Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası erməni yalanlarını ifşa edir

“Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası erməni yalanlarını ifşa edir

20.02.2016 [09:54]

“Facebook” sosial şəbəkəsində yaradılmış səhifə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitədir
1992-ci il fevralın 26-da ermənilər tərəfindən xalqımıza qarşı törədilən qanlı Xocalı soyqırımı erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı. Belə ki, 24 il öncə baş vermiş bu qanlı cinayət nəticəsində Xocalı şəhərində yüzlərlə günahsız insan, eləcə də uşaqlar və qocalar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər. Məlum olduğu kimi, Azərbaycan dövləti bu qanlı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, insanlığa qarşı törədilmiş bu cinayətin iştirakçılarının hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində sistemli iş aparır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət, həmçinin “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kompaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın 10-a yaxın dövləti, ABŞ-ın isə 20 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımını pisləyən qətnamə qəbul ediblər.
Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti isə xüsusi vurğulanmalıdır. Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə hər il bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, kitablar, broşürlər nəşr olunur. Bundan başqa, Fondun təşəbbüsü ilə hər il xarici ölkələrdə oxuyan tələbələrimiz Xocalı soyqırımı ilə bağlı müəyyən sərgilər hazırlayır, faciəni əks etdirən foto-faktların təbliği istiqamətində addımlar atırlar.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası istər miqyasına, istərsə də geniş təbliğat imkanlarına görə seçilir. Xatırladaq ki, 2008-ci il mayın 17-də ilk dəfə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ekspertlərinin toplantısında bu təşəbbüs dəstəklənib və iclasın yekun sənədinə salınıb. Daha sonra isə İƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) keçirilən konfransının 35-ci sessiyasında qəbul olunan qətnaməsində Leyla Əliyevanın “Xocalıya ədalət” təşəbbüsü də öz əksini tapıb. Məhz bu təşəbbüsün qəbul edilməsi nəticəsində 26 fevral - Xocalı soyqırımı gününün İƏT ölkələrində qeyd edilməsi nəzərdə tutulub. Qətnamənin İƏT-in xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradıb.
Soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində fəaliyyətin ən böyük uğurlarından biri də Xocalı həqiqətlərinin İƏT-ə üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması məsələsidir. Belə ki, Leyla Əliyeva tərəfindən irəli sürülən Xocalı soyqırımının müsəlman dövlətlərində ali təhsil məktəblərinin dərsliklərinə salınması və qətliama aid həqiqətlərin daha geniş miqyasda yayılması təklifləri islam ölkələrinin ali təhsil və elm nazirlərinin dördüncü konfransının yekun qətnaməsinə də daxil edilib. Bu sənəd də ermənilərin Xocalıda törətdikəri qətliamlar haqqında əsl faktların İƏT-ə üzv ölkələrin ali təhsil müəssisələrinin dərsliklərində əks olunmasını dəstəkləyir və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının geniş miqyasda keçirilməsi zəruriliyini əks etdirir.
Digər tərəfdən, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının effektivliyinin daha da artırılması, eləcə də bu istiqamətdə atılan addımların dünyaya çatdırılması üçün 2009-cu ilin fevralında Haaqa şəhərində kampaniyanın internet saytının (www.justiceforkhojaly.org) təqdimatı keçirilib. Daha sonra internet saytı Bern, London, Ər-Riyad, Kiyev, Berlin, Buxarest, Vyana, Riqa, Varşava, Pekin və bir çox paytxatlarda, eləcə də ABŞ-ın bir sıra ştatlarında ictimaiyyətə təqdim olunub. Saytın Türkiyə Respublikasında keçirilən təqdimat mərasimində bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb və türkiyəli gənclərin bu məsələdə aktiv rol alacağı da bildirilib.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurlarından biri də soyqırımının İsveçdə yaradılmış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” layihəsinə daxil edilməsidir. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib. Saytda istifadə edilmiş ədəbiyyat və resurslar içərisində “Xocalıya ədalət!” kampaniyasının rəsmi internet saytından (www.justiceforkhojaly.org http://www.justiceforkhojaly.org) istifadə edilib və sayt kampaniyanın rəsmi saytına yönləndirilib. Xocalı soyqırımının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnam və başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib.
Eyni zamanda, kampaniya çərçivəsində hər il fevralın 26-da dünyanın aparıcı dövlətlərinin paytaxtlarının mərkəzi meydanlarında Xocalı soyqırımında həlak olan günahsız insanların xatirələri anılır, fləş-moblar keçirilir, bu soyqırımının tanıdılması yönündə işlər aparılır.
Qeyd edək ki, “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyasının təbliği və tanıdılması istiqamətində sosial şəbəkələrdə də fəal iş aparılır. Belə ki, “Facebook”, “Twitter”, “İnstagram” və “YouTube” sosial şəbəkələrində Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm addımlar atılır.
Məsələn, “Facebook” sosial şəbəkəsinin “https://www.facebook.com/JFKCampaign” səhifəsində Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar verilir. Səhifədə Xocalı soyqırımını tanıyan, bu soyqırımını pisləyən qətnamələr qəbul edən ölkələrlə bağlı xəbərlər və şərhlərlə yanaşı, faciəni əks etdirən foto və videomateriallar da yer alır. Qeyd edək ki, həmin materiallar mütəmadi olaraq yenilənir və Xocalı həqiqətlərini əks etdirən tarixi faktlar səhifə ziyarətçilərinə təqdim olunur.
Bundan başqa, adıçəkilən səhifədə ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi, əsrlər boyu Azərbaycanın mədəni tarixi abidələrinə qarşı erməni iddiaları, ermənilərin 200 il ərzində Azərbaycan xalqına qarşı apardığı təcavüzkar siyasət ifşa olunur, həmçinin Azərbaycanın, Dağlıq Qarabağ torpağının tarixi keçmişi ilə bağlı dolğun məlumatlar verilir. Bu məlumatlar isə vaxtilə dünyada formalaşdırılmış erməni yalanlarını darmadağın etməklə yanaşı, xalqımıza qarşı aparılan təcavüzkar terror siyasətinin üstünə işıq salır.
Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri bu səhifə vasitəsilə ermənilərin işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın yaşadıqları dəhşətləri bir daha öz gözləri ilə görmək imkanı qazanıblar. Xocalıda qətlə yetirilən günahsız körpələrin, əsir düşmüş insanların başına gətirilənlər faktlarla səhifə ziyarətçilərinə təqdim edilir.
Onu da vurğulamaq lazımdır ki, “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası bir sıra ictimai təşkilatlar tərəfindən də dəstəklənir. Kampaniya ilə bağlı həmin təşkilatlar tərəfindən sosial şəbəkələrdə təbliğat işləri aparılır və səhifələr yaradılır, Xocalıda baş vermiş dəhşətli cinayət dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 896 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31