Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ekspertlər hesab edirlər ki, “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğu vətəndaşların hakimiyyətə yüksək etimad bəslədiyini göstərir

Ekspertlər hesab edirlər ki, “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğu vətəndaşların hakimiyyətə yüksək etimad bəslədiyini göstərir

17.10.2015 [13:14]

Azərbaycanın müstəqil daxili və xarici siyasət kursu yüksək qiymətləndirilir
Xəbər verildiyi kimi, Amerikanın nüfuzlu “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzi Azərbaycan əhalisi arasında keçirdiyi sorğunun nəticələrini dərc edib. Məlumatda deyilir ki, seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir.
Qeyd edək ki, ictimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. “Ölkə düzgün istiqamətdə irəliləyirmi” sualına iştirakçıların 77,1 faizi müsbət cavab verib. Respondentlərin 81,7 faizi qeyd edib ki, Azərbaycan regionda sabitlik adasıdır, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır olduğunu vurğulayıb. Sorğuda iştirak edənlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin doğru və təqdirəlayiq olduğunu bildiriblər. Məlumata görə, seçicilərin 74,4 faizi öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. Sorğu iştirakçılarına onların Prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə də sual verilib. Respondentlərin 82,1 faizi “yaxşı” və “əla” cavablarını veriblər.
Ekspertlər “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğunun ölkəmizdə vətəndaşların iqtidara mütləq inam və etimad bəslədiyini göstərdiyini ifadə edirlər.
Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elçin Əhmədov bildirib ki, bu sorğunun nəticələri Azərbaycan reallıqlarını ifadə etməklə yanaşı, xalqla iqtidar arasındakı yekdilliyin göstəricisidir: “Sorğuda iştirak edən vətəndaşların 77 faizi ölkənin doğru istiqamətdə olduğunu bildirib ki, bu da öz növbəsində həyata keçirilən daxili və xarici siyasətin doğru və təqdirəlayiq olduğunu göstərir. Xüsusilə də, respondentlərin Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi prinsipial siyasətin səmərəli olmasını ifadə etməsi bəhs olunan ümummilli məsələdə yekdil mövqeyin olmasına işarədir. Bu isə təsadüfi deyil, çünki Azərbaycan hakimiyyəti bu məsələdə konkret mövqe nümayiş etdirir, işğal edilmiş ərazilərin geri qaytarılması üçün ardıcıl siyasət yürüdür. Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan diplomatik səylərini davam etdirir. Bu vasitə nəticə verməyəcəyi halda, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə və beynəlxalq hüquq normalarına istinad edərək işğal edilmiş ərazilərini hərbi yolla azad edəcək”.
“Bütövlükdə, bu sorğunun nəticələri reallığı əks etdirməklə Azərbaycan vətəndaşlarının iqtidara, onun həyata keçirdiyi siyasətə aşkar, obyektiv münasibətini ifadə edir”, - deyə E.Əhmədov əlavə edib.
“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycan vətəndaşları tərəfindən böyük məmnunluqla qarşılanır: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bunun nəticəsidir ki, bütün sahələrdə davamlı uğurlar əldə olunur, ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açılır. Azərbaycan öz inkişaf modeli ilə bir çox ölkələrə nümunədir. Ona görə də həm ölkə, həm də dünya ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin səmərəli və doğru olduğunu bildirir, Azərbaycanın inkişafını təqdirəlayiq hesab edirlər. Amerikanın nüfuzlu “Arthur J.Finkelstein & Associates” təşkilatının apardığı sorğunun nəticələri də məhz bunu əks etdirir”.
“SƏS” Media Qrupunun rəhbəri əlavə edib ki, Azərbaycanda həyata keçirilən siyasət həm də ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfələr verib: “Hüquqi dövlət olan Azərbaycan demokratik ölkə imicinə malikdir. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı müşahidə edilir, eyni zamanda, bütün azadlıqlar təmin olunub. Məhz bu amil də Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”.
Politoloq Elşad Mirbəşiroğlu isə vurğulayıb ki, qlobal siyasi-iqtisadi kataklizmlərə, müxtəlif bölgələrdə cərəyan edən dağıdıcı proseslərə baxmayaraq, Azərbaycan sabitlik adası kimi səciyyələndirilir və ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir: “Şübhəsiz, bunun səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursudur. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli inkişaf siyasətinin strateji hədəfi davamlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə nail olmaq, beynəlxalq mövqeləri gücləndirməkdir. Qarşıya qoyulmuş bu hədəflərə nail olunub və Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məqsədyönlü siyasət həyata keçirilir, beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edilməkdədir. Məhz bütün bunlar ölkə vətəndaşları tərəfindən olduqca yüksək qiymətləndirilir. Bu, konkret sosioloji sorğularda da əks olunur. Məhz Amerikanın nüfuzlu “Arthur J.Finkelstein & Associates” təşkilatının ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin apardığı sorğunun nəticələri də bunu ifadə edir və Azərbaycan reallıqlarına verilən adekvat qiymətdir. Yəni Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin inkişafını təmin edən əsas faktor kimi çıxış etdiyini bildirir və bu kursun alternativsiz olduğunu ifadə edirlər”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31