Trampın məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi
28.05.2019 [09:52]
Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər üzərində qurmaq istədikləri məsələsinin konkretləşdirilməsi əhəmiyyət daşıyır. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub həm də bu aspektdən maraq doğururdu. Təbii ki, bir təbrik məktubunda siyasi kursun incəlikləri əks olunmaz. Lakin hər təbrik məktubunda da konkret əməkdaşlıq təklifləri yer almır. ABŞ rəhbəri isə qısa məktubunda Azərbaycanla münasibətlərin çox vacib cəhətlərinə yığcam şəkildə toxunub. Onların qlobal və regional geosiyasi dinamika kontekstində analizinə ehtiyac var.
Tarixi nailiyyətin etirafı: dövlətçilik ənənəsi və intellektual potensialı olan xalq
Qlobal səviyyədə dünya geosiyasi aspektdə çox qarışıqdır. Hər an istənilən ölkəyə qarşı riskli işlər ortaya çıxa bilər. Xüsusilə böyük güclər gözlənilməz addımlar ata bilərlər. Belə şəraitdə bulanıq suda balıq tutmaq istəyən qüvvələr başqalarının daxili işlərinə qarışmağa və ya iftiralar uydurmağa meyil edə bilirlər. Azərbaycana qarşı ona dost olmaq istəməyən dairələrin zaman-zaman qarayaxma kampaniyaları aparmaları buna nümunə ola bilər. Bir sıra hallarda isə Azərbaycanı təhrif olunmuş obrazda təqdim etməklə onun xarici siyasətinə kölgə salmağa, uğurlarını gizlətməyə və beynəlxalq əməkdaşlıq kanallarına zərər vurmağa çalışırlar. Son vaxtlarda da belə bir cəhdin şahidi olduq.
Lakin reallıq öz sözünü deyir. Bütün yalan və iftiralara baxmayaraq, dünyanın ən qüdrətli dövlətləri Azərbaycanla yaxın əməkdaşlıq etməyə hazır olduqlarını daim bəyan edirlər. Bu günlərdə Amerikanın Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktub bu tezisi bir daha təsdiq edir.
Məktub Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə yazılıb. Əksər hallarda bu növ məktublar ümumi sözlərdən ibarət olur. Orada konkret təklif və ya fikir nadir hallarda yer alır. D.Trampın məktubu isə konkret əməkdaşlıq tezisləridir. Lakonik və qısa şəkildə dünyanın ən güclü dövlətinin başçısı İlham Əliyevlə əlaqələrin istiqamətlərini ifadə edib. Öncə, təbii ki, Azərbaycan Prezidentini və Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edən D.Tramp 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi nailiyyət adlandırıb. O, sözlərinə davam edərək vurğulayıb: “Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur”.
Burada dövlətçilik baxımından əhəmiyyəti olan bir ideya ifadə olunub. ABŞ keçən əsrin əvvəllərində yaradılmış demokratik Azərbaycan dövlətini birbaşa xalqın iradəsinin, dövlətçilik ənənəsinin və intellektual potensialının nəticəsi hesab edir. Yəni o, bir sıra dairələrin təqdim etməyə çalışdığı kimi, kimlərinsə mərhəməti və ya hədiyyəsi yox, xalqın mübarizəsinin, yüksək iradəsinin tarixi təkamülünün nəticəsi idi.
Bu baxımdan psevdotarixçilərin gah erməni, gah da gürcüləri nümunə göstərməyə çalışması cəfəng bir hərəkətdir. Azərbaycan demokratiyasının, müstəqil dövlətçiliyinin kökü ölkənin öz tarixində, millətin kimliyində, onun daxili potensialının tarixən yeni zirvələr fəth etməsindədir. Donald Tramp bunları bir cümlədə ifadə etməyə çalışıb. Eyni zamanda, həmin hadisəni nailiyyət kimi qəbul edərək, onun qalmasında Amerikanın maraqlı olduğunu əks etdirib. Bu da həm birbaşa Azərbaycanın dövlətçilik tarixinə sayğını göstərir, həm də indiki mərhələdə Azərbaycanda aparılan siyasətin məhz müstəqil olduğuna dərin inamı ifadə edir.
Bu fikrin işığında məktubda həm Azərbaycanın regionda oynadığı geosiyasi rola verilən qiymət, həm də Bakı-Vaşinqton xəttində əməkdaşlığın perspektivləri barədə konkret istiqamətlərin ifadəsi olduqca böyük maraq kəsb edir. Açıq görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazın lideri kimi qiymətləndirir. Hesab edir ki, bunun tutarlı əsasları vardır. Həmin əsaslar üç prinsipdə əks olunur.
Üç prinsipin işığında: əlaqələrin güclənəcəyinə Amerika ümidlidir
Birincisi, Azərbaycan regionda geosiyasi balans yaradan qüvvə kimi beynəlxalq təhlükəsizliyə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfəsini verir. İkincisi, Azərbaycan əməkdaşlıq formatlarına konkret layihələrlə məzmun verir, onları zənginləşdirir. Üçüncüsü, Azərbaycan demokratik dövlət quruculuğunda davamlı islahatlar aparmaqdadır ki, onların sırasında qanunun aliliyinin təmini xüsusi yer tutur. Bu məqamların hər biri üzərində geniş dayanmaq zəruridir.
Birinci prinsip məktubda belə ifadə edilib: “Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri... dəyərləndirirəm... Həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik”.
Görünür ki, Vaşinqton Azərbaycanın bütün böyük dövlətlərlə balanslı əməkdaşlıq yaratmasına tam əmindir. Bu səbəbdən də Amerika ilə güclü tərəfdaşlığın mövcudluğu təbii və proqnozlaşdırılan faktor kimi qəbul edilir. Onun “ortaq maraqlar üzərində qurulması” prosesin davamlılığına, sistemliliyinə və konkret kriteriyalara əsasən qurulduğuna işarədir. Ən əsası isə odur ki, D.Tramp bu əməkdaşlığın perspektivinə tam inanır.
Fikrini daha da konkretləşdirərək, ABŞ Prezidenti nümunələr göstərir. Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən layihələr reallaşdırır, əməkdaşlıq formatları təklif edir. Cənubi Qafqazda ikinci belə bir dövlət hələ yoxdur. Bu səbəbdən D.Tramp müqayisə aparmağa ehtiyac görmür. Əvəzində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli, müdrik və beynəlxalq hüquq normalarına tam uyğun olan mövqeyinə görə, Azərbaycan Prezidentindən razılığını bildirir.
Bununla D.Tramp Azərbaycanın xarici siyasətinin çox mühüm bir məqamına işarə verir. Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi balanslaşma siyasətini ancaq milli maraqlar üzərində qurur. Bu mövqedən baxdıqda, ölkənin xarici dövlətlərlə əməkdaşlığı ilə Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmaq arasında sıx bağlılıq görünür. Xarici siyasətin bu iki komponenti bir-birini tamamlayır. Sevindiricidir ki, Amerika rəhbərliyi İlham Əliyevin siyasi kursunun bu aspektinə xüsusi önəm verir. Dolayısı ilə Ermənistan rəhbərlərinin təxribatçı informasiya fəaliyyətinin nəticəsiz qaldığı aydın olur.
İkinci məqam aşağıdakı cümlədə lakonik ifadə edilib: “...Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm”. ABŞ dövlət başçısı etiraf edir ki, Azərbaycan Prezidenti enerji sahəsində əməkdaşlıq prosesində liderlik edir, aparıcı rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi beynəlxalq əməkdaşlıq formatı kimi bu kontekstdə çox əhəmiyyətlidir.
Bununla yanaşı, Azərbaycan Prezidenti digər layihələrin də təşəbbüskarı kimi, Qərbin enerji təhlükəsizliyinin gücləndirilməsində ciddi rol oynayır. Bununla Vaşinqton Azərbaycanı regional əməkdaşlığın memarı olaraq qəbul etdiyini ifadə edir. Bu keyfiyyətdə Azərbaycan qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verməkdədir.
Nəhayət, üçüncü məqam aşağıdakı kimi ifadə edilib: “Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq”. Amerika rəhbərliyi Azərbaycanda islahatların genişləndiyini və davamlılığını qəbul edərək, qanunun aliliyinin təmin edilməsi aspektinə xüsusi önəm verdiyini vurğulayır. Bütövlükdə isə ölkə rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi islahatların düzgünlüyünə əminlik ifadə edir. Çünki onlar həm Azərbaycan xalqının mənafeyinə xidmət edir, həm də beynəlxalq əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu məqam iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinin aparıcı faktoru olaraq qəbul edilir.
Bütün bunların əsasında D.Tramp belə bir arzusunu ifadə edir: “Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram”. Deməli, Vaşinqton dəqiq informasiyalara əsaslanaraq, analiz və proqnozlar əsasında belə qənaətə gəlib ki, Azərbaycanla əməkdaşlıq mütləq inkişaf etdirilməlidir. Şübhəsiz, bu, Azərbaycan rəhbərliyinin böyük siyasi uğurudur. Və həmin istiqamətdə yeni-yeni nailiyyətlərin olacağına sarsılmaz inam mövcuddur! Çünki ölkə əmin əllərdədir!
Newtimes.az
Xəbər lenti
Hamısına baxAnalitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50

