Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya Qarabağ məsələsində nə vaxtadək qeyri-səmimi olacaq?

Rusiya Qarabağ məsələsində nə vaxtadək qeyri-səmimi olacaq?

26.02.2013 [03:01]

Ermənilərə qarşı belə isti münasibət göstərən bir ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa haqqı çatırmı?
Ötən gün Rusiyanın dövlət informasiya agentliyi olan “RİA Novosti”də Vadim Dubnovun “Qarabağ ötən 25 il ərzində tanınmamış respublika olmağa artıq öyrəşib” başlıqlı yazısı dərc olunub. Yazı Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin guya 20 fevral 1988-ci il tarixində özünün “müstəqilliyini” elan etməsi və bunun nəticəsində yaranmış qondarma “DQR”in 25 illik yubileyinə həsr olunub. Sırf erməni dəsti-xətti ilə qələmə alınmış yazı başdan-başa yalan, heç bir həqiqətə söykənməyən “faktlar” və iftiralarla doludur. Və müəllifin yazını xüsusi sifariş əsasında yazdığı elə ilk abzasından bəlli olur.
Yazıda qeyd olunur ki, fevralın son həftəsi ermənilər üçün bir neçə hüznlü hadisələrlə əlamətdar olacaq. Belə ki, bu “məzlum” xalq əvvəlcə 1988-ci ildə Sumqayıtda baş verən “qırğınları”da həlak olmuş ermənilərin xatirəsini anım tədbirləri ilə yad edəcəklər-şəhərdə yürüş keçirəcəklər. Ardınca ilk “hərbi parad”ın yubileyi qeyd olunacaq. Daha sonra isə Rusiya ilə İran arasında bağlanmış “Gülüstan” sülh müqaviləsinin 200 illik yubileyi keçiriləcək. Son tarixi hadisəni “ürək ağrısı” ilə qələmə alan müəllif faktları saxtalaşdırmaqdan da çəkinməyərək, guya həmin müqavilə əsasında Qafqazın digər əraziləri kimi, Dağlıq Qarabağın Rusiyanın tabeliyinə keçdiyini bildirir.
Heç bir çərçivəyə sığmayan həyasızlıqla qələmə alınmış yazıda Vadim Dubnov daha da irəli gedərək, Vətən torpağını erməni işğalçılarından müdafiə edən Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə qara yaxmaqda davam edir. Qondarma “DQR”in hərbi komandanlığının məlumatına “istinad edən” müəllif, bu “yubiley” günlərində, təkcə fevralın 16-dan 18-dək, Azərbaycan əsgərləri tərəfindən atəşkəs rejiminin 1500 dəfə pozulduğunu qeyd edir. Hələ bu azmış kimi, V.Dubnov Azərbaycan hakimiyyətinin ünvanına öz iradlarını bildirməyi də yaddan çıxarmır. Rəsmi Bakının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda özünün haqlı olduğunu isbatlamağa çalışdığını və tutduğu mövqeyindən dönmədiyini tənqid edir. Cəfəng fikirlərini oxuculara sırıyan müəllif, daha sonra guya 1994-cü ildə məhz rəsmi Moskvanın təkidi ilə erməni ordusunun Bakıyadək, yaxud da, ən azından Gəncəyədək irəliləməsinin qarşısının alındığını xatırladır. Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında baş verən ən qanlı münaqişə olduğunu xüsusilə qeyd edən V.Dubnov, onun həllinin də çox çətin olduğunu yazır. Və bunun günahını yenə də Azərbaycan tərəfinin üstünə atır. “Müstəqillik” əldə etdikdən sonra Qarabağdakı ermənilərin həmişə bu torpaqda tezliklə sülhə nail olunması üçün tost qaldırdıqlarını xüsusi vurğulayır.
Qarabağda ermənilərin belə yaşamağa öyrəşdiklərini qeyd edən müəllif, burada artıq heç kimin müharibə haqda düşünmədiyini yazır. Onun fikrincə, qondarma “DQR”in heç bir dövlət tərəfindən tanınmaması belə, onları narahat etmir: “Əvvəla, ermənilər artıq çoxdan bilirlər ki, onları heç kim tanımayacaq. İkincisi isə, DQR-in hansı ölkə tərəfindən tanınıb-tanınmaması onlara heç lazım da deyil”.
V.Dubnovun Qarabağdakı ermənilərin güzəranı haqda sərsəm fikirləri isə az öncə tanış olduqlarınızdan heç də geri qalmır. Belə ki, blokada şəraitində yaşayan “ölkədə” iqtisadiyyatın inkişaf etdiyi vurğulanır. Burada, qonşu dövlətlərdə olduğu kimi tikinti sektorunun sürətlə inkişaf etdiyi iddia olunur. Guya Qarabağda ermənilərə ipoteka kreditləri 12 faizlə verilir ki, bunun da 6 faizini “dövlət”, qalan hissəsini isə sakinlər özləri ödəyirlər.
Halbuki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin səfalət içərisində yaşadıqları hər kəsə bəllidir. Eyni zamanda, bütün beynəlxalq maliyyə institutları və reytinq agentlikləri Azərbaycan torpaqlarını işağl altında saxlayan Ermənistanın iqtisadi tənəzzül dövrünü yaşadığını, hər il yüz minlərlə insanın adi gündəlik tələbatını ödəmək üçün belə qonşu dövlətlərə üz tutduqlarını, Ermənistanın xarici borclar içində itib-batdığını, əhalinin yarıdan çoxunun səfalət içində yaşadığını öz hesabatlarında qeyd edirlər.
Görünür, V.Dubnov, ya bütün bunlardan xəbərsizdir, ya da ki, erməni lobbisindən aldığı sədəqə o qədər yüksək olub ki, onun gözlərini qamaşdırıb, belə kor edib.
Əgər belə olmasaydı, bu zavallı “analitik” yazısını yazmadan öncə, bir tarixlə maraqlanardı, heç olmasa, ən azından “Qarabağ” sözünün mənasını axtarardı, bunun erməni dilində hansı anlam daşıdığını öyrənərdi. Eləcə də, “Gülüstan” sülh müqaviləsinin bəndləri ilə tanış olardı, orada ermənilərə aid hər hansı bir bəndin olub-olmaması ilə maraqlanardı. Və nəticədə belə sərsəm analizlər etməzdi. Qondarma “DQR”in yubileyinə həsr etdiyi yazının həcmini artırmaq üçün Türkiyə prezidenti Abdullah Gülün futbol matçını izləmək üçün Yerevana səfər etməsindən, yaxud Macarıstanda NATO-nun təlim kursunda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun erməni həmkarını öldürməsindən, tezliklə Xocalıda mülki hava limanının istifadəyə veriləcəyindən, eləcə də, bədnam yazıçı Əkrəm Naibovun qələmə aldığı “Daş yuxular” romanına görə Azərbaycanda onun kitablarının yandırılmasından bəhs etməzdi. Hələ bunlar azmış kimi, V.Dubnov daha da irəli gedərək, “rəsmi Bakının guya tezliklə müharibəyə başlayacağı kimi bəyanatlar səsləndirməklə Ermənistanı şantaj etmək cəhdlərinə baxmayaraq, Ermənistanın Dağlıq Qarabağda status-kvonu saxlamağa çalışmasını, ermənilər üçün müharibənin artıq, demək olar ki, bitməsini” xüsusi olaraq vurğulamazdı. Sərsəm fikirlərini davam etdirən müəllif, “rəsmi Bakının bilərəkdən vəziyyəti gərginləşdirdiyini, ona dramatik yön verdiyini, hətta münaqişənin həlli ilə məşğul olan həmsədr ölkələrlə hədə dili ilə danışdığını” qeyd etməkdən belə çəkinmir. Guya müharibə təhlükəsi hiss edən həmsədrlər Ermənistana getməyə, ölkə rəhbərliyini dilə tutmağa, onlara təzyiq göstərməyə çalışıblar.
Adının qarşısına analitik epitetini yapışdıran V.Dubnovun siyasi mövzularda, ən azından Dağlıq Qarabağ mövzusunda nə qədər naşı olduğu elə bu son ifadələrdən görünür. Yəqin müəllif unudur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu ötən 15 ildən artıq bir müddətdə, nəinki tərəflərin mövqelərini yaxınlaşdırmaya nail ola bilməyib, hətta münaqişənin həllini hazırkı “ölü nöqtəyə” gətirib çıxarıb. Bu, məhz onların fəaliyyətsizliyi sayasində mümkün olub. Məgər ATƏT-in Minsk qrupu həmsədrləri hər gün ermənilərin cəbhə boyu atəş rejimini pozmasından belə xəbərsizdirlər? Bəs elə isə, indiyədək cəbhə bölgəsində keçirilən monitorinqlərdə məqsəd nədir? Bəs onda erməni snayperlərinin cəbhə boyu rayonlarda uşaqları, dinc sakinləri qətlə yetirmələrini kimin ayağına yazaq? Aparılan statistikaya görə, atəşkəs elan olunandan sonra, yüzlərlə Azərbaycan əsgəri erməni snayperlərinin atəşinə tuş gəlib. Bəs o zaman həmsədr ölkələr hara baxır? Sonda bir məqama toxunmaq istərdik. Məlumdur ki, “RİA Novosti” agentliyi Rusiyanın federal büdcəsindən maliyyələşir, dövlət agentliyi funksiyasını daşıyır və təbii olaraq, dövlətin siyasətini həyata keçirir.
Başqa sözlə, agentlik öz materiallarını bu dövlətin xarici siyasəti ilə uzlaşdırır. Bəs elə isə, demək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın rəsmi dövlət agentliyində yer alan bu material elə həmin ölkənin rəsmi mövqeyini əks etdirir. Belə olan halda, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkə olmağa haqqı çatırmı?
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1044 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30