Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin yazıldığı gün...

20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin yazıldığı gün...

18.01.2013 [01:49]

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən növbəti “Dəyirmi masa” 20 Yanvar faciəsinə həsr olunub
1990-cı ilin 20 Yanvar faciəsindən-müasir Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsinin yazıldığı gündən 23 il ötür. Həmin gün-yanvarın 19-dan 20-nə keçən gecə xalqın azadlıq və istiqlal mübarizəsini “beşikdə” boğmaq məqsədilə, Sovet imperiyası fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan edildi, misli görünməmiş vəhşiliklər törədildi. Rəsmi məlumata görə, həmin gün təkcə Bakı şəhərində 130-dan çox insan xüsusi amansızlıqla qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar da vardı. Əsasını ermənilər təşkil edən vəhşiləşmiş hərbiçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, o cümlədən, təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi.
Şübhəsiz ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin təməli oldu. Təəssüf ki, həmin dövrdə xalqın bu azadlıq istəyindən öz maraqları üçün sui-istifadə etməyə çalışanlar da tapıldı. Məhz, bütün bunları müzakirə etmək üçün “Yeni Azərbaycan” qəzeti “Dəyirmi masa” keçirib. “Dəyirmi masa”nın qonaqları Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, millət vəkili Jalə Əliyeva, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirlidir.
- 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki siyasi vəziyyəti necə xarakterizə edərdiniz? Həmin dövrdə Sovet İttifaqında nələr baş verirdi və bu baş verənlər Azərbaycanda başlayan proseslərə hansı təsirləri göstərirdi?
Qüdrət Həsənquliyev: Əslində, bu proseslərin başlanğıcı 1986-cı ildə qoyuldu. SSRİ rəhbərliyinə gələn Mixail Qorbaçov “yenidənqurma”ya başladı və cəmiyyətdə müəyyən dəyişikliklərə ehtiyac olduğunu bəyan etdi. Çünki Sovet İttifaqının iqtisadiyyatı demək olar ki, çökmüşdü, artıq dövlətin resursları tükənmişdi, ideologiya əvvəlki gücə, Sovet cəmiyyətinin birliyini qoruyub saxlamağa yetərli deyildi. “Yenidənqurma” dalğası altında 1987-ci ildə Bakıda ilk dəfə olaraq universitetlərdə tələbə hərəkatları yeni dərnəklər formalaşırdı, yaranırdı. Bu vaxta qədər isə ədəbiyyat milli oyanış məsələsində xüsusi rol oynamışdı və yazıçılarımız, şairlərimiz öz əsərləri ilə cəmiyyətə bir oyanış ruhu vermişdilər. Həmin bu dalğadan ermənilər də istifadə edərək, 1986-cı ilin sonlarında “Daşnaksütyun” partiyasının qurultayını keçirdilər. Orada “Böyük Ermənistan” planının haradan-Gürcüstandan, yoxsa Azərbaycandan başlamaqla bağlı müzakirələr oldu. Səs çoxluğu ilə “prosesin” Azərbaycanın Dağlıq Qarabağ ərazisindən başlanılmasına qərar verildi. Bundan sonra Qorbaçovun iqtisadi məsələlər üzrə müşavirə olan erməni Aqambekyanın Parisdə “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” məzmunlu açıqlaması səsləndi. Daha sonra Xankəndidə “Krunk” adlı erməni təşkilatı artıq əməli fəaliyyətə başladı. Həmin dövrlərdə Bakı Dövlət Universitetində bizimlə oxuyan qarabağlı tələbələr söyləyirdilər ki, ermənilər pul yığmağa başlayıblar, Xankəndidə fond yaradıb camaatdan pul yığırlar, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qabartmaq istəyirlər, amma təəssüf ki, həmin vaxt bu məsələni bir çoxları ciddi qəbul etmirdi. Təəssüf ki, həmin dövrün hakimiyyətinin məsələlərə soyuq yanaşması, Qorbaçovun ermənilərə xüsusi simpatiyasının olması və ermənilərin də bundan faydalanması onların Qarabağı Azərbaycandan qoparmağa cəhd etmələri ilə nəticələndi. Sonda isə proses münaqişəyə və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına gətirib çıxardı. Etiraf etmək lazımdır ki, Azərbaycanın o dövrdəki hakimiyyəti qətiyyətli addımlar atmaqdan çəkinirdi, qorxurdu.
- Bəs 1989-cu ilin dekabr və 1990-cı ilin yanvar ayının ilk 15 günündə baş verənlər nə idi? Emosional insanların aqressiv davranışı, xalqın azadlıq istəyi, yoxsa elə Moskva hakimiyyətinin 20 Yanvar faciəsini törətmək üçün hazırladığı ssenarinin proloqu...
Elman Nəsirli: Əslində, məsələyə kompleks yanaşmaq lazımdır. Çünki artıq o dövrə qədər başverənlər xalqın bu cür kütləvi etirazına gətirib çıxarmışdı. Həqiqətən də, Aqambekyanın Parisdəki məlum müsahibəsindən sonrakı proses “məntiqi ardıcıllıqla” davam edirdi. 1988-ci ilin mart ayında SovKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Dağlıq Qarabağın sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması” ilə bağlı bir qərarı oldu. Bu qərar Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində atılan əsas addımlardan biri idi. Həmin ilin iyun ayının 17-də isə Azərbaycan Ali Soveti bu qərarı təsdiqlədi və təəccüblü də olsa qərarı sözün həqiqi mənasında Dağlıq Qarabağın inkişafına gətirib çıxaracağı və yerində verilən bir qərar adlandırdı. 1989-cu ilin yanvar ayında artıq Qarabağda Volski komitəsi yarandı və faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycan ərazisindən çıxarılması reallaşdı. Ermənilər də görürdülər ki, proseslər onların istədiyi şəkildə inkişaf edir. 1989-cu ilin dekabrında isə Ermənistanın Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Azərbaycan xalqı da bunun fərqində idi ki, torpağımız Moskvanın köməyi ilə əldən gedir. Xalq öz etiraz səsini ucaldırdı və o cümlədən də, artıq müstəqillik istəyirdi. Artıq Moskvaya inam qalmamışdı. Bu məsələnin beynəlxalq aspektləri də maraqlıdır. Həmin dövrdə SSRİ-nin dağılması prosesi gedirdi və Qərb, insan hüquqlarından danışan ABŞ çox sakit bir şəkildə bu prosesi izləyirdi. Xatırladım ki, hələ 1979-cu ildə SSRİ qoşunları Əfqanıstana yeridiləndə bir məşhur Bzejinski doktrinası meydana çıxmışdı və həmin doktrinada deyilirdi ki, imkan yaradaq SSRİ öz qoşunlarını Əfqanıstana yeritsin və biz də sadəcə buna yumşaq etiraz edək. SSRİ qoşunlarını Əfqanıstanın dərinliklərinə yeritdikcə bataqlığa girəcək. Paralel aparsaq, görərik ki, 1990-ci ildə Bakıya qoşun yeridilən zamanda da Qərb sadəcə etiraz edirdi və etirazın səviyyəsi o dərəcədə deyildi ki, SSRİ bundan həyəcan keçirsin və geri çəkilsin. Həqiqətən də, SSRİ-nin 20 Yanvarda Bakıya qoşun yeritməsindən sonra ittifaqa inam kökündən sındı. Bu artıq ittifaqın dağılmasının başlanğıcı idi. Nəticə etibarı ilə 20 Yanvarda baş verənlər göstərdi ki, Sovet İttifaqının rəhbərliyi bu hadisələri planlı və məqsədyönlü şəkildə həyata keçirib, risk əmsalını hesablayıb. Bundan başqa, nəzərə alınıb ki, Azərbaycanda olan hakimiyyət bu hadisəyə lazımi şəkildə adekvat etiraz və ya müqavimət göstərməyəcək. Eyni zamanda, bu hadisənin zamanı da hesablanmışdı. Maraqlıdır ki, yanvar ayının 22-də keçirilən Azərbaycan Ali Sovetinin sessiyasında əsas hakimiyyət fiqurları iştirak etmirdi, hətta onlar dəfn mərasiminə belə gəlmədilər. Moskva bunun hamısını hesablamışdı. Amma onlar görünür ki, ötən 70 ildə Azərbaycan xalqını lazımi şəkildə tanımamışdılar.
- Həmin dövrün hakimiyyət rəhbərlərinin susqunluğu, onların qorxaqlığının səbəbi təbii ki, həmin şəxslərin rəsmi Moskva tərəfindən təyin edilməsindən irəli gəlirdi. Amma o vaxt xalq hərəkatının önündə gedən bəzi insanlar vardı ki, belə bir faciənin baş verə bilmə ehtimalından, hakimiyyətin qanlı planından xəbərdar idilər. Həmin şəxslər nə üçün xalqı bu qırğından, təxribatdan çəkindirmədilər. Ən azından bu faciədən minimal itki ilə çıxmaq olmazdımı?
Məlahət İbrahimqızı: Mən sizinlə tam razıyam. Həqiqətən də o dövrün hakimiyyət rəhbərləri Kremlin təyin etdiyi şəxslər idilər. Bu insanlar qabaqcadan da baş verəcəkləri bilirdilər və qaçıb gizlənmişdilər. Həmin dövrdə Moskvanın çirkin planının önündə sədd Azərbaycan xalqı oldu və elə qurban da Azərbaycan xalqı oldu. Bu gün bəzi sinəsinə döyən, forumlarda təmsil olunan, özünü vətənpərvər kimi qələmə verməyə çalışanlar o vaxt susmuşdular. Az sayda ziyalılarımız vardı ki, məsələn, Bəxtiyar Vahabzadə və başqaları kimi onlar xalqın bu dərdli, ağır, çətin günlərində əsl ziyalı mövqeyi nümayiş etdirirdi və açıq şəkildə xalqın yanında yer alırdı. Təəssüf ki, bir sıra təsadüfi insanlar xalq hərəkatının önünə çıxmağa can atırdılar və bəzən də buna nail olurdular. Mən bir dəfə həmin mitinqə getmişdim və orada gördüyüm hadisələrdən çox təəccübləndim. Təsəvvür edin ki, mitinq zamanı xalqın tanınmış ziyalıları qalmışdı kənarda, təsadüfi insanlar ortaya çıxıb mitinqi idarə edir, xalqın adından danışır, əcaib komandalar verirdi. Bu ağlasığmaz və qəbuledilməz idi. Təsəvvür edin ki, mitinqi idarə edən, həmin vaxt çox cavan yaşda olan, məsələn, Nemət Pənahlı camaata otur-dur deyirdi. Mən həmin vaxt düşünürdüm ki, gör, biz necə sahibsizik. Düzdür, həmin vaxt ortada olan, canfəşanlıq göstərənlər də vardı ki, nəinki bu qırğının qarşısını almağa çalışırdı, hətta xalqı təhrik edirdilər. Ola bilsin ki, onların xəbərləri vardı ki, sovet qoşunları şəhərə girəcək. Amma hər bir halda onlar bunun qarşısını almağa çalışmadı, qeyd etdiyiniz kimi, minimal itki ilə bu faciədən qurtulmağa şərait yaratmadılar. Həmin dövrdə Ulu öndərimiz Heydər Əliyevi də Sovet İttifaqının o zamankı rəhbərliyi məqsədli şəkildə Siyasi Bürodan uzaqlaşdırmışdı. Əslində, onların bu addımı da böyük planın tərkib hissəsi idi. İstər M.Qorbaçov, istərsə də digərləri bilirdilər ki, Heydər Əliyev şəxsiyyəti bu planı elə Moskvadaca alt-üst edərdi və Azərbaycan xalqını, Azərbaycan torpağını xilas edərdi. Məhz, bu üzdən də Ümummilli liderimiz Siyasi Bürodan uzaqlaşdırılmışdı. Heydər Əliyevə Bakıdakı proseslərə müdaxilə etməyə imkan vermirdilər. Məhz, bu səbəbdən də həmin dövrdə təsadüfi insanlar önə çıxmağa can atdılar. Bu baxımdan, mən xüsusi vurğulamaq istəyirəm ki, istər Sovet İttifaqının müdaxiləsinin önündə, istərsə Topxana hadisələri ilə bağlı məsələdə sinə gərən, proseslərin qarşısına çıxan Azərbaycan xalqı və 20 Yanvar faciəsindən sonra öz həyatını təhlükə qarşısına qoyaraq xalqımızın səsini dünyaya çatdıran Ulu öndərimiz Heydər Əliyev oldu.
Q.Həsənquliyev: Mən bir əlavə edim ki, həmin vaxt Mərkəzi Komitənin iki nümayəndəsi-Mixaylovla, Girenko Bakı gəlmişdilər və hər ikisi çıxıb televiziyada and-aman etdilər ki, Bakıya qoşun yeridilməyəcək. 1989-cu ilin aprelində Gürcüstanda 9 nəfərin ölümü ilə nəticələnən eyni qaydada bir hadisə baş vermişdi və bu da çox böyük rezonansa səbəb olmuşdu. Təbii ki, gürcülərə münasibətlə bizə münasibətdə fərqlilik var. Heç kim ağlına gətirmirdi ki, qoşun bu vəziyyətdə şəhərə girər. Hətta fikirləşirdilər ki, qoşun girsə belə ola bilsin kimisə həbs edəcək. Amma canlı döyüş güllələri ilə birbaşa silahsız insanlara o cür atəş açıb, tankın altına salmaq vəhşilik idi. Açıq deyim ki, bunu heç kim gözləmirdi. Amma bir məsələni də deyim ki, xalq hərəkatında 4 kateqoriya adamlar vardı. Birincisi, sadə vətənpərvərlər idi ki, meydanda dayanmışdılar. Amma bir qisim vardı ki, onları da yüz faiz DTK xalq hərəkatına salmışdı. Təbii ki, xüsusi xidmət orqanları başlanan hərəkatın rəhbərliyinə mütləq öz adamlarını yerləşdirirdilər. Bundan başqa, oraya qan iyinə gələn yırtıcılar da vardı. Hiss etmişdilər ki, yeni bir proses başlayıb və rejimin sonu gələ bilər. Onlar fikirləşirdilər ki, yeni situasiyadan istifadə edib hakimiyyətə gələ bilərlər. Baxın ki, AXC hakimiyyətdən gedən kimi bu insanların hamısı bir anda yox olub getdilər. Mən hər zaman elələrini qan iyinə gələn yırtıcı adlandırırdım. Təbii ki, həmin insanlar da hərəkatı gözdən salmalı idilər və proses özü göstərdi ki, onlar öz məqsədlərinə çatdılar. Nəhayət, sonuncu qisim adamlar isə dəniz tufanından sonra üzə çıxan çör-çöplər idi ki, xalq hərəkatında belələri də çıxdı üzə və sonradan da xalq hərəkatına da, Azərbaycana da böyük ziyan vurdular.
- Hər bir halda sovet qoşunları Bakıya daxil oldu və 20 Yanvar faciəsi baş verdi. Bu qanlı aktda günahsız insanlar qətlə yetirildi ki, onların arasında qocalar da, uşaqlar da vardı. Bu günün rakursundan baxdıqda 20 Yanvarda baş verənlər necə xarakterizə olunmalıdır: qəhrəmanlıq salnaməsi kimi, soyqırımı kimi, yoxsa xalqın azadlıq səsi kimi...
Jalə Əliyeva: Həqiqətən də, 20 Yanvar faciəsi çox ağrılı faciədir və biz 23 il bundan öncə baş vermiş hadisəyə bu gün də qayıdırıq, 23 ildən sonra da, tarix durduqca qayıdacağıq və bu haqda danışacağıq. Bu ilk növbədə bizim borcumuzdur. Mən əminəm ki, bu mövzuda çıxış edən hər bir insanın dilindən səslənən yeni bir fikir o tarixin qaranlıqlarına açar salmaqda köməkçi olacaq. Bu baxımdan, qəzetinizə də öz təşəkkürümü bildirirəm. Çünki bu gün artıq 23 yaşı olan və həmin hadisəni görməyən gənclərimiz var ki, onlar həqiqətləri oxuyub dərk etməlidirlər. Burada iştirak edənlər həmin hadisələrin canlı şahidləridirlər. Bu kimi müzakirələr həm də təbliğat baxımından o günə işıq salmağa kömək edir. Sualınıza gəldikdə isə 20 Yanvar həm xalqımızın qəhrəmanlıq salnaməsidir, həm xalqımıza qarşı həyata keçirilən soyqırımıdır, həm də Azərbaycanın azadlıq səsi idi. Bu gün Azərbaycan xalqının qəhrəmanlıq tarixinin yazıldığı bir gün kimi qiymətləndirilməlidir. Həmin gün rəsmi statistikaya görə 137 Azərbaycan vətəndaşı qətlə yetirildi ki, onların içində cavan, qoca, hətta uşaqlar da vardı. Həqiqətən də, bu günə gətirən yol o qədər keşməkeşli idi ki, bu yola gəlib çıxana qədər Azərbaycan xalqının milli duyğularına qarşı təhdidlər, hətta deyərdim ki, təhqirlər olmuşdu. Bu hadisə Topxana meşəsində ağacların kəsilməsi ilə başlamışdı. Və bundan sonrakı hadisələr sinxron olaraq addım-addım torpaqlarımızın işğalına, mənəvi cəhətdən məhv edilməmizə və ən nəhayət milli duyğularımızın təhqir olunmasına aparırdı. Belə bir zamanda xalqımız öz azadlıq səsini ucaltdı. Həmin gecə 137 nəfər şəhid oldu, amma mən əminəm ki, 137 min insan da həmin gecə qurban getməyə hazır idi. Çünki emosional bir hal yaranmışdı və qorxu yox idi. İnsanların beynində yeganə şüar ya azadlıq, ya ölüm idi. Xalqın təmkini son həddə idi. Təbii ki, hər zaman dəyişikliklərdə qazananlar və itirənlər olur. Həmin dövrdə də bir qrup insanlar vardı ki, onlar hesablanmış şəkildə gələcək planlarını həyata keçirmək üçün Qüdrət müəllim demişkən qan iyinə gəlmişdilər. Onlar xalqın qırılması, qanının axıdılması üzərində öz hakimiyyətlərini qurmağa çalışırdılar. Onlara sərf edirdi ki, həmin gün insanlar meydanlarda qırılsın. Həmin insanlar çox gözəl bilirdilər ki, meydanlarda nələr baş verəcək. Bilə-bilə o hadisələrin qarşısını almadıqları üçün də biz bu qənaətə gələ bilirik ki, o insanlar məqsədli şəkildə bu addımı atıblar.
- Baş verənlər həm də bir xalqın hüquqlarının tapdanması, azadlıq istəyinin boğulması idi. Amma sonradan nə Ayaz Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı addım atmadılar. Sanki hər iki hakimiyyət nələrinsə aşkarlanacağından, xalqın hansısa həqiqətlərdən xəbər tutacağından çəkinirdi. Bu qorxu haradan qaynaqlanırdı?
Rauf Zeyni: Əslində biz bir suala cavab verməliyik ki, 20 Yanvar hadisələri bizim xalqımızın azadlıq mübarizəsini boğmağa istiqamətlənmişdi, yoxsa baş verən qlobal proseslərin bir təzahürü idi? Burada qeyd olundu ki, Sovetlər Birliyi artıq dağılırdı. Bu baxımdan, Azərbaycan xalqı çox tarixi bir şans əldə etmişdi ki, Sovetlər ittifaqı çöksün və müstəqillik əldə edək. Bundan yaranan dalğa xalq hərəkatına yol açmışdı. Bundan başqa, “Krunk” təşkilatının etdikləri, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı aparılan təxribat fəaliyyəti xalqımızın səbrini tükəndirmişdi. Məsələlərə ardıcıllıqla yanaşsaq, görərik ki, bu planda Sumqayıt hadisələri birinci gəlir-hansı ki, Moskva hakimiyyətinin təxribat planının “uverturası” məhz Sumqayıt hadisəsi oldu və Azərbaycan hakimiyyəti də öz növbəsində buna seyrci qismində baxırdı. Əslində, nə xalq, nə insan hüquqları, nə torpaq, nə də gələcək müstəqilliyimiz onları düşündürmürdü. 1990-cı ilin 20 Yanvar hadisələrinə də yanaşma təxminən həmin fonda oldu. Bu ssenarini Moskva həyata keçirirdi. 20 Yanvarda onlar fon yaratmaq istəyirdilər ki, guya biz silahla müqavimət göstəririk. Onlar xalqı qırdılar və qeyd olunduğu kimi, nə ziyalılar, nə də cəmiyyətimiz bu hadisələrə hazır deyildi. Xalq hərəkatı isə təcrübəsiz idi, məsələləri tənzimləyə bilmirdi. Beləliklə də, 12 minlik hazırlanmış müxtəlif növ qoşunlar Bakıda bu faciəni törətdi. Həqiqətən də, xalqımızın hüquqları tapdandı və nə həmin dövrdəki hakimiyyət buna siyasi-hüquqi qiymət verdi, nə də dünya ictimaiyyəti hər hansı bir etiraz nümayiş etdirdi. Mən bir məsələyə toxunum, 2001-ci ildə ABŞ-da baş verən hadisələrin ildönümü qeyd olunan zaman ABŞ-ın səfiri ilə QHT nümayəndələrinin görüşü keçirildi. Biz orada soruşduq ki, nə üçün 20 Yanvar hadisələri zamanı ABŞ Azərbaycan xalqının hüquqlarını müdafiə etmədi. Səfir cavab verdi ki, həmin Azərbaycan müstəqil deyildi və biz də hadisələrlə bağlı müfəssəl məlumata malik deyildik. Biz soruşduq ki, Xocalı faciəsi zamanı niyə analoji münasibəti sərgilədiniz. Bu sualımız isə cavabsız qaldı. Məsələ birmənalı şəkildə aydındır ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinə təhdiddir, bir ssenarinin tərkib hissəsidir.
- Həmin dövrdə rəsmi Bakının Kremlin qorxusundan səsini çıxarmadığı, adını “azadlıq mücahidi”, “demokrat” qoyanların isə qaçıb gizləndiyi bir zamanda Ulu öndər Heydər Əliyev öz həyatına və ailəsinə qarşı təhlükə olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək baş vermiş hadisə ilə bağlı öz mövqeyini açıqladı, xalqı ilə bir yerdə olduğunu bildirdi və ən əsası, blokadada olan Azərbaycanın səsini dünyaya çatdırdı. Bu fakt özü-özlüyündə bir çox mətləblərdən xəbər vermirmi? 
M.İbrahimqızı: Ermənistanın Azərbaycan torpaqlarına iddiası, Dağlıq Qarabağ probleminin yaradılması SSRİ ilə Qərb arasında razılaşdırılmış bir məsələ idi. Həmin dövrdə Qorbaçovun bəzi səfərlərini, ən əsası, Malta görüşünü xatırlasaq, bir sıra məsələlərə aydınlıq gəlir. Bu baxımdan, məsələdə SSRİ hakimiyyəti ilə yanaşı, müəyyən mənada, Qərb də məsuliyyət daşıyır. Rauf müəllimin ABŞ səfirinə sualının cavabsız qalmasının bir səbəbi də məhz budur. O zamanlar, bəlkə də, bəzi məsələləri dərk etmək çətin idi, amma bu günün rakursundan hər şey açıq-aydın görünür. Sualınıza gəldikdə isə, həqiqətən də həmin dövrlərdə Azərbaycan tam şəkildə blokada halında idi, xaricə informasiya çıxarmaq həddən artıq çətinləşmişdi. Radio və televiziyanın fəaliyyəti iflic edilmişdi. SSRİ hakimiyyəti Azərbaycanı bütün dünyadan izolyasiya etmişdi və sanki Azərbaycan dünyadan ayrı bir məkan idi, səsimizi belə eşitmək mümkün deyildi. O vaxtkı ölkə rəhbərləri də sanki yoxa çıxmışdılar. Cəmiyyət isə bu hadisəyə etiraz olaraq Kommunist Partiyasından imtina edirdi. Ən əsası xalqın gözündə qorxu yox idi. Hətta ölkə rəhbərliyi yoxa çıxsa da, xalqımız dəfn mərasimini mütəşəkkil şəkildə həyata keçirdi. O böyük izdihamın üstündən qırıcı təyyarələr uçururdular ki, xalq qorxsun, amma oraya milyonlar gəlmişdilər. Belə bir zamanda Ulu öndər Heydər Əliyev bir daha öz xalqının böyük oğlu, dahi lideri olduğunu nümayiş etdirdi. Hətta SSRİ hakimiyyətinin təzyiqlərinə və təhdidlərinə baxmayaraq, Ona qarşı hər hansı bir sui-qəsdin edilə biləcəyini göz önünə alaraq öz xalqı ilə bir yerdə oldu və Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Ümummilli liderimiz nəinki tək Özünün, bütün ailəsinin həyatının təhlükə qarşısında olduğunu bilirdi, amma böyük şəxsiyyət xalqının bu ağır günündə bir daha Öz missiyasını yerinə yetirdi, xalqımızın ümid yeri oldu. Heydər Əliyev xalqın güvənc yeri idi. Ulu öndərimiz mətbuat konfransı keçirərək baş verənləri beynəlxalq təşkilatların diqqətinə çatdırdı. Burada bir məqam da var ki, o dövrdə yazırdılar ki, 20 Yanvardan sonra Azərbaycanda başqa qırğınlara da hazırlıq gedir. Amma Ümummilli liderimiz Heydər Əliyevin cəsarəti sayəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması SSRİ hakimiyyətini bundan çəkindirdi, onlar geriyə addım atmaq məcburiyyətində qaldılar. Çünki Ulu öndərimizin dünya ictimaiyyətinə müraciətindən sonra təbii ki, Kremlə də təzyiqlər edildi və onların zor maşınının dayandırılmasında da Ulu öndər Heydər Əliyevin bu fəaliyyəti böyük əhəmiyyət daşıdı. Amma bundan sonrakı dövrdə Ümummilli lider Heydər Əliyevə qarşı təzyiqlər ikiqat artdı. Ulu öndər Azərbaycana gəldi və həmin o rejimi dəstəkləyən, rejimin nökərləri olan şəxslər Onun Bakıda qalmasına maneçilik törətdilər.
Q.Həsənquliyev: Bir məqamı vurğulamaq istəyirəm ki, həmin vaxt Bakıya girən ordunun əsgərləri birmənalı şəkildə fərqli qoşun növüydü. O mənada ki, onların saçları uzun idi, üz-gözlərindən vəhşilik yağırdı, bir növ “bomj”a oxşayırdılar. Qırğından bir gün sonra həmin o əsgərlər yoxa çıxdı və onları fərqli, artıq əsgərə oxşayan əsgərlər əvəz etdi. Həmin qırğını törədən qoşunun isə Stavropol və Krasnodardan gətirildiyi bildirilirdi və onların tərkibində çoxsaylı ermənilər vardı.
R.Zeyni: Həmin vaxt Sumqayıt DTK-nın o zamankı sədr müavini rəhmətlik Malik Abbasov öz səlahiyyətlərindən istifadə edərək indiki Hacı Zeynalabdin, o zamankı Nasosnı qəsəbəsində 2200 rezervisti yoxlamışdı. Onların içində 220 nəfər erməni mənşəli insan ortaya çıxmışdı.
J.Əliyeva: Bir məsələyə toxunmaq istəyirəm. Həmin dövrdə, yəni, yanvarın 19-22 aralığında Moskvadan Azərbaycana iki səs yönəlmişdi. Bu səslərdən biri Kremlin səsi idi ki, xalqımıza qarşı qətliama fərman vermişdi, xalqımızın gözünü qorxutmağa istiqamətlənmişdi. Bu tapşırıq Azərbaycan xalqını faciəyə sürükləyən bir tapşırıq idi. Bundan sadəcə bir gün sonra Moskvadan, SSRİ-nin mərkəzindən gələn başqa bir səs-Ulu öndər Heydər Əliyevin öz xalqına dəstək olduğu səs idi. Bu iki səsi müqayisə edirəm və düşünürəm ki, yanvarın 19-dan 20-nə keçən gecə bütün ümidləri qırılan xalqın yeganə pənahı Ulu öndər Heydər Əliyev oldu. Ulu öndərimiz bu addımı ilə öz həyatını böyük təhlükə qarşısında qoymuşdu. Çünki bir az əvvəl Məlahət xanım da qeyd etdi ki, həmin illərdə Ümummilli liderimiz Heydər Əliyevə qarşı SSRİ hakimiyyətindən böyük təqib və təzyiqlər vardı. Hətta Ulu öndərə Moskvadakı evindən çıxmağa belə qadağalar qoyulmuşdu. SSRİ rəhbərliyi dərk edirdi ki, Ulu öndər Heydər Əliyev kimi bir liderin Azərbaycana qayıdışı, öz xalqının yanında olması onların planlarını alt-üstə edə bilər. Çünki Kreml 70 ildə olduğu kimi yenə də Azərbaycanı öz müstəmləkəsi kimi idarə etmək niyyətində idi. Ümummilli lider Heydər Əliyev həmin gün Azərbaycan nümayəndəliyinə gələrkən Onu qoruyan kimsə yox idi, əksinə bədxah SSRİ hakimiyyətinin nəzarəti altında idi. Amma Ulu öndərimizin bir məqsədi vardı: ümidləri puç olan, yıxılan, haqsızlığa uğradılan xalqı yenidən ayağa qaldırmaq və arxasında dayanmaq. Həqiqətən də bu addım o çətin, kədərli günlərdə Azərbaycan xalqı üçün böyük bir dəstək oldu. 1990-cı ildən sonra baş verən hadisələr, Ulu öndərimizin Azərbaycana qayıdışı bir daha onu göstərdi ki, xalq ona arxa ola biləcək, onu dəstəkləyəcək bir lideri axtarırdı və axtarışın, bu arzunun, istəyin yeganə ünvanı Ümummilli liderimiz Heydər Əliyev idi.
- Həmin dövrdə 20 Yanvar faciəsi ilə bağlı istintaq komissiyası yaradılmışdı və yüz cildə yaxın cinayət işi materialı vardı. Amma sonradan Moskvanın təkidi ilə Ayaz Mütəllibovun rəhbərliyi dövründə həmin cinayət materiallarının böyük bir qismi SSRİ paytaxtına göndərildi və yoxa çıxdı. Bu, Ayaz Mütəllibov hakimiyyətinin SSRİ qarşısında sonuncu xidməti idi, yoxsa özünümüdafiəyə yönəlmişdi?
Q.Həsənquliyev: O dövrlərdə Moskva rəhbərliyi görürdü ki, Kamran Bağırovun əli ilə Qarabağın ermənilərə verilməsi mümkünsüz görsənir. Bu səbəbdən də Bağırov Əbdürrəhman Vəzirovla əvəz olundu. Vəzirov gələndə artıq hərəkat başlamışdı və bu da Qarabağı asanlıqla ermənilərə verməyə imkan vermirdi. Qısa bir müddətdə xalqda Vəzirova qarşı böyük bir patoloji nifrət yarandı, onun haqqında lətifələr qoşulurdu, məsxərəyə qoyuldu. SSRİ rəhbərliyi isə görürdü ki, xalq oyanıb və mütləq xalqın gözünü qırmaq lazımdır. 20 Yanvar hadisəsi xalqı sındırmağa istiqamətlənmişdi. Qırğından sonra dəfn mərasiminə bir milyondan artıq, bəlkə də iki milyon insanın çıxması SSRİ rəhbərliyinə bir həqiqəti dərk etdirdi ki, onlar heç də asan şəkildə Qarabağı Azərbaycandan qoparıb ermənilərə verə bilməyəcəklər. Həqiqətən də, onlar asan şəkildə Qarabağı alıb ermənilərə verə bilmədilər. Onlar SSRİ-ni dağıtdılar və SSRİ-nin dağılması da Qarabağdan başladı. Çoxları Kremli, Qorbaçovu dünyada qəhrəman obrazında təqdim etməyə çalışırlar ki, guya o, SSRİ-ni dağıdıb. Amma əslində, SSRİ təbii yolla dağılırdı və Qorbaçov əksinə bunun qarşısını islahatlarla almağa çalışırdı. Lakin onun daxilən zəif və qorxaq bir adam olması, həyat yoldaşının təsiri altında olması ona gətirdi ki, SSRİ çökməyə başladı. Baltikyanı və digər ərazilərdə xalq hərəkatları yaranırdı və addım-addım SSRİ sona yaxınlaşırdı. Mən bütün bunların nəticəsi olaraq onu demək istəyirəm ki, istər Vəzirovun, istərsə də Mütəllibovun imkanı olsaydı, onlar düşünmədən Qarabağın ermənilərə verilməsinə razı olardılar. Amma ortada çox böyük bir faktor-xalq etirazı faktoru vardı. Bundan başqa, qeyd etmək lazımdır ki, SSRİ-də fərqi yoxdur işləyirsən ya yox, Siyasi Büro üzvləri müqəddəslər sayılırdı. Bu mənada, Heydər Əliyevin ilk olaraq Kommunist Partiyasından imtina etməsi Azərbaycanda Kommunist Partiyasının süqutuna böyük bir yol açdı. Hər kəs dedi ki, əgər Heydər Əliyev partbiletindən imtina etdisə, demək artıq bu partiya yoxdur. Bunları ona görə söyləyirəm ki, siz sual verdiniz Ayaz Mütəllibovun xidmətləri məsələsi, onun, o cümlədən, Vəzirovun çox böyük cinayətləri var. Onun Azərbaycan xalqı qarşısında çox böyük cinayət məsuliyyətləri var. 20 Yanvar cinayəti xalqımıza qarşı törədilmiş elə böyük bir cinayətdir ki, bu cinayətdə əli olan hər kəs mütləq ədalət mühakiməsində cavab verməlidir. Mən bir məqama da toxunmaq istəyirəm, bayaq bir sual səsləndi ki, nə üçün AXC hakimiyyəti dövründə 20 Yanvar qətliamına siyasi-hüquqi qiymət verilməyib. Haqlı sualdır və haqlı da narazılıqdır. Baxmayaraq ki, mən AXC üzvü olmuşam və bu gün də AXC-nin böyük bir hissəsini özündə birləşdirən partiyaya rəhbərlik edirəm, hesab edirəm ki, 20 Yanvara hüquqi-siyasi qiymət verməmək bizim ən böyük səhvlərimizdən biri idi. Bundan başqa, lazımi beynəlxalq təşkilatlara müraciət edərək müqəssirlərin tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməmək bizim ən böyük səhvlərimizdən idi. Ən əsası isə elə AXC tərəfindən saxta elan olunmuş parlamentin buraxılmaması və elə AXC-nin özünün bu parlamentlə işləməsi kökündən yanlış bir addım olub.
R.Zeyni: Biz, ilk növbədə, onu əlavə etməliyik ki, xalq hərəkatının təsiri və təzyiqi ilə Elmira Qafarovanı və Ali Sovetin rəhbərliyini sessiya keçirməyə məcbur etdik və fövqəladə vəziyyətin ləğvinə nail olduq. O vaxt hökumət qərar vermişdi ki, şəhidlər Bakıda yox, bölgələrdə dəfn olunsun. Həmin məqamda xalqın etirazı, inadı bunun qarşısını aldı. Bir məsələyə xüsusi toxunmaq istəyirəm ki, dəfn mərasiminin keçirilməsində Qafqazın şeyxi Allahşükür Paşazadənin müstəsna xidmətləri oldu. Bunu bütün dünya qəbul etdi ki, bu cür izdiham az hallarda yaşanır və Azərbaycan xalqı böyük bir birlik nümayiş etdirdi. Amma bununla belə, xalq bizim səsimizi eşitmirdi. Belə bir məqamda Ulu öndərimizin Moskvada baş verənlərə, xalqımıza qarşı törədilən cinayətə münasibət bildirməsi böyük bir addım idi. İstər xalqımızın, istərsə də dünyanın buna böyük ehtiyacı vardı. Ulu öndər Heydər Əliyevin Moskvada etdiyi etiraz çox böyük bir məsələ idi, çünki Heydər Əliyev dünya miqyasında tanınan bir şəxsiyyət idi.
- Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. 1994-cü il martın 29-da isə Ulu öndərimizin rəhbərliyi altında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi...
E.Nəsirli: Bu məsələyə keçməzdən öncə bir məqama toxunmaq istərdim ki, 20 Yanvar hadisəsinə ilk siyasi qiymət elə yanvarın 21-də verildi. Ulu öndər Heydər Əliyev kimi dünya miqyaslı bir siyasətçinin Moskvada Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırması, Azərbaycan xalqına qarşı edilmiş cinayəti dünyaya bəyan etməsi bu hadisəyə ilk siyasi qiymət kimi dəyərləndirilməlidir. Vurğulamaq yerinə düşər ki, 1993-cü ildə xalqın təkidlə Ümummilli lider Heydər Əliyevi tələb etməsinin də ardında məhz mühüm bir nüans dururdu. Xalqının ən çətin günündə, ən kədərli günündə yanında yer alan liderin, xalqının dayağına, arxasına çevrilən, ümid yeri olan Ulu öndər Heydər Əliyevin 1990-cı ildəki mövqeyi, cəsarəti bu məsələdə əhəmiyyətli rol oynamışdı. Ümummilli lider Heydər Əliyev heç nədən qorxmadı və demək olar ki, yiyəsiz və yetim qalmış bir xalqın səsini dünyaya çatdırdı, Öz böyüklüyünü göstərdi. Həqiqətən də rəsmən ilk siyasi qiymət də 1994-cü ildə verildi. Həmin ilin yanvar ayının 5-də Ulu öndər Heydər Əliyev Prezident olaraq Milli Məclisə tövsiyə etmişdi və Milli Məclisdə bu məsələ müzakirə edildi, martın 29-da isə qərar qəbul olundu. Həmin siyasi qiymətdə cinayətkarlar adı ilə çəkilirdi və baş vermiş hadisənin məsuliyyəti öz əksini tapırdı.
M.İbrahimqızı: Şübhəsiz ki, Ulu öndərimiz Heydər Əliyevin 20 Yanvar faciəsinin öz ədalətli siyasi-hüquqi qiymətini tapmasında mühüm rolu var. İlk dəfə olaraq, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında göstərilirdi ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin, dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin, faciəyə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun, Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın. O dövrdə bunları açıq şəkildə söyləmək cəsarət tələb edirdi və Ulu öndərimiz Heydər Əliyev bununla bir daha nümayiş etdirdi ki, xalqımıza qarşı yönəldilən bu qanlı aktda SSRİ rəhbərliyinin məsuliyyəti var və onlar bu məsuliyyətə cəlb olunmalıdırlar. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini Ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də davam etdirirdi. Məhz Ümummilli lider Heydər Əliyev hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymət verilməsini tələb edirdi. Ulu öndərimiz Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bir daha bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Ümummilli liderimizin 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubunda isə vurğulanırdı ki, 20 Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi: “Məsələnin üstündən il yarım keçsə də, nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri onillər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.
Və ən nəhayət, Ulu öndər Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Ulu öndər Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını nəzərə çatdırdı. 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Ulu öndər Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Ümummilli liderimizin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı Fərmanda isə deyilirdi: “XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də, Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar”.
Nardar BAYRAMLI
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1162 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30