Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın investisiya imkanlarından səmərəli istifadə olunur

Azərbaycanın investisiya imkanlarından səmərəli istifadə olunur

28.08.2014 [09:52]

Prezident İlham Əliyev: Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir
Hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, maliyyə təminatı ilə bağlıdır. Bu cəhətdən Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı nikbin proqnozlar vermək mümkündür. Belə ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycanın bütün sahələrdə nail olduğu dinamik inkişaf göstəriciləri ölkə iqtisadiyyatının maliyyə təminatının yaxşılaşmasında özünü daha qabarıq şəkildə büruzə verir. Sevindirici haldır ki, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi ilbəil genişlənir.
Azərbaycanda əlverişli investisiya mühiti var
Son 10 ildə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar həcmində investisiyalar yönəldilib. Ötən il Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi rekord səviyyəyə-28 milyard dollara çatıb.
Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş praqmatik siyasətlə bağlıdır. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.
Azərbaycanın sərmayə bazarına yönəldilən investisiyaların strukturu da müxtəlifdir. Ölkəmizdə müxtəlif sahələrə yatırılan investisiyaların bir qismini xarici sərmayələr təşkil edir. Beynəlxalq miqyasda yüksək imic qazanan bir sıra xarici şirkətlər Azərbaycandakı əlverişli investisiya mühitindən bəhrələnməyə çalışaraq müxtəlif sahələrə sərmayələr yönəldirlər. Diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, ölkəmizə yatırılan investisiyaların strukturunda daxili investisiyaların həcmi ilbəil artaraq xarici sərmayələri üstələyib. Bu da ilk növbədə ölkəmizin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi ilə bağlıdır. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 54 milyard dollar civarındadır. Azərbaycan dünyanın aparıcı şirkətləri ilə imzalanan neft müqavilələri çərçivəsində əldə etdiyi gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun, ələlxüsus da innovasiya, elm tutumlu sənaye sahələrinin inkişafına yönəldir. Bundan başqa, Azərbaycan dövlətinin investisiya siyasətində sosial yönümlü infrastruktur layihələrinin maliyyələşdirilməsi də mühüm yer tutur. Beləliklə, hər il ölkənin dövlət büdcəsindən, həmçinin Dövlət Neft Fondundan müxtəlif sahələrə böyük məbləğdə investisiyalar yönəldilir.
Ümumiyyətlə, Azərbaycanın investisiya siyasətində xarici borclanmanın məqbul həddə saxlanılması diqqətəlayiq cəhətdir. Məlumdur ki, hazırda dünyanın bir sıra ölkələri məhz xarici borclanmanın ifrat səviyyəyə çatdırılmasının fəsadları ilə üzləşiblər. Respublikamız isə Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində “xarici borclanma” sindromundan yan keçməyi bacarıb. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda xarici borclanmanın bundan sonra da aşağı səviyyədə saxlanılacağının diqqət mərkəzində olacağını bildirib: “Bu gün inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir. Misal üçün, xarici dövlət borcunun 50 faizi ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30 milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə olacaqdır. Yəni, bu, Azərbaycanın iqtisadi potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici borcun aşağı səviyyədə saxlanması, hesab edirəm ki, düzgün siyasət olacaqdır”.
Sərmayə qoyuluşunda müsbət tendensiyalardan biri də özəl bölmənin investisiya imkanlarının artması ilə bağlıdır
Hazırda müxtəlif sahələrə yönəldilən daxili investisiyaların tərkibində dövlət investisiya xərcləri üstünlük təşkil etsə də, özəl bölmənin sərmayə imkanlarının ilbəil artması məmnunluq doğurur. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb.
Prezident İlham Əliyev yuxarıda xatırlatdığımız konfransdakı çıxışında ölkəmizdə müşahidə edilən bu müsbət tendensiyanı özəl sektorun Azərbaycanın gələcəyinə olan inamının təzahürü kimi dəyərləndirib: “Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə hökm sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır. Çünki görüləsi işlər çoxdur”.
Əlbəttə, respublikamızda özəl bölmənin investisiya imkanlarının artması ilk növbədə bu sahənin inkişafına göstərilən dövlət dəstəyi ilə bağlıdır. Azərbaycanda özəl bölmə güclü şəkildə təşviq olunur, ölkəmizdə sahibkarlar Prezident İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunublar. Son illərdə dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada həyata keçirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və bu qəbildən olan digər tədbirlər nəticəsində ölkədə güclü özəl sektor formalaşıb. Azərbaycanda özəl bölmənin ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün zəruri tədbirlər görüldüyünü bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir”.
Qeyd edək ki, hazırda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə il ərzində özəl bölmənin subyektlərinə ayrılan güzəştli kreditlərin həcmi 300 milyon manata çatır. Bu vəsait sahibkarlar tərəfindən ölkə iqtisadiyyatında prioritet sahələrin inkişaf etdirilməsinə yönəldilir.
Ölkəmizdə sahibkarlığın inkişafını stimullaşdırmaq, özəl bölmənin investisiya imkanlarını genişləndirmək, ümumiyyətlə, respublikada sərmayə mühitini daha da optimallaşdırmaq baxımından Prezident İlham Əliyevin 3 mart 2014-cü il tarixdə imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Fərmana uyğun olaraq qısa müddətdə biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlak hüquqlarının dövlət qeydiyyatı, kreditlərin verilməsi, idxal-ixrac əməliyyatlarının aparılması, müəssisələrin bağlanması sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib və müxtəlif istiqamətlər üzrə nümunəvi modellər təhlil olunub, onların ölkəmizdə tətbiqi imkanları araşdırılıb və əlaqədar qurumların qarşısına konkret vəzifələr qoyulub.
Məqsədyönlü investisiya siyasəti sayəsində ölkənin sənaye xəritəsinə yeni müəssisələr əlavə olunub, respublikanın ixrac potensialı artıb
Əlamətdar haldır ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması qısa müddətdə ölkənin sənaye xəritəsində bir sıra yeni müəssisələrin yaranması və ölkənin ixrac potensialının artması ilə nəticələnib. Qeyd edək ki, ölkəmizdə daxili investisiya təminatının artmasında dövlət başçısının “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2006-cı ildə yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) Açıq Səhmdar Cəmiyyəti böyük rol oynayıb. Ötən dövrdə Azərbaycan İnvestisiya Şirkəti ölkədə yeni müəssisələrin yaradılmasına mühüm töhfələr verib. Azərbaycanda və digər Xəzəryanı ölkələrdə gəmi tikintisinə olan tələbatı təmin etmək üçün yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə zavodun inşasını buna nümunə göstərmək mümkündür. AİŞ bu müəssisədə 25 faiz paya sahibdir. Müəssisənin digər səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Keppel Offshore and Marine (Sinqapur) şirkətidir.
Bundan başqa, AİŞ-in iştirakı ilə “M-Pro” şirkətinin Hövsan qəsəbəsindəki süd zavodunun, “Qaradağ Sement” zavodunda quru istehsal texnologiyasına əsaslanan yeni sobanın, “Sənqəçal Qaradağ Neft və Qaz terminalı” layihəsinin başlanğıc fazasının inşası başa çatdırılıb. AİŞ, həmçinin, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi Broyler”də həyata keçirilən layihələrdə iştirak edib.
Ümumiyyətlə, son 10 il ərzində respublikamızda 500-dən çox sənaye müəssisəsi, o cümlədən, Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər müəssisə fəaliyyətə başlayıb.
Təkcə güzəştli kreditlər hesabına 10 il ərzində ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24 obyektdə isə işlər davam etdirilir.
Ötən 10 ildə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib, sənaye quşçuluğunun istehsal gücü 100 min tona yüksəlib, quş əti istehsalı 51 faiz artaraq 97 min tona çatdırılıb və nəticədə quş əti idxalı 73 faiz azalıb.
Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı əhəmiyyətli dərəcədə artıb, respublikanın özünütəminetmə səviyyəsi yüksəlib.
Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.
Yeni investisiya proqramları hazırlanarkən ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılır. Təkcə son illərdə qablaşdırma, saxlama, daşıma imkanlarının artırılması üzrə bir neçə layihələr həyata keçirilib. Hazırda Aktau şəhərində logistik mərkəzin yaradılması layihəsi reallaşdırılır. Məqsədyönlü investisiya layihələri çərçivəsində yeni yaradılan müəssisələr hesabına 10 il ərzində ölkənin qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən, emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31