Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ölkəmizdə həyata keçirilən hüquqi islahatların yeni mərhələsidir

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ölkəmizdə həyata keçirilən hüquqi islahatların yeni mərhələsidir

15.02.2017 [10:05]

Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.
Ekspertlər bunu hüquqi islahatların yeni mərhələsi kimi səciyyələndirirlər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı Sərəncam ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır. Komitə sədri qeyd edib ki, müasir dövrün tələblərinə uyğun olaraq cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzalanan Sərəncam islahatların keyfiyyətcə yeni mərhələsidir: “Sərəncam həmçinin Azərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisidir”.
Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən belə bir Sərəncamın imzalanması hüquqi islahatların növbəti mərhələsinin anonsunu verdi: “Bu Sərəncamdan irəli gələn vəzifələrin icrası nəticəsində penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mühüm dəyişikliklərin əsası qoyulacaq. Sərəncama əsasən, Ədliyyə Nazirliyinin nəzdində Probasiya xidməti yaradılır. Bu xidmət şərti və alternativ cəzaların çəkilməsinə ümumi nəzarəti həyata keçirəcək. Bununla yanaşı, elektron nəzarət sisteminin tətbiqi də nəzərdə tutulub ki, bu da olduqca mütərəqqi yanaşmadır. Cinayət törətmiş məhbuslar elektron brosletlər vasitəsilə nəzarətdə saxlanılacaqlar. Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrinin hazırlanması tövsiyə olunub. Bununla da ictimai təhlükə yaratmayan cinayətlər törətmiş şəxslərə qarşı alternativ cəzaların tətbiq edilməsinə şərait yaranacaq”.
Millət vəkili əlavə edib ki, həbs qətimkan tədbirlərinə alternativ tədbirlərin görülməsinin nəzərdə tutulması alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi baxımından əhəmiyyətə malikdir: “Sərəncamda tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin. Bu Sərəncamla həmçinin penitensiar xidmət müəssisələrinin yükü xeyli azaldılmış oldu. Eyni zamanda, penitensiar xidmətin peşəkar kadrlarla təmin olunması məsələsini də vurğulamaq lazımdır. Hesab edirəm ki, Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bu istiqamətdə kompleks tədbirlər həyata keçiriləcək. Bu, Azərbaycan dövləti tərəfindən həyata keçirilən humanizm siyasətinin təntənəsidir”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam tarixi əhəmiyyətə malikdir: “Azərbaycanda indiyə qədər cəza sisteminin humanistləşdirilməsi ilə bağlı bir sıra addımlar atılıb. Ölkə başçısı bununla bağlı ciddi qərarlar qəbul edib. Prezident İlham Əliyevin imzaladığı Sərəncam həmin sənədlərin davamıdır. Hesab edirəm ki, Sərəncam cəza sistemində humanistləşdirmə istiqamətində atılan tarixi addımdır”.
S.Məmmədov vurğulayıb ki, bəhs olunan Sərəncam orada qeyd olunan sahələr üzrə çox ciddi dönüş yaradacaq: “Ədliyyə Nazirliyi ilə Avropa İttifaqının arasında layihə var və orada probasiya məsələləri qoyulub. Probasiya bizim üçün aktualdır. Avropada probasiya geniş tətbiq olunur. Bizdə də zaman-zaman probasiya elementləri olub. İndi, görünür, alternativ cəza növlərinin tətbiqini ayrıca koordinasiya etmək lazımdır. Ümidvaram ki, probasiya xidmətində ictimaiyyət nümayəndələri ən azı müşahidəçi qismində təmsil olunacaqlar. Hesab edirəm ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrinin yükünün azaldılması, həm dekriminallaşdırma, həm probasiya, həm də elektron nəzarət vasitələrinin tətbiqinə ehtiyac var. Bu, aktual məsələdir”.
Sahib Məmmədov əlavə edib ki, elektron nəzarət dünyanın bir sıra ölkələrində tətbiq olunur: “Məsələn, elektron brosletlər sistemi var. Bu vasitə ilə şəxsi nəzarət altında saxlamaq olur. Məqsəd odur ki, həmin şəxs qaçıb aradan çıxmasın və yeni cinayət əməlləri törətməsin. Başqa bir məsələ cəzaların dekriminallaşdırılması ilə bağlıdır. Elə cəzalar var ki, onların dekriminallaşdırılmasına ehtiyac var. Sərəncamda da dekriminallaşdırma məsələsi qoyulub. Elə cəzalar var ki, onlar inzibati məsuliyyətlə, yaxud pul cəriməsi ilə əvəzlənə bilərsə, bununla bağlı təkliflər hazırlanıb təqdim olunmalıdır. Bunların hamısı vacib məsələdir”.
Komitə üzvü bildirib ki, Sərəncamda əksini tapan digər bir vacib məsələ qətimkan tədbirləri ilə bağlıdır: “Prosessual məcburiyyət tədbiri kimi bizdə xeyli qətimkan tədbiri var. BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələyə diqqət cəlb etmişdi. Eyni zamanda Ali Məhkəminin Plenumu məsələyə toxunmuşdu. Məhkəmə Hüquq Şurasının iclasları zamanı şura sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev dəfələrlə bununla bağlı mövqe ortaya qoyub. Bildirilib ki, bəzən Azərbaycanda inzibati rayonlar üzrə həbs qətimkan tədbiri üzrə təqdimatlar yüz faiz təmin olunur. Ümumiyyətlə, lüzum olmayan yerdə qətimkan tədbiri kimi həbsin seçilməsi məqsədəuyğun deyil. Mümkün halda digər qətimkan prosessual məcburiyyət tədbirləri seçmək olar. Məsələn, başqa yerə getməmək, zaminliyə verilmək, pul girovu qoymaq və s. Bu məsələlər ölkə başçısı tərəfindən imzalanan Sərəncama daxil edilib”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30