Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizin inkişafı bölgələrin inkişafından keçir

Ölkəmizin inkişafı bölgələrin inkişafından keçir

05.03.2013 [00:11]

Prezident İlham Əliyev: Regionlarla paytaxt arasındakı fərq azalır
Məlum olduğu kimi, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən, istər regionların, istərsə də Bakı və Bakıətrafı qəsəbələrin inkişafını prioritet məsələ kimi diqqət mərkəzində saxlayıb. Məhz bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində ölkəmizin bütün regionlarının, o cümlədən Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Yuxarıda da qeyd etdiyimiz kimi, təkcə Bakının deyil, ümumilikdə bütün regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Burada başlıca məqsəd regionların inkişafını təmin etməklə paytaxtla regionlar arasında mövcud fərqi aradan qaldırmaq və respublikanın ümumi iqtisadi yüksəlişinə nail olmaqdır.
Beləliklə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edən regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Prezident İlham Əliyevin gərgin əməyinin və əzmkarlığının nəticəsi olaraq hazırlanan və dövlət başçısının birbaşa nəzarəti altında davam etdirilən bu iqtisadi regional inkişaf strategiyası ölkənin iqtisadi inkişafında yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub. Yeri gəlmişkən, bu günlərdə Qəbələ rayonunda səfərdə olan dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib ki, ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir: “Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır. Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir. Qəbələnin inkişafı bunu göstərir”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son 9 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması Qəbələnin sosial-iqtisadi inkişafında da həlledici dönüş yaradıb.
Yeri gəlmişkən, fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələdə tikilməkdə olan Konqres Mərkəzində inşaat işlərinin gedişi, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin, “Golf Resort” idman və istirahət mərkəzinin tikintisi ilə tanış olub, həmçinin, heyvandarlıq-südçülük kompleksinin, Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin, Qəbələ şəhər məscidinin yeni binasının, Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Məlumat üçün bildirək ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq. Artıq beş stansiyada quraşdırma işləri başa çatıb. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.
Hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” hotel kompleksi isə üç hotel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə “Qafqaz Resort” hotel kompleksində qış istirahət məkanının yaradılması, yəni, hotelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, hotel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcək. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaq.
Qeyd edək ki, Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və klubunun yaradılması qərara alınıb. “Golf Resort” idman və istirahət mərkəzinin layihəsinə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, hotel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaq.
Artıq bildirdiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qəbələ heyvandarlıq-südçülük kompleksi də belə müəssisələrdən biridir. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanıb. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə ABŞ-ın “BouMatic” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsindən olan inək gətirilib. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılıb, onlardan 150 bala alınıb. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur. Hər inəkdən bir ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunub.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində isə “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi formalaşır. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilib. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş “Simmental” cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınıb, martda əlavə 160 baş heyvanın gətirilməsi təmin ediləcək. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılıb. Prezident İlham Əliyevin heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaq. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaq. Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçiblər. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilib.
Göründüyü kimi, regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub.
SEVİNC

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30