli Məclis, həmçinin, “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2006-cı il 1 mart tarixli qanunu da ləğv edib.
İclasda həmçinin, bir sıra qanunlara siyasi partiyalarla bağlı təklif olunan əlavə və dəyişikliklər layihəsi müzakirə olunub. Cinayət Məcəlləsinə təklif edilən əlavəyə əsasən, siyasi partiyaya üzvlüyə və üzvlüyündə qalmaya məcbur etməyə görə 1000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.
Başqa bir əlavəyə görə, “Həmkarlar ittifaqları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, həmkarlar ittifaqları siyasi partiyaların rəmzlərindən istifadə edə bilməzlər. Mülki Məcəlləyə təklif edilən dəyişikliyə görə isə, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılmalıdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, komitənin iclasında siyasi partiyalarla bağlı qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliyə yenidən baxılması barədə təklif daxil olub. Ə.Hüseynli bildirib ki, qanunun 4.2-ci maddəsinə təklif olunan “dövlət orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə və ictimai birliklərinin strukturlarının yaradılmasına yol verilmir” dəyişikliyinə yenidən baxılması haqqında qərar verilib: “Bunu qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik və dəyişikliyin layihədən çıxarılmasına qərar verildi”.
İnzibati Xətalar Məcəlləsinə isə “Siyasi partiyalar haqqında” Qanunun pozulması ilə bağlı əlavələr təklif olunub. Əlavələrə əsasən, siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə - fiziki şəxslər 750 manatdan 1500 manatadək miqdarda, vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək miqdarda, hüquqi şəxslər 8000 manatdan 15000 manatadək miqdarda cərimə ediləcək. Məcəllənin 49-4.1-ci maddəsində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə fiziki şəxslər 1500 manatdan 3000 manatadək miqdarda, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək miqdarda, hüquqi şəxslər 15000 manatdan 30000 manatadək miqdarda cərimə olunacaqlar. Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi səsverməyə çıxarılaraq qəbul edilib.
Eyni zamanda, parlament Azərbaycan və Türkiyə hökumətləri arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında sazişi, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında protokolu da təsdiqləyib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30