Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq güclənir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq güclənir

26.11.2016 [09:25]

Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir
Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir.
Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik etməsini xüsusi qeyd etmək lazımdır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib ki, bu gün Azərbaycan beynəlxalq arenada böyük nüfuza malik dövlətdir: “...Bir faktı qeyd etmək kifayət edər. Bir neçə il əvvəl Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Biz bu üzvlüyü 155 dövlətin dəstəyi sayəsində əldə etmişik. Yəni beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti, hətta Azərbaycan ilə fəal siyasi təmaslara malik olmayan ölkələr belə bizim namizədliyimizi dəstəkləyib”.
Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, bu, məsuliyyətli və məntiqlə davranan tərəfdaş ölkəyə - Azərbaycana dəstəyin, bizim beynəlxalq müstəvidə davranışımıza və fəaliyyətimizə verilmiş yüksək qiymətin göstəricisi idi.
Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırıb ki, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır: “Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır”.
Digər tərəfdən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir.
Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir.
Ölkəmiz regionda təhlükəsizlik və əməkdaşlığa strateji töhfələr verir
Müasir dövrdə beynəlxalq münasibətlər sisteminə təsir edən əhəmiyyətli amillərdən biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Bu məqamda qeyd edək ki, cari il avqustun 8-də Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü Avrasiya geosiyasi məkanında yeni əməkdaşlıq formatının əsasını qoydu. Ekspertlərin yekun qənaəti budur ki, Azərbaycanın, İranın, Rusiyanın iştirakı ilə yaranan yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Digər tərəfdən, Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli Zirvə görüşü region ölkələri arasında qarşılıqlı etimad mühitinin dərinləşməsi baxımından böyük önəm daşıyır.
Şübhəsiz ki, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Başqa sözlə, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Prezident İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə oynadığı rol yüksək qiymətləndirilir və artıq gözəl nəticələr var”.
Öz növbəsində, region dövlətləri də Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildirirlər. Bütövlükdə, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Məhz Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır, bölgədə təhlükəsizlik və işbirliyinə əhəmiyyətli töhfələr verir.
Cənubi Qafqazın lider dövləti beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran amildir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər. Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır
Onu da qeyd edək ki, həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsi beynəlxalq gündəmin aktual məsələlərindən birinə çevrilib. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ümumiyyətlə, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. O da qeyd edilməlidir ki, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Daha da dəqiqləşdirsək, son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır. Bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni situasiyanın yaranması pozitiv amil kimi qiymətləndirilir.
Əlbəttə, Azərbaycanın uğurlu xarici siyasət kursu və diplomatiyası beynəlxalq ictimaiyyətin bu münaqişəyə münasibət və mövqeyini formalaşdıran mühüm amildir. Dövlətimizin başçısı bu məsələyə toxunaraq deyib ki, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: “İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 771 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30