Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan birinci Avropa Oyunlarına hazırlıq işlərini daha da sürətləndirib

Azərbaycan birinci Avropa Oyunlarına hazırlıq işlərini daha da sürətləndirib

23.08.2014 [10:05]

Prezident İlham Əliyev: Biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir
Məlum olduğu kimi, Azərbaycan 2015-ci ilin yayında birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Və hazırda bu mötəbər tədbirə hazırlıq işləri yüksək səviyyədə davam etməkdədir. İlk Avropa Oyunlarının keçiriləcəyi arenaların bir çoxu artıq yarışlara tam hazırdır. Bu yaxınlarda ən yüksək standartlar səviyyəsində inşa edilərək istifadəyə verilən Milli Gimnastika Arenasında ilk sınaq yarışları uğurla keçirilib. İdmançılar üçün salınan Olimpiya Şəhərciyində işlər, demək olar ki, tamamlanmaq üzrədir. Digər yeni arenaların, o cümlədən, Olimpiya Stadionunun, Su İdman Sarayının, Atıcılıq Mərkəzinin tikintisi cədvəl üzrə davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında diqqəti bir daha ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişinə yönəldərək vurğulayıb: “Nəhayət, biz artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq. Bütün işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər”.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimad, eyni zamanda, Azərbaycanın idman uğurlarının beynəlxalq miqyasda yüksək qiymətləndirilməsidir
Bu məqamda xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib.
Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlara 18 idman növü üzrə 5400-dən çox idmançı qatılacaq. Tədbirin işıqlandırılması üçün paytaxtımıza 2000 jurnalistin gəlişi gözlənilir. Təşkilatçılar, həmçinin, bəyan ediblər ki, Bakı 2015 Oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Buraya velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir.
Göründüyü kimi, gələn ilin yayında Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının miqyası və nüfuzu kifayət qədər böyükdür. Avropanın və bütün dünyanın idman tarixində həmişəlik qalacaq birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə qərar verilməsi isə heç də təsadüfi deyildir.
Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrindən biri də respublikamızın idman ölkəsinə çevrilməsi ilə bağlıdır. Qısa müddətdə Azərbaycanda dövlət başçısının diqqət və qayğısı sayəsində zəngin idman infrastrukturu qurulub. Son illərdə ölkəmiz bir sıra beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Bundan başqa, Azərbaycanda idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı sayəsində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurların sayı da artıb. Ölkəmizin Olimpiya Oyunlarında hər dəfə daha böyük müvəffəqiyyətlə çıxış etməsi bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb.
Bütün bunlar, heç şübhəsiz ki, beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsinə qərar verilməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında bunun ölkəmiz üçün böyük uğur olduğunu bildirib.
Əlbəttə, Avropa idman ailəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verməsinə səbəb olan bir sıra digər mühüm amillər də var. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin təmin olunması, respublikamızda müşahidə edilən dinamik iqtisadi inkişaf, həmçinin, beynəlxalq miqyasda Azərbaycanın nümayiş etdirdiyi xoş iradə, daim sülh, qarşılıqlı etimad çağırışları ilə çıxış etməsi və beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi də haqqında bəhs olunan qərarın qəbul edilməsinə müsbət təsir göstərən amillərdəndir.
Başqa bir mühüm məqam isə ondan ibrətdir ki, bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında Prezident İlham Əliyev bu məqama diqqət yetirərək deyib: “Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdir. O zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır”.
Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir
Məlum olduğu kimi, son illərdə Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin, forumların keçirildiyi bir məkana çevrilib. 2012-ci ildə paytaxt Bakı Avropa müsiqi bayramının mərkəzinə çevrilərək “Eurovison-2012” yarışmasına ev sahibliyi etdi. Ötən il Bakıda futbol üzrə qızlar arasında dünya çempionatı keçirildi. Bütün bu və digər beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycan yüksək təşkilatçılıq və qonaqpərvərlik nümayiş etdirib. Müvafiq beynəlxalq təşkilatların, o cümlədən də, FİFA və UEFA-nın rəhbərliyi ölkəmizdə müxtəlif tədbirlərin və çempionatların keçirilməsində Azərbaycanın göstərdiyi yüksək təşkilatçılıq barədə xoş sözlər ifadə ediblər. Prezident İlham Əliyev birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında artıq beynəlxalq tədbirlərin təşkilində Azərbaycan standartlarının yarandığını da diqqətə çatdırıb: “Biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir”.
Dövlət başçısı Azərbaycanın birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirmək istədiyini bildirib: “Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun”.
Qeyd edək ki, ölkəmizdə 2015-ci ilin yayında keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmaq məqsədilə yaradılan Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva rəhbərlik edir. Bakıda təşkil olunan “Eurovison-2012” mahnı yarışmasına hazırlıq işlərinin Mehriban xanım Əliyevanın rəhbərliyi altında ən yüksək səviyyədə həyata keçirildiyini nəzərə alsaq, bəri başdan deyə bilərik ki, birinci Avropa Oyunlarına hazırlıq tədbirləri də cədvəl üzrə və yüksək peşəkarlıqla yerinə yetiriləcək. Birinci Avropa Oyunlarını “ölkəmiz üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik” kimi dəyərləndirən Mehriban xanım Əliyeva vurğulayıb: “Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır”.
Onu da vurğulamaq yerinə düşər ki, Avopa idman ictimaiyyətinin təmsilçiləri, həmçinin, Avropa Oyunlarının təşkilatçıları da ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini məmnunluqla ifadə ediblər. Məsələn, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki fikirlərini belə ifadə edib: “Əminəm ki, Bakı bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbirini təşkil edəcək”.
Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Bakıda yeni infrastruktur qurulur
Yeri gəlmişkən, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Bakıda bir sıra zəruri infrastruktur layihələri ilə yanaşı, şəhərin yol-nəqliyyat infrastrukturunda görülən işlər də diqqəti cəlb edir. Son illərdə Bakıda bu sahədə böyük layihələrin yerinə yetirilməsinə baxmayaraq, Prezident İlham Əliyev əlaqədar qurumlara bu sahədə əlavə tədbirlər görməyi tapşırıb.
Hazırda paytaxt Bakıda dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq hazırlanan tədbirlər planına əsasən yol-nəqliyyat infrastrukturunun imkanlarının daha da genişləndirilməsi istiqamətində ciddi iş aparılır. Belə ki, Olimpiya Stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi, yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması həyata keçirilir. Əsas magistral yolların tikintisi yekunlaşmaq üzrədir. Şəhərin yol-nəqliyyat infrastrukturunun birinci Olimpiya Oyunlarına hazırlanması üzrə görülən işlər çərçivəsində Ziya Bünyadov prospektinin yenidən qurulması və prospektin üzərində yeni yol qovşaqlarının tikintisini xüsusi vurğulamaq gərəkdir. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Olimpiya Stadionuna birbaşa yolun tikintisi həyata keçirilir.
Böyükşorun siması tamam dəyişir
Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində əsas tədbirlərin və idman yarışlarının keçiriləcəyi Olimpiya Stadionunun yerləşdiyi ərazidəki Böyükşor gölünün də siması tamam dəyişəcək. Belə ki, hazırda uzun illər boyu baxımsızlıq üzündən qamışlığa çevrilən, çirkab və kanalizasiya suları yığılan gölün birinci Avropa Oyunlarınadək abadlaşdırılaraq bulvara çevrilməsi istiqamətində qızğın iş gedir. Qeyd edək ki, Böyükşor gölü min hektar ərazini əhatə edir. Gölün ekoloji cəhətdən təmizlənməsi layihəsi iki mərhələdə icra ediləcək. Əvvəlcə göl bənd vasitəsilə iki hissəyə ayrılacaq. İlkin mərhələdə tam təmizləmə işləri 300 hektara qədər ərazini əhatə edəcək. Ekoloji layihənin icrasına Hollandiyadan ixtisaslı mütəxəssislər də cəlb olunub. Hollandiyalı mütəxəssis Kris Lupper Böyükşorda reallaşdırılan ekoloji layihə barədə deyib: “35 ildir ki, bu sahədə calışıram, Böyükşor gördüyüm ən çirkli göldür. Hazırda işlədiyimiz 3 hövzədə 2,8 milyon kubmetr çirkli su var. Çirkab o qədər çoxdur ki, qrunt suları ilə yanaşı, hər cür plastik neft tullantılarına rast gəlirik. Gələcəkdə bu tullantılar da emal ediləcək. Ümid edirəm ki, bir il sonra bu gölün 80-90 faizini təmiz vəziyyətə gətirə biləcəyik”.
Böyükşorun bərpasının ikinci mərhələsi isə 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq və burada ekosistem bərpa olunacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31