Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir

Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir

29.03.2013 [18:03]

Prezident İlham Əliyev: Azərbaycan yalnız öz imkanları ilə inkişaf edir. Siyasəti ancaq öz imkanları əsasında qurur
Bu gün Azərbaycan regionun dinamik inkişaf edən dövlətinə çevrilib. Hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar təkcə ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə deyil, eləcə də, bölgədə sabitliyin qorunmasını şərtləndirib. Son dövrlərdə dünyada cərəyan edən qlobal proseslər, iqtisadi böhranlar fonunda Azərbaycanda əldə edilən tərəqqi ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafının təzahürüdür. Azərbaycanın yüksək artım tempini qoruyub saxlaması isə heç şübhəsiz ölkədə həyata keçirilən davamlı iqtisadi, sosial siyasətin nəticəsidir. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində xarici investisiyaların ölkəmizə axını müşahidə olunurdusa, artıq son dövrlərdə bu tendensiya özünü əks istiqamətdə göstərməyə başlayıb. Hazırda Azərbaycanın istər dövlət, istərsə də özəl şirkətləri xarici ölkələrdə təkcə neft sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda öz fəaliyyətlərini genişləndirməkdədir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində ölkə iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadi inkişaf nəticəsində əldə edilən gəlirlər isə təbii olaraq sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Bu gün Azərbaycanın dövlət büdcəsi artıq dünya bazarlarında neftin qiymətinin dəyişməsindən asılı deyil. Belə ki, qeyri-neft sektorunun inkişafı, artan valyuta ehtiyatları fonunda neftin qiymətinin azalması Azərbaycanın maliyyə imkanlarına mənfi təsir edə bilməz. Bu fakta təsir edən mühüm amillərdən biri də Azərbaycan Dövlət Neft Fondu tərəfindən (maliyyə imkanlarını sabit saxlamaq üçün) qızılın və ya daşınmaz əmlakın alınması istiqamətində əhəmiyyətli addımların atılmasıdır.
Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. Çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır və ya əksinə siyasi sahədə aparılan islahatlar iqtisadi islahatlarla dəstəklənməlidir.
Martın 19-da Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənlikdə iştirak edən Prezident İlham Əliyev məsələyə toxunaraq bildirib ki, hər bir ölkənin uğurlu inkişafı iqtisadi müstəqillikdən kənarda həll oluna bilməz: “Əgər iqtisadi müstəqillik olmasaydı, istər-istəməz siyasi arenada da imkanlarımız daha da məhdud ola bilərdi. Bu gün isə Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir. Azərbaycan yalnız öz imkanları ilə inkişaf edir. Siyasəti ancaq öz imkanları əsasında qurur. İqtisadi sahədə aparılan islahatlar həm də insanların gündəlik həyatında öz təsirini göstərir. Eyni zamanda, dünyanın aparıcı beynəlxalq maliyyə və iqtisadi qurumları da bu reallıqları görür və bunu qiymətləndirir. Avropanın aparıcı dövlətlərinin bir neçəsi böhranla üzləşdiyinə görə onların kredit reytinqləri beynəlxalq reytinq agentlikləri tərəfindən aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə artırılır”.
Hazırkı statistik göstəricilərə gəlincə, Ümumi Daxili Məhsul istehsalı 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,2 faiz artaraq 8,3 milyard manat təşkil edib. Əlavə dəyərin 54,6 faizi sənaye sahələrində, 7,1 faizi tikinti kompleksində, 7,6 faizi ticarət və pullu xidmət sahələrində, 6,0 faizi nəqliyyatda, 1,8 faizi rabitə müəssisələrində, 2,4 faizi aqrar bölmədə, 13,4 faizi digər sahələrdə yaradılıb. Adambaşına orta hesabla 902,6 manat məbləğində (1150,1 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artıb. Əlavə dəyərin 48,9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 10,5 faiz artıb. 2013-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9 faiz artıb, neft-qaz sektorunda isə 1,4 faiz azalıb.
Cari ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri orta hesabla 4,4 faiz artaraq 517,6 manata çatıb. Gəlirlərin artmasında məşğul əhalinin əmək haqqının artması mühüm əhəmiyyət kəsb edir. Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 398,1 manat təşkil edib.
Beləliklə, neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, güclü valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Yəni, Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra biləcək səviyyədə strateji valyuta ehtiyatları (45 milyard dollar səviyyəsində) var. Bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, 85 faizi bazar iqtisadiyyatı hesabına formalaşır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Eyni zamanda, Asiya İnkişaf Bankının (AİB) hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-nin həcmi 130 milyard dollara çatacağı gözlənilir. Bütün bu statistik göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda aparılan düşünülmüş siyasi və iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.
Mühüm bir faktı da nəzərə almaq lazımdır ki, məqsədyönlü daxili sosial-iqtisadi və xarici siyasət, həmçinin, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında da Azərbaycanın rolunu artırıb. Bir sıra iri regional və beynəlxalq enerji layihələrinə imza atan Azərbaycan bu istiqamətdə həyata keçirdiyi strategiyanı bu gün də uğurla davam etdirir. Hazırda Azərbaycan öz enerji ehtiyatları və marşrutları ilə Avropanın əsas enerji tərəfdaşına çevrilib. Rəsmi Bakının enerji siyasəti ölkəmizin regionda mövqeyini möhkəmləndirməklə yanaşı, həm də dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına müsbət təsir göstərir. Azərbaycanın razılığı və iştirakı olmadan bölgədə iri regional layihələrin reallaşdırılması qeyri-mümkündür.
Etibarlı tərəfdaş kimi Azərbaycan həm də beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də, beynəlxalq təhlükəsizliyin qorunması, nüvə terrorizmi təhlükəsi və bu təhlükənin qarşısının alınması istiqamətində fəaliyyət göstərən aparıcı ölkələrdən biridir. Son illər Azərbaycanın humanitar sahədə həyata keçirdiyi layihələr regional və beynəlxalq xarakter daşımaqla dünyada sülhə və əmin-amanlığa öz töhfəsini verməkdədir. Xüsusilə, dünyada baş verən proseslər, qloballaşma dövründə meydana çıxan problemlərin həlli baxımından Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər yüksək qiymətləndirilir.
Bu gün də dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırmaqda davam edir, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırır. Lakin günümüzdə Azərbaycanın artan iqtisadi imkanları onu digər qonşu ölkələrə sərmayə yatıran ölkələrdən birinə çevirib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilmiş ölkə kimi səciyyələndirilir.
Məlum çıxışı zamanı dövlət başçısı bir daha qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının da donor ölkəsinə çevrilibdir: “Bizim çox sabit maliyyə vəziyyətimiz imkan verir ki, öz maliyyə resurslarımızı, o cümlədən, hüdudlarımızdan kənara da yerləşdirə bilək və beləliklə, bizim təsir imkanlarımız da artır. Biz bölgədə aparıcı ölkəyik. Bölgədə heç bir layihə, heç bir təşəbbüs Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz. Mən bunu dəfələrlə bildirmişəm. Yaxın tarix onu bir daha göstərir ki, yerləşdiyimiz bölgədə Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi - həll oluna bilməz. Beləliklə, bizim bölgədəki mövqeyimiz kifayət qədər güclüdür”.
Sevinc NUR

Paylaş:
Baxılıb: 1054 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30