Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Parlamentdə YAP-dan bir neçə nəfər çıxış edirsə, bu, hakim partiyanın mövqeyini ortaya qoymuş olur

Siyavuş Novruzov: Parlamentdə YAP-dan bir neçə nəfər çıxış edirsə, bu, hakim partiyanın mövqeyini ortaya qoymuş olur

09.12.2014 [09:55]

Yəqin hamı razılaşar ki, Milli Məclisin ən fəal deputatlarından biri odur. Parlamentin elə iclası yoxdur ki, orada ən azı bir neçə dəfə çıxış etməsin. Özü də hər dəfə məsələlərə orijinal yanaşması olur. Tənqidi çıxışları mətbuatda və sosial şəbəkələrdə günlərlə müzakirə olunur. Elə özü də bu çıxışlarına görə müxalifət mətbuatında tez-tez tənqid edilir...
Beləliklə, virtualaz.org saytının bugünkü müsahibi Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur. YAP-ın əsas sözçülərindən olan Siyavuş Novruzovun bu müsahibəsində də konkret ünvanlara bol tənqidlər var.
- Siyavuş müəllim, Milli Məclis üzvlərinin əksəriyyəti hakim partiyanı təmsil edir və ya iqtidaryönlüdür. Lakin onların çoxu fəal deyil. Çox vaxt heç Milli Məclisdəki müzakirələrdə də çıxış etmirlər. Ümumən səsini yerli-dibli eşitmədiyimiz deputatlar var. Bəzi bölgələrdə isə seçicilər deputatlarının fəaliyyətindən narazıdır, hətta onları tanımadıqlarını deyirlər. Bu fikirlərlə razısınızmı?
- Gələn il parlament seçkiləridir. Buna görə də, indi həssas dövrdür. Biz partiya olaraq neçə illərdir seçkilərdə iştirak edirik. Düzdür, dediklərinizdə müəyyən qədər həqiqət var. Ümumiyyətlə, deputatları fəaliyyətinə görə 3 qrupa bölmək olar. Birinci qrup qanunvericilik təşəbbüsü ilə çıxış edən, təkliflər irəli sürən deputatlardır. İkinci qrup seçicilərlə fəal işləyən deputatlardır. Bu qrupdan olanlar əsas diqqəti seçicilərə yönəldərək onlarla görüşür, sosial problemlərini dinləyir, onların həllinə çalışır, xeyir-şərində işirak edir. Üçüncü qrupa isə, Azərbaycanı beynəlxalq aləmdə, məsələn, müxtəlif təşkilatlarda, Avropa Şurasında, NATO-da, Avronestdə, Qara Dəniz Əməkdaşlıq Təşkilatında, TürkPA-da və s. təmsil edən deputatlar daxildir.
Azərbaycanın 125 deputatı var. Onlardan 4-nün yeri isə hələlik boşdur. 121 nəfəri bu kateqoriyalara böləndə az bir hissəsi qalır ki, qanunvericilik təşəbbüsü ilə çıxış etsin. Parlamentdə YAP-dan bir neçə nəfər çıxış edirsə, bu, hakim partiyanın mövqeyini ortaya qoymuş olur. Britaniyada, Türkiyədə parlamentdə 450 nəfər olur. Onların hamısı çıxış eləmir axı. Bir neçə nəfər qrup adından çıxış edir. Heç kim ayrı-ayrılıqda çıxış etmir. Bizim partiyamızın Milli Məclisdə konkret olaraq çıxış edən üzvləri var. Hakim partiyada artıq müəyyən edilib ki, bölgələrdə, parlamentdə və ya digər tədbirlərdə kimlər çıxış edəcək.
- Deputatlardan ən çox şikayəti təbii ki, vətəndaşlar edir. Siz də deputatları qruplara böldünüz. İkinci qrup, yəni vətəndaşlarla ünsiyyətdə olan, onları dinləyən deputatların fəaliyyətindən narazı olduqlarınız varmı?
- Biz 5 illik tədqiqat aparırıq. Düzdür, bunu indidən açıqlamağım bizə müəyyən təhlillər aparmaqda maneçilik törədə bilər. Amma deyim. Bu tədqiqat zamanı hər bir deputatın parlamentdəki fəaliyyəti, davranış qaydası, beynəlxalq aləmdəki təmsilçiliyi, qanunvericilik təşəbbüsləri, seçicilərlə münasibəti, təkrar namizədliyi irəli sürüləcəyi təqdirdə seçilmək şansı təhlil olunur. Belə deyək ki, bir “setka”, ələk var. Bu ələkdən kim keçəcəksə, növbəti dəfə deputat olacaq.
- Artıq parlament seçkilərinə az qalıb. İndidən o “setka”ya ilişib qalanlar var?
- “Setka”dan keçməyənlər qalacaq. Məsələn, son parlament seçkilərində Yeni Azərbaycan Partiyasının tərkibində 20-25 faiz dəyişiklik olub. Yeni siyahımız oxunacaq. Onda kimlərin olmayacağı məlum olacaq.
“Banklar dövlətin vətəndaş üçün ayırdığı vəsaitdən sui-istifadə edir”
- Parlamentdəki son çıxışlarınızın birində cəmiyyətin ən əsas probleminə - kredit və faiz məsələsinə münasibət bildirdiniz. Faizlərin çox böyük olduğunu, vətəndaşların çox ciddi problemlərlə üzləşdiyini dediniz. Bu faizləri ödəmək üçün kriminallaşmaq lazım olduğunu da bildirdiniz. Bəs vəziyyətdən çıxış yolu nədir, nə təklifiniz var? Artıq bankların problemli müştəriləri çoxalır. Faizlər isə heç azalmır.
- Kredit faizlərinin yüksək olması ilə bağlı məsələni Milli Məclisdə qaldırdım. Buna bir neçə aspektdən yanaşmaq lazımdır. Kredit siyasətini həm iqtisadi, həm də vətəndaşların tələbatına uyğun hesablamalar əsasında həyata keçirmək lazımdır. Bir çox ölkələrə, neft ölkələrinə və Azərbaycana baxdıqda görürük ki, həqiqətən də kreditlərin verilməsində sadələşdirmə aparmaq lazımdır. Prezident İlham Əliyev də çıxışlarında bildirir ki, nə yaradılırsa, nə qurulursa, bunların hamısı insan, cəmiyyət üçün olmalıdır. Məsələn, məktəb tikilirsə, vətəndaş üçün, şagirdlər üçün tikilir. Kreditlər verilirsə, deməli, vətəndaş bununla vəziyyətini yaxşılaşdırmalıdır, gəlirini artırmalıdır, yeni iş yeri açmalıdır. Yoxsa bankdan asılı vəziyyətə düşməməlidir. Əgər vətəndaş krediti ödəyə bilmirsə, evini satıb banka verirsə, bunun xeyir yox, ziyanı olmuş olur.
Dövlətin müxtəlif kredit növləri var. Sahibkarlara Kömək Milli Fondu vasitəsilə kifayət qədər aşağı faizlə kreditlər verilir. Böyük və orta bizneslə məşğul olan şəxslər bu kreditləri 7-8 faizlə əldə edə bilir. Ancaq kiçik biznesmenlər, sahibkarlar üçün bunu əldə etmək çətindir. Çətinlik faiz və müddətdədir.
Dövlət, Mərkəzi Bank öz vəsaitini kredit şəklində kommersiya banklarına verir ki, bundan istifadə etsinlər. Ancaq onlar bu vəsaiti alandan sonra vətəndaşa 23-25 faizlə kreditə verirlər. Bu kommersiya bankları dövlətin vətəndaş üçün ayırdığı vəsaitdən sui-istifadə edir, öz gəlirlərini artırır, vətəndaşı isə özlərindən asılı vəziyyətə salırlar. Uzunmüddətli kreditlərin faizi yüksək ola bilər. Bu, mümkün olan variantdır. Əgər 25 faizlə kredit götürürsənsə, gərək sənin 50 faizlik gəlirin olsun. Bu isə mümkün deyil. Kreditlərin faizi aşağı salınmalı və onlar uzunmüddətli olmalıdır.
Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Onlara uzunmüddətli kreditlər verilməlidir. Təsərrüfatla məşğul olan şəxslər meyvə ağacları əkmir. Əgər onlar meyvə ağacı əkirsə, ən azı 3-4 il sonra bundan məhsul götürəcək və yalnız bu zaman qazanc əldə edə biləcək. Belə olan halda kənd təsərrüfatının inkişafı mümkün olmur. Daha çox taxıl əkini kimi tez məhsul verən, gəlir əldə edilən sahələrə üz tutulur. Uzun müddət sonra məhsul verən ağacların, bitkilərin əkilməməsinin səbəbi verilən kreditlərin qısamüddətli olmasıdır. İqlim qurşağının 9-u Azərbaycandan keçir. Bütün meyvələr ölkəmizdə yetişir. Dünyada geni dəyişdirilməmiş məhsullara ehtiyac var. Azərbaycanda bu məhsulların yetişdirilməsi imkanı var və bununla da dünya bazarına çıxa bilər. Həm də yeni iş yerləri açılar. Azərbaycan bu gün öz daxili tələbatını ödəməklə yanaşı xaricə də kənd təsərrüfatı məhsulları ixrac edir. Azərbaycanın kənd təsərrüfatı sahəsinin necə önəmli olduğunu Rusiyaya qoyulan embarqodan sonra gördük. Əgər Azərbaycan və digər ölkələr Rusiyanı kənd təsərrüfatı məhsulları ilə təmin etməsə, çox gərgin vəziyyət yaranar. Bütün hallara hazır olub kənd təsərrüfatı sahəsini inkişaf etdirmək lazmdır. Buna görə də, fermer uzunmüddətli və az faizli kreditlə təmin olunmalıdır.
Başqa bir məqam vətəndaşların depozitləri ilə bağlıdır. Çox adam pulunu evdə saxlayır. Əgər pulu dövriyyəyə buraxsa, həm özü, həm də digər vətəndaşlar qazanar. Banklar isə vətəndaşların depozitinin yalnız 30 faizini sığortalayır. Əgər vətəndaş banka 100 min manat qoyursa, bank bunun 30 minini sığortalayır. Qalan məbləğ havada qalır. Sabah bank çöksə, vətəndaş 70 minini itirəcək. Ona görə də, vətəndaşın banka etibarı yoxdur. Etibarın təmin olunması məsələsi var. Bu inamın yaradılması üçün vətəndaşın pulu tam sığortalanmalıdır.
Amma bank vətəndaşa kredit verəndə öz pulunu 200 faiz sığortalayır. Məsələn, 100 min manat kredit verirsə, 200 minlik girov tələb edir. Digər tərəfdən, bank vətəndaşdan depoziti 9 faizə götürür, amma digər vətəndaşa 23-25 faizlə kreditə verir. Bank buradan 12-14 faiz gəlir əldə edir. Bu pulu verən və alan vətəndaşdan da qazanır.
- İpoteka kreditlərinin verilməsində də şərtlər çox çətindir. Bu şərtlərlə kredit götürmək mümkün deyil...
- Bəli, ipotekanın da verilməsi ilə bağlı çətinliklər var. Ölkə başçısı ipotekanın artırılması ilə bağlı hökumət qarşısında dəfələrlə məsələ qaldırıb. Və hər il də ölkə büdcəsindən ipoteka üçün məbləğ ayrılır. Ancaq şərtlər çətindir. İpoteka əsasən gənc ailələr üçün nəzərdə tutulur. Lakin ailə quran gənclər bunu ala bilmir. Yeni işə başlayan şəxsə heç bir idarə, şirkət 1000 manat maaş vermir. İndi ipoteka götürmək üçün 850 manat maaş almalısan. Amma müxtəlif sahələrdə yeni işə başlayanlar uzağı 400-500 manat maaş alır. Artıq ilk şərtdə bu gənclər ipoteka almaqdan məhrum olur. Biz ipoteka almaq üçün şərtlərdə maaşın məbləğini azalda bilməsək də maaş üçün ipoteka nəzərdə tuta bilərik. Məsələn, təklif oluna bilər ki, 60 min ipoteka krediti istəyən şəxs 800 manat maaş almalıdır. Amma 500 manat maaş alan gəncə 30 min ipoteka verilsin. Və ya 300 manat maaş alan şəxsə 20 min manat ipoteka verilsin. Bunu elə etmək lazımdır ki, hər bir gənc bundan yararlana bilsin. İpoteka kreditlərinin verilməsində bu cür islahatların aparılmasına ehtiyac var.
- Sirr deyil ki, Azərbaycandakı bankların əksəriyyəti məmurların və deputatlarındır. Belə görünür ki, elə kredit faizlərinin azaldılması onların əlindədir. Hökumətin bunu təmin etməsi o qədərmi çətindir?
- Biz bu məsələni qaldırırıq. Mərkəzi Bank da buna nəzarət etməlidir. Çünki səlahiyyətlər Mərkəzi Bankdadır. Qanunvericilik baxımından da biz bu istiqamətdə nə lazımdırsa etməliyik. Büdcə məsələlərində də kreditlərlə bağlı məsələ qaldırıldı. Hökumət də bildirdi ki, bu istiqamətdə müəyyən işlər görüləcək. Mənim əldə etdiyim məlumata görə, 500 minə yaxın insanın bankla, kreditlə bağlı problemi var. Müəyyən islahatlar aparılsa, o insanların da vəziyyəti yaxşılaşar. Mart ayında hökumətin hesabatı var. Biz o zaman görəcəyik ki, bu istiqamətdə hansı addımlar atılıb.
“Çar Nikolaydan bu yana Azərbaycanda belə şey olmayıb”
- Havalar soyuyandan sonra müəyyən problemlər ortaya çıxdı. Sakinlər etiraz aksiyaları keçirdi. Əsas şikayətlər yolların bərbad vəziyyətdə olması, su və kanalizasiya sisteminin olmamasından idi. Bakı və ətraf qəsəbələrdə icra hakimiyyətlərindən şikayətlər var. Kiçik sosial məsələlər öz həllini tapmır. Sirr deyil ki, buna da icra hakimiyyətləri şərait yaradır...
- Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Bilirsiniz ki, regionların, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən layihələr var və bu işlər mərhələli şəkildə həyata keçirilir. Birinci məsələ yol, su və kanalizasiya sisteminin yaradılmasıdır. Digəri sosial obyektlərin, məktəb və xəstəxanaların tikilməsidir. Azərbaycanda 3 mindən artıq yeni məktəb tikilib. Çar Nikolaydan bu yana Azərbaycanda belə şey olmayıb.
Əvvəlcə regionlarda və ətraf qəsəbələrdə əsasən rayon mərkəzlərinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması istiqamətində işlər görülürdüsə, indiki mərhələdə artıq kəndlərin, qəsəbələrin özünün inkişafına yönələn işlər həyata keçirilir.
Hazırda bəzi yerlərdə problemlər var və bunun da obyektiv və subyektiv səbəbləri var. Bəzi yerlədə vətəndaşların və yerli məmurların səhlənkarlığı var. Qeyri-qanuni evlər tikilir. Əgər buranın infrastrukturu yoxdursa, burada niyə ev olmalıdır? Bəzi yerlərin qazı, suyu, kanalizasiya sistemi yoxdur. Amma bir də baxırsan ki, orada 10 ev tikiblər, sonra bu evlərin sayı artır. İşığı birtəhər haradansa tapırlar. Bu hallar əsasən Bakı və ətraf qəsəbələrdə müşahidə olunur. Elə qəsəbələr var ki, artıq 200-300 mindən artıq sakini var. Ancaq evlərin heç bir qanuni sənədləşməsi yoxdur. Çünki o ərazilər yaşayış məskəni olaraq nəzərdə tutulmayıb və heç bir infrastrukturu da yoxdur. Buna da birbaşa məmurlar cavabdehlik daşıyırlar. Sonradan baxırsan ki, gedib vətəndaşın evini sökürlər. Mən bunu düzgün hesab etmirəm. Bunu tikməyə başlayanda qarşısı alınmalıdır. Vətəndaş borc-xərc edib ev tikir, sən də səhər gəlib buldozerlə sökürsən. Məmurun gözü kor deyil ki... Camaat evi tikəndə görmür? Vətəndaşı incitmək olmaz. Bu proses uzun müddət gedib və artıq bu cür evlərin sayı həddən artıq çoxdur. Prezident də bu evlərin sənədləşdirilməsi ilə bağlı göstərişlər verib. Bu proses getdikdən sonra həmin ərazilərdə kommunikasiya xətləri çəkilməlidir. Ancaq bu iş də planlı şəkildə görülməlidir. Siz də, mən də şahidi oluruq ki, bir gün asfalt salırlar, səhər asfaltı söküb kanalizasiya xətti çəkirlər. Sonra yenidən söküb telefon xətti çəkirlər. Bu işi görəcək şəxslər əvvəlcədən planlı şəkildə, mərkəzləşdirilmiş qaydada çalışmalıdır. Bütün problemlərə baxmayaraq, kənd və qəsəbələrdə işlər görülür. Mən bir çox ölkələrdə olmuşam, inanın, bu işlər postsovet ölkəri arasında ən sürətlə Azərbaycanda həyata keçirilir.
“Deputatların ehsan yeməyə ehtiyacı yoxdur”
- Toy və yas məsələsi bir müddət çox müzakirə olundu. Məhərrəmlik ayı girəndən sonra isə unuduldu. Yəqin Məhərrəmlikdən sonra yenə də müzakirə başlayacaq. Toy-yas israfçılığının qarşısının alınması bu müddət ərzində YAP daxilində müzakirə olundumu? Növbəti toy mövsümündə dəyişiklik, yenilik gözləmək olarmı?
- Biz xeyir-şər mərasimlərinin sadələşdirilməsinin tərəfdarıyıq və həmişə israfçılığa qarşı mübarizə aparmışıq. Televiziya kanallarında əsasən ictimai-siyasi xəbərləri, məlumatları izləyirəm. Bir müddət yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı çox gözəl kampaniya başlamışdı. Bu, cəmiyyət tərəfindən də dəstəkləndi. İsrafçılğa və günlərlə davam edən yas mərasimlərinin keçirilməsinə etiraz edildi. Lakin bir qrup adam ortaya çıxdı ki, bəs, belə olmaz, biri atasına yas mərasimi keçirmək istəyirsə, kimsə buna qarışa bilməz və s. “Qurani-Kərim”də göstərilir ki, bir xurma da ehsandır. Ehsan kimə düşür, kimə halaldır - bunlar şəriətlə müəyyən edilməlidir. Məsələn, Allah uzaq eləsin, hansısa bir deputatın qohumu rəhmətə gedibsə, yas məclisinə onun əsasən həmkarları gedir. Deputatların isə ehsan yeməyə ehtiyacı yoxdur. Bu məclisdə ehsan vermək düzgün deyil. Bir çox ölkələrdə müəyyənləşdirirlər ki, kimsə atasına hansısa məsciddə ehsan verəcək. Kimin ehtiyacı varsa, gedib iştirak eləsin.
“Yasda çox oturanda ölü dirilir?”
Yas mərasimlərində ikinci məsələ vaxtla bağlıdır. Gün ərzində iki yas mərasimində iştirak eləsən, tıxacları da nəzərə alsaq, bir günün ölür. Yasda 10 dəqiqə oturdunsa bəsdir. Çox oturanda bəyəm ölü dirilir? İslamın ən önəmli şəxsiyyələrinə belə üç gündən artıq yas saxlanılmayıb. 40 gün yas saxlayanda ölü dirilməyəcək ki...
Ümummilli lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələləri partiyanın İdarə Heyəti qarşısında mütəmadi olaraq qaldırırdı. Akademiklərə, ziyalılara deyirdi ki, insanlarla görüşün, maarifləndirici söhbətlər aparın. Bunların qarşısını inzibati yollarla almaq olmaz. Ümummilli lider də bildirirdi ki, bu məsələri təbliğat yolu ilə aradan qaldırmaq olar.
Ərəblərdə, türklərdə, İranda belə şey yoxdur. Biz özümüzə yeni İslam yaratmışıq? Sünnə və şəriətdə bunların heç biri yoxdur. Biz nə etmək istəyirik? Amma bundan qazanc məqsədi ilə istifadə edənlər var. İndi kreditlə yas yola verən, qəbirdaşı götürən insanlar var.
Qəbiristanlıqlarla bağlı layihə hazırlanır. Baxırsan biri atasına az qala Ermitaj düzəltdirir. Bəlkə də sağlığında atasına bir ev alsaydı, ömrünü 10 il uzadardı. Öləndən sonra qəbir bəzəməyə başlayırlar. Bu, buddizmə meyildir, yaxşı əməl deyil. Heç kəs bir-birindən seçilməsin deyə standart qəbirdaşları qoyulmalıdır. Qəbirüstü abidəyə 10 min manat xərc çəkmək lazım deyil.
Əndazəni aşan toy adətləri ilə də mübarizə aparırıq. Toy məsələsi ilə bağlı bizim partiya bir addım atdı. Xatırlayırsınızsa, əvvəllər toylarda pul səpirdilər. Biz təbliğat apardıq ki, pul dövlətin atributudur və onu yerə atmaq olmaz, kimsə də onu ayaqlayır. Yavaş-yavaş bu adət aradan qaldırıldı.
“Məhərrəmlikdən əvvəl oktyabr ayında 27 toya çağırılmışdım”
Toylara 500-1000 nəfər adam çağırırlar. Mən özüm Məhərrəmlik girməmişdən əvvəl - oktyabr ayında 27 toya çağırılmışdım.
- Hamısında işirak etdiniz?
- Əksəriyyətində oldum. Elə gün var idi, 4 toya çağırılmışdım. Bu, adamı taqətdən də salır. Eyni musiqi, eyni rəqslər, eyni kontinget, eyni yeməklər... İnsan yorulur. Şadlıq evlərində xeyli sayda insan işləyir. Şadlıq evlərinin bağlanmasını, insanların işsiz qalmasını əlbəttə ki, istəmərik. Amma müəyyən sadələşdirilmə aparılmalıdır. Şadlıq evlərində yemək sifarişlə olmalıdır. Kim nə yeyirsə, onun pulu alınmalıdır. Bunları tənzimləmək lazımdır.
Toylardakı ciddi bir problem də musiqi ilə bağlıdır. Fonoqramı qoyurlar, müğənni də toya 15 min manata gəlir. Bunlar tənzimlənməlidir. Biz bu məsələni ciddi şəkildə həll etməliyik. Bu, vətəndaşların rahatlığı üçün çox faydalı olacaq.
- Dediniz ki, qəbiristanlıqlarla bağlı layihə hazırlanır. Amma toylarla bağlı belə bir layihə yoxdur deyəsən. Sadəcə, müzakirəmi olur?
- Toylarla bağlı müxtəlif ölkələrin təcrübəsi öyrənilir və həyata keçiriləcək. Milli Məclisin Sosial siyasət komitəsində bununla bağlı müzakirələr aparılır. Vətəndaşların, deputatların təklifləri var. Bunlar müzakirə olunacaq və qanun şəklinə salınacaq.
“Hüseyn Abdullayevi küçədə görsəydim, tanımazdım...”
- Hazırda Almaniyada mühacir həyatı yaşayan sabiq deputat Hüseyn Abdullayev bu yaxınlarda hakimiyyətlə bağlı sərt açıqlama vermişdi. Buna cavab olaraq demişdiniz ki, o, başını psixiatra göstərməlidir. Hüseyn Abdullayevi yəqin ki, çoxdan tanıyırsınız. Bir il də parlament üzvü olub. Ona həkimə getmək məsləhəti vermək üçün əlinizdə əsas varmı? Yoxsa bunu sözgəlişi demişdiniz?
- Mən 25 ildir aktiv siyasi fəaliyyətlə məşğulam. Hüseyn Abdullayevi isə yalnız o, Milli Məclisə gələndən sonra tanımışam. Bəzən mətbuatda onun adını şişirdərək hakimiyyətin keçmiş nümayəndəsi kimi göstərirlər. Mən 1992-ci ildə YAP yaranandan sonra partiya aparatında çalışmışam. Mütəmadi olaraq Naxçıvana - Ümummilli liderin yanına gedib-gəlmişəm, Onunla ünsiyyətdə olmuşam, Bakıya gələndə yanında olmuşam. Mən o zamandan bəri belə bir adam tanımamışam. Abdullayevi küçədə görsəydim, bilməzdim kimdir. O, biznesmen ola bilər, kiminləsə görüşə bilər. Amma bunu bütünlüklə hakimiyyətlə əlaqələndrimək olmaz. Bir il parlamentə oldu. Fəaliyyətini də bütün xalq gördü. İndi Almaniyada oturub ölkə rəhbəri, dövlət məmurları haqda xoşagəlməz ifadələr işlətmək olmaz. Bu, etikadan kənardır. Əgər söz demək istəyirdinsə, parlamentdə oturub fikrini deyəydin. Kimisə söymək, təhqir eləmək, zərbə endirmək parlament etikasına uyğun deyil. Məsələn, bu adam mənəviyyatdan danışır. Azərbaycan parlamentarizmi tarixində - 1918-ci ildən bu yanadək belə bir ifadəni işlədən olmamışdı. Bu, onun mənəviyyatından xəbər verir. Mən də bu səbəbdən elə bir fikir işlətmişəm. Çünki normal insan o şəkildə danışmamalıdır. Həm də Azərbaycanın təmsilçisinə, Prezidentinə qarşı.
Valideynini ziyarət etmək istəyən şəxs onun yanına gəlməlidir. Kiçik böyüyünün ayağına getməlidir. Əgər Hüseyn Abdullayev anasını görməyə gələ bilmirsə, bunun səbəbini cəmiyyətə açıqlasın.
“Deyirlər ki, biz də Koroğlunun dəlilərindən biriyik...”
- Hüseyn Abdullayev ötənilki prezident seçkilərində müxalifəti dəstəklədi. Ancaq bəzi müxalifətçilər buna etiraz edirdilər. Deyirdilər ki, Hüseyn Abdullayev 300 nəfərlik qanunsuz dəstəsi ilə müxalifətin əvvəlki mitinqlərində insanlara qan uddurub, indi onu dəstəkləmək olmaz. Ümumiyyətlə, Hüseyn Abdullayevin bu qoçu dəstəsi haqda çox fikirlər səsləndirilir. Uzun müddətdir hakimiyyətdə təmsil olunursuz. Sizin bu qeyri-qanuni dəstə haqda məlumatınız olub?
- Bunların hamısı əfsanədir. Bir məsələni danışım. Ümummilli liderin vəfatından sonra elə adamlar düz gözümün içinə baxıb elə şeylər danışdı ki, təəccübləndim. Deyir getdim, Heydər Əliyevlə görşdüm, danışdım, 5 saat söhbət elədik... Amma bu adam heç Heydər Əliyevi canlı görməyib. Televiziyadan izləyə bilərdi ancaq. Şahidlər olmayan yerdə hərə özündən bir əfsanə danışır. Bu yaxınlarda telekanalların birində bir adam çıxış edirdi. Bizim partiyanın yaranması və Ümummilli lider haqda danışırdı. Deyirdi ki, belə elədim, belə gəldim, belə getdim. Amma mən bilirdim ki, yalan deyir. Gəlib partiyanın siyahısına baxıram ki, həmin adam YAP-a 1997-ci ildə üzv olub.
Bilirsiniz bu nəyə bənzəyir?! Bir gün Həzrəti Əli yolla gedərkən görür ki, bir neçə nəfər “Qurani-Kərim”i fərqli şəkildə oxuyur. Həzrəti Əli o zaman peyğəmbərin yanında olan insanları başına yığır və deyir ki, gəlin biz “Qurani-Kərim”i peyğəmbərdən necə eşitmişiksə, elə də oxuyaq və bunu belə də təbliğ edək. “Qurani-Kərim” bu gün Azərbaycanda da, Avropada da, Amerikada da eynidir. Yəni, necədirsə, elə. Lakin bu cür insanlar şahid olmadığını düşünüb, məsələləri şişirdib, bir az da üstünə qoyaraq cəmiyyətə çatdırmağa çalışırlar. Bunların dediyi Koroğlu dastanıdır. Deyirlər ki, biz də Koroğlunun dəlilərindən biriyik. Nəsə ola bilər, amma bu şəkildə də yox.
“Oruc tuturam, inşallah namaz qılmaq, həccə getmək də olacaq...”
- Siyavuş müəllim, bayaqdan Həzrəti Əlidən, “Qurani-Kərim”dən, sünnədən misallar çəkirsiniz. İbadətlə məşğul olursunuz deyəsən. Namaz qılırsınızmı?
- Yox. Namaz qılmıram. Amma digər ritualları yerinə yetirirəm. Bəzi şərtlər var ki, müsəlman onları yerinə yetirməlidir - oruc tutmaq, həccə getmək, namaz qılmaq, zəkat vermək. Oruc tuturam. Əsas şərtlərdən ikisi qalır - namaz qılmaq və həccə getmək. İnşallah, bunlar da olacaq. İslam dininin gözəlliyi ondan ibarətdir ki, burada əmr yoxdur, tövsiyə var. Mən həmişə xalq dilində danışıram. Bunu da belə izah edim. Məsələn, sənə deyilmir ki, hamısını eyni vaxtda eləməlisən. Deyilir ki, bunları eləmək lazımdır. İnsan da yaşa uyğun olaraq bu addımları atır. Əgər kimsə desə ki, mən gənc yaşımda bunların hamısını edirəm, deməli, hoqqabazlıq edir. Ola bilər ki, bir neçə nəfər çox səmimi qəlbdən bunu yerinə yetirir. Başıma gələn bir hadisəni danışım. Oruc idim. Vaxt keçsin deyə bir az gəzməyə çıxdım. Yolda iki hicablı qız gəlirdi. Dönər yeyirdilər. Hicab bağlamaq hara, orucluq günü dönər yemək hara?! Düzdür, kimsə xəstə ola bilər, oruc tutmaya bilər. Amma elə eləməlisən ki, oruc tutan başqa birini narahat etməyəsən. Görünür, bu insan hicabı forma üçün bağlayıb. Sözümün canı odur ki, İslam məcburiyyət dini deyil.
- Amma bəzən din adına heyrətamiz işlər olur. Qaraçuxur məscidi yandırıldı. Suriyaya döyüşə gedənlər, İŞİD-ə qoşulanlar Azərbaycana qayıdır. Bu yaxınlarda bir nəfər hava limanında tutuldu. Lənkəranda da İrana casusluq edən iki azərbaycanlı tutuldu. Bütün bu hadisələr son günlərdə baş verdi. Cəmiyyətdə də artıq xof yaranmağa başlayıb. Azərbaycanda təriqətlərarası gərginliyin olması mümkündürmü?
- Azərbaycanda təriqətlərarası gərginlik ola bilməz. Düzdür, kimlərsə bunu süni şəkildə yaratmaq istəyirlər. Bu gərginliyi də şüuru o qədər də yetkin olmayan insanlar arasında təbliğ etməyə çalışırlar. Hələ Sovet dövründə belə Azərbaycanda dini rituallar yerinə yetirilirdi. İndi Azərbaycanda heç bir sünni-şiə ayrı-seçkiliyi, fərqi yoxdur. Qanunla fəaliyyət göstərən bütün təriqətlərə şərait var. Azərbaycan tolerantlıq nümunəsidir. NATO-nun müxtəlif tədbirlərində iştirak etmişəm. Bir çox ölkələrdən olan nümayəndələr Azərbaycanı tolerantlıq nümunəsi kimi göstərib.
Lakin Azərbaycanda bəzi dini cərəyanların üzvləri var ki, onlar dindar sayılmır. O şəxslər müxtəlif ölkələrin maraqlarına xidmət edir. Onlar kəşfiyyatçıdır. Bununla da hüquq-mühafizə orqanları məşğul olmalıdır. Avropa Oyunları ərəfəsində Azərbaycanda belə təxribatlar olacaq. Birdən baxırsan ki, kimsə məscidi yandırır. Məscid, sinaqoq, kilsə Allahın evidir. Allah isə birdir. Hərə bir cür inanır. Biri sağdan gəlir, biri də soldan. Allahın evini yandırmaq olmaz. Bu - cinayətdir. Kimliyindən asılı olmayaraq, gərək Allaha inanmayasan, şeytana inanasan ki, gedib Allahın evini yandırasan. Bu cür insanlar kimlərinsə ayırdığı vəsait hesabına bu yollara əl atırlar. Bu dini cərəyanların heç fundamenti yoxdur. Məsələn, bu yaxınlarda xəvaricilər haqda oxudum. Xəvariclər Həzrəti Əlinin dövründə Nəhrəvan döyüşündə olublar. İndi xəvariclərin burda nə işi var? Heç bunlara qoşulanlar da bilmir ki, xəvaricilər kimlərdir. Elə sələfilər də. Adını eşidənlər qaçıb qoşulur bunlara. Məsələn, əvvəllər bəzi partiyalar var idi. Özlərinə diqqətçəkən adlar qoyurdular ki, insanlar gəlib onlara qoşulsun. Məsələn, Milli Quruluş Partiyası. İndi də bu təriqətlərə qoşulanlar maraqlanmır ki, bunların məqsədi, məramı nədir.
Bu cür təriqətlər müxtəlif kəşfiyyatlara xidmət edir və onların məqsədini yerinə yetirməyə, onların quruluşunu tətbiq etməyə çalışır. Hərəsi də bunu fərqli yollarla etməyə çalışırlar. Məsələn, nurçular bunu təkamül yolu ilə, vəhhabilər isə inqilabi yolla etmək istəyirlər.
Ümumiyyətlə, deyə bilərəm ki, Azərbaycanda olan bir çox təriqətlərin dinlə heç bir əlaqəsi yoxdur və onlar müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının maraqlarına xidmət edir, onların göstərişini yerinə yetirirlər.

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31