Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan: regional güc mərkəzindən yeni geostrateji statusa doğru

Azərbaycan: regional güc mərkəzindən yeni geostrateji statusa doğru

13.03.2013 [15:30]

Ölkəmiz rasional və praqmatik xarici siyasət kursu sayəsində regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilib
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal strateji tərəfdaşa çevrilməkdədir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir.
Azərbaycanın xarici siyasət kursu Cənubi Qafqazın təhlükəsizlik və inkişaf qarantı kimi
Həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın hərbi-siyasi, iqtisadi, ekoloji təhlükəsizliyinin təmin olunmasına fundamental strateji töhfələr bəxş edən regional güc mərkəzi kimi dəyərləndirir. Bu isə ona dəlalət edir ki, Azərbaycan regionun təhlükəsizlik qarantı və inkişaf mənbəyi qismində çıxış edir. Birincisi, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan və tərəfdaşlardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən, milli maraqlarımıza söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, regional əməkdaşlıq platformalarının yaradılmasını təmin edən başlıca regional güc olan Azərbaycanın iştirakı olmadan bu gün bölgədə heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
İkincisi, Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Məhz bütün bunlar ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Bir sözlə, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı milli aktoru - lider dövləti, təhlükəsizlik və inkişaf qarantı kimi çıxış edir.
Ölkəmiz qlobal enerji bazarında mühüm strateji tərəfdaş kimi tanınır
Qeyd etdiyimiz kimi, Azərbaycanın enerji strategiyası hər zaman olduğu kimi, bu gün də dünyanın diqqət mərkəzindədir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də, özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur.
Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Dünya enerji bazarında ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışır. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun, hüquqi əlaqələr qurmaqla etibarlı tərəfdaş imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından etibarlı və uzunmüddətli tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur.
“Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstəricidir.
Eyni zamanda, son illərdə ölkəmiz təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin “mavi yanacağa” olan tələbatının ödənməsinə imkan verəcək. Sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən, beynəlxalq təşkilatların Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur. Hazırda Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan kəmərləri vasitəsilə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql olunur. Bu real göstəricilər Azərbaycanın zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilməsini şərtləndirir.
Azərbaycanın enerji siyasətinin növbəti uğuru 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olub. Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi qitə ölkələrinin enerji maraqlarına cavab verir. Belə ki, Azərbaycan enerji ixracı kəmərlərinin, Avropa ölkələri isə enerji idxalı mənbələrinin şaxələndirilməsində maraqlıdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. TANAP layihəsi əsasında Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan, yaxud Türkiyə-Yunanıstan sərhədi vasitəsilə Avropaya çıxarılacaq.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, NABUCCO ilə TANAP anlaşma və əməkdaşlıq memorandumu imzalayıb. Bu memorandumla hər iki tərəf “Cənub qaz dəhlizi”nin inkişafı üçün əməkdaşlığa razı olduqlarını rəsmi surətdə bəyan ediblər. Memorandumda qeyd edilir ki, NABUCCO və TANAP texniki və digər strateji məlumat mübadiləsi edəcək və onların müvafiq layihələrinin inkişafını dəstəkləyəcək şəkildə əməkdaşlıq edəcəklər. Sənəddə, həmçinin, əks olunub ki, Avropa İttifaqı və Cənub-şərqi Avropa regionlarının qazla etibarlı təchizatının və diversifikasiyasının təkmilləşdirilməsi üçün təbii qazın təchizat marşrutlarının gələcəkdə diversifikasiya edilməsinə ehtiyac var.
“Nabucco Gas Pipeline International GmbH”nin maliyyə işləri üzrə baş direktoru Frank Sibert bildirib: “Bu memorandumu müsbət qarşılayırıq. Növbəti aylarda “Şahdəniz” qazı ilə Avropa istehlakçıları arasında mövcud olan qiymətlər zəncirinin bütün tərkib hissələri bütün pay sahiblərinin maksimum kommersiya qazancını əldə etməsi məqsədilə layihə proqramlarını bir xətt üzrə düzmək üçün birlikdə çalışacaqlar. Bu anlaşma memorandumu bu prosesdə əhəmiyyətli addımdır”.
Qeyd edək ki, NABUCCO boru kəmərinin Xəzər dənizi regionunun qaz ehtiyatlarının Türkiyə-Bolqarıstan sərhədindən başlayaraq Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Baumqartendə yerləşən Mərkəzi Avropa Qaz Mərkəzinə çatdırması planlaşdırılır. “Cənub qaz dəhlizi”nin mərkəzi elementi kimi NABUCCO inkişaf etməkdə olan Cənub-şərqi Avropa iqtisadiyyatının 500 milyondan çox istehlakçısına, oradan isə Qərbi Avropaya qaz təchizatının diversifikasiya edilməsi üçün mükəmməl coğrafi mövqeyə malikdir.
Göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamızın enerji sahəsində diversifikasiya siyasəti dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100 ildən artıq müddətdə dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır. Ümumiyyətlə, Azərbaycan enerji ehtiyatlarının ixracını çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək. Ölkəmizin mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və indiyədək istifadəyə verilən çoxşaxəli boru kəmərləri də bunun təsdiqi sayıla bilər.
Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi güclənməkdə və reytinqi artmaqdadır
Qeyd etmək lazımdır ki, reallaşdırılan rasional və praqmatik xarici siyasət kursu sayəsində Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi güclənməkdə, eyni zamanda, reytinqi artmaqdadır. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının inkişaf tempinə görə dünya üzrə ön pillədə dayanan ölkələr sırasındadır. Bu sahədə əldə olunan nailiyyətlər həm ölkə daxilində sosial-iqtisadi siyasətin yüksək səviyyədə həyata keçirilməsi, həm də xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində mümkün olub. Nəticədə, artıq Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlığın mühüm və etibarlı tərəfdaşı kimi tanınır.
Ümumiyyətlə, Azərbaycanın iqtisadi gücünün artması ölkəmizə olan marağı daha da artırıb. Ölkəmiz, ilk növbədə, region ölkələri içərisində Türkiyə, Gürcüstan və Rusiya ilə çoxşaxəli iqtisadi əməkdaşlığa nail olub. Enerji sahəsi başda olmaqla yüngül sənaye, kənd təsərrüfatı məhsulları, maşınqayırma və digər sferalarda qurulan uğurlu əməkdaşlıq regionun inkişafına töhfədir. Eyni zamanda, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən bir ölkə olaraq iki regionu siyasi, mədəni, o cümlədən, iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırır. Azərbaycan beynəlxalq miqyasda bir sıra iqtisadi layihələr çərçivəsində fəal əməkdaşlıq edir. “Yeni İpək Yolu” adlandırılan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. Proqramın məqsədi onun təsisçisi olan 5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz respublikasının siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək, Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. Bu baxımdan, hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmiryolu xətti yüklərin daşınmasında önəmli vasitəyə çevriləcək.
Avroatlantik qurumlarla praqmatik əlaqələr və Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri dinamik inkişaf müstəvisində
Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı mümkün edən başlıca amildir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlət quruculuğu siyasəti ictimai həyatın müxtəlif sferalarının totalitar rejimin qalıqlarından tez bir zamanda azad olmasını təmin edib, siyasi, iqtisadi, məhkəmə-hüquq sahələri başda olmaqla ölkədə həyata keçirilən demokratik islahatlar Azərbaycanın bu yolda qətiyyətli oduğunu göstərib.
Həmçinin, bəhs olunan istiqamətdə demokratik islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bunun göstəricisi olaraq, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, seçki sisteminin və qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını, mütərəqqi xarakterli məhkəmə-hüquq islahatlarının aparılmasını qeyd etmək olar. Hazırda demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid, həyata keçirilən beynəlxalq enerji layihələri və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan Avropa məkanı ilə daha sıx tellərlə bağlanıb.
Bundan əlavə, KİV-in azad fəaliyyəti, internetdən məhdudiyyətsiz istifadə, ənənə halını alan əfv fərmanları ilə hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi, elektron hökumət quruculuğu və digər bu kimi addımlar Azərbaycanın, həqiqətən də, müasir, hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Eyni zamanda, bu tədbirlərin çox zaman Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Parlamenti kimi təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilməsi Azərbaycanın Avropa məkanına inteqrasiyasını uğurlu edən fundamental strateji amil qismində çıxış edir.
Uğurlu Qərbə inteqrasiya siyasəti çərçivəsində növbəti halqa: Xorvatiya
Azərbaycanın Avropa məkanına inteqrasiyası həm də ölkəmizin bəhs olunan region dövlətləri ilə ikitərəfli qarşılıqlı-faydalı əməkdaşlığına söykənir. Azərbaycan əksər Avropa dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. İkitərəfli əlaqələrin genişlənməsinin göstəricisi kimi dövlət və hökumət başçıları, digər rəsmi şəxslər səviyyəsində mütəmadi olaraq həyata keçirilən rəsmi və işgüzar səfərləri qeyd etmək olar.
Bu günlərdə Prezident İlham Əliyevin Xorvatiyaya səfər etməsi, səfər çərçivəsində Azərbaycan-Xorvatiya əlaqələrinin mövcud səviyyəsinin nəzərdən keçirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönələn müzakirələrin aparılması, strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında bəyannamənin imzalanması münasibətlərin inkişafına mühüm töhfədir. Qeyd edək ki, Azərbaycanla Xorvatiya arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var. İki ölkə enerji, turizm, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, kənd təsərrüfatı, humanitar sahələrdə əlaqələrdə, qarşılıqlı investisiya yatırımlarında maraqlıdırlar. Bundan əlavə, Azərbaycanla Xorvatiyanın bir çox siyasi, regional təhlükəsizlik məsələlərində mövqeləri üst-üstə düşür. Xorvatiya Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olduğunu açıq ifadə edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkədir.
Qeyd etmək lazımdır ki, Xorvatiya ilə əlaqələr Azərbaycanın Avroatlantik məkana inteqrasiyası baxımından da faydalıdır. Belə ki, rəsmi Zaqreb Azərbaycan-NATO əlaqələrinin inkişafına dəstək verir. Həmçinin, yaxın gələcəkdə Xorvatiyanın Avropa İttifaqına (Aİ) üzv qəbul ediləcəyi gözlənilir. Belə olan təqdirdə, Azərbaycanla Aİ-dəki dost və tərəfdaş ölkələrin sırası bir qədər də genişlənəcək və bu da ölkəmizin qurumla əlaqələrinə əhəmiyyətli strateji töhfələr verəcək.
Beləliklə, Avropa ölkələrinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də, ölkəmizin milli siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası davam etməkdədir.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması dövlətimizin xarici siyasət kursunda mühüm yer tutur
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda ölkəmizlə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Ümumiyyətlə, informasiya təbliğatının böyük əhəmiyyət daşıdığı müasir dövrdə ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması prinsipial önəm kəsb edən məsələlərdəndir. Təsadüfi deyil ki, müasir dövrdə Azərbaycan Respublikasının xarici əlaqələrində mühüm istiqamətlərdən birini ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması gerçəkliyi və onun nəticələri, konfliktin regionun stabil gələcəyinə mənfi təsiri barədə obyektiv informasiyanın müxtəlif dövlətlərə və beynəlxalq qurumlara çatdırılması siyasəti təşkil edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Ulu öndər Heydər Əliyevin gərgin əməyinin, eyni zamanda, bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin nəticəsi olaraq AŞPA, İƏT, ATƏT, BMT və digər qurumlar tərəfindən Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin, məcburi köçkünlərinin yurd-yuvalarına qayıtmasının zəruriliyini göstərən qərar və qətnamələr qəbul edilib.
Azərbaycan torpaqlarının işğalı, eləcə də, zəbt olunmuş ərazilərdə törədilən talanlar, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi barədə həqiqətlərin dünyaya çatdırılmasında respublikamızın müxtəlif dövlətlərdə fəaliyyət göstərən səfirlikləri də xüsusi aktivlik nümayiş etdirirlər. Belə ki, hər il xarici ölkələrdə Azərbaycanla bağlı həqiqətləri özündə əks etdirən kitablar dərc olunur, çoxsaylı konfrans və tədbirlər keçirilir.
Bu məsələdə Azərbaycan özünün BMT Təhlükəsizlik Şurasındakı (BMT TŞ) mövqeyindən də yararlanır. Belə ki, 2011-ci il may ayının 4-də Prezident İlham Əliyevin Sədrliyi ilə BMT TŞ-nin yüksək səviyyəli iclasında Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Tədbirdəki çıxışında Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu siyasətini ən yüksək kürsüdən dünya birliyinin diqqətinə çatdırıb.
Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların, faciələrin dünyaya çatdırılmasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun əsasını qoyduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası ermənilərin azərbaycanlılara qarşı XX əsrin sonlarında törətdiyi soyqırımı həqiqətlərini dünyanın 60-dan artıq ölkəsinin ictimaiyyətinə çatdırır. Fondun həyata keçirdiyi çoxsaylı layihələrin və aparılan işlərin nəticəsi olaraq müxtəlif ölkələrin ictimaiyyətinə, habelə gənclərə Azərbaycanın məruz qaldığı faciələr barədə dolğun məlumatlar verilir. Məhz bu qurumun fəaliyyəti dünyanın müxtəlif ölkələrində Azərbaycanın daha yaxından tanınmasında, ölkəmizin başlıca uğurları və əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və faciəli nəticələri barədə əsaslı informasiyaların kütləvi xarakter almasında müsbət irəliləyişlərə gətirib çıxarıb.
Məlum olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında milli diasporumuzun geniş potensial imkanlarından istifadə olunması dövlətimizin diqqət yetirdiyi vacib məqamlardandır. Azərbaycan hökumətinin yüksək səviyyədə dəstəklədiyi, müxtəlif ölkələrdə fəaliyyət göstərən yüzlərlə diaspor təşkilatlarımız hər il təşkil etdikləri tədbir və aksiyalarla ölkəmizə qarşı yönələn dezinformasiyanın zərərsizləşdirilməsinə, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına öz töhfələrini bəxş edirlər. Sevindirici haldır ki, bu gün dünyanın hər bir regionunda yaşayan soydaşlarımız taleyüklü məsələlərdə doğma vətənə xidmət göstərmək məqsədilə öz aralarında böyük sürətlə təşkilatlanmaqda, bununla da Azərbaycanın mənafelərinin beynəlxalq miqyasda müdafiəsində güclü təsirə malik qüvvəyə çevrilməkdədirlər.
Görülən işlər sayəsində artıq beynəlxalq ictimaiyyət ermənilərin insanlıq əleyhinə törətdiyi cinayətlər barədə daha geniş təsəvvürə malikdir. Bunun bariz göstərici olaraq Xocalı soyqırımının dünyada müxtəlif dövlətlər və federal subyektlər tərəfindən tanınmasını qeyd etmək lazımdır. Belə ki, artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ardınca bu il Nyu-Meksiko, Arkanzas, Oklahoma ştatları Xocalı faciəsini tanıyıblar. Bundan əlavə, ABŞ-ın Kaliforniya ştatı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib.
Xocalı soyqırımının ayrı-ayrı dövlətlər səviyyəsində tanınması da uğurla davam edir. Meksika, Pakistan və Kolumbiyadan sonra 2013-cü ildə Xocalı soyqırımı Çexiya və Bosniya və Hersoqovina parlamentlərində də tanınıb.
Beləliklə, bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz Ermənistanın və erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyanı və qara piarı iflasa uğradır.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi beynəlxalq gündəmin aktual mövzusudur
Həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi təşkil edir. Beynəlxalq münasibətlər sisteminin aktoru kimi çıxış edən bəzi imperialist güclərin geostrateji planları və bu planların fonunda Ermənistanın təcavüzkar siyasətinin nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün ölkəmiz özünün bütün resurslarından səmərəli surətdə istifadə etməkdədir.
Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasının fonunda Azərbaycan diplomatik cəbhədə əhəmiyyətli nailiyyətlər qazanıb, eləcə də, informasiya savaşında mühüm üstünlük əldə edilib. Artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman kəsiklərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu praqmatik, rasional və realist xarici siyasi-strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada uğurla davam etdirilməsi, sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq gündəmin aktual mövzusuna çevrilməsinə səbəb olub. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi olaraq səsləndirilməkdədir. Qısacası, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən-Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair son dərəcə optimist fikirlər səsləndirilməkdədir. Bu isə belə bir proqnoz verməyə əsas verir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi hücum diplomatiyasının qanunauyğun nəticəsi kimi, ölkəmizin ərazi bütövlüyü mütləq surətdə bərpa ediləcəkdir.
Qeyd etdiyimiz kimi, rasional, praqmatik və çoxvektorlu xarici siyasət kursu həyata keçirən Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunması üçün özünün bütün resurslarından maksimum səviyyədə istifadə etməkdədir. Faktdır ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin həllini özünün xarici siyasət strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirmişdir və bu yöndə hücum diplomatiyasına əsaslanan strateji kurs həyata keçirir. Başqa sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hələlik problemin həlli yönündə sülh danışıqlarına, diplomatik vasitələrə üstünlük verir. Bu isə ona dəlalət edir ki, xarici siyasi fəaliyyətində daim beynəlxalq hüquq normalarını əsas götürən ölkəmiz dinc vasitələri hələlik optimal və effektiv mexanizm kimi görməkdə davam edir. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi halda, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması - ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitə və metoda baş vuracaq. Bu, ölkəmizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ali hüququdur. Silahlı müdafiə metodu və mexanizminə istinad da Azərbaycanın qarşısında duran hüquqi alternativdir. Ölkəmizin bu hüququ 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiqlənir. Helsinki Yekun Aktında məsələyə məhz bu cür yanaşılır: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər...”
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi
Beləliklə, sadalananların qanunauyğun nəticəsi kimi qeyd etmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə çevrilib. Əlbəttə ki, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm faktorlar qismində çıxış edir.
Həmçinin, çoxvektorlu, balanslaşdırılmış xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi davamlı surətdə güclənməkdədir.
Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq bu kontekstdə Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv kimi quruma 1 ay müddətində Sədrlik etməsi bunun başlıca göstəricisidir. Eyni zamanda, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, nüfuzlu və güclü milli dövlətlərin, həmçinin, beynəlxalq qurumların ölkəmizlə əməkdaşlığa xüsusi əhəmiyyət verməsi dövlətimizin yüksək beynəlxalq nüfuzunu əks etdirməkdədir.
Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Beləliklə, bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilib.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1262 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30