Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib

Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib

17.05.2014 [11:16]

Prezident İlham Əliyev: Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab olunur
Çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Əlbəttə, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması dünya dövlətlərinin ölkəmizlə əməkdaşlığa xüsusi diqqət yetirmələrini şərtləndirir.
Azərbaycanın mütərəqqi xarici siyasət kursu regional və beynəlxalq təhlükəsizliyə strateji töhfə kimi...
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan öz xarici siyasətini rasional və praqmatik prinsiplər əsasında davam etdirir. Ölkəmiz həm özünün milli maraqlarına müvafiq olaraq Qərbə, yaxud Avroatlantik strukturlara uğurla inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini davamlı surətdə inkişaf etdirir. Bunun nəticəsidir ki, beynəlxalq birliyin üzvləri Azərbaycanın xarici siyasətini regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental strateji töhfələr verən mütərəqqi siyasi kurs kimi dəyərləndirirlər.
Azərbaycanın mütərəqqi xarici siyasət kursunun üstünlüyü həm də ondadır ki, ölkəmiz ikitərəfli əməkdaşlıqlarla yanaşı, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində çoxşaxəli əlaqələrini uğurla inkişaf etdirir. Bu baxımdan, Azərbaycan qlobal çağırışlara müvafiq addımlar atır ki, bu da XXI əsrin ən aktual problemi olan təhlükəsizlik kontekstində ölkəmizin uğurlu əməkdaşlığını şərtləndirir. Ölkəmiz enerji, iqtisadi və siyasi təhlükəsizliklə yanaşı, əsrin ən aktual çağırışlarından olan nüvə təhlükəsizliyinə də mühüm töhfələr verir. Bu, bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirir və bu məsələ mühüm vəzifə kimi müəyyənləşdirilib. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində də dünyanı narahat edən bir sıra mühüm məsələləri, təhlükəsizlik problemini müzakirəyə çıxarmaqla regional və beynəlxalq problemlərə xüsusi diqqətlə yanaşdığını növbəti dəfə nümayiş etdirdi.
“The Business Year” nəşrinə müsahibəsində bütün bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir: “Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab olunur. 2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə, quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilmişdir”.
Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır
Sadalananlarla yanaşı, bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış edir. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışarkən ölkəmizin iştirakı ilə gerçəkləşdirilən strateji xarakterli nəhəng layihələrdən bəhs etmək lazımdır. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan son dönəmlərdə atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən dövlət kimi özünü təsdiq edib. Belə ki, bu istiqamətlərdə son dönəmdə atılan strateji xarakterli addımlardan bəhs edərkən ilk növbədə Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsindən söhbət açmaq lazımdır. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha öz təsdiqini tapır. Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq. Bundan başqa, Transadriatik qaz kəməri (TAP) isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Bu kontekstdə ən uğurlu nəticələrdən biri də “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasıdır. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Mühüm strateji məqamlardan biri də budur ki, “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağ”ın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq.
Bəhs olunan müsahibəsində dövlətimizin başçısı bu məsələlərlə əlaqədar olaraq bildirib ki, Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış edib. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir: “Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq yekun investisiya layihəsi imzalanmışdır. Hesab edirəm ki, “Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə “XXI əsrin kontraktı” kimi düşəcəkdir”.
Müstəqil Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər”.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir. Beləliklə, Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilməkdədir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31