Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclas keçirilib

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclas keçirilib

03.10.2014 [10:04]

Oktyabrın 2-də rəsmi açılış mərasimindən sonra IV Bakı Beynəlxalq Humanitar Forumu plenar iclasla işini davam etdirib.
AzərTAc xəbər verir ki, sabiq dövlət başçılarının iştirak etdikləri iclasın birinci hissəsinə sədrlik edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov müstəqillik illərində ölkəmizdə humanitar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Nazir bildirib ki, artıq Azərbaycanda çoxmədəniyyətli dialoq platforması qurulub.
* * *
Estoniyanın sabiq Prezidenti Arnold Rüütel çıxışında dünyada mövcud olan ekoloji problemlərə nəzər salıb, flora və fauna növlərinin azalmasının narahatlıq doğurduğunu diqqətə çatdırıb. Son illərdə yoxsul ölkələrin sayının çoxaldığını deyən Estoniyanın sabiq Prezidenti sosial bərabərsizliyin artmasının da ciddi problemə çevrildiyini qeyd edib. Arnold Rüütel ölkəsində ekoloji tarazlığa nail olmaqla bağlı görülən işlərdən, qlobal mədəni müxtəlifliyə verilən töhfələrdən də danışıb.
* * *
Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç xalqlar arasında etimadın bərpası məsələsindən bəhs edib. Bildirib ki, beynəlxalq aləmdə baş verən terror aktları yolverilməzdir və bu səbəbdən etimada əsaslanan münasibətlərin bərpası zərurətə çevrilib. Stepan Mesiç zorakılıq hallarını qətiyyətlə pisləyib, mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
* * *
Latviyanın sabiq Prezidenti Valdis Zatlers diqqəti ötən Forumda müəyyən edilən məqsədlərə nə dərəcədə nail olunması məsələsinə cəlb edib. O, dünyadakı gərginliyin təməlində din amilinin yox, digər səbəblərin dayandığını söyləyib, müharibələrin sülhə hədə olduğunu deyib. Bu baxımdan qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasının vacibliyini vurğulayıb.
* * *
Litvanın keçmiş Prezidenti Vitautas Landsbergis Bakı Humanitar Forumunun əsasında dayanan ideyanın sülhə əsaslandığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycan işğal faktı ilə üzləşsə də, sabit dövlət qurmaq ideyalarını uğurla nümayiş etdirir.
* * *
İtaliya Nazirlər Şurasının sabiq sədri Enriko Letta ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini deyib, Forumun əhəmiyyətindən danışıb. Enriko Letta Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə əlaqələrinə toxunaraq bildirib ki, Azərbaycan ilə iqtisadi və sosial əməkdaşlıq genişləndirilməlidir. “Biz çox şadıq ki, Azərbaycan Avropa tərəfdaşlığında iştirak edir”, - deyən qonaq gələn il ölkəmizdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
* * *
Küveytin İdeal Ailə Cəmiyyətinin prezidenti ülyahəzrət Şeyxa Fariha əl-Əhməd əl-Cabir əl-Sabah böhranın yaşandığı bugünkü dünyada diqqətin ölkəmizə yönəldiyini deyib, belə bir dövrdə nailiyyətləri necə əldə etməyin formulunun Azərbaycanda müşahidə edildiyini bildirib.
* * *
Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Vıanna belə nüfuzlu Foruma dəvətə görə minnətdarlığını bildirib. Nazir müavini Braziliyada mədəni müxtəliflik sahəsində görülən işlərdən danışıb, mədəni plüralizmin hər bir ölkə üçün əhəmiyyətini vurğulayıb.
* * *
Meksika Birləşmiş Ştatları Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Forumda müzakirəyə çıxarılan məsələlərin vacibliyinə toxunaraq vurğulayıb ki, dünya birliyi mövcud münaqişələrin danışıqlar yolu ilə həllinə çalışmalı, beynəlxalq hüququn norma və prinsipləri təmin edilməlidir. O, xüsusilə terrorçuluqla mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.
* * *
UNESCO-nun İcra Şurasının sədri Məhəmməd Sami Əmiri Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. UNESCO-nun yarandığı vaxtdan humanizm ideyalarını təşviq etdiyini deyən qonaq dünyada mədəni müxtəlifliyin təmin olunmasını vacib meyar kimi dəyərləndirib. O, Bakı Forumunun məqsədlərinin UNESCO idealları ilə üst-üstə düşdüyünü vurğulayıb.
* * *
Plenar iclasın Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirak etdiyi ikinci hissəsində Nobel mükafatı laureatları çıxış ediblər.
İclasın ikinci hissəsinə sədrlik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Forumun dünyanın bütün bölgələrindən məşhur alimləri, siyasətçiləri bir araya gətirmək baxımından böyük platforma olduğunu bildirib.
* * *
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ervin Neher son illərdə kimya, biotexnologiya, fiziologiya sahələrində mühüm nailiyyətlər əldə edilməsi ilə regenerativ xəstəliklərin aradan qaldırılması istiqamətində ciddi nəticələrə nail olunduğunu bildirib. Son onillikdə belə xəstəliklərlə bağlı ciddi araşdırmalar aparıldığını vurğulayan alim Çin, ABŞ və Yaponiyada insan beyninin araşdırılması ilə bağlı iri layihələr həyata keçirildiyini vurğulayıb.
* * *
Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus dünyada sosial rifahın bərabər olmaması nəticəsində müasir dövrdə cəmiyyətlərin bir sıra çətinliklərlə qarşılaşdığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu problemlərin qarşısının alınması üçün nisbətən zəif inkişaf etmiş ölkələrdə elm, təhsil, səhiyyə sahələrində iri layihələr davamlı şəkildə həyata keçirilməlidir.
* * *
Kimya üzrə Nobel mükafatı laureatı Keri Benks Mullis müasir dünyada xəstəliklərin, problemlərin qarşısının alınmasının alimlər üçün ciddi məsələ olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, çağdaş dünyada mövcud olan ətraf mühit problemləri, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları və digər cinayətlərin qarşısının alınmaması bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.
* * *
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel bildirib ki, cəmiyyətdə baş verən problemləri anlamaq üçün insan fiziologiyası dərindən öyrənilməlidir. Bu baxımdan yüksək keyfiyyətli ibtidai təhsil, savadlı gənc müəllimlərin yetişdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu, bütövlükdə insan həyatının qorunması üçün olduqca vacibdir.
* * *
Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin müasir dövrdə daha da inkişaf etdirilən kompyuterlərin insanın fiziki keyfiyyətlərini üstələdiyini deyib. Texnoloji inkişafın sonsuz proses olduğunu bildirən alim artıq elektron inqilabın fəsadları haqqında da düşünməyin zamanının çatdığını vurğulayıb.
* * *
Kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrix gözəl memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində çıxış etməkdən fərəh duyduğunu bildirib. O, müxtəlif dövrlərdə əldə edilmiş elmi kəşflərin tətbiqi nəticəsində bu gün iqtisadiyyat, tibb, texnologiya və digər sahələrdə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.
* * *
Artıq dördüncü dəfədir Bakıda olmaqdan məmnunluğunu bildirən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland dünya iqtisadi böhranının təsirindən və bu böhrandan çıxmaq istiqamətində dövlətlərin gördüyü işlərdən bəhs edib. O, dünya iqtisadi böhranının hökumətləri iqtisadi inkişafla bağlı proqnozlarını konkret tərtib etmək məcburiyyəti ilə üz-üzə qoyduğunu söyləyib.
* * *
Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qross bildirib ki, bəşəriyyəti təhdid edən problemlər yalnız dünya ictimaiyyətinin birgə səyləri ilə həll edilə bilər. Mübahisələr güc yolu ilə həll edilməməlidir. Tarix bizə göstərir ki, bütün münaqişələr dəhşətli insan tələfatı ilə nəticələnir. Son illərdə millətçilik, zorakılıq hallarına tez-tez rast gəlindiyini, bunun çox böyük çətinliklər yaratdığını deyən alim bildirib ki, biz bu mənfi hallara qarşı mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik.
* * *
Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq Henş Azərbaycanın humanitar dəyərlərə böyük önəm verdiyini vurğulayıb. “Şadam ki, Azərbaycanda “qara qızıl”ın insan kapitalına çevrilməsinin şahidi oluruq”, - deyən alim hazırda texnologiya sahəsində sürətli inkişafın müşahidə edildiyini bildirib, elmi dairələrin öz resurslarını bu istiqamətə yönəltməsini yüksək qiymətləndirib.
* * *
Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smutt deyib ki, yaşadığımız Yer kürəsini həm özümüz, həm də gələcək nəsillər üçün qorumalı, ətraf mühitə hansı təsirləri göstərdiyimizi bilməliyik. Dövlətlərin iqtisadi baxımdan nail olmaq istədikləri davamlı inkişaf ətraf mühitin mühafizəsi sahəsində də təmin edilməlidir.
* * *
Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Yonat Foruma dəvətə və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Çıxışında insanın uzunömürlülüyü barədə danışan alim müasir tibb elminin inkişafı nəticəsində bir çox xəstəliklərlə mübarizədə uğurların qazanıldığını qeyd edib. O, həmçinin genetik kodun müəyyən vaxt daxilində dəyişməsi istiqamətində ciddi araşdırmaların aparıldığını vurğulayıb.
* * *
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur Daymond məşğulluq məsələsindən danışıb. Qeyd edib ki, iş qazanc gətirməklə yanaşı, insanda daxili məmnuniyyət yaradır. İqtisadiyyatların böhranlardan qorunması üçün hökumətlərin məşğulluq siyasətini şaxələndirməsinin vacibliyini bildirən P.Daymond işçi qüvvəsinin bir sahədən digərinə keçməsini, hər bir sektorda idarəçilik qabiliyyətinə malik insanların sayının çox olmasını məşğulluq probleminin həllində mühüm amil kimi qiymətləndirib.
* * *
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tomas Kristian Züdhof multikulturalizmin elmin inkişafına töhfəsini yüksək qiymətləndirərək bildirib ki, elmin rolu bəşəri dəyərləri yaymaq və təbliğ etməkdir. O, bu işdə siyasətçilərin elmi dairələrə inamı, eləcə də praqmatik qərarların qəbulunda, onların əsaslandırılmasında alimlərin roluna geniş yer verilməsinin əhəmiyyətini vurğulayıb.
* * *
Kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel isə elmi nailiyyətlərin cəmiyyətin həyatına müsbət təsirindən danışıb. Alim bəşəriyyətin həyatının ciddi elmi nailiyyətlər nəticəsində daha da yaxşılaşdığını diqqətə çatdırıb.
* * *
AMEA-nın nəzdində Biofizika İnstitutunun yaradıldığını deyən Akif Əlizadə bu sahədə ölkəmizlə fəal əməkdaşlıq edən fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smutta minnətdarlığını bildirib.
Plenar iclasa yekun vuran akademik Akif Əlizadə dünyanın məşhur alimlərinin, Nobel mükafatı laureatlarının Forumda iştirak etmələrinin və çıxışlarının Azərbaycan və dünya elminə mühüm töhfə vermək baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31