Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda AŞPA-nın Daimi komitəsinin iclası keçirilib

Bakıda AŞPA-nın Daimi komitəsinin iclası keçirilib

24.05.2014 [11:26]

Dünən Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi komitəsinin iclası keçirilib. İclasda Avropa Şurasının baş katibi Torbörn Yaqland, AŞPA-nın sədri Ann Brasör, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak ediblər.
AŞPA-nın sədri Ann Brasör Daimi komitənin iclasının Bakıda yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycana uğurlar arzulayıb. AŞPA sədri, ölkəmizdə korrupsiyaya qarşı mübarizəni, sosial və digər sahələrdə aparılan islahatları yüksək qiymətləndirib. A.Brasör bu islahatların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. AŞPA sədri xüsusilə qeyd edib ki, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi Avropa Şurasının fundamental prinsiplərindən biridir. Bu baxımdan, Avropa Şurası Ukraynanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa Şurası Parlament Assambleyası aydın şəkildə öz prinsipial mövqeyini ifadə edib və bu haqda 2005-ci ildə 1416 saylı qətnamə qəbul edib.
“Hər iki ölkə- həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv olan zaman öz üzərlərinə öhdəliklər götürüb ki, münaqişənin sülh yolu ilə həllinə çalışacaqlar. Ukrayna və Azərbaycan yeganə ölkələr deyil ki, onların ərazi bütövlüyü pozulub. Bu cür münaqişələr Avropada da mövcuddur. Bu da bizim dəyər və prinsiplərimiz üçün çox böyük təhlükə yaradır. Bununla belə, Avropa Şurası ərazi bütövlüyü prinsipinə sadiqdir və siz bizim dəstəyimizə etibar edə bilərsiniz” - deyə, AŞPA-nın sədri vurğulayıb.
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək iclas iştirakçılarını salamlayıb. Azərbaycanın Avropa Şurasına üzv olduğu 14 ilə yaxın dövr ərzində ilk dəfədir ki, təşkilata sədrlik etdiyini deyən O.Əsədov ölkəmizin quruma altı aylıq sədrliyi dövründə Avropada daha böyük vəhdətə nail olmaq yolunda mühüm addımlar atılacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycan təşkilata sədrliyi dövründə Avropa Şurasında islahat prosesini də dəstəkləyəcək. Digər beynəlxalq təşkilatlar, xüsusən Avropa İttifaqı, ATƏT və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığın möhkəmləndirilməsinə diqqət yetiriləcək.
Milli Məclisin sədri bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu 1992-ci ildən bəri işğal ediblər. Onun sözlərinə görə, 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupu bu məsələ ilə bağlı fəaliyyət göstərir. Təəssüflər olsun ki, hələlik bu fəaliyyətin heç bir nəticəsi yoxdur. İşğal olunmuş ərazilər Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyədək azad edilməyib, məcburi köçkünlər doğma yurdlarına qayıtmayıblar. O.Əsədov qeyd edib ki, bu səbəbdən Azərbaycanın işğal edilmiş torpaqlarına bizim razılığımız olmadan gedən şəxslər persona non grata elan ediliblər: “Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bütün ölkələrə, o cümlədən Avropa Şurasının üzvü olan dövlətlərə qabaqcadan məlumat verib. Buna baxmayaraq, bəzi şəxslər, o cümlədən, siyasətçilər bu xəbərdarlığa məhəl qoymur, bizim razılığımızı almadan Azərbaycanın işğal altında olan ərazilərinə gəlirlər. Bu, eyni zamanda, Minsk qrupunun fəaliyyətinə də uyğun deyil. Məhz bu səbəbdən AŞPA Bürosunun üzvü, Fransalı deputat cənab Rukeyə Azərbaycana gəlmək üçün viza verilməyib. Mən təşkilatı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olan bu prinsipial mövqeyini başa düşməyə çağırıram”.
Daha sonra Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edərək ölkəmizin təşkilata sədrliyi dövründə əsas prioritetləri açıqlayıb. E.Məmmədyarov Azərbaycanın korrupsiya sahəsində səylərini gücləndirəcəyini, bununla bağlı Bakıda beynəlxalq konfrans keçiriləcəyini bildirib. Xarici işlər naziri qeyd edib ki, Azərbaycan sədrliyi dövründə insan hüquqları, təhsil məsələlərinə xüsusi önəm verəcək. Azərbaycanda il ərzində keçiriləcək tədbirlərdən söz açan Elmar Məmmədyarov deyib ki, mədəniyyətlərarası dialoqa xüsusi önəm veriləcək. Nazir Cənubi Qafqazda ümumdaxili məhsulun 70 faizinin Azərbaycanda istehsal edildiyini diqqətə çatdırıb. Azərbaycanın iqtisadi uğurlarından danışan E.Məmmədyarov ölkədə hazırda yoxsulluğun 5,3 faizə endiyini açıqlayıb.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına toxunan nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun dayanıqlı inkişafına mənfi təsir göstərir: “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və münaqişə bu qətnamələr əsasında həll olunmalıdır. Münaqişə ölkələrin ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtması prinsipləri ilə həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri qəbul edildikdən bir gün sonra icra olunub, ancaq Azərbaycanla bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Bu, ikili standartlarla bağlıdır. BMT TŞ-nin qətnamələri gec-tez icra olunacaq. Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq”.
Daha sonra E.Məmmədyarov iclas iştirakçılarının suallarını cavablandırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31