Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır

28.01.2014 [09:23]

Ermənistanın hazırkı mövqeyi bu ölkənin özü üçün neqativ nəticələr vəd edir
Məlum olduğu kimi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət qismində çıxış etməkdədir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Məhz buna görə də, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında qeyd edib ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.
Qeyd etmək lazımdır ki, Ermənistanın hazırkı mövqeyi bu ölkənin özü üçün neqativ nəticələr vəd edir. Çünki münaqişənin həllinin uzanması işğalçı ölkənin regional miqyasda təcridini daha da gücləndirir. Digər tərəfdən, hazırda Azərbaycanın güclənən mövqeyinin fonunda Ermənistan sürətlə tənəzzül edir. Azərbaycan davamlı surətdə özünün sosial-iqtisadi və hərbi qüdrətini artıraraq düşmən üzərində hərtərəfli üstünlüyünü möhkəmləndirib. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə altı dəfə artıqdır. Görünən odur ki, Ermənistan hakimiyyəti gerçəkliyi dərk edərək işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər: “Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial”.
Onu da xüsusi vurğulamaq gərəkdir ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi ilk növbədə milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Məhz bu amil də Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə və işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa vadar edir.
Şübhəsiz, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Amma hələ ki, bütün bunlar münaqişənin həlli istiqamətində yekun nəticənin əldə olunması-Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün kifayət etmir. Məhz buna görə də münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı, eyni zamanda, Ermənistana qarşı xüsusi təzyiq mexanizmindən və vasitələrindən istifadə etməlidir. Bu danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.
Hazırkı şəraitdə Azərbaycan münaqişənin həllinə sülh yolu ilə, diplomatik vasitələrlə nail olmağa çalışır. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi təqdirdə, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Azərbaycanın mübarizəsi haqq işidir və özündə beynəlxalq hüquq normalarına əsaslanan prinsipləri və dəyərləri ehtiva edir. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması-ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitəyə, o cümlədən silahlı müdafiə metoduna baş vuracaq. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün hərbi vasitədən istifadə etməsi beynəlxalq hüquq normaları ilə təsbit edilib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 961 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31