Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühiti: hərbi bloklaşma reallıqları və proqnozları, geostrateji güclərin təsnifatı

Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühiti: hərbi bloklaşma reallıqları və proqnozları, geostrateji güclərin təsnifatı

30.03.2013 [11:49]

SSRİ-nin dağılmasından sonra Şərq və Qərb arasındakı planetar sinfi və ideoloji qarşıdurma öz yerini dünyanın əhəmiyyətli geoiqtisadi, geosiyasi və hərbi-geostrateji bölgələri, zəngin təbii ehtiyatları, xammal mənbələri, transmilli nəqliyyat-kommunikasiya vasitələri, dəhlizlər, keçidlər, perspektivli satış bazarları, qabaqcıl texnologiyalar, informasiya və insan resursları uğrunda mübarizəyə verdi. Yeni dövrün ən əhəmiyyətli geosiyasi regionlarından biri də Avrasiya, xüsusən də, onun Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsi idi. Mütəxəssislər hesab edir ki, XX əsrin sonu, XXl əsrin əvvəllərində Cənubi Qafqaz və Orta Asiya dünya ölkələrinin geoiqtisadi və geosiyasi mübarizə meydanına çevrilir. Bölgənin zəngin enerji resursları, Şərq-Qərb əlaqələrindəki bağlayıcı coğrafi mövqeyi, iki qitəni birləşdirən ən yaxın, ən əlverişli və geosiyasi cəhətdən ən etibarlı nəqliyyat-kommunikasiya və enerji ixracı dəhlizlərinin üzərində yerləşməsi onu dünya siyasətinin mərkəzinə çıxarır. Cənubi Qafqaza və Orta Asiyaya sahiblənmək uğrunda başlanan geosiyasi mübarizə, əslində Avrasiyanın daha geniş ərazilərinə nəzarət etmənin tərkib hissəsi idi.
Yeni qarşıdurma dövründə Cənubi Qafqaz və Orta Asiyada aktorlararası münasibətləri kəskinləşdirən əsas amillərdən biri də regionun kəsb etdiyi hərbi-geostrateji dəyər ölçüləri və dünyanın geosiyasi təhlükəsizlik mühitinə təsiri məsələləri idi. Bölgənin böyük ölkələri (Rusiya, Türkiyə, İran), regiondan kənar aparıcı dövlətlər (ABŞ, Avropa İttifaqı, Çin və s.), regionun digər ölkələri (Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Orta Asiya dövlətləri və s), transmilli geosiyasi, hərbi geostrateji və geoiqtisadi aktorlar (BMT, ATƏT, NATO, MDB, İKT, TDB, nəhəng neft-qaz, nəqliyyat, rabitə şirkətləri və s.) arasında maraq dairələrinə uyğun yeni münasibətlər formalaşmağa başladı. Əsas həlledici mübahisələr: yerli ölkələrin ərazi bütövlüyü və bəzi qonşu dövlətlərin yeni ərazi iddiaları, bölgənin enerji resursları, neft-qaz ixracı marşrutları və təhlükəsizlik mexanizmlərinə sahiblik, Şərq-Qərb nəqliyyat-kommunikasiya və tranzit infrastrukturlarına, yerli ölkələrin transmilli siyasi, iqtisadi və hərbi bloklarla münasibətinə təsir etmə istəyi və s. məsələlər ətrafında cərəyan edirdi. Bölgənin ayrı-ayrı ərazilərində, məsələn, Qara dəniz, yaxud Xəzər dənizi hövzəsində mübarizə daha çox nəqliyyat-kommunikasiya xərcləri, ixrac marşrutları, yerli ölkələrin və transmilli infrastrukturların təhlükəsizliyi üzərində qurulmuşdusa, Orta Asiya və Xəzər ətrafında, əksinə enerji resursları, hərbi-geostrateji yüklü məsələlər, Cənubi Qafqazda isə yerli ölkələri təsir dairəsində saxlamaq, onların ərazi bütövlüyü və bəzi əraziləri üzərində suverenlik problemləri ilə manevr etməyə yönəlmişdi. Bölgənin maraqlar mübarizəsi müstəvisində hər ölkənin öz məxsusi mənafeləri və müvafiq ambisiyası var idi.
Hazırda Xəzər-Qara dəniz hövzəsi, xüsusən də, Cənubi Qafqaz Yer kürəsinin ən qeyri-sabit, münaqişəli, lakin eyni zamanda, ən mühüm beynəlxalq əhəmiyyətli geosiyasi məkanı hesab olunur. Burada dünya ölkələrinin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqları, müxtəlif sivilizasiyalar, dini konfessiyalar, mədəniyyətlər və etnik mənafelər uzlaşır, üz-üzə gəlir və toqquşur. Bölgə ölkələrinin öz aralarında mövcud olan bir çox geosiyasi, geoiqtisadi və hərbi-geostrateji ziddiyyətlər də daxil olmaqla, transmilli dünyanı neçə illərdir ki, təhdid edən Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi, Gürcüstandakı Abxaziya və Cənubi Asetiya, Rusiyanın Şimali Qafqaz əyalətlərindəki silahlı qarşıdurmalar, Moldovanın Dnestryanı bölgəsindəki separatçılıq hərəkatı və s. regiondakı vəziyyəti gərginləşdirməkdə davam edir.
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın hərbi-geostrateji əhəmiyyəti, beynəlxalq təhlükəsizliyin təmin olunmasındakı yeri və rolu, gələcək geosiyasi inkişaf perspektivləri və s. kimi regional məsələlər neçə illərdir ki, həm uzaq xarici ölkələri, həm də postsovet məkanını təmsil edən alimlərin, strateqlərin, geosiyasət tədqiqatçılarının diqqət mərkəzində dayanmışdır. Geosiyasi cəhətdən xüsusi əhəmiyyət kəsb edən bu məkanda qlobal, regional və milli maraqların, təhlükəsizlik mənafelərinin uzlaşdırılması taktikası, geosiyasi aktorların fərqli maraqlarının üst-üstə düşən, kəsişən məqamlarının tədqiqi uzun müddətdən bəri mütəxəssislərin və aidiyyəti qurumların diqqət mərkəzindədir. Bütövlükdə Avrasiya bölgəsinin, Cənubi Qafqaz və onun əsas strateji ölkəsi hesab olunan Azərbaycanın geostrateji və hərbi problemləri, regional sülh və əməkdaşlığın təmin olunması, münaqişəli məsələlərin həlli yolları və vasitələri, qlobal və yerli maraqların uzlaşdırılması, region dövlətlərinin təhlükəsizlik siyasəti və s. kimi məsələlər son zamanlar təkcə xarici aləmin deyil, Azərbaycan kimi bölgə ölkələrinin də rəsmi dairələrini, mütəxəssislərini və ictimai fikrini ciddi düşündürməkdədir.
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın, bütövlükdə Avrasiya subregionunun dünya siyasətində oynadığı geosiyasi, hərbi-geostrateji və geoiqtisadi rolu tarixçilər, coğrafiyaçılar, geosiyasətçilər və geostrateqlər bütün dövrlərdə yüksək qiymətləndirmişlər. XX əsrin klassik geosiyasət nümayəndələri Alfred Mehen, Karl Haushofer və b. bu kontinental bölgəni geosiyasi əhəmiyyətinə görə dünya ölkələrini qarşıdurmaya sövq edən və daim mübarizə meydanı olan transmilli boğazlara- Bosfora, Dardanelə, Cəbəllütariqə, Süveyiş kanalı zonası və s. bərabər tutmuş, gələcəkdə bu bölgəyə nəzarət etmənin geosiyasi anlamını şərh etmiş, Rusiya imperiyasının bölgəyə yiyələnmək istiqamətindəki çalışmalarını qeyd etmişlər.(1)
Hazırkı dövrdə Rusiyanın rəsmi və akademik dairələri ilə yanaşı, ABŞ-ı təmsil edən geosiyasi tədqiqatçılar da çox yüksək dəyərləndirilmişlər. Məşhur amerikalı politoloq Zbiqnev Bjezinski yazır ki, qlobal dünyanın gələcək geostrateji, geoiqtisadi və transmilli siyasi maraqları Avrasiyada, xüsusən də, Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda həll olunur. ABŞ siyasətşünası bu bölgəni “dünya siyasətinin taleyinin həll olunduğu böyük şahmat lövhəsi” (2) kimi təqdim edir və ABŞ-ı, Qərb dünyasını öz əsas güclərini bu bölgəyə yönəltməyə, regionun yeni müstəqil ölkələrinə dəstək verməyə, onları Rusiyanın geosiyasi təsir dairəsindən azad edərək, inkişaf etmiş Avropa ölkələri ilə inteqrasiya etdirməyə çağırır. Bjezinskinin fikrincə, Qərb ilk növbədə bölgənin Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan kimi müstəqil siyasət yürüdən dövlətlərinin transmilli geosiyasi və geoiqtisadi layihələrini dəstəkləməli və onların vasitəsilə özünün bu bölgədəki strateji mövqelərini gücləndirməlidir.(3)
ABŞ diplomatı, görkəmli ictimai-siyasi xadim Henri Kissincer Avrasiyanın dünya geosiyasətindəki rolundan bəhs edərkən əsas diqqətini Rusiyanın bu bölgədə yürütdüyü siyasətə və onun gələcək mümkün hərbi-geostrateji nəticələrinə yönəltmişdir. Kissincer Rusiyanın “yaxın xaric” hesab etdiyi Orta Asiya və Cənubi Qafqazdakı geostrateji maraqlarının keçmiş SSRİ-nin digər ərazilərindəkindən daha vacib və strateji olduğunu qeyd etməklə yanaşı, onun “bu maraqları qeyri-sivil norma və beynəlxalq hüquqa zidd yollarla təmin etməyə çalışdığına” da işarə etmişdir.(4)
Qeyd etmək lazımdır ki, SSRİ-nin süqutuna qədər, bölgənin geosiyasi həyatı tam sabit idi, Xəzərin zəngin neft-qaz ehtiyatları yalnız bu ölkəyə məxsus idi və təbii ki, heç bir dövlətlərarası gərginlik müşahidə olunmurdu. Bunun əsas səbəbi Sovet İttifaqının regiona heç bir xarici dövləti buraxmaması idi. O dövrdə ABŞ və NATO ölkələri regionda Türkiyə vasitəsilə öz maraqlarını reallaşdırmağa çalışsalar da, hər hansı ciddi müvəffəqiyyət qazana bilmirdilər. Öz regional siyasətində SSRİ ilə gərginlik yaratmamaq və onunla razılaşdırılmış siyasət yeritməyə üstünlük verən Çin, İran və s. kimi böyük dünya və region ölkələri də Avrasiyanın bu bölgəsində ciddi və müstəqil aktor kimi çıxış etmirdilər.
Sovet İttifaqının süqutundan sonra bölgənin həm geosiyasi və təhlükəsizlik mühitinin xarakteri, həm də Orta Asiya ölkələrinin öz enerji resurslarını dünyaya sərbəst çıxarmaq imkanının məhdud olmamasından istifadə edən Rusiya hövzə üzərində əvvəlki təsirini qoruya bildi. Lakin dünyanın transmilli təsiri bölgədəki münasibətləri getdikcə dəyişməkdə idi.. Artıq SSRİ-nin varisi kimi çıxış edən Rusiya mütəmadi olaraq bölgədə öz qarşısında dünyanın ABŞ, NATO, Türkiyə və s. kimi geosiyasi aktorlarını görməyə başladı. Bununla yanaşı, müstəqillik əldə etmiş və beynəlxalq hüququn subyektinə çevrilmiş yeni müstəqil dövlətlər də bölgədə öz maraqları çərçivəsində alternativ geosiyasi meyillər nümayiş etdirməyə və regional siyasət yürütməyə başlayırlar. Bütün bunlar da müvafiq olaraq, regionun geostrateji münasibətlərini mürəkkəbləşdirir və beynəlxalq əhəmiyyətini bir qədər də artırırdı. Geosiyasətçilər qeyd edir ki, postsovet dövründə Xəzər hövzəsində yeni-yeni zəngin karbohidrogen ehtiyatlarının aşkarlanması bölgəyə daxil olmaq üçün müxtəlif yollar axtaran ölkələrin sayını artırırdı. Xəzər hövzəsinin enerji ehtiyatlarına, bu məhsulların dünya bazarlarına ixracı yollarına və digər transmilli mexanizmlərə nəzarət uğrunda mübarizə, “soyuq müharibə” dövründən sonra dünya siyasətinin ən aktual məsələlərindən birinə çevrildi. (5)
Bəhs olunan ölkələr, müxtəlif hərbi-geostrateji bloklar istər kollektiv, istərsə də ayrılıqda yerli ölkələrlə geosiyasi, hərbi-geostrateji xarakterli münasibətlər yaradaraq öz milli maraqlarını təmin etmək, regional təhlükəsizlik sistemlərini genişləndirmək və s. istiqamətində fəaliyyətə keçirlər. Bölgədə məxsusi siyasi və iqtisadi dayaqlarını yaratmağı, geosiyasi hədəflərini müəyyənləşdirməyi həm bloklar, həm də böyük ölkələr öz regional və beynəlxalq təhlükəsizliyinin təmin edilməsi maraqları ilə əlaqələndirməyə başlayırlar. Lakin XX əsrin sonlarından etibarən, dünyada geosiyasi vəziyyət elə sürətlə dəyişir ki, dövlətlər öz dayaq və hədəflərində ardıcıl olaraq çevik dəyişikliklər etmək məcburiyyətində qalırlar. Bəzi ölkələrin cəmi bir neçə il ərzində tamamilə fərqli prinsip və maraqlar əsasında yaradılmış təşkilatlarda təmsil olunması, mütəmadi olaraq öz xarici siyasi kursunu, prioritetlərini və hədəflərini dəyişməsi artıq adi hala çevrilmişdir. Avrasiyanın mürəkkəb və kövrək geosiyasi mühiti bölgədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların da taktika və strategiyasına ciddi təsir göstərir və bəzi geosiyasi məsələlər üzrə onların mövqelərinin dəyişməsinə səbəb olurdu. Məsələn, Rusiya və Çinin hakim olduğu Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiyada hərbi-strateji maraqlarla bağlı 2005-ci ilədək ABŞ-ın Orta Asiyadakı hərbi bazalarına mülayim və anlaşıqlı yanaşsa da, 2005-ci ildən sonra demək olar ki, öz mövqeyini tam dəyişmiş, sərtləşdirmiş və bunun tam əksinə çıxış etməyə başlamışdır. ABŞ-ın Orta Asiyadakı hərbi bazalarının fəaliyyətinin dayandırılması tələbi hal-hazırda bu təşkilatın birmənalı mövqeyi kimi elan edilir.
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda təhlükəsizlik ölçüləri ilə bağlı bəzi məsələlər üzrə bölgənin kiçik və böyük dövlətlərinin milli maraqları ilə transmilli beynəlxalq maraqlar üst-üstə düşsə də, digər məsələlərdə mənafelər ciddi surətdə toqquşur. Bölgədə müasir transmilli maraqların daşıyıcısı rolunda ABŞ və Avropa İttifaqı dövlətləri və hərbi-geostrateji anlamda onları təmsil edən NATO, ayrıca Çin, Yaponiya, kimi böyük və inkişaf etmiş dünya ölkələri, onları təmsil edən qlobal korporasiyalar, regionun geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının əsas daşıyıcısı qismində isə Rusiya, Türkiyə, İran, Ukrayna, Azərbaycan və Gürcüstan kimi müstəqil ölkələr çıxış edirlər.
Cənubi Qafqaz və Xəzər hövzəsi dövlətlərinin xarici və təhlükəsizlik siyasəti
Cənubi Qafqaz və Xəzər hövzəsi dövlətlərinin xarici və təhlükəsizlik siyasəti, ilk növbədə, beynəlxalq güclərin, böyük ölkələrin ayrı-ayrı məqsədlərlə regiona müdaxiləsinə və bu məkanda nümayiş etdirdikləri hərbi-geostrateji maraqlara reaksiyadan irəli gəlmişdir. Xəzər hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsir göstərən belə güc mərkəzləri sırasına, əsasən ABŞ-NATO-Avropa İttifaqını, Rusiya və onun yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatını, ayrılıqda İran və Türkiyənin bölgədə nümayiş etdirdiyi təhlükəsizlik meyillərini və s. geosiyasi aktorların hərəkətlərini aid edirlər. Bu mərkəzlər həm də bütövlükdə bölgənin geosiyasi mühitinin və regional təhlükəsizlik arxitekturasının əsas xarakteristikasını müəyyənləşdirir, ölkələrarası geosiyasi, geoiqtisadi və hərbi-geostrateji bloklaşmaya təkan verirlər.
Mütəxəssislərin fikrincə, Cənubi Qafqazın və Xəzər hövzəsinin regional təhlükəsizlik mühitinin vəziyyəti və dayanıqlılığı, yerli ölkələrin beynəlxalq və milli təhlükəsizlik maraqlarının təminatı və s. kimi məsələlər hazırda əsasən, bölgənin aparıcı yerli ölkəsi olan Rusiyadan, Cənubi Qafqaz və Xəzər hövzəsində qismən həm də Türkiyə və İrandan, eyni zamanda, bölgədənkənar ABŞ və Avropa İttifaqından asılıdır. Bölgənin bütün məsələləri üzrə cərəyan edən hadisələr bu ölkələrin və blokların iqtisadi, siyasi, hərbi maraqlarından qaynaqlanır.
Bir çox tədqiqatçılar Rusiyanın bölgədəki mövqeyini və maraqlarını İran və Ermənistan ilə eyni blokda təsnif edərək, onları bölgənin əsas hərbi-geostrateji qruplaşmalarından birincisinə, ABŞ, Avropa İttifaqı, NATO və onların bölgədəki tərəfdaşı kimi təqdim edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Ukraynanı isə, ikinci hərbi-geostrateji qrupa aid edirlər.
Lakin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühitinə bilavasitə və ciddi təsir göstərən digər amillər də mövcuddur. Bu amillərin meydana gəlməsi bir tərəfdə - öz milli təhlükəsizliyini təmin etmək məqsədilə həm NATO və Qərblə, həm də Rusiya və onun Kollektiv Təhlükəsizlik Təşkilatı (KTT) ilə müəyyən məsafə saxlayan, yuxarıda adıçəkilən bütün “təsir qüvvələri” ilə tərəfdaşlıq və əməkdaşlıq meyili nümayiş etdirən Azərbaycandan; digər tərəfdə bölgədə Rusiyanın hərbi dəstəyinə, dünya erməni diasporuna söykənərək Cənubi Qafqazda açıq-aşkar militarist və işğalçılıq siyasəti yürüdən Ermənistandan; üçüncü tərəfdə son zamanlar birmənalı şəkildə üzünü Rusiyadan Qərbə və NATO-ya çevirmiş Gürcüstandan, dördüncü tərəfdəsə getdikcə Qafqaz ətrafında, Xəzər hövzəsi və dənizdə öz hərbi-geostrateji kontingentini artıran Rusiya və İrandan, o cümlədən, Qafqazda xüsusi “Sülh Platforması” ilə çıxış edən Türkiyədən asılıdır. Hərbi ekspertlərin fikrincə, SSRİ dağılandan sonra Xəzər dənizi və Qafqaz ətrafında həm İran (SSRİ ilə 1940-cı ildə bağlanmış müqaviləyə uyğun olaraq bu ölkənin Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yox idi-Ə.H.), həm də Rusiya öz hərbi kontingentini artırıb.(6)
Cənubi Qafqazın və Xəzər-Qara dəniz hövzəsinin təhlükəsizlik mühitinin növbəti həlledici amili yuxarıda adı keçən təsir dairələri və hərbi-geostrateji blokların bir-biri ilə münasibətləri, ilk növbədə isə, ABŞ-Rusiya, NATO-KTT münasibətlərinin xarakteri ilə bağlıdır. Bu müstəvidə tərəflərin təhlükəsizliklə bağlı ortaya qoyduğu açıq (Hərbi Doktrina) və gizli mövqelərlə (hərbi-geostrateji maraqlar) yanaşı, müəyyən ölkələrin hərbi bloklarla bağlı yürütdüyü birbaşa siyasət də həlledici rol oynayır. Bölgədə hər hansı bir ölkənin yürütdüyü istənilən hərbi-strateji siyasət, təhlükəsizliklə bağlı atdığı addım, yaxud nümayiş etdirdiyi geosiyasi mövqe dərhal qarşı tərəfin ciddi reaksiyasını doğurur. Bəzi ekspertlərin fikrincə, Azərbaycan, Gürcüstan və Türkiyənin Cənubi Qafqazda yürütdüyü təhlükəsizlik siyasəti (Hərbi Doktrinalarının müəyyən etdiyi vəzifələr) yalnız öz ölkəsinin təhlükəsizliyinə yönəlik “müdafiə xarakteri” daşıyaraq bölgədə sabitliyə xidmət göstərdiyi halda, Rusiya, İran və Ermənistanın hərbi doktrinaları “hücum xarakteri” kəsb etməklə, regional sabitliyi pozmağa şərait yaradır.(7)
Əlbəttə, şübhə yoxdur ki, dünya siyasəti və beynəlxalq təhlükəsizlik sahəsində ölkələrarası rəqabət mövcuddur və bu rəqabət müvafiq olaraq həm də Avrasiyanın - Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik münasibətlərinə öz təsirini göstərir. Bölgədə həm beynəlxalq güclərlə region ölkələrini tərəfdaşlıq meyillərinə görə qruplaşdıran, həm də region ölkələrindən İran və Ermənistanı Rusiya ilə, Azərbaycan, Türkiyə, Ukrayna və Gürcüstanı isə ABŞ-la “geosiyasi tərəzinin” bir gözünə qoyan, onların gələcək hərbi-strateji bloklaşmasını proqnozlaşdıran siyasətşünasların öz məxsusi yanaşma meyarları vardır. Xüsusən, Rusiya-Gürcüstan münaqişəsinin güclənməsi və açıq qarşıdurmaya keçməsi, prezident V.Yuşşenkonun hakimiyyəti illərində Ukraynanın regional proseslərdə nümayiş etdirdiyi açıq anti-Rusiya mövqeyi, Rusiya-Ermənistan hərbi müttəfiqlik müqaviləsinin 2010-cu ildə daha 49 il müddətinə uzadılması və hərbi müttəfiqliyin möhkəmləndirilməsi kimi regional hadisələr, haqqında söhbət gedən siyasətşünaslara bəhs olunan “geosiyasi bloklaşma” ilə bağlı inandırıcı fikir söyləməyə kifayət qədər əsas verir. Əlbəttə, Rusiya-İran-Ermənistan kimi ölkələrin Cənubi Qafqazdakı geostrateji və hərbi-təhlükəsizlik maraqlarında üst-üstə düşən kifayət qədər ortaq nöqtələr müşahidə olunur ki, onları inkar etmək mümkün deyil. Lakin onların, xüsusən İranın Rusiya ilə üst-üstə düşməyən və ciddi regional rəqabət yaradan məxsusi geomaraqlarını da nəzərdən qaçırmaq olmaz.
Eyni sözü digər qrup - Qərbin son zamanlara qədər ciddi dəstək verdiyi Türkiyə-Azərbaycan-Gürcüstan-Ukrayna (bəzən Moldova və Özbəkistanı da bu sıraya aid edirlər - Ə.H.) geosiyasi birliyi haqqında da söyləmək olar. Həmin ölkələrin də üst-üstə düşən kifayət qədər ortaq maraqları mövcuddur. Lakin bu maraqların və oxşar geostrateji təhlükəsizlik mənafelərinin onları nə zamansa həqiqi strateji tərəfdaşlığa, yaxud hərbi müttəfiqliyə sövq edəcəyinə, hansısa ciddi təşkilatlanmaya səbəb olacağına heç bir real əsas yoxdur. Bunu Ukraynanın siyasi həyatında və hərbi-təhlükəsizliyi sahəsində baş vermiş son dövr hadisələri də sübut etdi. Düzdür, məsələn, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu kimi Transavrasiya layihələrinin təhlükəsizliyinin təmin edilməsi Qərb ölkələrinin, Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyini şərtləndirən əsas amillərdən birinə çevrilmişdir. Bununla yanaşı, Kiyevin Xəzər neftinin Odessa-Brodı-Qdansk kəməri vasitəsilə Avropa bazarlarına çıxarılması üçün göstərdiyi səylər, Ukraynanın qlobal enerji layihələrində aparıcı mövqe tutmağa iddialı olduğunu göstərir. Bütün bu layihələrin təhlükəsizliyinin təmin edilməsi regional təhlükəsizliyin ümumi problemlərinin ən həssas məsələsi hesab oluna bilər. Burada bütün məsələlər təkcə region ölkələrinin mövqeyindən deyil, həm də ABŞ-ın nümayiş etdirəcəyi geosiyasi fəaliyyətdən asılı olacaqdır. Bu ölkə mütəxəssislərin fikrinə görə, gələcəkdə dünyada öz milli maraqlarını və NATO-nun hərbi mənafelərini təmin etməklə yanaşı, bir fövqəldövlət olaraq həm də beynəlxalq təhlükəsizliyi açıq təhdid edən etnik münaqişə və davakar separatizm hallarına, ölkələrin ərazi bütövlüyü məsələsinə, Ermənistan kimi forpost dövlətlərin beynəlxalq aləmlə “oynamasına”, yaxud, Gürcüstan ilə Rusiya arasında yaranan münaqişələrdə suveren dövlət haqlarının beynəlxalq hüquqa uyğun müdafiəsinə və s. məsələlərə ciddi, prinsipial və birmənalı mövqe müəyyənləşdirməli, özünün beynəlxalq statusuna uyğun fəaliyyət göstərməlidir. Məsələn, ABŞ ya Cənubi Qafqazda Rusiyanın, Ermənistanın etnik separatizmi bilavasitə dəstəkləyən hərbi-geostrateji addımlarının beynəlxalq hüquqa uyğun gəlməsini təsdiqləməli, onların bölgədəki mövcud üstün mövqeyi, regionun real hərbi vəziyyəti ilə barışmalı və buna uyğun siyasət yürütməlidir, ya da ki, bu bölgədə beynəlxalq hüquq normalarının bərpa olunması üçün ciddi addımlar atmalıdır.
Bundan başqa, ABŞ Bakı-Tbilisi-Ceyhan və bu kimi transmilli enerji layihələrində geoiqtisadi məqsədlərinə çatandan sonra, bu işdə əsas rol oynayan Azərbaycan və Türkiyəyə bir qədər diqqəti azaldaraq, özünün bütün geostrateji planlarını Gürcüstan üzərində qurmaqla, ona ciddi beynəlxalq dəstək və maliyyə-texniki yardımlar göstərməklə, Cənubi Qafqazda yeni-yeni strateji mövqelər qazanmağa çalışır. Bu da müvafiq olaraq, öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün Azərbaycan və Türkiyənin digər istiqamətlərə (məsələn, Rusiyaya) üz tutmasına səbəb olur. Nəzərə alınsa ki, Gürcüstanın Qara dənizdə Türkiyə ilə bərabər malik olduğu strateji mövqeni və daşıdığı geosiyasi önəmi, Azərbaycan Xəzər dənizi hövzəsində, Şərq-Qərb əlaqələrində, nəqliyyat-kommunikasiya və enerji daşıyıcıları tranzitində, Mərkəzi Asiya və İrana çıxışda oynayır, o zaman ABŞ-ın bu ölkəyə diqqətsizliyi təkcə Azərbaycanda və dünyada deyil, heç Amerikanın özündə də birmənalı qarşılanmır. Hər halda, Cənubi Qafqazdakı hadisələrə, Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə və digər münaqişələrə, ölkənin rastlaşdığı beynəlxalq, regional və yerli problemlərə münasibətdə ABŞ-ın nə bu gün nümayiş etdirdiyi mövqe, nə də ki, sərgilədiyi fəaliyyət Azərbaycanı tam qane etmir. Bu da, müvafiq olaraq Azərbaycanın Xəzər hövzəsi və Cənubi Qafqazın geosiyasi, hərbi-geostrateji məsələlərində ABŞ-a güvənərək, birmənalı qərar qəbul etməsinə mane olur.
Təxminən oxşar vəziyyət Rusiya-İran-Ermənistan geostrateji müttəfiqliyinə də aid edilə bilər. Rusiya və İranın bölgədə bəzən nümayiş etdirdiyi birtərəfli fəaliyyət, tez-tez dəyişən iqtisadi və siyasi tələblər, öz tərəfdaşları ilə lazım gələndə ədalətsiz davranış nümayiş etdirməsi və s. onların geosiyasi bloku haqqında birmənalı müsbət rəy söyləməyə imkan vermir. Hazırkı sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda bu blok daxilindəki sonrakı hadisələri proqnozlaşdırmaq o qədər də asan iş deyil.
Rus siyasətşünasları Rusiya-ABŞ-NATO-Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi ölkələrinin gələcək geostrateji bloklaşma fəaliyyətlərini üç əsas amillə əlaqələndirirlər:
1. Cənubi Qafqazdakı mövcud münaqişələrin (Dağlıq Qarabağ, Abxaziya-Gürcüstan və s.) həllində Moskvanın, Vaşinqtonun, Brüsselin, Ankara və Tehranın nümayiş etdirəcəyi mövqe;
2. Xəzərin gələcək hüquqi statusunun və dənizdə hərbi-strateji təhlükəsizlik məsələlərinin perspektivləri, buna müvafiq olaraq Azərbaycanın hansı hərbi blokla əməkdaşlığa üstünlük verməsi (burada Rusiyanı narahat edən əsas amil gələcəkdə NATO-nun Azərbaycan vasitəsilə Xəzər dənizində hərbi iştiraka nail olmaq məsələsidir);
3. Gürcüstan və Ukraynanın gələcək hərbi-strateji seçimi və bu ölkə ətrafında cərəyan edən hadisələrə yuxarıda adıçəkilən ölkələrin münasibəti və s.(8)
Tədqiqatçıların fikrincə, hər üç məsələdə Azərbaycanın nümayiş etdirəcəyi geosiyasi mövqe, qəbul edəcəyi strateji qərar və seçim həlledici rol oynayacaqdır.
Əli HƏSƏNOV
tarix elmləri doktoru, professor

Paylaş:
Baxılıb: 1266 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30