Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda həyata keçirilən gender siyasəti cəmiyyətimizin inkişafına əsaslı töhfələr verir

Azərbaycanda həyata keçirilən gender siyasəti cəmiyyətimizin inkişafına əsaslı töhfələr verir

08.03.2013 [17:21]

Ölkəmizdə qadınların ictimai-siyasi həyatda fəallığının təmin olunması üçün bütün zəruri addımlar atılır
Təsadüfi deyil ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyərlərin praktikada tətbiq olunması üçün səylərini ildən-ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir.
Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Eyni zamanda, Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçmişdir. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir.
Əldə edilmiş nailiyyətlərlə yanaşı, Sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında Sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyətli, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu.
Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990-cı il yanvarın 19-20-də Sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qarabağ müharibəsinin nəticələrindən doğan əsas problemlərin, o cümlədən, qaçqınlıq və köçkünlük həyatının ağırlığı başlıca olaraq qadınların - anaların, bacıların, qız-gəlinlərin üzərinə düşdü. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bir çox dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olmuşdur. İqtisadiyyat, sosial həyat, siyasətdə, beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmışdır. O cümlədən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə olunmuşdur ki, bu, da bütün beynəlxalq və yerli müşahidəçilər, mütəxəssislər tərəfindən etiraf olunmaqdadır. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin etmişdir.
Belə ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılmış, müvafiq qərarlar qəbul olunmuşdur. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən, 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları”, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur. Heç də təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan qadınları haqqında yüksək fikirlər bildirir, onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması, bütün problemlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələlərinə çox diqqətlə yanaşırdı. “Azərbaycan cəmiyyətində qadınların rolu həmişə yüksək qiymətləndirilmişdir. Biz qadınlarımızın mənəviyyatı və intellektual səviyyəsi ilə daim fəxr etmişik. Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrində Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir. İftixar hissi ilə qeyd edilməlidir ki, qadınlarımız öz əcdadlarının yolunu bu gün də davam etdirərək, müasir dünya qadınları arasında özlərinə məxsus yer tuturlar”, - deyən Ulu öndər Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birini gender bərabərliyinin gücləndirilməsi təşkil edirdi. İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır.
Məhz Ulu öndərimizin təşəbbüsü ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır). Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu var. 2000-ci ilin martında Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərman imzalamışdır. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunması, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur.
2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir.
Ümummilli liderimiz Heydər Əliyevin zəngin təcrübəsi və düzgün strategiyası bu gün Azərbaycanda gender siyasətinin həyata keçirilməsinin əsasını təşkil edir. 2006-cı il fevralın 6-da dövlət başçımız cənab İlham Əliyevin imzaladığı Fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu kursun uğurlu davamı və qadın məsələlərinə kompleks yanaşmanın nəticəsidir. Bu, o deməkdir ki, ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. İndi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökumət təşkilatlarında qadınların artan sürətlə təmsilçiliyini qeyd etmək lazımdır. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün öncə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına müraciətində bir daha Azərbaycan qadınlarının fəaliyyətinə yüksək qiymət vermiş və dövlətin qadınların ictimai-siyasi həyatda fəallığının təmin olunmasında həyata keçirdiyi siyasətin ardıcıl və prinsipial olduğunu nümayiş etdirmişdir: “Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər”.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynamışdır. O cümlədən, ölkəmizdə düzgün gender siyasətinin reallaşdırılması üçün beynəlxalq təcrübədən yararlanmaq və bu sahədə geniş əməkdaşlığa imza atmaq bu gün sadaladığımız uğurların əldə olunmasında müstəsna rol oynamışdır. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin UNİFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional layihə çərçivəsində həyata keçirilmişdir. Layihə əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilmiş və gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşımışdır. Eyni zamanda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilmişdir. 2010-cu il 24-25 may tarixində Bakıda Avropa Şurasına üzv olan ölkələrin gender məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyinin de-yure və de-fakto təmin edilməsi” mövzusuna həsr edilmiş VII konfransı keçirilmişdir ki, həmin konfransda Avropa Şurasının üzv dövlətlərinə tövsiyələr və fəaliyyətlər üzrə Tədbirlər Planı qəbul edilmişdir. Həmçinin, Azərbaycan dövləti Avropa Şurası ilə də mütərəqqi əməkdaşlıq qurmuş, parlamentarilərimiz qurumun Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclaslarında fəal iştirakları ilə müsbət mənada seçilmişdir.
Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikiri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sıralardadır. Həmçinin, səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir. Hazırda ölkəmizdə AMEA-nın 3 həqiqi üzvü, 12 müxbir üzvü qadındır. Bu məqamlar Azərbaycan hökumətinin imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır. Təbii ki, bu görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir.
Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Bildiyimiz kimi, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olmuşdur. Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işgüzar, cəsarətli, vətənpərvər xanımları vardır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və yalnız milli maraqlarımza söykənir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır.
Beləliklə, bir daha vurğulamaq lazımdır ki, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.
Sevinc NUR

Paylaş:
Baxılıb: 1588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30