Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 170 milyard dolları ötüb

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 170 milyard dolları ötüb

24.05.2014 [11:30]

Prezident İlham Əliyev: Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir
Məlum olduğu kimi, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrilib və daha da güclənib. Heç şübhəsiz, bu uğurların əldə edilməsini şərtləndirən amillərdən biri də həyata keçirilən Dövlət proqramlarıdır. Yeri gəlmişkən, “The Business Year” nəşrinə müsahibəsində bu məqama da toxunan Prezident İlham Əliyev deyib ki, düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artıb, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçib.
Onu da qeyd edək ki, sürətli iqtisadi inkişaf öz növbəsində əhalinin rifahının yüksəlməsinə gətirib çıxarıb. Belə ki, son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə düşüb, işsizliyin səviyyəsi isə iki dəfə azalaraq cəmi 5 faiz təşkil edir. Bu dövrdə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilib, paytaxt və regionlarımız müasirləşib, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi genişləndirilib. Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutub.
İQTİSADİ İNKİŞAFIN TƏMƏLİNDƏ DAYANAN İNVESTİSİYA SİYASƏTİ
Sadalanan uğurların təməlində dayanan ən vacib iqtisadi faktorlardan biri isə məhz həyata keçirilən investisiya siyasəti, bu əsasda iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici investisiyaların cəlb olunmasıdır. Xatırladaq ki, müstəqilliyin ilk illərində Azərbaycanda sosial-iqtisadi tənəzzül yaşanırdı, iqtisadiyyatın dirçəldilməsi üçün isə dövlətin kifayət qədər maliyyə ehtiyatları yox idi. Belə bir vəziyyətdə, xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra tənəzzül prosesini dayandırmaq və inkişafa nail olmaq üçün Ümummilli lider Heydər Əliyev böyük həcmdə xarici investisiyaları ölkəyə cəlb etdi. Bu prosesdə, heç şübhəsiz, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” böyük rol oynadı. Azərbaycan iqtisadiyyatını xarici yatırımlara açıq elan etməklə Ulu öndər ölkənin inkişaf potensialının gerçəkləşməsinə yol açdı.
Uğurlu neft strategiyasının məhsulu olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra Azərbaycan böyük həcmdə neft gəlirləri qazandı. Bununla da, tezliklə daxili investisiyalar xarici yatırımlardan üstün səviyyəyə yüksəldi, üstəlik, Azərbaycan özü də investor ölkəyə çevrildi. Son 10 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 132 milyard dolları, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdən isə 170 milyard dolları ötüb. Bunun 84 milyard dollar yaxını xarici, 88,7 milyard dolları isə daxili investisiyalardır.
Xatırladaq ki, Prezident İlham Əliyev “The Business Year” nəşrinə müsahibəsində ölkədəki investisiya siyasətindən də bəhs edərək neft gəlirlərinin bu sahəyə yönləndirildiyini söyləyib: “Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır”.
İNVESTİSİYA SİYASƏTİ SAHİBKARLIĞA VƏ YERLİ İSTEHSALA DƏSTƏKDİR
Rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, ölkənin iqtisadi müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi və yerli istehsalın artırılması vacib şərtlərdir. Bu baxımdan, Azərbaycanda həyata keçirilən investisiya siyasətinin çox mühüm tərkib hissəsi subsidiyaların, kreditlərin ayrılması yolu ilə sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsidir. Xüsusən də, orta və xırda sahibkarlar Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin maliyyə dəstəyindən yararlanaraq öz investisiya layihələrini həyata keçirə bilirlər.
Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü il ərzində 4468 sahibkarlıq subyektinə 275 milyon manat dövlətin güzəştli kreditləri verilib. Xüsusən də, gənc və qadın sahibkarların dəstəklənməsinə böyük diqqət ayrılır. 2012-ci illə müqayisədə ötən ildə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,6 dəfə, gənc sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 17,9 faiz, layihələrin sayı müvafiq olaraq 2,3 və 2,2 dəfə artıb.
İqtisadiyyatın şaxələndirilməsi siyasəti çərçivəsində investisiyaların qeyri-neft sahələrinə yönləndirilməsi həyata keçirilir. Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar sektorun inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin və məşğulluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə xüsusi əhəmiyyət verilir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Bu dəstək tədbirlərinə misal olaraq Fondun vəsaitləri hesabına dövlətin güzəştli kreditlərinin verilməsini göstərmək olar. Ötən ildə aqrar sektorun inkişafı ilə bağlı 4288 layihəyə 189,2 milyon manat dövlətin güzəştli kreditləri verilib. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiqindən sonra isə 712 investisiya layihəsinin maliyyələşdirilməsinə 148,3 milyon manat ayrılıb.
Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta həcmli qeyri-neft sənaye müəssisələrinin yaradılması Respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, Azərbaycanın kosmik sənayesinin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı da yeni investisiyaların cəlb olunması baxımından önəmli haldır. Müasir texnologiyaların tətbiqinə əsaslan investisiya layihələrinin reallaşdırılması regionlarda məşğulluğun təmin edilməsinə, regionların investisiya cəlbediciliyinin artırılmasına, digər sahələrin inkişafının stimullaşdırılmasına, eləcə də iqtisadiyyatın strukturunun şaxələnməsinə şərait yaradır.
Eyni zamanda, sahibkarlığın inkişafına şərait yaratmaq üçün işlər bir neçə istiqamətdə görülür. Ölkədə investisiya mühitinin yaxşılaşdırılması, investorların hüquqlarının qorunması da sahibkarlığı inkişaf etdirən başlıca şərtlərdəndir. Təsadüfi deyil ki, Dünya Bankı və digər nüfuzlu beynəlxalq şirkətlər Azərbaycandakı investisiya mühitini yüksək qiymətləndirirlər. Bundan əlavə, bölgələrdə infrastrukturun yüksək tələblərə cavab verəcək səviyyədə yenidən qurulması, yolların çəkilişi, fasiləsiz enerjinin verilməsi kimi quruculuq işləri sahibkarların fəaliyyətini asanlaşdırır, yeni müəssisələrin, obyektlərin fəaliyyətinə əlverişli şərait yaradır.
Göründüyü kimi, Azərbaycanda düşünülmüş investisiya siyasəti həyata keçirilir. Əminliklə demək olar ki, bu siyasət bundan sonra da Azərbaycan iqtisadiyyatının daha da güclənməsini və qabaqcıl inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini təmin edəcək.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31