Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın yeni iqtisadi inkişaf kursu sosial məzmunludur

Azərbaycanın yeni iqtisadi inkişaf kursu sosial məzmunludur

29.01.2016 [09:46]

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Son 10 ildə dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb.
Azərbaycanın yeni iqtisadi kursu: strateji prioritetlər bəllidir
Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi xarakterizə edilə bilər. Həyata keçirilən davamlı islahatlar isə müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır. Bu kontekstdə ötən ilin yekunları da Azərbaycanın inkişaf və sabitliyinin davamlı olacağına dəlalət edir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda da bu məsələlər diqqət mərkəzində olub. Prezident İlham Əliyev ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən edib. Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər deməyə əsas verir ki, iqtisadi böhran və enerji resurslarının qiymətinin aşağı düşməsi bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Bütövlükdə isə, dövlət başçısının məlum müşavirədəki nitqinin təhlili ona dəlalət edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib.
Davamlı islahatlar yeni inkişaf kursunun uğurlu olmasını təmin edəcək
Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 12 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının ilk növbədə ölkəmizə sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehlak məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
həyata keçirilən bütün tədbirlər sosial məzmunlu olacaq
Şübhəsiz, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial məsuliyyət olacaq. Bu, o deməkdir ki, yenə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanacaq.
Ümumiyyətlə, sirr deyil ki, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanın dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Yeri gəlmişkən, bir müddət öncə pensiya və əmək haqlarının 10 faiz artırılması bu istiqamətdə həyata keçirilən zəruri tədbir olmaqla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir.
Ekspertlərin qənaəti budur ki, hazırkı vəziyyətdə atılan bu addımlar ciddi sosial təşəbbüsdür. Bu, ona dəlalət edir ki, hakimiyyət insanları düşünür və ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Qeyd edilməlidir ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir. Ona görə Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək”.
Sahibkarlığın inkişafı qarşıya qoyulan müxtəlif vəzifələrin yerinə yetirilməsində müstəsna rol oynayacaq
Ölkəmizdə milli iqtisadi inkişafı təmin edən mühüm faktorlardan biri olan sahibkarlığın inkişafı da diqqət mərkəzindədir. Ümumilikdə, sahibkarlığın inkişafı özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu amil, öz növbəsində, ölkə iqtisadiyyatının dinamik inkişafının davam etməsində mühüm rol oynayır. Dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində altqurum institutu kimi mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir, eyni zamanda, sosial rifah halının yaxşılaşmasında əhəmiyyətli vasitə rolunu oynayır. Başqa sözlə, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. Və ötən müddət ərzində bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib. Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev diqqətə çatdırıb ki, sahibkarlığın inkişafı üçün çox işlər görülübdür: “Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın”.
Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, sahibkarlar da həm iş yerləri yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər.
Sosial məsuliyyət prinsipi əsas götürülməlidir
Nəticə etibarilə, həyata keçirilən yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafının dövlətin diqqət mərkəzində olması həm də sosial məsuliyyət prinsipinin önə çəkilməsindən xəbər verir. Azərbaycan dövləti sahibkarlığın, xüsusən də bölgələrdə orta və xırda sahibkarlığın inkişafına maddi və mənəvi dəstək göstərməklə siyasi iradə nümayiş etdirir və bu, eyni zamanda, sosial məzmun kəsb edir. Məhz bu amil iqtisadiyyatın dinamik inkişaf tempinin mütəmadi xarakter daşımasını şərtləndirir. Prezident İlham Əliyevin çıxışlarında mütəmadi olaraq sahibkarların fəaliyyətinə verdiyi önəmi vurğulaması, onların problemlərini dilə gətirməsi və sahibkarlığın inkişafı üçün lazım olan tapşırıqlar verməsi sahibkarlara böyük stimul verir, bu isə nəticə etibarilə sahibkarlığın inkişafına, milli iqtisadiyyatın tərəqqisinə, sosial siyasətin uğurluluğuna töhfə kimi çıxış edir.
Bu istiqamətdə həyata keçiriləcək tədbirlər, irəli sürüləcək təşəbbüslər həm də məşğulluğun artmasında mühüm rol oynayacaqdır. Sirr deyil ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də məşğulluğun artırılmasıdır və bu kontekstdə müəyyən olunmuş planların konseptual icra mexanizmi yaradılıb. Bəhs olunan nitqində dövlətimizin başçısı bununla bağlı qeyd edib: “İndiki şəraiti nəzərə alaraq hesab edirəm ki, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılmışdır və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Onların içində, əlbəttə ki, böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər. Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 711 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31