Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət müşavirlik xidmətinin təşkil etdiyi birinci “dəyirmi masa” haqqında

Dövlət müşavirlik xidmətinin təşkil etdiyi birinci “dəyirmi masa” haqqında

17.10.2014 [09:28]

Xarici və yerli ekspertlərin iştirakı ilə “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda “dəyirmi masa”nın keçirilməsi son günlərdə ölkəmizin mədəni həyatında baş verən əlamətdar hadisələrdəndir. “Dəyirmi masa” ətrafındakı müzakirədə ölkənin coşğun iqtisadi inkişafını müşayiət edən mədəni yüksəliş, mənəvi zənginləşmə proseslərinin cərəyanı, xüsusilə də cəmiyyətdə tolerantlıq, multikulturalizm ab-havasının bərqərar olması kimi olduqca aktual problemlər diqqət mərkəzinə çəkilir.
Sirr deyil ki, Azərbaycanın coşğun iqtisadi inkişafı, onun iri regional layihələrin təşəbbüskarı və əsas icraçısı kimi çıxış etməsi, Cənubi Qafqazın aparıcı iqtisadi mərkəzinə çevrilməsi istər ölkənin ictimai fikrində, istərsə də beynəlxalq aləmdə geniş əks-səda doğurur. Çox əlamətdar bir faktdır ki, Azərbaycan Respublikası daha əvvəllərdə olduğu tək yalnız böyük iqtisadi potensiala malik etibarlı tərəfdaş kimi deyil, həm də beynəlxalq miqyasda inkişafa ciddi dəstək verən ölkə kimi tanınır. Son zamanlar fəaliyyətə başlayan Azərbaycan Respublikasının Beynəlxalq inkişafa yardım Agentliyinin xətti ilə, ayrı-ayrı qeyri-hökumət təşkilatları, xüsusilə də Heydər Əliyev Fondunun səyləri ilə inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən bir sıra layihələr respublikamızın təkcə bölgənin güclü iqtisadi aktoru olduğunu deyil, həm də qlobal əhəmiyyətli aktora çevrilməkdə olduğunu nümayiş etdirir.
İqtisadi sahədəki bu nailiyyətlər, heç şübhəsiz, sosial-mədəni inkişaf üçün, mənəvi kamilləşmə üçün maddi-müqəddəm şərtdir. Yaxın keçmişdə geniş yayılmış bir deyim - “çörək olsa, nəğmə də olacaq” deyimi bu həqiqəti dəqiq ifadə edirdi. Lakin ictimai fikrin, ictimai rəyin büsbütün iqtisadi problemlərə köklənməsi, maddi amillərə aludəçilik, mənəvi amillərə etinasızlıq çox ağır fəsadlar verə bilər.
Son zamanlar ölkədə mənəvi tərəqqiyə, ictimai fikrin, o cümlədən siyasi fikrin, siyasi mədəniyyətin inkişafına ünvanlanan bir sıra institusional yeniliklərin - “Bilik” cəmiyyətinin, Mültikulturalizm mərkəzinin təsis olunması bu riskləri qabaqlamaq, cəmiyyətimizin sosial-iqtisadi və mənəvi inkişafının balanslaşdırılmasına, bu sahələrin ahəngdar inkişafına nail olmaq məqsədi daşıyır və təqdirəlayiq bir haldır ki, bütün bunlar “dəyirmi masa” ətrafında gedən müzakirə predmetinə çevrilir.
Məsələnin digər və daha mürəkkəb olan bir cəhəti də var. Son onilliklər ərzində dünyanı bürüyən iqtisadi böhranlar, planetin istənilən məkanında insanları daimi gərginlikdə saxlayan terrorçuluğun tüğyanı, çarəsi tapılmayan kütləvi xəstəliklərin yayılması, cəmiyyətdə identiklik, birlik yaradan, nəsillər arasında varislik təmin edən bəşəri dəyərlərin aşınmaya məruz qalması, tarixin acı dərslərinə etinasızlığın güclənməsi istər milli, istər regional, istərsə də beynəlxalq təhlükəsizlik üçün yeni-yeni risklər, təhdidlər yaradır. İctimai elm, informasiya yayımı kanalları nəinki bu problemlərin həllində lazımi fəallıq göstərmir, onların həlli üçün səmərəli ideyalar, tövsiyələr verə bilmir, hətta bir çox hallarda qığılcımlanan təhlükə ocaqlarına “yağ tökmək”lə məşğul olur. Buna nümunə olaraq Qərb ictimai fikrində geniş yayılmış bir konsepsiyanı - “soyuq müharibə” başa çatdıqdan sonra sivilizasiyaların toqquşmasının labüd olduğunu iddia edən konsepsiyanı xatırlatmaq olardı. Doğrudur, heç bir dövlət onu öz siyasi strategiyası üçün əsas kimi qəbul etdiyini bəyan etməyib. Amma son zamanlar beynəlxalq arenada cərəyan edən bir sıra proseslərin, məhz bu konsepsiyadan qaynaqlandığını əyani surətdə nümayiş etdirir. Digər bir misal inkişaf etmiş ölkələrin bir çoxunda İslam konfessiyasına məxsus insanlara, həmin ölkələrdə ucuz işçi qüvvəsi kimi geniş istifadə olunan miqrantlara qarşı dözümsüzlük tüğyan etməsi ola bilər. Bəzən, hətta beynəlxalq təhlükəsizlik üçün bilavasitə məsuliyyət daşıyan güc mərkəzlərinin liderləri II Dünya müharibəsindən sonrakı dövr ərzində dünyanın nisbətən sakit inkişafının ideya-əxlaqi əsasını təşkil edən dəyərlərə, baxışlara etimadsızlıq təlqin edən bəyanatlarla çıxış edirlər. Avropada multikulturalizmin özünü doğrultmaması, onun iflası barədəki iddialar bu qəbildəndir.
Qeyd edilən vəziyyət imkan verir və vadar edir ki, artıq iqtisadi sahədə geniş təsir imkanları, siyasi sahədə söz sahibi olan Azərbaycan qlobal ideoloji, mənəvi mühitə təsir etməyə səy göstərsin və biz bu gün tam əsasla iddia edə bilərik ölkəmiz hazırda dünyanın mənəvi ab-havasına əhəmiyyətli təsir göstərə biləcək bir aktora çevrilməkdədir. Respublika Prezidenti İlham Əliyevin beynəlxalq mədəni mübadiləyə, sivilizasiyalar, mədəniyyətlərarası əlaqələrin, dialoqun güclənməsinə önəm verməsi, Bakıda dünyanın ən müxtəlif guşələrindən dəvət edilən nüfuzlu siyasətçilərin, Nobel mükafatı laureatlarının, çoxsaylı elm adamları və ictimai xadimlərin iştirakı ilə Beynəlxalq Humanitar forumların keçirilməsi, Multukulturalizm Mərkəzinin yaradılması və fəaliyyəti, Heydər Əliyev Fondunun, onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə beynəlxalq miqyasda həyata keçirdiyi unikal humanitar layihələr Azərbaycanı mədəni müxtəliflik, tolerantlıq diyarı kimi dünyada tanıdır və bu da öz növbəsində ölkəmizin milli təhlükəsizliyi və davamlı inkişafı üçün münasib beynəlxalq şəraiti təmin etmək məqsədinə xidmət edir. Sübut etməyə ehtiyac yoxdur ki, təhlükələr, risklərlə dolu əhatədə, təhlükəli dünyada təhlükəsiz dövlət, təhlükəsizlik milli həyat mümkün deyildir.
Hesab edirəm ki, “dəyirmi masa” arxasında belə bir müzakirənin keçirilməsi də eyni məqsədə ünvanlanmış uğurlu addımdır və onun davamlı olması lazımdır. Bu günlərdə mətbuatda elan edildiyi kimi, BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində təşkilatın Sivilizasiyalar Alyansı Dostluq Qrupunun illik nazirlər toplantısında 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi qərara alınıb. Haqqında söhbət gedən “dəyirmi masa” müzakirələri həmin Foruma hazırlıq platforması kimi də çox faydalı ola bilər.
Əlikram ABDULLAYEV,
Professor, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının prorektoru

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31