Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2014-cü ilin birinci yarısında Azərbaycanın uğurlu inkişafı təmin edilib

2014-cü ilin birinci yarısında Azərbaycanın uğurlu inkişafı təmin edilib

12.07.2014 [11:33]

Prezident İlham Əliyev: Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır
Məlum olduğu kimi, bu gün bütün sahələrdə uğurların əldə edildiyi Azərbaycan həm də öz sürətli iqtisadi inkişaf tempinə görə dünya miqyasında ön sıralarda qərar tutub. Bu da səbəbsiz deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində son illərdə milli iqtisadiyyatımızın həcmi, rəqabətqabiliyyətliliyi və dayanıqlığı daha da artıb, ölkənin maliyyə imkanları genişlənib.
Ölkə iqtisadiyyatı cari ilin birinci yarısında daha da möhkəmlənib
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ilk 6 ayı ərzində də da ölkəmizdə dinamik inkişaf tempi qorunub saxlanıb və yeni inkişaf göstəriciləri əldə edilib. Hesabat dövründə ölkədə ümumi daxili məhsul 2,1 faiz artıb, dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, respublika üzrə inflyasiyanın səviyyəsi cəmi 1,6 faiz səviyyəsində olub. 2014-cü ilin birinci yarısında sənaye potensialının genişlənməsi ilə paralel surətdə kənd təssərrüfatında da 6 faiz artıma nail olunub.
Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq miqyasda da etiraf edilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qoruyub saxlayacağını qeyd edirlər. Dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin kredit reytinqini artırırlar. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndirərək ölkəmizi bu göstərici üzrə 39-cu yerdə qərarlaşdırıb. Gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir. Respublikamızın iqtisadi sahədə qazandığı uğurlar, həmçinin, “Fitch”, “Moodys”, “Standard and Poors” kimi reytinq agentliklərinin hesabatlarında da əks olunub. Sözügedən beynəlxalq səviyyəli agentliklər hətta inkişaf etmiş ölkələrin reytinqini aşağı salsalar da, Azərbaycan iqtisadiyyatının güclü inkişaf dinamikasını etiraf ediblər.
Təbii ki, bu inkişaf davamlı xarakter daşıyır. Yeri gəlmişkən, iyunun 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı ötən 6 ayda ölkəmizin uğurlu inkişafından məmnunluğunu ifadə edərək deyib: “Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir”.
Prezident İlham Əliyev onu da deyib ki, “Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur”.
ÜDM-in böyük hissəsi qeyri-neft sektorunda yaranır
Sözügedən iclasdakı çıxışında son illərdə ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafı barədə də danışan dövlət başçısının vurğuladığı kimi: “Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır”.
Zəngin karbohidrogen ehtiyatlarına malik ölkə kimi, Azərbaycanın iqtisadi qüdrətinin artmasında, heç şübhəsiz ki, neft amilinin önəmi böyükdür. Bununla belə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş praqmatik siyasət sayəsində Azərbaycan iqtisadiyyatını bir sıra neft ölkələri üçün xarakterik olan karbohidrogen ehtiyatlarından asılılıq sindromundan qorumaq mümkün olub. Belə ki, məhz dövlət başçısının qətiyyəti sayəsində respublikada iqtisadiyyatın məqsədli diversifikasiyası siyasəti reallaşdırılıb, neft sektorundan əldə olunan gəlirlər qeyri-neft sektoruna yönəldilib. Və biz artıq milli iqtisadiyyatımızda ağırlıq mərkəzinin qeyri-neft sektoruna keçdiyini vurğulaya bilərik.
Sözügedən iclasdakı çıxışında Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Bizim uğurlu siyasətimizin nəticəsində neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ÜDM-in böyük hissəsi qeyri-neft sektorunda yaranır”.
Beləliklə, bu bir həqiqətdir ki, düşünülmüş siyasət nəticəsində ölkəmizdə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı ilbəil artır. Cari ilin birinci yarısında da bu sahədə artım dinamikası 7 faiz səviyyəsində olub. İlin əvvəlindən bəri qeyri-neft sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artıb. Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyi əhəmiyyətli dərəcədə gücləndirilib. Ötən 6 ayda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə son 6 ayda qeyri-neft sektorunda maliyyələşdirilən layihələrin sayı 27,4 faiz artıb. Verilən kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Maliyyələşdirilən 20 istehsal, emal və infrastruktur müəssisəsi artıq istifadəyə verilib və ilin sonunadək daha 60 belə müəssisənin işə salınması planlaşdırılır.
Onu da qeyd edək ki, ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ilə bağlı layihələrin reallaşdırılması sayəsində son illərdə ölkəmizin sənaye coğrafiyası tamam yenilənib və potensialı əhəmiyyətli dərəcədə artıb.
Azərbaycanda çox gözəl investisiya şəraiti var
Təbii ki, sadalanan uğurların əldə edilməsi üçün dövlət lazım olan bütün addımları atıb. Eyni zamanda Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Azərbaycanda çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar”.
Azərbaycanın böyük maliyyə resurslarına malik olduğunu nəzərə çatdıran dövlət başçısı onu da vurğulayıb ki, bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməyib.
Həqiqətən də, ölkənin dinamik iqtisadi yüksəlişi valyuta ehtiyatlarının artmasında özünü daha parlaq şəkildə təcəssüm etdirir. Hazırda Azərbaycanın valyuta ehtiyatları 54 milyard ABŞ dolları həcmindədir ki, bu da çox yaxşı göstəricidir. Belə ki, ölkəmiz adambaşına düşən valyuta ehtiyatlarına görə bütün dünya üzrə lider mövqeyə yüksəlib.
Xatırlatmaq yerinə düşər ki, iqtisadiyyatın ilbəil güclənməsi və bu əsasda maliyyə imkanlarının artması Azərbaycanı qısa müddətdə investisiyaqabiliyyətli ölkəyə çevirib. Artıq ölkə iqtisadiyyatına yatırılan sərmayələr portfelində daxili investisiyalar üstünlük təşkil edir. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, ötən il Azərbaycan iqtisadiyyatına yönəldilən 28 milyard dollar həcmində investisiyanın böyük qismini - 17,5 milyard dollarını daxili sərmayələr təşkil edib. Cari ilin əvvəlindən bəri ölkə iqtisadiyyatına böyük həcmdə - 7,6 milyard manat həcmində investisiya yönəldilib. Bütövlükdə isə, il ərzində ölkəyə qoyulan investisiyaların həcminin 20 milyardı ötəcəyi gözlənilir.
Bundan başqa, ölkəmiz xarici sərmayə bazarlarında da aktiv şəkildə yer almağa başlayıb. Azərbaycanın investisiyalar yatırdığı ölkələrin coğrafiyasına Türkiyə, Gürcüstan, Malayziya, Çexiya, Moldova, Ukrayna, Belarus və digər dövlətlər daxildir. Ümumiyyətlə, ölkəmizin xarici sərmayə bazarlarına yönəltdiyi investisiyaların həcmi 8 milyard dollardan çoxdur.
Sonda onu qeyd edək ki, Nazirlər Kabinetinin yuxarıda xatırlatdığımız iclasında dövlət başçısı ölkənin maliyyə imkanlarının artmasına diqqət çəkməklə yanaşı, həmçinin maliyyə resurslarından qənaətlə istifadə edilməsinin zəruriliyini vurğulayıb: “Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik... Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə, əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31