Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Azərbaycan seçkilərə tam hazırdır”

“Azərbaycan seçkilərə tam hazırdır”

31.10.2015 [09:39]

Politoloq Arkov: Bu, çox yaxşı təcrübədir
“Müasir Azərbaycanda seçkilərin keçirilməsi təcrübəsi ölkə rəhbərliyinin demokratik dəyərlərə sədaqətini göstərir”. Bunu “Seçki-2015.az” saytına açıqlamasında “Politrus.com” saytının rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.
Politoloq Qərbin bəzi qüvvələri tərəfindən seçki öncəsi Azərbaycana qarşı qarayaxma cəhdlərinə də münasibət bildirib: “Hazırkı siyasi şəraitdə Qərbdə bəzi dairələrin, seçki prosesinin monitorinqi ilə məşğul olan təşkilatların nümayəndələri Azərbaycanda keçiriləcək seçkilərin şəffaflığına kölgə salmağa cəhdlər edirlər. Çox vaxt bu qüvvələr öz bəyanatlarını dəqiq arqumentlərlə əsaslandıra bilmirlər. Bu da əsl məqsədin Azərbaycana siyasi təzyiq cəhdi olduğunu sübut edir”.
V.Arkov qeyd edib ki, ötən seçkilərdə Milli Məclisin tərkibinə üç əsas partiya daxil oldu: “Digər deputatlar isə bitərəfdirlər. Bu, çox yaxşı təcrübədir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə 15 siyasi partiya və 7 partiyanın daxil olduğu siyasi blok qatılıb. Bütün bunlar bir çox Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda demokratiyanın inkişaf etməsinə əyani sübutdur. Halbuki, öz daxilində demokratiyanın olmadığı bir çox Qərb dövləti postsovet ölkələrindən demokratiya tələb edirlər. Özləri isə utanmadan demokratiyanı tapdalayırlar”.
DİN rəsmisi: Seçicilərin təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb
Azərbaycanda seçki günü bütün seçicilərin, beynəlxalq və yerli müşahidəçilərin təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb. Onların təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq. “Seçki-2015.az” saytının xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) təmsilçisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. O bildirib ki, polislər seçki günü məntəqələrə yalnız xüsusi formada daxil ola bilərlər: “İctimai asayişə nəzarət etdikdən sonra məntəqələri tərk etməlidirlər”.
Ehsan Zahidovun sözlərinə görə, daxili işlər orqanlarının əsas vəzifəsi ictimai asayişə nəzarət etmək, seçicilərə qarşı təzyiq olduğu halda bunun qarşısını almaq və qanundankənar addımlara yol verməməkdən ibarətdir. “Polis əməkdaşları, həmçinin, seçki bülletenlərinin məntəqələrə (seçki prosesindən əvvəl və sonra), eləcə də Mərkəzi Seçki Komissiyasına daşınmasının təhlükəsizliyini təmin edəcəklər. Daxili İşlər Nazirliyi Azərbaycanda seçki günü təhlükəsizliyin və stabilliyin qarantı olacaq”, - deyə E.Zahidov bildirib.
Media seçki prosesinin əsas tərkib hissəsindən biridir
Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərdə 125 yer uğrunda 767 nəfər mübarizə aparacaq. Seçki Məcəlləsinə əsasən, namizədlərin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır və bu proses səsverməyə 24 saat qalmış dayandırılır. V çağırış Milli Məclisə seçkilərlə əlaqədar seçkiöncəsi təşviqat oktyabrın 9-da başlanıb. Qaydalara görə, bu proses 31 oktyabr saat 08:00-da dayandırılmalıdır.
Seçkinin bu mühüm mərhələsində namizədlər medianın gücündən də istifadə edə, öz təbliğatlarını qura bilərlər. Bunun üçün Mərkəzi Seçki Komissiyasına seçkiqabağı təşviqat prosesi ilə bağlı müraciət edən 23 agentlik, 19 qəzet, 3 televiziya və radionun imkanlarından da geniş istifadə etmək mümkündür. Bütün bunları nəzərə alaraq “Seçki-2015.az” saytı media nümayəndələri arasında sorğu keçirib. Onlardan seçki prosesinin təbliğat-təşviqat mərhələsində medianın oynadığı rol, həmçinin deputatlığa namizədlərin medianın gücündən lazımınca yararlana bilməsi ilə bağlı fikirlərini öyrənib.
“Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev: “Media seçki prosesinin əsas tərkib hissələrindən biridir. Seçki ilə bağlı xəbərlər medianın diqqətindədir. Siyasi proseslə əlaqədar informasiyalar, MSK-nın iclasları, verilən qərarlar, statistik göstəricilər, müşahidə qruplarının hesabatları, rəsmilərin açıqlamaları geniş şəkildə məhz mediada işıqlandırılır. Eyni zamanda, namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası da KİV-lərin diqqət mərkəzindədir. Həm çap mediasında, həm də internet mediasında çoxsaylı təbliğat materiallarına rast gəlirik. Budəfəki seçkidə bir məqam diqqət çəkib. Bu da namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı daha çox sosial mediadan istifadə etməsidir. Ümumilikdə götürsək, seçkiqabağı təbliğat-təşviqat kampaniyasında medianın imkanları çox genişdir. Amma bəzi namizədlər medianın gücündən lazımi qədər yararlana bilmədilər”.
“Azadinform” Müstəqil İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: “Media təmsilçiləri ölkədə keçirilən bütün siyasi proseslərin işıqlandırılmasında maksimum səy göstərirlər. Medianın üzərinə düşən əsas yük maarifləndirməkdir. KİV cəmiyyətdə seçki mədəniyyətinin yüksəldilməsində fəal rol oynayır. Hökumət bu missiyanı uğurla yerinə yetirən KİV-lərə qarşı heç bir məhdudiyyət tətbiq etmir. Müstəqil medianın da seçkiləri işıqlandırması üçün bütün imkanlar yaradılır. Seçki dövründə medianın hüquq və vəzifələri ölkə Konstitusiyası, Seçki Məcəlləsi, KİV-lər, “Reklam haqqında” qanunlarda, MSK-nın qəbul etdiyi təlimatlarda tam dolğunluğu ilə öz əksini tapıb. Seçki Məcəlləsində də bu prosesdə KİV-lərin təmsilçilərinə bir sıra üstünlüklər verilib. KİV-lər MSK-da və aşağı seçki komissiyalarında akkreditə olunmadan proses ərzində bütün mərhələlərdə istənilən məntəqədə seçkiləri müşahidə etmək, onlara lazım olan bütün məlumatları almaq hüququna malikdirlər. Builki parlament seçkiləri ərəfəsində də media seçki prosesinin işıqlandırılmasında kifayət qədər fəallıq nümayiş etdirdi. Təbii ki, namizədlərin təbliğat-təşviqat məsələsi sırf fərdi yanaşma ilə bağlıdır. Namizədlərin özlərinin, xüsusən də keçirdikləri görüşlərin mediada işıqlandırılması internet media istisna olmaqla, digər KİV-lərdə elə də güclü müşahidə olunmadı. Təəssüf ki, bizdə bəzi namizədlər media ilə işləməkdə sanki tərəddüd etdilər.
Bəzi namizədlər düşünürlər ki, yalnız müxtəlif ölçülü şəkillər çəkdirərək divarlara yapışdırmaqla özləri haqqında seçicidə rəy formalaşdıra biləcəklər. Bu, qətiyyən belə deyil. Namizədlər gücü daha çox media ilə özünü tanıtmaya sərf etməlidirlər”.
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Düşünürəm, seçki prosesində media düzgün çıxış edib, qaydalar pozulmayıb, prinsiplər gözlənilib. Deputatlığa namizədlər medianın gücündən yetərincə istifadə edə bilməyiblər. Bu seçkilərdə çox az namizəd media siyasətini düzgün qura bildi. Namizədin seçki qərargahı və orada da PR meneceri olmalıdır. Qaydalara əsasən, əvvəl namizədin obrazı düşünülür, sonra həmin obraz ardıcıl olaraq mediada cəmiyyətə təqdim olunur. Təəssüf ki, bizdə əksər namizədlər bu cür peşəkar iş qura bilmirlər. Bunun problemi mediada yox, namizədlərin özlərindədir”.
“Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin baş redaktoru Yunus Oğuz: “Hesab edirəm ki, Azərbaycan mediası ümumilikdə seçki prosesində tam normal, heç bir qanun pozuntusuna yol vermədən iştirak edib, Azərbaycan seçicisini seçki ilə bağlı əhatəli məlumatlandırıb. Namizədlərin medianın gücündən istifadə etməsi qənaətbəxş deyil. Deputatlığa namizədlər seçkinin təbliğat-təşviqat mərhələsində medianın gücündən lazımınca yararlana bilməyiblər”.
Əli Pənahov: Gənclər seçki kampaniyalarında fəal iştirak edirlər
“Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri kampaniyasında gənclər fəal iştirak edirlər”. Bu fikri “Seçki-2015.az” saytına açıqlamasında YAP Gənclər Birliyinin Ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov deyib.
O bildirib ki, Azərbaycan gəncliyi ölkənin aparıcı qüvvəsidir. Onun sözlərinə görə, gənclər cəmiyyət həyatında, o cümlədən ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
“Təbii ki, hər bir seçki kampaniyasında da gənclərin imkanlarından geniş istifadə olunur. Qarşıdan gələn parlament seçkilərində iştirak edən siyasi partiyalar da özlərinin seçki kampaniyalarının bütün mərhələlərində gənclərlə sıx əməkdaşlıq edirlər. Şübhəsiz ki, bütün bu amillər Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsi olduğunu bir daha təsdiqləyir”, - deyə Ə.Pənahov qeyd edib.
Mirvari Fətəliyeva: Seçkilərdən sonra Azərbaycan-Fransa əlaqələri daha da inkişaf edəcək
“Noyabrın 1-də parlament seçkiləri Azərbaycanda demokratik dövlət quruculuğu prosesində önəmli addım olacaq. Bunu qəbul etmək istəməyən qüvvələr erməni lobbisi ilə əlbir hərəkət edir və Azərbaycana qarşı təzyiqlərdə xüsusi fəallıq göstərirlər”. Bu fikirləri “Seçki-2015.az” saytına Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva bildirib.
Diaspor nümayəndəsi qeyd edib ki, bu gün Qərbi Avropanın bir sıra dövlətlərində, o cümlədən Fransa və Almaniyada şəbəkələşmiş erməni lobbisi fəaliyyət göstərir: “Onların əsas missiyası Azərbaycanın siyasi imicinə xələl gətirmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq və azərbaycanlılar haqqında mənfi fikirlər formalaşdırmaqdır. Sözsüz ki, Parisdə öz fəaliyyətimizlə erməni təbliğatının qarşısını almaqda fəallıq göstəririk. Lakin ermənilərin 150 ildən çoxdur ki, burada kök salmış diasporu və lobbisinin Avropanın bir sıra siyasətçilərinə təsiri danılmazdır”.
M.Fətəliyeva seçki prosesi öncəsi bəzi ölkələrin siyasətçilərinin Azərbaycan dövləti ilə uzlaşmayan baxışlarına da münasibət bildirib: “Düşünmürəm ki, Azərbaycana olan təzyiqlər demokratiya təbliğatına xidmət edir. Bu təzyiq, əslində, Azərbaycan dövlətinin regionda güclənən siyasətini qəbul etməmək, ölkəmizin geostrateji mövqedə yerləşməsini əsas tutaraq idarəçilik sükanını ələ almaq istəyindən qaynaqlanır. Burada erməni lobbisinin canfəşanlığı başadüşüləndir. Çünki güclü Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi deməkdir. Təəssüf ki, bəzi avropalı siyasətçilər bu sahədə erməni lobbisi ilə asanlıqla işbirliyinə gedirlər”.
Qurum rəhbəri qeyd edib ki, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Fransadan Azərbaycana ictimai-siyasi sektoru təmsil edən nümayəndələr gələcək.
“Azərbaycanı Fransada istəyən, dəyərləndirən kifayət qədər ictimai xadimlər, politoloqlar var. Əminik ki, Azərbaycan-Fransa əlaqələri seçkilərdən sonra daha əzmlə inkişaf edəcək və ölkələrimizin ikitərəfli əlaqələrinin artmasında mühüm rol oynayacaq”, - deyə M.Fətəliyeva əlavə edib.
“Neft Rossii” jurnalı: Azərbaycanda seçki kampaniyası heç bir siyasi gərginlik olmadan davam edir
Rusiyanın nüfuzlu nəşrləri Azərbaycanda keçirilən parlament seçkilərini diqqətlə izləyir. “Seçki-2015.az” saytı xəbər verir ki, bu fikirlərə “Neft Rossii” elmi jurnalında “Azərbaycan parlament seçkilərinə hazırlaşır” adlı geniş məqalədə yer verilib. Məqalədə müəllif ölkədəki seçki proseduru, namizədlərin və seçicilərin sayı haqqında ümumi məlumat verib, 15 partiyanın deputat kürsüsü uğrunda yarışdığını qeyd edib.
Jurnal yazır ki, seçki kampaniyası tam sakit şəkildə, heç bir siyasi gərginlik olmadan davam edir. Ekspertlər səsvermə prosesində də hər hansı xoşagəlməz halın olacağını istisna edirlər. Keçən seçkilərdən fərqli olaraq bu dəfə namizədlər sosial şəbəkədən, virtual aləmin imkanlarından daha çox istifadə ediblər. Bu da namizədlərin daha az vaxt və vəsait sərf edərək geniş kütlə ilə əlaqə yaratmasına imkan verir.
Yazıda qeyd olunur ki, dünya bazarında neftin qiymətinin düşməsinə baxmayaraq, ölkədə heç bir sosial layihə təxirə salınmayıb.
Heydər Camal: ATƏT DTİHB seçkilərə təsir göstərə bilmədiyi üçün müşahidəçilərini göndərməyib
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycandakı seçkilərin nəticələrinə təsir göstərə bilmədiyi üçün öz müşahidəçilərini göndərməyib”. Bunu “Seçki-2015.az” saytına açıqlamasında Rusiya İslam Komitəsinin sədri Heydər Camal deyib.
İctimai xadim Qərbin Azərbaycana qarşı təzyiqlərinin davam edəcəyinə əminliyini bildirib: “Onları dayandırmaq və ya aradan qaldırmaq mümkün deyil. Buna, sadəcə olaraq, fikir verməmək lazımdır”, - deyə o qeyd edib.
Bununla yanaşı, ekspert bildirib ki, Qərb dairələri imkan düşdüyü təqdirdə Azərbaycanda sabitliyi pozmaq istəyir, lakin bu cəhdlər uğursuz olacaq.
H.Camalın fikrincə, Azərbaycanda parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qalib gəlmək ehtimalı daha çoxdur.
Azərbaycan-Rusiya əlaqələrinin inkişafından danışan H.Camal bunun müəyyən dərəcədə Rusiya Federasiyasında baş verəcək hadisələrin gedişatından asılı olacağını vurğulayıb.
Seçkiləri izləmək üçün KİV-lərə bütün imkanlar yaradılıb
“Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini izləmək üçün yerli və xarici kütləvi informasiya vasitələri üçün bütün imkanlar yaradılıb”. Bu barədə “Seçki-2015.az” saytına Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.
O bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərini çoxlu sayda yerli və xarici jurnalistlər izləyəcək: “Jurnalistlər bu prosesdə heç bir məhdudiyyətlə qarşılaşmayacaqlar. Xüsusilə, yerli KİV-lər üçün heç bir məhdudiyyət yoxdur. Belə ki, yerli KİV-lərin nümayəndələri işlədiyi media orqanının vəsiqəsini təqdim etməklə istənilən Seçki Dairəsi və məntəqələrində səsvermənin gedişini izləyə, reportajlar hazırlaya bilərlər. Bütün bunlar seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinə xidmət edir”, - deyə Ş.Əsədli qeyd edib.
Andrey İvanov: Azərbaycanda sabit siyasi sistem mövcuddur
“Azərbaycanda sabit siyasi sistem mövsuddur”. Rusiya İnnovasiya İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov “Seçki-2015.az” saytına açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bu seçkilər ölkədə dövlət institutlarının demokratiya nümayişi kimi qəbul olunur. Qərbin Azərbaycana təzyiq cəhdlərinə münasibət bildirən A.İvanov hesab edir ki, bunun bir neçə səbəbi var: “İlk növbədə, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan Qərbin heç bir geosiyasi “oyunlarına” qoşulmur, müstəqil, milli maraqlara uyğun siyasət aparır. Digər - ikinci bir səbəb isə Qərb ictimaiyyətinin və siyasətçilərinin baxışlarıdır. Onlar hələ də “illüziya”larla yaşayırlar. Amma bu tənqidlərə çox da əhəmiyyət vermək lazım deyil”.
Azərbaycanın seçki təcrübəsi digər dövlətlərə nümunədir
“Avropa dövlətləri və ABŞ-da Azərbaycana səmimi münasibət bəsləyən, dövlətimizin maraqlarını müdafiə edən dairələr kifayət qədərdir. Lakin sirr deyil ki, ermənipərəst havadardan aldıqları sifarişlər əsasında ölkəmizin nüfuzuna xələl yetirmək istəyən qüvvələr də var”. Bu sözləri “Seçki-2015.az “saytına açıqlamasında “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının üzvü, Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev ABŞ senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələrlə bağlı danışarkən deyib.
O bildirib ki, məlum çevrələr məkrli ambisiyalarına uyğun olaraq Azərbaycanda parlament seçkiləri ərəfəsində ölkəmizə qarşı təzyiq vasitələrini işə salıblar.
Daha sonra “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının fəaliyyətindən danışan İbrahim Əliyev qeyd edib ki, əsas məqsəd seçki prosesini izləmək, müşahidələrimiz əsasında real vəziyyətə dair məlumatlar toplamaq və bu barədə yerli və dünya ictimaiyyətini məlumatlandırmaq, qərəzli qüvvələrin təzyiqlərinə faktlarla tutarlı cavab verməkdir: “Apardığımız monitorinqlər zamanı, seçkiyə hazırlıq prosesi, namizədlərin təbliğat-təşviqat kampaniyasında hər hansı bir problem müşahidə olunmayıb. Azərbaycanda seçkilər şəffaf və demokratik qaydalara uyğun keçirilir. Dövlətimizin seçki prosesi ilə bağlı qazandığı təcrübə digər dövlətlərə də nümunə olmalıdır”.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31