Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davam etdirilməsini istəyir

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davam etdirilməsini istəyir

21.02.2013 [00:52]

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Ağsaqqallar Şurasının builki prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı qərarları xalqımızın iradəsinə söykənir və ümumi ictimai fikri ifadə edir
Məlum olduğu kimi, Azərbaycanda növbəti prezident seçkiləri yaxınlaşdıqca ayrı-ayrı ictimai qurumlar Prezident İlham Əliyevin namizədliyinə dəstək verdiklərini daha açıq şəkildə bəyan edirlər. İctimai rəyin ifadəçisi olan belə qurumların bəyanatları Azərbaycan vətəndaşlarının ölkədəki mövcud sosial, iqtisadi siyasətin davam etdirilməsini istədiyini göstərir.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) oktyabr ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib. Bu qərar qurumun IV Qurultayında səsləndirilib və bildirilib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımların, imzaladığı Fərman və sərəncamların, tapşırıq və tövsiyələrinin icra olunması böyük əhəmiyyətə malikdir. AHİK görülən işlərin davam etdirilməsi üçün Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsini zəruri hesab edir.
Azərbaycan Ağsaqqallar Şurası da özünün VI qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib və bununla bağlı dövlət başçısına müraciət qəbul olunub. Müraciətdə Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı kimi Azərbaycanın inkişafına ciddi töhfələr verdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə, bölgənin lider dövlətidir. Müraciətdə Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanın həlledici rolu qeyd olunub. Həmçinin, indiki şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev kimi zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsinin vacibliyi vurğulanıb.
Ümumiyyətlə, Azərbaycan xalqı hər zaman ölkədə gedən müsbət dəyişiklikləri müsbət qiymətləndirib. Daha dəqiq desək, müstəqil Azərbaycanı quran, həmçinin, onun uzunmüddətli və dayanıqlı inkişaf yolunu müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin siyasi kursu xalqın dəstəyini qazanıb. Azərbaycan xalqı hələ 2003-cü il prezident seçkisində Ulu öndərin siyasi kursunu davam etdirəcək yeganə namizəd olan İlham Əliyevi dəstəkləməklə öz iradəsini ortaya qoydu. Azərbaycana rəhbərlik etdiyi 2003-2008-ci illərdə Prezident İlham Əliyev Ulu öndərin daxili və xarici siyasətini zamanın tələblərinə uyğun şəkildə davam etdirərək Ulu öndərin və xalqın Ona olan etimadını layiqincə doğrultdu. Təsadüfi deyil ki, ağıllı və səmərəli dövlət idarəçiliyi Onun 2008-ci ildə keçirilən prezident seçkilərində daha böyük dəstək qazanaraq, 88,7 faiz səslə dövlət başçısı seçilməsini təmin etdi.
Həmin dövrdən keçən müddət ərzində dövlət başçısı əsası qoyulan işləri, layihələri davam etdirdi, Azərbaycanı hər baxımdan güclü dövlətə çevirdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edir. Son 9 ildə sosial-iqtisadi, investisiya şəraiti, infrastruktur, humanitar və digər sahələrdə qazanılan böyük uğurlar bunu deməyə əsas verir.
Sözsüz ki, iqtisadiyyatın inkişafı ölkənin özünü lazımi istehlak malları ilə təmin etməsi, əhalinin maddi və mənəvi tələbatlarını ödəyə bilməsi, büdcənin genişlənməsi sayəsində digər sferaların inkişafına maliyyə dəstəyinin göstərilməsi deməkdir. Azərbaycan iqtisadiyyatının əsas dayaqlarını neft-qaz sənayesinin təşkil etməsi məlumdur. Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə fəaliyyətə başlayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri Azərbaycana böyük həcmdə qazanc gətirdi və indi də ölkənin valyuta ehtiyatları enerji gəlirləri hesabına daim artır. 2003-2012-ci illər üzrə ölkənin qeyri-neft sektoru 2,4 dəfə, orta aylıq əməkhaqqının həcmi 5,1 dəfə artıb, ölkənin strateji valyuta ehtiyatları isə 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları həcminə çatıb. 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat olduğu halda, hazırda 5 min manatdan yüksəkdir.
Yeri gəlmişkən, hələ bir neçə il əvvəl çoxları iqtisadiyyatda neft amilini əsas gətirərək Azərbaycanın “Holland sindromu” və digər təhlükələrlə üzləşəcəyini gözləyirdi. Lakin Prezident İlham Əliyevin birbaşa nəzarəti və göstərişləri əsasında həyata keçirilən iqtisadi siyasət ölkəmizdə hər hansı neqativ tendensiyanın qarşısını aldı. Neft gəlirlərinin iqtisadiyyatın kənd təsərrüfatı, ərzaq təminatı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, turizm və digər sahələrinə yönəldilməsi ölkənin etibarlı inkişafını təmin edir.
Bundan əlavə, özəl sektorun genişlənməsi, sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə Dövlət İnvestisiya Proqramı çərçivəsində çox böyük işlər görüldü və hazırda da görülür. Təsadüfi deyil ki, ən nüfuzlu beynəlxalq qurumlar öz hesabatlarında Azərbaycanda sahibkarların fəaliyyətinə və biznes mühitinin təkmilləşməsinə göstərilən dəstəyi yüksək qiymətləndirirlər.
Ölkə iqtisadiyyatının inkişafını yalnız makroiqtisadi göstəricilərlə qiymətləndirmək kifayət deyil. Belə ki, 2008-2009-cu illərin qlobal iqtisadi böhranı Azərbaycanın iqtisadi təhlükəsizliyə nail olduğunu isbatlayıb. Bir çox ölkələrin böhrandan hələ də əziyyət çəkdiyi halda, Azərbaycan bu müddətdə iqtisadiyyatda keçid dövrünü başa vuraraq, yeni zirvələrə doğru yol alıb.
Qeyd etdiyimiz kimi, iqtisadiyyat sosial sahə ilə sıx bağlıdır. Azərbaycan iqtisadiyyatının sosialyönümlü olması isə bu bağlılığı daha da artırır. Əvvəlcə 2004-2008-ci illəri, daha sonra isə 2009-2013-cü illəri əhatə edən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbulu respublikanın bütün bölgələrində sürətli inkişafa təkan verib. Hazırda isə 2009-2013-cü illəri əhatə edən ikinci proqramın icrası uğurla həyata keçirirlir. Regionların sosial-iqtisadi inkişaf proqramlarının, eləcə də, Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının icrası sayəsində ölkənin hər yerində əhalinin kommunal xidmətlərlə təminatı, yolların bərpası və tikintisi, yeni məktəb və xəstəxanaların, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi təmin olunub və hazırda da bu yöndə işlər davam etdirilir.
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında əhalinin maddi rifah halının, yaşayış səviyyəsinin yüksəldilməsi dayanır. Bu məqsədlə, dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. Yeni iş yerlərinin yaradılması, əmək yarmarkalarının keçirilməsi, maaş və təqaüdlərin artırılması, ünvanlı sosial yardımlar, əmanətlərin qaytarılması və digər addımlar ölkədə işsizlik və yoxsulluqla mübarizədə uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarıb. Belə ki, 2003-cü ildən bu vaxta qədər ölkədə 1 milyon 200 min yeni iş yeri yaradılıb. Ölkədə işsizliyin səviyyəsi 5,2 faizə enib.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin sosial siyasəti cəmiyyətin bütün təbəqələrinə, ilk növbədə isə, əhalinin yoxsul kəsiminə yönəlib. Xatırladaq ki, 2000-ci illərin ortalarında ölkəmizdə əhalinin 50 faizə yaxını yoxsulluq həddində yaşayırdı. Lakin dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər - yeni iş yerlərinin yaradılması, maaş və təqaüdlərin artırılması, veteranlara, əlillərə, məcburi köçkün ailələrinə dövlət dəstəyinin gücləndirilməsi, regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası, ünvanlı sosial yardımların verilməsi öz nəticəsini verib. Ölkədə yoxsulluğun səviyyəsi 6 faizə enib.
Dövlətin sosialyönümlü siyasətinin və büdcənin maliyyə imkanlarının artmasının daha bir nəticəsi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərarı olub. Prezident İlham Əliyevin 2012-ci ilin mart ayında imzaladığı müvafiq Sərəncama uyğun olaraq, 2 milyondan artıq əmanətçinin əmanətlərinin qaytarılması bu ilin sonunadək başa çatdırılacaq. Üstəlik, digər postsovet ölkələri ilə müqayisədə Azərbaycanda əmanətlər ən yüksək əmsalla qaytarılır.
Azərbaycanda pensiyaçılar da həmişə diqqət mərkəzində saxlanılır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu sahədə yeni sistemin fəaliyyətə başladığı dövrdən 2013-cü ilədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb. Pensiyaların artırılması bu il də davam etdirilir.
Bütün bunlar isə Azərbaycan xalqının Prezident İlham Əliyevə güclü dəstəyinin və dərin etimadının yaranmasını şərtləndirib. Eyni zamanda, cəmiyyətin ölkənin gələcək siyasi həyatının formalaşdırılmasında söykəndiyi əsasları təşkil edir. Azərbaycan xalqı gələcək həyatını da İlham Əliyevin rəhbərliyi ilə daha parlaq görmək istəyir və bu istək onun 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərinə münasibətini də formalaşdırır. Ona görə də istər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, istər Azərbaycan Ağsaqqallar Şurası, istərsə də digər vətəndaş institut və birlikləri xalqımızın ümumi rəy və iradəsinə əsaslanaraq cənab İlham Əliyevin bu il keçiriləcək prezident seçkilərində namizədliyini dəstəkləmək haqqında qərar qəbul edirlər.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30